Məhkəmə qərarları › İş №2(103)-2350/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2350/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2350/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” BOKT MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh BOKT “xxxx” MMC tərəfindən elektron ödəniş sistemində özbaşına düzəliş aparılmasının qanunsuz hərəkət kimi qiymətləndirilməsi və cavabdehin üzərinə AA ******* şəxsiyyət vəsiqəsindəki FİN kodu qanunvericilikdə nəzərdə tutulmuş qaydada SLG 092-0024-20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə daxil edib dəyişiklərin aparılması vəzifəsinin qoyulması, bundan sonra həm sözügedən müqavilədə, həm də müqavilə ilə əlaqədar elektron ödəniş sistemində özbaşına düzəlişlərin aparılmasının qadağan edilməsi, əsassız yazılmış 42,42 manat məbləğində gecikdirilmiş borcun silinməsi, vurulmuş mənəvi ziyanın məbləğinin məhkəmə tərəfindən müəyyən edilərək, onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı e-məhkəmə portalı vasitəsilə müqaviləni, ödəniş cədvəlini və ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Daha sonra məhkəmənin tələbi ilə həmin sənələrin əslləri də təqdim olunmuşdur. Əgər məhkəmə ödəniş cədvəli üzrə vaxtında ödənilən məbləğləri qəbzlərlə yoxlasaydı, ödənilməmiş borcun əmələ gəlməsi üçün əsas olmadığı qənaətinə gələrdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı xx.xx.2020-ci il tarixdə Saloğlu şirkətindən ümumilikdə 3918 manat dəyərində təşkil mebel sifariş vermişdir. BOKT “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SLG-092-002420 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləyə əsasən, sonuncuya kart vasitəsilə 12 ay müddətində 3918 manat məbləğində istehlak krediti verilmiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Həmin tarixli “Girov təminatı” aktına əsasən, müqavilə üzrə öhdəliklərin təminatı məqsədilə Queen üçlü mexanizmli (Nubuck 20), Queen ikili (Nubuck 20), Queen təkli (Nubuck 20) adlı mallar Cəmiyyətin xeyrinə girov qoyulmuşdur. İşdə olan kompyuter çıxarışından görünür ki, İddiaçı adına 42,42 manat vaxtı keçmiş borc yazılmışdır. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarına əsasən, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Hazırda iddiaçı, müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında icra etdiyini, lakin cavabdeh tərəfindən müqaviləyə və elektron sistemə qanunsuz olaraq dəyişiklik edilməklə ona 42,42 manat məbləğində əsassız borc yazıldığını bildirərək, bu formada özbaşına düzəlişlərin cavabdehə qadağan edilməsini, əsassız hesablanmış borcun silinməsini və dəymiş mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, sübutetmə yükü baxımından iddianın əsaslarını sübuta yetirmək vəzifəsi İddiaçı üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Baxılan işdə isə iddiaçı, məhkəməyə cavabdeh tərəfindən müqaviləyə hansı qaydada dəyişiklik edilməsini, mübahisıləndirən tarixə hesablanmış borcun əsassız olduğunu və cavabdehin hansı qanunsuz hərkətləri nəticəsində ona mənəvi ziyan dəydiyini təsdiqləyən mötəbər sübutları təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3935/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar