Məhkəmə qərarları › İş №2(103)-2341/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2341/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2341/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dairmülki iş üzrə İş № 2(103)-2341/2024 Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1345/2014 saylı, 30 aprel 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 03 aprel 2014-cü il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-386/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-1345/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. 2.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir.

a)Birinci instansiya məhkəməsində icraat

3.İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-386/2019 saylı qətnaməsi ilə onun saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay, 300 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 386/2019 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 70 manat aliment tutulur. Halhazırda həmin məbləğ onun saxlanması üçün kifayət etmir. Belə ki, illər keçdikcə ölkədə istehlak qiymətləri artır, ərzaq və dərmanlar bahalaşır. Hal-hazırda heç bir yerdə işləmir və səhhəti də buna mane olur. Belə ki, sonuncu artırılan alimentin üzərindən xeyli vaxt keçmiş, həmin müddət ərzində bazar qiymətləri çox artmış və bunun nəticəsində onun saxlanılması çətinləşmişdir. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə)22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsi ilə(sədrlik edən-Emin Rüstəmov) iddia qismən təmin edilərək,Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-386/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılmaqla hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq İddiaçı saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 33 (otuz üç) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-386/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-1345/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. 7.31 avqust 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiaya dair xərci ödəmişdir (Mediator: Q.Q.Şaliyev). 8.“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyir və aylıq əmək haqqı 4670 manat təşkil edir. 9.“Azemıs” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası 348,64 manatdır. 10.Məhkəmə qeyd etmişdir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və sair dəyişmiş, müvafiq olaraq onun tələbatları da artmışdır. Nəzərə alınmalıdır ki, sonuncu dəfə artırılan aliment miqdarından bu günədək 4 ilə yaxın zaman keçmişdir. İddiaçının əmək qabiliyyəti yoxdur, o, pensiyaçıdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 11.Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu pensiyaçılar üçün 199 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan halhazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. 13.Lakin buna baxmayaraq göstərilən hal, cavabdehin əmək qabiliyyəti olmayan valideyninin saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan iddiaçının gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və s. dəyişməsini, hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab etmişdir ki, əvvəlki qətnamə ilə İddiaçı saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. 14.Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. 15.Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 110 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1320 manat (110x12=1320) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 33,2 manat məbləğində dövlət rüsumu alınmalıdır. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34.5-ci maddəsinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, 82.1, 82.4-ci; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa;“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 124.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri

17.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi aliment maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa görə verilir. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslımənafelərini nəzərə almalıdır. Məhkəmə isə valideynin maddi yardıma doğrudan da ehtiyacının olubolmamasını araşdırmamışdır. İddiaçı qizi İş № 2(003)-3699/2023 “alimentin miqdarının artırılması” tələbi ilə yenə iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. xx.xx.2023-ci iclas keçirilib, üzürlü səbəbdən işdə olduğuna görə və rəsmi məhkəməyə məlumat verməsinə baxmayaraq, hakim Emin Rüstəmov iclasi keçirib və anasının heç bir sübüt sənəd təqdim etmədən İddiaçı xeyrinə qərar çıxarıb. Aliment işini aparan hakim Emin Rüstəmov İddiaçı xəstə olduğu haqqında heç bir sənəd tələb etməyib və işin tərkibində mövcud deyil. Sözügedən qətnamə həmin hala və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamış, prosessual hüquq norması pozulmuşdur.Cavabdehin anası İddiaçı dövlət tərəfindən yaşa görə əmək pensiyasi 348,64 manat pul alır, cavabdeh tərəfindən 70 manat aliment alır və cəmdə 418,64 manat ayda pul alır. Cavabdehin atası X2 da dövlət tərəfindən yaşa görə əmək pensiyasi alır. Bacısı Xəlilova Leylaİntizar qızı həkim-Stomatoloq işləyir kifayət qədər yaxşı gəliri var və şəxsi iki minik avtomobilinə sahibdir. Nissan Tiida**-VS-***, Porşe Cayenne **-RR-*** dövlət qeydiyyatli avtomobilləri idarə edir. Porşe Cayenne avtomobilinin 120 min dollar qiyməti var. Qeyd edir ki, hər il müxtəlif xarici ölkələrə dincəlməyə və səyahət etməyə gedirlər (anasının dediyinə görə). Cavabdeh ailəsinin təhdidlərinə görə köhnə iş yerini dəyişməli olmuşdur. Məhkəmənin gəldiyi nəticə göründüyü kimi işin hallarına uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında ididaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 22.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 23.Maddə 82.1.Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 24.Maddə 82.2.Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 25.Maddə 82.3.Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 26.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 28.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərinməbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1345/2014 saylı 30 aprel 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 03 aprel 2014-cü il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-386/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)-1345/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. 34.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 35.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 36.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 37.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını həmin məbləğin onun saxlanması üçün kifayət etməməsinə, illər keçdikcə ölkədə istehlak qiymətlərinin artmasına, ərzaq və dərmanların bahalaşmasına, hal-hazırda heç bir yerdə işləməməsi və səhhətinin də buna mane olmasına, sonuncu artırılan alimentin üzərindən xeyli vaxt keçməsinə, həmin müddət ərzində bazar qiymətlərinin çox artmasına və bunun nəticəsində onun yaşayışının çətinləşməsinə əsaslanmaqla tələb etmişdir. 38.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, Cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində “NÖC və avtomatika üzrə çilingər” vəzifəsində işləyir və aylıq əmək haqqı 4670 manat təşkil edir. 39.İddiaçı isə yaşa görə əmək pensiyası 348,64 manatdır. 40.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətlərinin dəyişməsi, müvafiq olaraq onun tələbatlarının artması, sonuncu dəfə artırılan aliment miqdarından bu günədək 4 ilə yaxın zaman keçməsi, iddiaçının pensiyaçı olmaqla əmək qabiliyyətinin olmaması nəzərə alınmaqla iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 41.Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-386/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(003)- 1345/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmaqla Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir. Pensiyaçılar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2019-cu il üçün 149 manat nəzərdə tutulmuşdur. 2023-cü ildə isə bu məbləğ 199 manat təşkil edir. 42.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də iddiaçının yaşının artması ilə əlaqədar tələbatlarının artması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 43.Bu baxımdan kollegiya tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 180 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 44.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləsini əsassız hesab edərək qeyd edir ki, iş üzrə məhkəmənin gəldiyi nəticənin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. 45.Kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclaslarının vaxı və yeri barədə məlumatlandırılıb. Məhkəmənin onun iştirakı olmadan işə baxılmasına mane olan hallar müəyyən edilmir. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(003)-3699/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar