Məhkəmə qərarları › İş №2(103)-2365/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2365/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2365/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavadeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmlakın faktiki istifadədə olması, icarə müqaviləsinin bağlanmış hesab edilməsi, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx xxxxxx 1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X15, anası Xeyransa Abdul qızıdır.

2. Xeyranisə Abdul qızı xx.xx.1991-ci il tarixdə, X11 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfat etmişlər.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2017-ci il tarixli **********02 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 nömrəli bağ sahəsi (0,25 ha) 15931 nömrəli xx.xx.1986-cı il tarixli müqavilə əsasında Xeyransa Abdul qızına icarəyə verilmiş, icarədarın razılıq ərizəsi əsasında sözügedən bağ sahəsi X3 adına keçirilmiş və onunla 2013 nömrəli bağ sahəsinə dair (müqavilədə bağın sahəsi 0,12 ha göstərilib) müqavilə bağlanmışdır. Yerdə qalan hissəyə dair Xeyranisə Abdul qızının adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********25 saylı məktubunda göstərilmişdir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi üzərində olan tikililərin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Xeyransa Abdul qızı arasında xx.xx.1986-cı il tarixli 15931 saylı müqavilə bağlanılmışdır. Daha sonra icarədar sözügedən bağ sahəsinin X3 adına keçirilməsinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.1989-cu il tarixli ərizə ilə X7 müraciət etmiş, həmin razılıq ərizəsi və Bakı şəhər İcraiyyə Komitəsi bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1989-cu il tarixli 10/370 nömrəli protokolu ilə 0,12 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi X3 adına keçirilmiş və onunla 15931 nömrəli müqavilə bağlanılmışdır və dövlət reyestrində qeydiyyata alınmışdır. Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin yerdə qalan hissəsinə dair (0,13 ha) Xeyransa Abdul qızının adına hər hansı sənəd arxiv qovluğunda aşkar edilməmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********90 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 2013 saylı bağ sahəsinə aid arxiv qovluğunda bağ sahəsinin ilkin cizgiləri mövcuddur.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ idarəsi, 2013 saylı sahəsinə dair arxiv qovluğunda aşağıdakı sənədlər vardır:

6.1. 27 iyun 1986-cı il tarixli 15931 saylı ”bağ sahələrini uzunmüddətli icarəyə verilməsi barədə” müqavilə əsasında Bağlar təsərrüfatı İdarəsi (icarəyə verən) ilə Xeyransa Abdul qızı (icarəyə götürən) arasında Ləhiş massivində yerləşən, sahəsi 0,25 ha, ərazisində 15,79 kv.m. ölçüsündə 1 otaq yerləşən 2013 saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən, bağ sahəsi icarədarın ailə üzvləri olan Əzim Musa oğlu, Rzayeva Nazilə, Musayeva Təranə və Musayeva Gülnarə adlı ailə üzvləri ilə birlikdə istifadəsi üçün verilmişdir. Müqavilənin 7-ci bəndi ilə icarədara hazırki müqavilənin yalnız adı çəkilən şəxslərin adına dəyişdirilməsinə icazə verilir. Müqavilənin 6-cı bəndinə əsasən, bağ sahəsinin ölçüsü 0,25 ha-dan artıq ola bilməz (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin №33/1218 saylı xx.xx.1962-ci il tarixli qərarına əsasən). 0,25 ha ölçüsü olan bağ sahəsi bölünə bilməz. Müqavilənin qüvvədə olma müddəti xx.xx.1984-cü il tarixdən 19 aprel 1994-cü il tarixədək müəyyən edilmişdir. 6.2. Xeyransa Abdul qızı xx.xx.1989-cu il tarixli ərizə ilə Bağlar İdarəsinə müraciət edərək, 15931 nömrəli müqavilə əsasında onun isifadəsinə olan bağ sahəsinin X3 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. 6.3. 16 mart 1989-cu il tarixli aktda göstərilmişdir ki, Ləhiş massivində yerləşən 15931 saylı müqavilə ilə 1968-ci il tarixdən Xeyransa Abdul qızının istifadəsində olan 2013 saylı bağ sahəsinin X6 təhvil verilməsi ilə bağlı ərizə ilə tanış olmuşlar. Bağ sahəsində tikili yoxdur, meyvə ağacları var. 6.4. N. Hacıyev tərəfindən imzalanmış arayışda göstərilmişdir ki, Ləhiş massivi, 0,25 torpaq sahəsi, üstündə 15,79 kv.m tikili yerləşən 2013 saylı bağın icarədarı Xeyransa Abdul qızıdır. Hazırda icarədar həmin bağ sahəsinin X3 adına keçirilməsini xahiş edir. 6.5. 31 oktyabr 1989-cu il tarixli və 10 may 2005-ci il tarixli 15931 saylı müqavilələrdən görünür ki, Ləhiş massivində yerləşən 2013 saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. Bağın sahəsi 0,12 ha-dır. Müqavilədə göstərilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 №-li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha-dan çox olmamalıdır. 1988-ci ilədək istifadəsinə bağ götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 ha-dır. 6.6. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2013 saylı torpaq sahəsi (0,12 ha) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 559389 saylı 0507.2019-cu il tarixli çıxarış əsasında X3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (İdarə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən, əvvəllər sahəsi 0,25 ha olmuş 2013 saylı bağ sahəsindən hazırda qalan 0,13 ha bağ sahəsinə anası Xeyransa Abdul qızı ilə icarə müqaviləsinin 1989-cu ildən bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, xx.xx.1950-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində doğulmuş, valideynləri X10 və Xeyransa Abdul qızının ailə üzvləri ilə birlikdə istifadələrində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə anası Xeyransa Abdul qızının arasında xx.xx.1986-cı il tarixlil 5931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12 ha olan bağ sahələrinin verilməsinin mümkünlüyünə dair sərəncam verildikdən sonra anası Xeyransa Abdul qızının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha bağ sahəsinə X8 ilə 15931 nömrəli xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bağlanmış, qalan 0,13 ha bağ sahəsi isə anasının və onun ailə üzlərinin istifadəsində qalmışdır. xx.xx.1991-ci ildə anası Xeyransa Abdul qızı, xx.xx.1993-cü ildə isə atası X12 vəfat etmişlər. Anası vəfat etdiyindən sağlığında öz adına qalan 0,13 ha torpaq sahəsinə icarə müqaviləsini rəsmiləşdirə bilməmiş, buna baxmayaraq valideynlərinin vəfatından sonra bu günədək həmin bağ sahəsi onun istifadəsində qalmışdır. Hazırda xx.xx.1991-ci ildə vəfat etmiş anası Xeyransa Abdul qızından miras qalmış əmlaklara dair Bakı şəhəri 39 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmışdır. Hesab edir ki, mərhum anası Xeyransa Abdul qızının istifadəsində qalmış o,13 ha bağ sahəsinə axırıncı ilə icarə müqaviləsi bağlanmış hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, iddiaçının bağ qonşusudur, ona məxsus 1745 saylı bağ sahəsi ilə iddiaçının istifadəsində olan bağ sahəsi bir yolun əks tərəflərində yerləşir, iddiaçının ataanası ilə üzbəüz qonşu olmuşlar. İllərlə qonşuluq münasibətləri davam etmişdir. Əvvəl hazırki iş üzrə mübahisə predmeti olan bağ sahəsi 25 sot idi, sonra yarısını iddiaçının valideynləri hansısa qohumlarına verdilər. Qalan hisəsinə əvvəl mərhum valideynləri, onlar rəhmətə getdikdən sonra isə iddiaçı özü sahiblik etmişdir. Mütəmadi olaraq iddiaçını həmin bağ sahəsində görür. İddiaçının bağ sahəsində meyvə ağacları var, onlara quluq edir.

10. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid2 ifadəsində bildirmişdir ki, onun da Ləhiş ərazisində bağ sahəsi vardır və uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir. İddiaçının mərhum valideynləri ilə yaxın qonşuluq münasibətləri olub. Onlar rəhmətə getdikdən sonra bağ sahəsinə iddiaçı qulluq etmiş, sahə onun istifadəsində və sahibliyində olmuşdur. İddiaçının istifadəsində olan bağ sahəsində tikili yoxdur, ağaclar vardır. Bağ sahəsindən başqa kiminsə istifadə etdiyinə şahid olmamışdır.

11. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

12.1. Məhkəmə prosesində müəyyən olunmuşdur ki, İddiaçı anasının Xeyranisə Abdul qızının isifadəsində Bakı şəhəri Sabunçu rayonu Ləhiş Bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının anası Xeyransa Abdul qızının aralarında xx.xx.1986-cı il tarixli 5931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12 ha olan bağ sahələrinin verilməsinin münkünlüyünə dair sərəncam verildikdən sonra iddiaçının anası Xeyransa Abdul qızının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha bağ sahəsinə dair X8 ilə 2013 saylı və 15931 nömrəli xx.xx.1989-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Digər 0,13 ha bağ sahəsi ilə iddiaçının anasının və onun ailə üzlərinin istifadəsində qalmışdır. xx.xx.1991-ci ildə iddiaçının anası Xeyransa Abdul qızı, xx.xx.1993-cü ildə isə atası X12 vəfat etmişdir. Anası vəfat etdiyindən sağlığında öz adına qalan 0,13 ha torpaq sahəsinə icarə müqaviləsini olmamış, buna baxmayaraq valideynlərinin vəfatından sonra bu günədək həmin bağ sahəsi iddiaçının istifadəsində qalmışdır. Hazırda iddiaçı 0,13 ha bağ sahəsinə dair anası Xeyransa Abdul qızı ilə icarə müqaviləsinin 1989-cu ildən bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.2. Əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Belə ki, əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatlar da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin maddədə isə nəzərdə tutulmuşdur ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. 12.3. Məhkəmə həmçinin şahid ifadələrinin sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, "Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. 12.4. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə Xeyransa Abdul qızı arasında xx.xx.1986-cı il tarixli 15931 saylı müqavilədə bağın icarədarla birlikdə istifadəyə verildiyi ailə üzvlərinin siyahısında ümumiyyətlə iddiaçının adı yoxdur. İddia ərizəsində iddiaçının anası tərəfindən bağın yalnız 0,12 ha hissəsinin X3 adına rəsmiləşdirilməsi barədə xahiş etdiyi bildirilsə də, mülki işin materiallarında olan ərizədən görünür ki, icarədar ərizəsində 2013 saylı bağ sahəsinin digər şəxs X3 adına keçirilməsini xahiş etmişdir. İddiaçının anası Xeyranisə Abdul qızının bağ sahəsi barədə bağladığı 1968-ci il və 1986-cı il tarixli müqavilələrdə bağ sahəsinin ölçüsü 0,25 ha göstərilsə də, X3 icarə müqaviləsində eyni saylı bağ sahəsdinin ölçüsü 0,12 ha göstərilmişdir. Lakin iddiaçı mübahisəli bağ sahəsinin 0,13 ha hissəsinin 1989-cu ildən özünün istifadəsinə olduğunu qeyd etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, xx.xx.2000-ci il tarixinədək qüvvədə olmuş Mülki Məcəllənin 39-cu, 42-ci, 43-cü, 44-cü, 87-ci, 100.1-ci, “Torpaq Məcəlləsinin 50-ci, 55-ci, 84.1-ci, 103.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 4-cü, 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı Sərəncamına istinad etmişdir.

14. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunu düzgün təfsir etmədiyini, qanuni əsaslarla 31 ildən artıq müddətdir iddiaçının istifadəsində olan bağ sahəsinə dair icarə müqaviləsinin bu müddət ərzində eyni şərtlərlə uzadılmış olmasını, həmin sahənin iddiaçının istifadəsində olmasının mübahisəsiz olduğunu və heç kimin, heç bir dövlət orqanının buna etiraz etmədiyini nəzərə almadığını, işin müəyyən edilmiş hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, işə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixinədək qüvvədə olmuş Mülki Məcəlləsi

17. Maddə 39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.

18. Maddə 58. Vətəndaşlar və hüquqi şəxslər, öz xarakterinə görə ancaq vətəndaşlar tərəfindən şəxsən bağlanılmalı olan, habelə qanunda göstərilən digər əqdlər istisna olmaqla, əqdləri özlərinin seçdikləri nümayəndələr vasitəsi ilə bağlaya bilərlər. Bir şəxsin (nümayəndənin) digər şəxs (təmsil olunan) adından etibarnaməyə, qanuna, yaxud inzibati akta əsaslanan səlahiyyət üzrə bağladığı əqd bilavasitə təmsil olunan üçün mülki hüquq və vəzifələri yaradır, dəyişdirir və xitam edir.

19. Maddə 87. Mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir.

20. Maddə 100-1. Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.

21. Maddə 276. Müqavilə müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda, müqavilə qeyri-müəyyən müəddətə təzələnmiş hesab olunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

23. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

24. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

25. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”

26. Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

27. Bənd 2, 3. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Vətəndaşların arzusu ilə ...fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altındakı torpaqlara dair sənədlər ... X4 və İstismarı Birliyi vasitəsi ilə də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilə bilər.

Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı Sərəncamı

28. Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin.

29. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisəsi gedən 0,13 bağ sahəsinin iddiaçının faktiki istifadəsində olması mübahisəsiz olduğu halda, “iddiaçı mübahisəli bağ sahəsinin 0,13 ha hissəsinin 1989-cu ildən özünün istifadəsinə olduğunu qeyd etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir” əsaslandırması ilə qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

41. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

42. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

43. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

44. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

46. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

47. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

48. İddiaçının bildirdiyi və eyni zamanda məhkəmənin müəyyən etdiyi hallardan aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən və xx.xx.1986-cı il tarixli müqavilə əsasında iddiaçının anası Xeyransa Abdul qızına icarəyə verilmiş 2013 saylı bağ sahəsinin 0,12 ha hissəsi icarədarın razılıq ərizəsi əsasında X5 verildikdən sonra qalan 0,13 ha sahə Xeyransa Abdul qızının istifadəsində qalmış və onunla bağlanmış xx.xx.1986-cı il tarixli müqavilə ləğv edilməmişdir.

49. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçının hazırda baxılan iddia tələbinin təmin olunması üçün müvafiq dispozitiv şərtlər mövcud deyildir – çünkü ləğv edilməmiş müqavilənin bağlanmış hesab olunmasında hər hansı hüquqi maraq ola bilməz.

50. Bununla belə kollegiya iddiaçıya izah edir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən və xx.xx.1986-cı il tarixli müqavilə əsasında anası Xeyransa Abdul qızına icarəyə verilmiş 2013 saylı bağ sahəsinin qalan 0,13 ha hissəsinə hüququn mərhum anasına məxsus olması haqqında arayışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestrini həyata keçirən orqana müraciət edə (§ 24-25), həmin orqan müraciətin həllindən imtina etdiyi təqdirdə isə onun hərəkətini (hərəkətsizliyini, qərarını) müvafiq inzibati məhkəmədə mübahisələndirə bilər.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3279/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar