Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2342/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3039/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 14R000010205 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 2262.22 ABŞ Dolları məbləğində kredit borcu, 2643.65 ABŞ dolları məbləğində faiz borcu və 813.15 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5719 (beş min yeddi yüz on doqquz) ABŞ dolları 02 (iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3039/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 2262.22 ABŞ dolları məbləğində kredit borcu, 2356.1 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4638,32 ABŞ Dolları məbləğində (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) borc və 20 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnaməni cavabdehlərdən (zaminlərdən) yalnız Cavabdeh4 mübahisələndirmiş, iddiaçı və ya digər cavabdehlər (zaminlər) isə mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh4 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə borcun zamin kimi ondan tutulması hissəsində əsassızdır, belə ki, iddiaçı ilə bağlanmış xx xxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları kredit verilmiş, daha sonra onlar arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə 12000 ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh4 bildirir ki, o yalnız 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin durmuş və xx xxx 2012-ci il tarixli kredit müqaviləsinin şərtlərini qəbul etmiş, daha sonra cavabdehə 24 ay müddətinə 12000 dollar kredit verilməsinə dair zaminlik müqaviləsinin tərəfi olmamışdır, ümumiyyətlə, 2012-ci il tarixli kredit müqaviləsinə dəyişikliyin edilməsi barədə hər hansı məlumatı olmamışdır. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin iddianın ona münasibətdə təmin olunan hissədə ləğv edilərək, iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Ağamirov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işin materiallarından müəyyən olunur ki, xx.xx.2012-ci il tarixdə bağlanan Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasənsonuncuya 120 ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014-cü il tarixdə bağlanan Kredit Müqaviləsindən görünür ki, borcverən İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən sonuncuya aylıq faiz dərəcəsi 2.1667% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Kredit alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Məcəllədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 14R000010205S saylı, xx.xx.2016-cı il tarixli 14R000010205SA saylı, xx.xx.2016-cı il tarixli 14R000010205SB saylı, xx.xx.2017-ci il tarixli 14R000010205SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilərək kredit razılaşmasının müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borcalan Cavabdeh1 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixliKredit müqaviləsi üzrə banka 2262,22 ABŞ dolları məbləğində əsas borc, 2643,65 ABŞ dolları məbləğinə faiz, cərimə borcu 813,15 ABŞ dolları t olmaqla cəmi 5719,02 ABŞ dolları məbləğində borcu vardır. Mülki iş materiallarından görünür ki, cavabdehlər borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixinə 2262.22 ABŞ Dolları məbləğində kredit borcu, 2356.1 ABŞ Dolları məbləğində faiz borcu və 418.5 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5036.82 ABŞ Dolları məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, yəni qətnamənin iddia tələbinin yalnız Cavabdeh4 münasibətdə təmin olunan hissəsində yoxlayır. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh4 aid hissədə, yəni kredit müqaviləsinə görə ondan iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin cavabdehə münasibətdə təmin edilməməlidir. Belə ki, mülki işdə olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2012-ci il tarixli (120 ay müddətinə 100000 ABŞ dolları kredit verilməsi) kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsini öz üzərinə götürmüşdür. Bundan sonra həmin tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli (24 ay müddətinə 12000 ABŞ dolları) kredit razılaşaması imzalanarkən Cavabdeh4 ondan irəli gələn öhdəliklər üçün nəinki zamin durmamış, həmin razılaşamadan, ümumiyyətlə, məlumatı olmamışdır. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471, 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik çıxış edir. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Kollegiya qeyd edir ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verərək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə zaminlik müqaviləsində belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Beləliklə, Kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əks olunmuş hüquqi mövqeyi və həmin Qərarlarda şərh edilmiş qanunvericilik normalarının hüquqi mənasını nəzərə alaraq belə qənaətə gəlir ki, müvafiq şərtlərin (faiz dərəcəsi, müddət, valyuta, məbləğ və s.) müqavilədə göstərilməməsi və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Kollegiya mülki iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsini nəzərdən keçirərək qeyd edir ki, həmin müqaviləyə əsasən Cavabdeh4 xx xxx 2012-ci il tarixli (120 ay müddətinə 100000 ABŞ dolları kredit verilməsi) kredit müqaviləsinin şərtlərini qəbul edərək Cavabdeh1 zamin durmuş, sonradan idiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli (24 ay müddətinə 12000 ABŞ dolları) kredit razılaşamasından və yeni şərtlərdən, ümumiyyətlə, xəbəri olmamışdır ki, bu halda, o, zamin kimi kreditor qarşısında məsuliyyət daşıya bilməz. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh4 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh4 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3039/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, Cavabdeh4 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə Cavabdeh4 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2342/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2342/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver