Məhkəmə qərarları › İş №2(103)-236/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-236/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-236/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərə görə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona vurulmuş zərərin əvəzi olaraq aşağıdakı məbləğlərdə pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - xx.xx.2017-ci il tarixdə cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsindən sonrakı vaxtdan hazıra kimi müalicə və əməliyyat olunması üçün çəkilmiş xərclərin bir hissəsinin əvəzi olaraq 40.000 manat; - hazırki vaxtadək əldən çıxmış faydanın bir hissəsinin əvəzi kimi 32.400 manat; - gələcəkdə Almaniya Federativ Respublikasında yerləşən klinikaların birində zəruri olan əməliyyatın həyata keçirilməsi üçün lazım olan vəsaitin əvəzi kimi 35.000 manat; - əməliyyatın həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına gediş-gəliş və digər əlavə xərclər üçün lazım olan vəsaitin əvəzi kimi 5.000 manat; - baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin sığorta ödənişinin əvəzi kimi cəmi 8.500 manat; - əmlakına vurulmuş ziyanın əvəzi kimi cəmi 38.700 manat; - vurulmuş mənəvi ziyanın əvəzi kimi 50.000 manat; - yaşaması və müalicə xərcləri üçün xx.xx.2022-ci il tarixdən etibarən ömürlük hesablanmaqla aylıq dolanacaq xərcləri kimi hər ay 500 manat.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya zərər vurulmuşdur. Belə ki, qeyd edilən tarixdə iddiaçı gecə saat 01 - 02 radələrində işdən çıxıb özünə məxsus “VAZ 2107” markalı avtomobilə əyləşdiyi zaman cavabdeh, idarə etdiyi “Hyundai” markalı avtomobil ilə yüksək surətlə idarə etməni itirərək iddiaçının avtomobilinə çırpılmışdır. Aparılmış araşdırma nəticəsində cavabdeh barəsində heç bir qanuni tədbir görülmədən sadəcə inzibati xəta məsuliyyətinə cəlb edilmişdir. İddiaçının, araşdırma nəticəsində qəbul edilmiş qərarın təqdim edilməsini Sabunçu Rayon Polis İdarəsindən və Sabunçu Rayon Prokurorluğundan dəfələrlə tələb etməsinə baxmayaraq, saxlanma müddəti ilə əlaqədar qərarın məhv edilməsi səbəbindən təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Özünü cavabdehin qardaşı kimi təqdim edən bir nəfər şəxs bildirirmiş ki, əgər iddiaçı, barışıq ərizəsi yazıb versə və bununla da məsələni polisdə yoluna qoysalar iddiaçıya dəyən bütün zərər artıqlaması ilə ödəniləcəkdir. Lakin iddiaçıya heç hadisə nəticəsində tamamilə yararsız hala düşmüş “VAZ-2107” markalı avtomobilinin əvəzi belə ödənilməmişdir. İddiaçıya vurulmuş zərərin cüzi hissəsi, yəni yalnız həmin anda xəstəxana xərclərinin bir hissəsi ödənildikdən sonra cavabdeh və onun yaxınları yoxa çıxmışdır. Cavabdehin qardaşı ilə bu barədə ilkin razılaşması olduqdan sonra, cavabdeh tərəfin razılaşma şərtlərini pozaraq zərərin əvəzini ödəməkdən imtina etməsi yolverilməzdir. Cavabdehin zərəri ödəmək üçün kifayət qədər imkanı vardır. Bundan başqa, yol-nəqliyyat hadisəsindən sonra Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının cərrah həkimi iddiaçını səhv əməliyyat etmişdir. Bunun nəticəsində həkim öz səhvini etiraf edərək iddiaçının dərmanlarının bir hissəsinin xərclərini və həmçinin də əməliyyat üçün ödədiyi məbləği ona qaytarmaqla günahının bağışlanmasını istəmişdir. Lakin iddiaçı həmin vaxt məsələnin nə dərəcədə ciddi və ağır fəsadlar verə biləcəyini bilməmişdir. Lakin bu yaxınlarda həmin xəstəxananın baş həkiminin qəbulunda olub tələbini bildirsə də, hazırda həmin şəxsin xəstəxananın işçisi olmadığı bildirilmişdir. Beləliklə də mülki qanunvericiliyin tələbindən də məlum olduğu kimi işçinin vurduğu zərərə görə birbaşa işəgötürən məsuliyyət daşıdığı üçün müvafiq həkim-cərrahın onu səhv əməliyyat etməsi nəticəsində vurduğu zərərə görə məhz 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu Rayon Xəstəxanası) rəhbərliyi və hüquqi şəxs olaraq həmin təşkilat cavabdehdir. Beləliklə hadisə nəticəsində iddiaçı ömürlük əlil olmuşdur. İddiaçının əmək qabiliyyəti tamamilə itmişdir və o, bugün artıq İİ qrup əlildir. İddiaçı, üç dəfə omba nahiyəsindən əməliyyat olunmuşdur və vəziyyətinin tam stabilləşməsi üçün yenə də əməliyyat olunmalıdır Hər əməliyyat ona bütün əməliyyat xərcləri və dərman vasitələri ilə birgə ən azı 10.000 - 12.000 manat vəsait hesabına başa gəlmişdir. İddiaçının bugünə kimi çəkdiyi müalicə və əməliyyat xərcləri 150.000 manatdan çox olsa da, iddiaçı həmin xərclərin yalnız 40.000 manat hissəsini cavabdehdən tələb edir. İddiaçı, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Sabunçu rayonu ərazisində market işlətmişdir. İddiaçının orta aylıq xalis gəliri ən azı 1.000 - 1.200 manat təşkil etmişdir. İddiaçının əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi orta aylıq gəlirinin məbləği 1.000 – 1.200 manat ona vurulan zərərin həcmi müəyyənləşdirilərkən nəzərə alınmalıdır. İddiaçı, əvvəlki sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin yalnız 90 %-ni (900 manat) əvvəlki 3 illik müddət üçün tələb edir və bu da öz növbəsində 32.400 manat təşkil edir. Azərbaycan Respublikasında iddiaçının müalicə və əməliyyat olunduğu sahə üzrə güclü cərrahiyyə mütəxəssisi olmadığı üçün yerli həkimlər növbəti əməliyyatın Almaniya Federativ Respublikasında olan klinikalarda edilməsini məsləhət görmüşlər. İddiaçının növbəti əməliyyatı yalnız Almaniya klinikalarının birində mümkün olduğu üçün cavabdeh bunun üçün lazım olan 35.000 manat məbləğində vəsaiti iddiaçıya ödəməli və ya həmin klinikanın hesabına köçürməlidir. Bu zaman iddiaçının yol xərci də nəzərə alınmalıdır. Əməliyyatın həyata keçirilməsi məqsədilə Almaniya Federativ Respublikasına gediş-gəliş və digər əlavə xərclər üçün lazım olan vəsaitin əvəzi kimi 5.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yol-nəqliyyat hadisəsi nəticəsində aparılmış araşdırma ilə əlaqədar qəbul edilmiş qərarı ala bilmədiyindən iddiaçı, cavabdehin icbari sığortaçısından dəymiş zərərə (5.000 manat məbləğində avtomobilə dəymiş ziyana və 3.500 manat məbləğində sağlamlığına dəymiş ağır ziyana) görə cəmi 8.500 manat sığorta ödənişini ala bilmir. İddiaçının ala bilmədiyi sığorta ödənişinin kompensasiyası kimi 8.500 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakın da ziyan dəymişdir. Hadisə nəticəsində iddiaçının avtomobili də tam yararsız vəziyyətə düşmüşdür. İddiaçı avtomobili elə yararsız vəziyyətdə satıb müalicəsinə sərf etmişdir. İddiaçının əvvəl sahib olduğu “VAZ-2107” markalı avtomobil alınıb ona verilməlidir. Həmçinin, iddiaçı, hadisə gününə kimi sahibkarlıq fəaliyyəti ilə əldə etdiyi və topladığı bütün vəsaitini müalicələrinə və əməliyyatlarına sərf etmişdir. Hətta himayəsində oğlunun ailəsi və həyat yoldaşı olduğu üçün artıq kifayət qədər borclanmışdır. Cavabdeh qəza törədib iddiaçının ömürlük şikəst edənə kimi onun üçün sahibkarlıqla məşğul olduğu market və içindəki bütün dövriyyə malları ilə birgə olan şəraiti təmin etməlidir. Eyni zamanda, hadisə günü iddiaçının üzərində olan kassadan götürdüyü malların pulu sayılan 1.700 manat məbləğində vəsait naməlum şəraitdə itmişdir. Bütün bunların baş verməsində təqsirkar cavabdeh olduğu üçün iddiaçının əmlakına vurulmuş ümumi zərərin əvəzi kimi (avtomobilə görə – 7.000 manat, marketdə olan ərzaq mallarına görə - 30.000 manat və hadisə vaxtı üzərində olan vəsaitin itməsinə görə 1.700 manat) cəmi 38.700 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçıya vurduğu mənəvi zərər bugünki gündə bəlkə də 500.000 manatdan çoxdur. Mənəvi ziyan pulla ölçülməz olduğuna görə iddiaçı hesab edir ki, ona vurulmuş mənəvi ziyana görə 50.000 manat məbləğində vəsaiti cavabdehdən tələb etməyə haqqı çatır. Bununla yanaşı iddiaçının müalicə xərcləri də artmışdır. Belə olan halda cavabdeh, iddiaçının aylıq dolanacaq xərci kimi hər ay 500 manat məbləğində vəsaiti ona ödəməlidir. Zərərin məbləği hesablanarkən, dövlətin cavabdehə təyin etdiyi əlilliyə görə pensiya nəzərə alınmamalıdır. Gələcəkdə qanunvericiliyə əsasən zərərin miqdarı artırıla bilər, buna mütənasib olaraq iddiaçının iddia tələbi də artıralacaqdır. İddiaçı əmək qabiliyyətini itirdiyi üçün artıq əvvəlki sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir və buna görə də bundan sonrakı dövr üçün də hər ay cavabdehdən iddiaçının saxlanma xərci kimi 500 manat məbləğində vəsait iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin qeyd etmişdir ki, iddia tələbinin hesablanması müddəti 2019-cu ilin fevral ayından bugünə kimi olan müddəti əhatə edir. İddia tələbinə iddia müddəti şamil edilmir. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərə məruz qalmasını və şikəst olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsində göstərilmişdir ki, yol-nəqliyyat hadisəsindən sonra iddiaçını 3 saylı Şəhər Klinik Xəstəxanasının cərrah həkimi səhv əməliyyat etmişdir. Buna baxmayaraq iddiaçı, müalicə və əməliyyatlarına çəkdiyi və çəkməli olduğu ümumi xərclərin əvəzini cavabdehdən tələb edir. İddiaçı həmin xərcləri təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. İddiaçı əvvəlki dövr üçün əldən çıxmış ümumi qazancının 32.400 manat məbləğində olduğunu göstərsə də, həmin məbləği haradan götürdüyünü və cavabdehin niyə həmin məbləği ödəməli olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının hadisəni təsdiq edən müvafiq qərarın ona təqdim edilmədiyi üçün sığortaçıdan ala bilmədiyi cəmi 8.500 manat pulu nəyə görə cavabdehdən tələb etməsi də anlaşılmazdır. Dövlət orqanlarının hərəkətinə və hərəkətsizliyinə görə Cavabdehlik daşımır. İddiaçının hadisəni təsdiq edən müvafiq qərarın ona təqdim edilmədiyini niyə məhz 5.000 manat qiymətləndirməsi bəlli deyil. İddiaçı guya onun sağlamlığına ağır zərər vurulduğuna görə 3.500 manat məbləği də haradan götürdüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbinin sonrakı hissəsində əmlakına dəymiş ziyana görə cəmi 38.700 manat tələb edir. Məlum olur ki, iddiaçı, avtomobilinə dəyən ziyana görə sığorta təşkilatından almaq istədiyi 5.000 manatdan əlavə 7.000 manatı da tələb edir. Lakin iddiaçı avtomobilinə dəyən ziyanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, iddia ərizəsində göstərilib ki, iddiaçı 7.000 manat ziyan dəymiş hesab etdiyi “VAZ-2107” markalı avtomobilini satmışdır. İddiaçı marketdə olan ərzaq mallarına görə - 30.000 manatı və hadisə vaxtı üzərində olduğunu iddia etdiyi 1700 manat məbləğində vəsaiti itirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin məbləğləri cavabdehdən niyə tələb etdiyi bəlli deyil. Cavabdeh, iddiaçıya mənəvi iztirab və əzab verməmişdir, Buna görə iddiaçının 50.000 manat kompensasiya tələb etməsi də absurddur. İddiaçı özü iddia ərizəsində həkimin səhv əməliyyatı nəticəsində şikəst qalmasını göstərsə də, cavabdehdən ömürlük yaşaması üçün pul tələb etməsi də əsassız və qanunsuzdur. İddiaçı bugünə kimi müxtəlif vaxtlarda cavabdehin yaxın qohumlarından dəfələrlə külli miqdarda pul almışdır, hətta bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizə də verərək cavabdehə qarşı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bəyan etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül dərəcədə zərər vurulmuş iddiaçıya cavabdeh tərəfindən 6.500 manat və 5.600 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi, sonuncunun iddiaçıya dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi, iddiaçının cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı iddiaçının ərizələri ilə təsdiq olunmuşdur. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri ucbatından baş verməsi və iddiaçının həmin hadisə nəticəsində zərərçəkən şəxs kimi tanınmışdır. Lakin Rayon Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmamış və bununla da həmin hallara düzgün qiymət verməmiş və qanunvericiliyin normalarını düzgün tətbiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edırık apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, iddiaçının səhhətində problemlərin yaranmasında cavabdehin təqsiri yoxdur. İddiaçı özü də iddia ərizəsində bildirir ki, həmin problemlər həkimlərin səhv müalicəsi nəticəsində yaranmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, müxtəlif vaxtlarda cavabdehin yaxın qohumlarından dəfələrlə külli miqdarda pul almış və notarial qaydada təsdiq olunmuş ərizə də verərək cavabdehə qarşı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bəyan etmişdir.

10. Cavabdeh və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 905-Ş-21 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyatov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının bədən xəsarəti alması ilə bağlı Sabunçu RPİ-nin İŞ-də araşdırma aparılmış və Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış material qərarın əsaslılığının yoxlanılması üçün rayon prokurorluğu tərəfindən tələb edilmiş, sorğuya cavab olaraq Sabunçu RPİ-dən alınmış xx.xx.2021-ci il tarixli 073-34526-124 nömrəli məktubda “dəftərxana işinin təşkili qaydaları”na əsasən saxlama müddəti bitdiyi üçün həmin toplanmış materialın məhv edildiyi bildirilmişdir. Bununla əlaqədar material üzrə qəbul edilmiş qərarın əsaslılığını yoxlamaq mümkün olmamışdır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 005-462983 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, (yuxarıda qeyd edilən) yol-nəqliyyat hadisəsi faktına görə Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılaraq cavabdehin əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və hadisəni törətmiş cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsi ilə tədbir görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. Həmin qərardan narazı qalan iş üzrə tərəflərin rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları vardır.

14. İddiaçının adına olan 021488 nömrəli, xx.xx.2019-cu il tarixli vəsiqədən görünür ki, xx.xx.2019-cu il tarixdən iddiaçıya müddətsiz İİİ qrup əlillik təyin edilmişdir.

15. İşdə olan xx.xx.2021-ci il tarixli “Məxaric orderindən” görünür ki, lombard (VÖEN: **********) tərəfindən iddiaçıya 1018 saylı müqaviləyə əsasən 900 manat məbləğində kredit verilmişdir.

16. İşdə olan xx.xx.2021-ci il tarixli “Məxaric orderindən” görünür ki, həmin lombard tərəfindən iddiaçıya 1092 saylı müqaviləyə əsasən 1.700 manat məbləğində kredit verilmişdir.

17. İşdə olan xx.xx.2021-ci il tarixli “Məxaric orderindən” görünür ki, həmin lombard tərəfindən iddiaçıya 1252 saylı müqaviləyə əsasən 750 manat məbləğində kredit verilmişdir.

18. İddiaçının təqdim etdiyi “Ödəniş qrafikindən” görünür ki, onun övladı X8 "xxxx" ASC-dən 48 ay müddətinə illik 24.72 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit almışdır.

19. İddiaçının təqdim etdiyi “Ödəniş cədvəlindən” görünür ki, kreditor-girov saxlayan BOKT "xxxx" QSC tərəfindən borclu-girov qoyan iddiaçıya 12 ay müddətinə 1.500 manat məbləğində kredit verilmişdir.

20. GJN/1 seriyalı, 221043 nömrəli “Girov biletindən” görünür ki, iddiaçı 585 əyarlı qızıl üzüyü xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək girov saxlayan X2 (VÖEN: **********) saxlanca vermişdir.

21. Hazırki iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə Bakı Şəhəri 9 saylı Notariat Kontorunda aşağıdakı məzmunda ərizə yazmışdır: “Yazıb sizə bildirirəm ki, xx.xx.2017-ci il tarixdə mənə - İddiaçı **-OD-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh tərəfindən xəsarət yetirilmişdir. Zərərçəkmiş kimi sürücü – Cavabdeh tərəfindən mənə dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün sonuncuya qarşı heç bir iddia və tələbim yoxdur. Gələcəkdə bu hadisə ilə bağlı heç bir məhkəmə və digər orqanlara müraciət etməyəcəyəm”. Ərizə Notariat Ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə 7E-23749 reyestr nömrəsi ilə təsdiq edilmişdir.

22. “Elektron notariat” X1 çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, hazırki iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri 9 saylı Notariat Kontorunda aşağıdakı məzmunda ərizə yazmışdır: “Nəzərinizə çatdırmaq istərdim ki, xx.xx.2017-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mənə dəymiş maddi zərər, sağlamlığımla bağlı xəsarətlərin aradan qaldırılması üçün 6.500 manat ödənildiyi üçün və bu günkü günə kimi qardaşı X9 evimin maddi cəhətdən öhdəliklərini qarşıladıqları üçün minnətdaram. Bu günlərdə Moskva şəhərində yaşayan həkim qohumum mənə dəymək üçün Bakı şəhərinə gəldikdə ayağımın vəziyyətini görüb müalicəmin Moskva şəhərində zəmanətlə başa çatdırmaq mümkün olduğunu bildirdi. Qohumum Moskva şəhərindəki həkim dostları ilə əlaqə saxlayıb müalicəmin orada başa çatmağı üçün təqribi nə qədər pul tələb olunduğunu soruşduqda ona 5.600 ABŞ dolları tələb olunduğunu bildirdilər. Bundan sonra Elnurla əlaqə yaradıb mənə müalicəmin Moskva şəhərində davam etdirə bilməyim üçün kömək edib edə bilməyəcəyini soruşdum, çünki Azərbaycandakı həkimlərə inamım yoxdur. Elnur məndən Moskvadakı həkimlərin müalicəm üçün nə qədər pul tələb olunduğunu soruşduqda 5.600 ABŞ dolları olduğunu bildirdim, o da bir neçə gün möhlət verməyimi istədi və bir qohumundan alıb mənə 5.600 ABŞ dollarını verdi. Mən 5.600 ABŞ dollarını aldığım üçün Cavabdeh qarşı gələcəkdə heç bir iddiam və tələbim olmayacaq”. Ərizə Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə 8843 reyestr nömrəsi ilə təsdiq edilmişdir.

23. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 24m-23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Sizin 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almağınız faktı üzrə Sabunçu RPİ-nin İŞ-də toplanmış material DİN-nin xx.xx.2005-ci il tarixli 018 nömrəli xx.xx.2015-ci il tarixli 03Q-001-15 nömrəli və Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli Ə1m- 073-21 nömrəli əmrlərinə əsasən xx.xx.2021-ci il tarixdə məhv edilmişdir. Bu səbəbdən material üzrə qəbul olunmuş qərarın qanuniliyini yoxlamaq mümkün olmamışdır”.

24. TYP seriyalı, 140114 nömrəli, xx.xx.2017-ci il tarixli “İnzibati xəta haqqında protokoldan” görünür ki, hazırki iş üzrə cavabdeh xx.xx.2017-ci il tarixdə saat 01:30-da idarə etdiyi “Hyundai TG” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakıxanov qəsəbəsi Bünyatzadə küçəsində hərəkət edərkən manevr qaydalarını pozub yolun sağına çıxıb hasara, sonra isə dayanmış vəziyyətdə olan “VAZ 21072” markalı 10- KG-146 dövlət qeydiyyat nişanlı avtomobili vurub. Nəticədə həmin avtomobilin sürücüsü olan iddiaçı və piyadalar X4, X6 yüngül bədən xəsarətləri almışlar.

25. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan” görünür ki, material üzrə cinayət işinin başlanmasının əməldə cinayət tərkibinin əlamətləri olmadığından rədd edilməsi, toplanmış materialın hazırki iş üzrə cavabdehin əməllərində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tətbiq edilməsi üçün Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

26. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1770/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir.

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 1323 nömrəli, xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, hazırki iş üzrə iddiaçıda sol ayağın daraqarxası sümüklərinin qapalı çıxığı, alın, sol said nahiyələrinin, sol diz oynağının sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomaşın vurması nəticəsində əmələ gələ bilər, müddəti qərarda qeyd olunan xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.

28. İddia ərizəsindən və apellyasiya şikayətindən göründüyü kimi, iddiaçı, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzini tələb edir.

29. İddiaçı həmçinin iddia ərizəsində həkim tərəfindən səhv müalicə olunduğunu da bildirmişdir.

30. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının səhhətində yaranmış tibbi problemin hansı səbəbdən yaranması ilə bağlı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X5 Publik Hüquqi Şəxsinə tapşırılmışdır.

31. X5 X13 iş üzrə Məhkəməyə verdiyi 733/KEŞ saylı, xx.xx.2023-cü il tarixli rəydə ekspertiza aşağıdakı nəticələrə gəlmişdir: “3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2017-ci il tarixdə “Sol bud sümüyün qapalı yerdəyişmiş sınığı. Sol aşıq baldır oynağının çıxığı” diaqnozu ilə xəstəxanaya daxil olmuş və onun üzərində xx.xx.2017-ci il tarixdə “Sklet dartmasının tətbiqi”, xx.xx.2017-ci il tarixdə isə “Sol bud sümüyünün intramedulyar metallosteosintezi” cərrahiyyə əməliyyatları icra olunmuşdur. Qeyd olunan travmatik xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. 3 saylı Sabunçu Rayon Klinik Xəstəxanasına xx.xx.2018-ci il tarixdə “Sol budun sınıqlardan sonrakı vəziyyəti. Sol bud sümüyünün boynunun qapalı köhnə sınığı yerdəyişmə ilə. Sol bud sümüyünün boynunun qapalı köhnə sınığı yerdəyişmə ilə. Sol bud sümüyünün orta 1/3-nin bitişməmiş sınığı metal fiksatorla. Sol diz oynağının və sol bud çanq oynağının kontrakturası. Sol aşağı ətrafın qısalığı və funksiya pozğunluğu” diaqnozu ilə daxil olmuş və ona sol bud çanaq oynağının endoprotezləşməsi məsləhət görülmüşdür. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Sol bud sümüyünün boynunun bitişməmiş sınığı. Sol bud sümüyünün yuxarı miqrasiyası. Sol bud sümüyünün aşağı orta 1/3-nin bitişmiş sınığı. Cərrahi əməliyyatdn sonrakı vəziyyət. Sol aşağı ətrafın 7 sm qısalığı, əzələ atrofiyası, valqus deformasiyası. Sol diz oynağının kontrakturası, açma tamdır, bükmə 1000, yerişin çətinləşməsi”nin olduğu müəyyən edilmişdir ki, bu da müalicənin qüsurlu aparılması ilə əlaqədar yaranmışdır. Qeyd olunan patologiya ilə əlaqədar xəstənin sol bud çanaq oynağında endoprotezləşdirmə cərrahiyyə əməliyyatına ehtiyac vardır. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir.”

32. Göstərilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin (maddə 1118.1.).

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarında Plenum izah etmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

35. Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

37. Əksinə, iş materiallarında olan sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül dərəcədə zərər vurulmuş iddiaçıya cavabdeh tərəfindən 6.500 manat və 5.600 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi, sonuncunun iddiaçıya dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi, iddiaçının cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı iddiaçının ərizələri ilə təsdiq olunmuşdur.

38. Məhkəmə hesab edir ki, iddiaçının inzibati xətaya dair iş üzrə icraat çərçivəsində barəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı zərərçəkmiş şəxsin ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. İnzibati xətalara dair işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, Məhkəmə hesab edir ki, cinayət və ya inzibati mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.

39. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (məsələn: Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx.xx.2011-ci il tarixli Qərarı).

40. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir.

41. Bu baxımdan Məhkəmə hesab edir ki, inzibati xəta prosesində iddiaçının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan cavabdehlə barışması, cavabdehin (və qohumunun) həmin vaxt iddiaçıya, sonuncunun tələb etdiyi miqdarda pul məbləğlərinin ödəməsi, bunun müqabilində iddiaçının ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi və cavabdehə qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş qərarda inzibati tənbeh təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir.

42. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfin dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizə verildikdən sonra iddiaçıya dəymiş bütün ziyanı ödəyəcəyini vəd etdiyini göstərsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim etməmiş, həmçinin təqdim edilən ərizədə dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmişdir.

43. Digər tərəfdən isə xüsusi ilə qeyd edilməlidir ki, sonradan iddiaçının səhhətində problemlərin yaranması onun müalicəsinin qüsurlu aparılması ilə bağlı olmuşdur (bax: hazırki qətnamənin 31-ci bəndinə). İddiaçı özü də iddia ərizəsində bu faktı təsdiq edir.

44. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgündür. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

45. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Məhkəmə həmçinin bildirir ki, iddia tələbinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

48. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan, iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

49. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar