Məhkəmə qərarları › İş №2(103)-2346/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2346/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2346/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “AAA” Vəkil Bürosunun Cavabdehnə qarşı pul tələbi barədə ilkin, Cavabdeh “AAA” Vəkil Bürosuna qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçı “AAA” Vəkil Bürosunun Cavabdehnə qarşı pul tələbi barədə ilkin, Cavabdeh “AAA” Vəkil Bürosuna qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2(007)- 2346/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Kreditor “AAA” Vəkil Bürosu borclu Cavabdeh MMC-yə qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 134945,06 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “AAA” Vəkil Bürosuna ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(009)- 2674/2024 nömrə məhkəmə əmrinə əsasən borclu Cavabdeh MMC-dən (VÖEN: **********) Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X5 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun (VÖEN: **********) xeyrinə 134945,06 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 manat pul vəsaitinin tutulması əmr edilmişdir.

3. Borclu Cavabdeh MMC -əmrə etiraz ərizəsini məhkəməyə ünvanlayaraq onun ləğv edilməsini və ərizəyə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, e-2(009)- 2674/2024 nömrəli qərardadı ilə 13 dekabr 2024-cü il tarixli 2(009)-2674/2024 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditor “AAA” Vəkil Bürosu ilə borclu Cavabdeh arasında 01 aprel 2023-cü il tarixli, 02/2023 saylı Hüquqi yardımın göstərilməsinə dair Müqavilə bağlanmışdır. 01 aprel 2023-cü il Müqavilənin: 1.1-ci bəndinə əsasən vəkil Sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, Sifarişçi isəhüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən əlavə olaraq yazılı surətdə razılaşdırılmış ayrı-ayrı məsələlər və hallar üzrə hüquqi yardımın göstərilməsinə görə haqqın məbləği və ödəniş qaydası bu Müqaviləyə Əlavələrlə müəyyən olunur. Habelə tərəflər arasında konkret məsələ üzrə hüquqi yardımın göstərilməsini nəzərdə tutan 01 aprel 2023-cü il Müqaviləyə 18 may 2023-cü il tarixli, 002 saylı Əlavə üzrə: Tərəflər işin nəticəsindən asılı olaraq, əldə edilmiş vəsaitin 05 faizi məbləğində vəkilə əlavə haqq ödənilməsinə razılaşmışdır (2-ci bənd). Sifarişçi - borclu bu Əlavə imzalandıqdan 3 gündən gec olmayaraq ödənişi Vəkilin təqdim etdiyi sənədlər (e-qaimə, hesab-faktura) üzrə bank hesabına köçürməkdir (3-cü bənd). Cavabdeh MMC-yə 18 may 2023-cü il tarixli, 002 saylı Əlavə üzrə hüquqi yardım göstərilən iş üzrə iddiaçı "xxxx" QSC BOKT Cavabdeh MMCyə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 15 avqust 2013- cü il tarixli, 7524 saylı müqavilə üzrə cəmi 117209798,80 manat (əsas borc 71023749,20 manat; faiz borcu 46186049,60 manat kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması; iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi 120228307,10 manat (əsas borc 71023749,20 manat, faiz borcu 49204557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli, 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46.505.656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119.778.490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsi iddia tələbinin cavabdeh Libra MMC-dən 2.249.085,38 manat faiz borcu tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh MMC və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, 2-2(102)-577/2024 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin nəticələrinə görə uğur məbləği 449816,15 manat, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2-2(103)- 578/2024 saylı qətnaməsi ilə iddianın təmin edilmiş hissəsindən azaldılmış uğur məbləği 2249085,38 manat olmaqla, iş üzrə cəmi uğur məbləği 2698901,53 manat təşkil edir. Ona görə də, hazırki iş üzrə borclu kreditora əldə edilmiş uğur məbləğinin 5%-i həcmində - 134945,06 manat haqq ödəməlidir. Müqavilə üzrə borcun ödənilməsi ilə bağlı borclu "xxxx" MMC-nə 06 dekabr 2024-cü il tarixli, 06/18052023 saylı hesab-faktura və MT2411 12701691 nömrəli elektron qaimə, habelə öhdəliyin icrasının təmin edilməsi haqqında 09 dekabr 2024-cü il tarixli pretenziya təqdim edilməsinə baxmayaraq, borcun vaxtında ödənilməsi baş verməmişdir. Borclunun öhdəliyi müqavilədən irəli gəldiyindən mübahisəsiz xarakter daşıyır. Yaranmış vəziyyət kreditor “AAA” Vəkil Bürosunun vəkillər və üçüncü şəxslər qarşısında götürdüyü öhdəliklərin icrasına ciddi maneə törətməklə, hüquqlarına və qanuni mənafeyinə toxunur. Bu səbəbdən 134945,06 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun borclu Cavabdeh MMC-dən tutularaq kreditor “AAA” Vəkil Bürosuna ödənilməsi barədə məhkəmə əmri çıxarılmalıdır.

6. Cavabdeh MMC məhkəməyə cavabdeh “AAA” Vəkil Bürosuna qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, qarşılıqlı iddia üzrə cavabdeh “AAA” Vəkil Bürosundan ******* manat pulun və ödənilmiş 3290 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2-2(103)-578/2024 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin şikayətinin qismən təmin edilməsi hissəsindən görünür ki, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bu hissədə ona görə razılaşmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, iddiaçının cavabdehdən MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə əldən çıxmış fayda tutulması barədə tələbi olmadığı halda həmin normaya əsasən 2249085,38 manat faiz borcu tutmuşdur. Bu hissədə MPMnin 218.3-cü maddəsinin pozuntusu müəyyən edildiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə bu hissədə qismən ləğv edilməlidir. Bundan başqa, məhkəmə qətnaməsindən görünür ki, 2249085,38 manat faiz ilkin yox, iddiaçı tərəfindən sonradan verilmiş əlavə iddia ilə tələb olunmuşdur ki, bu da hazırda xüsusi bir sövdələşmənin olması ehtimalına şübhə yaradır. Bir sözlə göründüyü kimi, 2249085,38 manat faiz borcunun azaldılması xüsusi müdafiəçi və ya vəkil fəaliyyətindən asılı olan bir hal deyil, birmənalı olaraq qanuni yanaşmadır və vəkil müdafiəsi olmadan belə apellyasiya və ya kassasiya instanasiya tərəfindən silinməli məbləğ olmuşdur. Bundan başqa, tərəflər arasında konkret məsələ üzrə hüquqi yardımın göstərilməsini nəzərdə tutan 01 aprel 2023-cü il tarixli Müqaviləyə 18 may 2023-cü il tarixli 002 saylı Əlavə isə formal xarakter daşıyan bir müqavilə olmuş, iddiaçı tərəf cavabdeh tərəfə başqa ümid verməklə, aldatma və etibardan sui-istifadə etməklə imzalatmış (cavabdeh əcnəbidir) və iddiaçı tərəf həmin müqavilədə göstərilən 3 gün ərzində elektron qaimə-fakturanı cavabdeh tərəfə göndərməmiş, cavabdeh tərəfə bununla bağlı elektron qaimə-fakturanı 2024-cü ilin sonlarında məqsədli şəkildə göndərmişdir. Ona görə də, həmin 002 saylı Əlavə etibarsızdır. Əlavə olaraq bildirir ki, hazırkı predmet üzrə iddiaçı tərəf digər məhkəmə mübahisəsi zamanı göstərməli olduğu hüquqi yardımı göstərməmiş, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" AR Qanununda nəzərdə tutulmuş vəkilin vəzifələri və hüquqları baxımından heç bir əsaslı və zəruri iş görülməmiş, cavabdehə bərpaolunmaz bir maddi və mənəvi zərər vurmuşdur. Belə ki, digər məhkəmə mübahisəsi ilə bağlı qətnamələrdən görünür ki, iddiaçı 14 iyun 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərmiş və müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə bildirmişdir və cavabdeh tərəf müqavilənin ləğv edilməsinə etiraz bildirməmişdir. Buna görə də, iddiaçı tərəf müqaviləni ləğv etməklə cavabdehin hüquqlarını pozmuşdur. Əgər vəkil zamanında pretenziyaya etirazını bildirsə idi, hazırda cavabdehin çətin vəziyyətə düşməsinin qarşısını almış olardı. Bundan başqa, məhkəmə qətnamələrindən görünür ki, vəkil cavabdeh tərəfi müdafiə edərkən birinci instansiya məhkəməsinə kredit öhdəliyi üzrə ödənişlərin iddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilən məbləğdən daha artıq olduğuna dair hər hansı mötəbər sübut təqdim etmədiyindən və ümumiyyətlə ödənişlərin məbləği mübahisə predmeti olmadığından, iddiaçının xeyrinə 71023749,20 manat əsas borc, 46505656,37 manat müqavilə üzrə faiz borcunun tutulması hissəsində qətnamə qanuni və əsaslı hesab edilmiş, ödənişlərlə bağlı vəkilin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi ödəniş sənədlərinin yerləşdirildiyi daşıyıcı (CD disk) ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin bu sübutu təqdim etməyə kifayət qədər imkanı olduğu halda qeyd edilən sübut birinci instansiya mərhələsində təqdimedilmədiyindən qəbul oluna bilməz. Həmçinin məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 50000 manat vəsaitin 29 aprel 2024-cü il tarixdə ödənilməsi barədə ödəniş qəbzləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu ödənişlər qətnamə qəbul edildikdən sonra həyata keçirildiyindən qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz, lakin icra mərhələsində nəzərə alınmaqla ümumi borcdan çıxılmalıdır. Göründüyü kimi, vəkil zəruri müdafiə tədbirlərini qurmamış, "xxxx" MMC-nin hüquqlarını müdafiə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl etmədən hərəkətlər etmiş və nəticədə cavabdehin məhkəmə mübahisəsinin nəticəsində uğursuzluqla qarşılaşmağına gətirib çıxarmışdır. Bundan başqa, məhkəmə qətnamələrindən göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayətindəki mülahizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, işdəki 15 avqust 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdehin mülkiyyətində olan əmlak ipoteka ilə yüklü edilərkən "xxxx" MMC-nin 31 iyul 2013-cü il tarixli ekspert rəyinə əsasən 12000000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2024-cü il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmiş, əsas kimi göstərilmişdir ki, ekspert məhkəmə tərəfindən təyin edilmiş vaxtda tədqiqat obyektinin olduğu ünvana getmiş, lakin tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü olan "xxxx" MMC-yə və "xxxx" MMC-yə mütəxəssis rəyi verilməsi üçün müraciət edilmiş, hər iki şirkət əmlaka baxış keçirilməsi üçün şərait yaradılması və zəruri sənədlərin təqdim edilməsi məqsədi ilə cavabdehə telefon vasitəsi ilə və email ünvanına məktub göndərilsə də, nəticəsi olmadığından mütəxəssis rəyi verilməsindən imtina edilmişdir. İpoteka qoyulmuş əmlakın hazırkı bazar və likvid dəyərinin müəyyən edilməsi üçün cavabdeh tərəfindən ekspertə və mütəxəssislərə şərait yaradılmadığından əmlakın ilkin satış qiymətinin işdə olan sübuttərəflər arasında bağlanmış ipoteka müqaviləsindəki qiymət əsasında müəyyən edilməsi prosessual normaların tələblərinə uyğundur. Göründüyü kimi, vəkilin qeyri-peşəkar fəaliyyəti nəticəsində "xxxx" MMC-nin əmlak hüquqları pozulmuş, Cəmiyyətə məxsus qeyri-yaşayış sahəsinin real likvid dəyəri 220 milyon manat olduğu halda, qeyri-ciddi yanaşma nəticəsində həmin əmlkaın likvid dəyəri 2013-cü ildəki dəyər götürülmüş və hazırda həmin dəyərdə hərraca çıxarılmaqla "xxxx" MMC-yə külli miqdarda maddi zərər vurulmuşdur. Əlavə olaraq bildirir ki, məhkəmə qətnamələrindən görünür ki, “X2” MMC-nin hesabatında ipoteka predmeti olan əmlakın bazar dəyərinin 316903120,0 manat olduğu qeyd edilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən həmin rəy qanunvericilikdə nəzərdə tutulmuş vaxtda məhkəməyə sübut kimi təqdim edilmədiyindən, həmçinin "İpoteka haqqında" AR Qanununun tələbinə əsasən əmlakın likvid qiyməti deyil, bazar qiyməti müəyyən olunduğundan, sübut kimi qəbul olunmamışdır. Vəkilin təklifi ilə isə "xxxx" MMC tərəfindən “X2” MMC-nin hesabatının tərtib olunmasına 12000 manat xərc çəkilmişdir. Bundan da göründüyü kimi, formal vəkil müdafiəsi "xxxx" MMC-yə yalnız maddi və mənəvi zərər vurulmaqla həyata keçirilmişdir. Qeyd olunanlardan başqa, məhkəmənin diqqətinə digər əsaslandırılmış xüsusatları çatdırmaq istəyir. Belə ki, “AAA” Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə göstərilmiş hüquqi yardımın nəticəsində yuxarıda sadalanan digər məhkəmə mübahisəsi ilə bağlı xüsusi ilə külli miqdarda zərər vurulmasına səbəb olan uğursuzluqla yekunlaşmış məhkəmə qətnamələrindən görünən və hüquqi qiymət verilərəkən əldə olunmuş əsaslardan müəyyənolunur ki, cavabdeh əlverişsiz vəziyyətə salınmış, cavabdehin əsassız olaraq faktiki və hüquqi sahibi olduğu əmlakın bütünlüklə itirilməsinə nail olunmuş, işin faktiki halları heç bir halda obyektiv araşdırılmamış, bir sözlə cavabdehə məxsus olan daşınmaz əmlakın qanunsuz əlindən alınmasına nail olunmaqla bütün hüquqları pozulmuşdur. Halbuki məhkəmə mübahisəsinin nəticəsi obyektiv olaraq araşdırma ilə yekunlaşmalı, qeyri-yaşayış sahəsinin faktiki likvid dəyəri müəyyən olunmalı, kredit borcunun dəqiq hesablanması üçün müvafiq ekspert rəyi alınmalı, o cümlədən iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanması, sonradan həmin kredit müqaviləsinin müddəalarının dəfələrlə dəyişdirilməsi və bunun nəticəsində tərəflər arasında yaranmış yeni münasibətlərin statusu müəyyənləşdirilməli idi. Çünki hazırkı mübahisəyə yalnız kredit müqaviləsi və ipoteka predmetinin satışının təmin olunması istiqamətində yanaşmaqla, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində "xxxx" MMC-yə məxsus təsis payının 50 %-inin iddiaçıya bağışlanması kimi faktın üstündən keçməklə nəticədə cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. "xxxx" MMC-yə məxsus təsis payının müəyyən hissəsinin əldə edilməsi nəticəsində tələb olunan kredit müqaviləsi üzrə kredit məbləği, ümumiyyətlə iddia ərizəsində qeyd olunan tələblərin predmeti və mahiyyəti tamamilə dəyişməli idi. Lakin bu kimi xüsusatlara qiymət verilməmiş və məhkəmə çəkişməsinin nəticəsi cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. Çünki iddiaçı "xxxx" QSC hazırda "xxxx" MMC-nin 50 % təsisçisidir və bu hüququ kredit müaviləsinin bağlanmasından uzun müddət sonra əldə etmişdir. Yəni iddiaçının sonradan təsisçisi olduğu Cəmiyyətdən belə həcmdə kredit vəsaiti tələb etməsi və Cəmiyyətə məxsus qeyriyaşayış sahəsinin satılmasını tələb etməsi ciddi şəkildə araşdırılmalı olan bir haldır və ümumi yanaşmadan kənara çıxılmaqla qiymət verilməli idi. Tərəflər arasında bağlanmış 15 avqust 2013-cü il tarixli, 7524 saylı kredit müqaviləsində müqaviləyə birtərəfli qaydada xitam verilməsi anlayışı 15-ci maddədə öz əksini tapmamışdır. Həmin müqavilədə müqavilənin qüvvədə olma tarixi 01 sentyabr 2023-cü il tarixədək müəyyən olunmuşdur. Sonradan tərəflər arasında 01 dekabr 2015-ci il tarixli, 7524 saylı müqaviləyə 1 saylı dəyişiklik qəbul edilmiş və 7524 saylı müqavilənin qüvvədə olma tarixi 01 dekabr 2029-çu il tarixədək müəyyən olunmuşdur. Həmin dəyişiklikdə də müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış 15 avqust 2013-cü il tarixli İpoteka müqaviləsinin də 14-cü maddəsində müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsi anlayışı öz əksini tapmamış, müqavilənin qüvvədə olma müddəti isə borclunun borcunu tam ödəyənədək olan müddət göstərilmişdir. Göründüyü kimi, tərəflər arasında olan razılaşmaya əsasən kredit müqaviləsi 01 yanvar 2029-cu il tarixədək davam etməli idi və iddiaçı tərəfindən birtərəfli qaydada müqaviləyə xitam verilərək məhkəməyə müraciət olunması tamamilə əsassız olmuşdur. Cavabdehin hüquqlarını pozan bu hal məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamış və vəkil tərəfindən də buna diqqət yetirilməmişdir. Çünki "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən Kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İstinad olunan normativ aktlardan da göründüyü kimi, iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsi tamamilə əsassız olmuşdur və müqavilə 01 yanvar 2029-cu il tarixədək qüvvədə olmalı idi. İddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməklə məhkəməyə 2023-cü ilin yanvar ayında müraciət olunmuş və həmin ilin mart ayında məhkəmə qətnaməsi qəbul olunmuşdur. Bundan başqa, hazırkı iş üzrə apellyasiya məhkəməsinin, həmçinin AR AliMəhkəməsinin Kommerisya Kollegiyasının qətnamələrindən görünür ki, hər iki qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına istinad edilmişdir. Lakin nəzərə alınmamışdır ki, iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilərək, məhkəməyə 2023-cü ilin yanvar ayında müraciət olunmuş və iş üzrə 1-ci instansiya məhkəməsinin qərarı 12 mart 2023-cü il tarixdə qəbul olunmuşdur. Yəni AR Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 29 mart 2023-cü il tarixli qərarı qəbul olunmamış, artıq iş üzrə 1-ci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan AR Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında əks olunan məsələlərə zidd qətnamə qəbul olunmuşdur. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bir sözlə AR Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarının ağırlaşdırıcı halda geri tətbiq olunması ehtimalı belə olmadan, məhkəmə tərərfindən belə bir qətnamə qəbul olunmuş və məhkəmə kollegiyası tərəfindən isə qətnamədə öz əksini tapan məsələlər qüvvədə saxlanılmışdır. Məhkəmə qərarlarından görünür ki, kredit borcunun dəqiq məbləğinin müəyyən olunması istiqamətində də heç bir addım atılmamış, müvafiq məhkəmə-mühasibat ekspertizası təyin olunmamış, cavabdeh tərəfindən ödənilmiş kredit borcunun məbləği yalnız iddiaçının etiraf etdiyi həcmdə qəbul olunmuşdur. Halbuki bu kimi mübahisələrdə kredit borcunun dəqiq müəyyən olunması üçün məhkəmə-mühasibat ekspertizasının təyin olunması və müvafiq rəy alınması zəruridir. Əks təqdirdə heç bir obyektivlikdən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında tərtib olunmuş 01 dekabr 2015-ci il tarixli "Üzləşmə aktı"nda həmin tarix üçün yekun borc 63098242,40 ABŞ dolları olaraq müəyyən edilmişdir. Həmin "Üzləşmə aktı"ndan sonra cabadeh tərəfindən 12314398,91 ABŞ dolları həcmində kredit borcu ödənmişdir. Lakin iddiaçı tərəfindən ödənilən məbləğlər nəzərə alınmamış, məhkəmə prosesi zamanı da məhkəmə tərəfindən kredit borcu üzrə real məbləğin müəyyən olunmasına təşəbbüs göstərilməmişdir. Bu baxımdan da cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Bundan başqa, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanan zaman ipoteka predmetinin qiymətləndirilməsi məqsədilə alınmış 31 dekabr 2013-cü il tarixli ekspert rəyi də tamamilə əsasız olmuşdur. Belə ki, həmin rəydən görünür ki, ipoteka predmetinin 20 və 21-ci mərtəbələri ofis məqsədilə istifadə olunur. Reallıqda isə binanın 20 və 21-ci mərtəbələrində yüksək keyfiyyətlə və standartlarla təmir olunmuş və istifadədə olan restoran fəaliyyət göstərir. Həmçinin, həmin rəydən görünür ki, ipoteka predmetinin gəlir yanaşması baxımından dəyəri ********* manat, müqayisə yanaşması baxımından dəyəri isə ********* manat göstərilmişdir. Bu da tamamilə absurd bir yanaşmadır və heç bir qiymətləndirmə fəaliyyətində belə bir yanaşmanın tətbiqi təcrübədə görülməmişdir. Əlavə olaraq, həmin rəydən görünür ki, ipoteka predmetinin bazar dəyəri ********* manat, likvid dəyəri isə 12000000 manat olaraq müəyyən edilmişdir. Belə bir yanaşmaya isə heç bir normativ aktda və təcrübədə rast gəlinməmişdir. Çünki həmin yanaşma ilə bazar qiyməti ilə likvid dəyər arasında təxminən 11-12% fərq müəyyən edilmişdir ki, bu da tamamilə absurd bir yanaşmadır və ekspert belə bir nəticəyə hansı normativ akt və ya qaydalar əsasında gəlidiyinə dair heç bir mənbə göstərməmişdir. Eyni zamanda, həmin rəydə ipoteka predmetinin yerləşdiyi torpaq sahəsi istifadədə olduğu üçün qiymətləndirlmədiyi əks olunsa da, sonradan həmin rəydə torpaq sahəsinin qiymətə təsir edən amil kimi nəzərə alındığı göstərilmişdir. Bu da öz növbəsindəqiymətləndirmə məqsədilə ekspert rəyinin kobud səhvlərlə tərtib olunmasına dəlalət edir. Həmçinin kredit müqaviləsi ABŞ dolları ilə olduğu üçün həmin rəydə də ipoteka predmetinin dəyəri ilə bağlı da ABŞ dolları, ekvivalenti öz əksini tapmalı idi. Eyni zamanda, ekspert rəyində ipoteka predmetinin İikvid dəyəri 2013-cü il üçün müəyyən olunmuş və kredit müqaviləsinin qüvvədə olduğu müddətin sonunadək olan dövr üzrə müəyyən edilməmişdir. Çünki kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün müəyyən olunacağı təqdirdə rəsmi statistik məlumatlar əsasında il ərzində 12-13% inflyasiya nəzərə alınmalı idi. Lakin göründüyü kimi bu xüsusatlara rəydə qiymət verilməmiş, nəticədə etibarsız bir ekspert rəyi tərtib olunmuş və həmin rəy də məhkəmə kollegiyası tərəfindən dəqiqliklə araşdırılmadan yekun qətnamə qəbul olunmuşdur. Qeyd olunan qiymətləndirmə rəyinin əsassız olmasını eyni zamanda onlar tərəfindən 12 dekabr 2024-cü il tarixdə alınmış "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi" MMC tərəfindən verilmiş "Hesabat”da əks olunan ipoteka predmetinin likvid dəyəri də bir daha sübuta yetirir. Həmin "Hesabat”dan görünür ki, ipoteka prdemetinin hazırda likvid dəyəri ********* manat təşkil edir. Sadalanan bütün xüsusatlardan da bir daha göründüyü kimi, "xxxx" MMC-nin digər məhkəmə prosesində hüquqlarını müdafiə edən “AAA” Vəkil Bürosu qeyri-ciddi, qanunvericiliyin tələblərinə zidd olan formal yanaşma ilə Cəmiyyətə heş bir maddi gəlir gətirməmiş, əksinə Cəmiyyətin xüsusi ilə külli miqdarda zərərə uğraması, bütün hüquqlarının pozulması, əmlaklarını itirməsinə səbəb olmuşdur. Məhkəmə qətnamələrindən və hüquqi yanaşmadan da rahat şəkildə görünür ki, müdafiə hüququ olaraq həyata keçirilməli olan heç bir zəruri addım atılmamışdır. Sanki vəkilin özünün sözügedən məhkəmə mübahisəsinin nəticəsinin "xxxx" MMC üçün uğursuz olmasına xüsusi bir marağı və istəyi olmuşdur.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2(007)- 2346/2025 nömrəli qətnaməsinə əsasən ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir.

9. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayət verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. İlkin iddianın predmetini Cavabdeh MMC-dən iddiaçı “AAA” Vəkil Bürosunun xeyrinə 134945,06 manat, qarşılıqlı iddianın predmetini isə “AAA” Vəkil Bürosundan Cavabdeh MMC-nin xeyrinə ******* manat məbləğində pul vəsaitinin tutulması təşkil edir.

13. Apellyasiya şikayətində qətnamə həm ilkin iddianın təmin, həm də qarşılıqlı iddianın rədd olunduğu hissələrdə mübahisələndirilir.

14. İlkin iddiaya münasibətdə Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinin veriliməsi üçün ödənilməli olan dövlət rüsumu 212,47 manat, qarşılıqlı iddiaya münasibətdə 1645 manat təşkil etdiyi halda, şikayətə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur. İş materiallarının 83-cü vərəqəsində olan qəbzin surətindən də görünür ki, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia ərizəsi verilərkən 3290 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, e-2(007)- 2346/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar