Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2350/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2023 saylı 18 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00796-16/19A nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1009.37 (min doqquz manat otuz yeddi qəpik) manat məbləğində kredit verilmişdir.
2. İş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00796-16/19A saylı kredit müqaviləsinə əsasən cavabdehin Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 494.77(dörd yüz doxsan dörd manat yetmiş yeddi qəpik) manat əsas borcu, 0.15(on beş qəpik) manat məbləğində faiz borcu vardır.
3. İş materiallarına əlavə edilmiş Bank "xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə ən qısa zaman ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir.
4. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00796-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022-ci il tarixinə ödənilməmiş 494.77 (dörd yüz doxsan dörd manat yetmiş yeddi qəpik) manat əsas borcun, 0.15(on beş qəpik) manat faiz borcunun, ümumilikdə 494.92 (dörd yüz doxsan dörd manat doxsan iki qəpik) manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2023 saylı 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, RPF-00796- 16/19Anömrəli kredit müqaviləsi üzrə 494.77 (dörd yüz doxsan dörd manat yetmiş yeddi qəpik) manat əsas borc, 0.15 (on beş qəpik) manat faiz borcu olmaqla, cəmi 494.92 (dörd yüz doxsan dörd manat doxsan iki qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASCnin xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 425.1, 442, 448.1, 448.2, 739.1, 739.2 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qetnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun hüquqi savadı olmadığına görə, məhkəmənin işin hərtərəfli araşdıraraq ədalətli qətnamə çıxaracağına əmin olduğundan birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən sübutlar təqdim edib özünü müdafiə edə bilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən, Azərbaycan Kredit Bürosundan çıxarış tələb edib iş materiallarına əlavə etməmiş, yalnız Bank "xxxx" ASC-nin təqdim etdiyi saxta və təhrif olunmuş arayışlar əsasında qətnamə çıxarmışdır. Belə ki, xx.xx.2023-cü il tarixədək olan müddət ərzində sonuncu olaraq, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 44 manat və xx.xx.2022-ci il tarixdə 70 manat ödəniş olunması barədə Azərbaycan Kredit Bürosunda məlumatlar mövcud olmuşdur. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq, 15 avqust 2019-cu il tarixdə Bank "xxxx" ilə onun arasında RPF-00796- 16/19A saylı kredit müqaviləsi bağlanmış və 1009 manat 39 qəpik qalıq borcun restruktrizasiyası aparılmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq 1 il ərzində faiz, ondan sonra isə qrafik üzrə aylıq ödəniş 21 manat 47 qəpik olsa da, hər ay 22 manat, nadir halarda isə ödəmədiyi ayın ödənişini növbəti ayın ödənişində ikiqat ödənişlər etməklə, hal-hazırda həmin borc məbləğini 404 manat 38 qəpik səviyyəsinə saldığı halda, Bank "xxxx" mənim guya kredit borcunu ödəməməyi barədə iddia qaldırmış, Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar xanım Babazadə isə işin hallarını tam və hərtərəfli araşdırmadan iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
12. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
14. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”.Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür;
15. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
16. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır;
17. Maddə 448.2-ci maddəsinə əsasən: borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
18. Maddə 739.1 borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 394-1.3. apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2023 saylı 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00796-16/19A saylı kredit müqaviləsinə əsasən borcluya illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 1009.37(min doqquz manat otuz yeddi qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə hesablanmış borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə iddiaçı Bank "xxxx" ASC qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
31. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, RPF-00796- 16/19A nömrəli kredit müqaviləsi üzrə 494.77 (dörd yüz doxsan dörd manat yetmiş yeddi qəpik) manat əsas borc, 0.15 (on beş qəpik) manat faiz borcu olmaqla, cəmi 494.92 (dörd yüz doxsan dörd manat doxsan iki qəpik) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASCnin xeyrinə ödənilməlidir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00796-16/19A saylı kredit müqaviləsinə əsasən cavabdehin Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 494.77(dörd yüz doxsan dörd manat yetmiş yeddi qəpik) manat əsas borcu, 0.15 (on beş qəpik) manat məbləğində faiz borcu vardır.
33. Görüdüyü kimi, cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2023 saylı 18 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.