Məhkəmə qərarları › İş №2(103)-2347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2347/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2347/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X20 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4784/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3087/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2003-cü il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin cavabdeh X3 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4784/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3087/2020 nömrəli qətnaməsi ilə xx.xx.2003-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-4784/2020 nömrəli qətnaməsi-nin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının yüksək məbləğdə aliment tələb etməsi əsassızdır. Belə ki, hazırda pandemiya ilə əlaqədar hər kəsin maddi vəziyyəti pisdir. Üstəlik, uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, cavabdeh rayonda yaşadığını, hər hansı gəlir və qazanc yerinin olmadığını, iddiaçının onu uşaqlarla ünsiyyət saxlamasına icazə vermədiyini qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh X11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3087/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mahmudova (Şıxaliyeva) Günel Feyruz qızının cavabdeh X8 qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması, aliment və əlavə xərclərin tələbi barədə iddiası qismən təmin edilərək, iddiaçı Mahmudova (Şıxaliyeva) Günel Feyruz qızı ilə cavabdeh X12 arasında xx.xx.2002-cı ildə Kürdəmir rayon VVADQ şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 305 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2003- cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı Mahmudova (Şıxaliyeva) Günel Feyruz qızının yanında qalması, cavabdeh X3 iddiaçı Mahmudova (Şıxaliyeva) Günel Feyruz qızının xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancısının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və cavabdeh X3 dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X13” altsistemində hal-hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının onun yanında qalan uşaqların saxlanılmaları üçün cavabdehdən alınan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmuş, həmin tələbi uşaqların böyüməsi, ölkədə iqtisadı vəziyyətin dəyişməsi, o cümlədən 2020-ci il üçün yaşayış minimumun məbləğinin artırılması, uşaqların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması məqsədləri baxımından əsaslı olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərinə (rayonda yaşaması, iş yerinin olmaması) münasibət bildirərək izah edir ki, cavabdehin iş yerinin olmaması, onun maddi vəziyyətinin pisləşməsi onu uşaqlarını saxlamaq öhdəliyindən azad etmir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən də görünür ki, məhkəmə iş materiallarını araşdıraraq bütün halları nəzərə almış və iddianı qismən təmin edərək üç uşağa görə aliment məbləğini ağlabatan miqdarda müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində digər dəlil kimi iddiaçının uşaqları ilə onun ünsiyyət saxlamasına icazə verməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirərək qeyd edir ki, həmin hallar hazırki mübahisənin predmeti deyildir və iddia üçün əhəmiyyət kəsb etmir. Belə ki, cavabdeh bu məsələ ilə bağlı ayrıca iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 4784/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar