Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2348/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi və əldən çıxmış fayda və maddi zərərin ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 4 saylı, ünvanda yerləşən qeyri-yaşayış sahəsində Cavabdeh MMC tərəfindən aparılan qanunsuz söküntü, tikinti və bununla əlaqədar olan digər hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən aparılan qanunsuz söküntü, tikinti işləri onun əmlakına ziyan vurulması ilə davam etməkdədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində qanunsuz söküntü, tikinti və digər hərəkətlərin aparılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin ərazidə hər hansı tikinti və söküntü işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin ərazidə hər hansı qanunsuz söküntü işləri aparılmır. Buna baxmayaraq, rayon məhkəməsi tikinti işlərini onlar apardığı halda, onları cəlb etmədən həmin ərazidə tikinti işlərinin aparılmasını Cavabdeh MMC-yə qadağan edilməsi barədə hazırkı qərardadı qəbul etməkdə haqlı olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs “xxxx” tərəfindən verilən şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətlə razılaşmayaraq bildirdi ki, həqiqətəndə, orda tikintini əslində “xxxx” MMC aparır. Əslində isə Cavabdeh MMC və “xxxx” MMC eyni şəxslərdir. Bunlar insanları yanıltmaq üçün düşünülmüş şəkildə belə edirlər. Həmçinin, o iddia verən vaxt tikinti və söküntü işlərinin aparıldığı sahənin ətrafında çəkilmiş hasarda Cavabdeh MMC-nin adı yazılmışdır. Bu səbəbdən, o hazırkı iddia ərizəsində cavabdeh kimi Cavabdeh MMC-ini göstərmişdir. Eyni zamanda, göstərdi ki, bu tikinti pilot layihə əsasında aparılır. Həmin yerdə ona məxsus qeyri-yaşayış sahəsi 41 kv metrdir, cavabdehlə aralarında danışığa görə həmin yerin əvəzinə ona 60 kv metr təklif etmişlər, o da buna razılaşmış, lakin yer baxımından tam razılığa gələ bilməmişlər. Bundan başqa cavabedhin hərəkətlərindən prokurorluğa da şikayət etmişdir. Bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfin izahatını dinləyib, şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalı, rayon məhkəməsini qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin ərazidə söküntü və tikinti işləri üçüncü şəxs “xxxx” MMC tərəfindən aparılır. Məhkəmə kollegiyasının iclasında da, bu məsələni iddiaçı da təsdiq etmişdir. Belə olan halda, məlum olur ki, rayon məhkəməsi qeyd edilən ərazidə söküntü və tikinti işlərinin kimin tərəfindən aparılmasını müəyyən etmədən mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmamışdır. Bundan əlavə, mülki iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan üçüncü şəxs “xxxx” MMC-nin verdiyi şikayətə baxarkən tərəflərin və üçüncü şəxsin iştirakını da təmin etməmişdir. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə baxılmasının yeri və vaxtı barədə tərəflərə məlumat verməmiş, xüsusən də şikayət vermiş tərəfi dinləmədən, şikayətə onun iştirakı olmadan baxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş şikayətə tərəflərin və şikayət vermiş üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə yenidən baxılması üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3897/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iddianın təmin tədbiri barədə ərizəyə tərəflərin və şikayət vermiş üçüncü şəxs “xxxx” MMC-nin iştirakı ilə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2348/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2348/2021
29.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver