Məhkəmə qərarları › İş №2(103)-2368/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2368/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2368/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat müqavilə müddati üçün hesablanmış və tələb olunan faiz borcu, 3.579,69 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 1.488,69 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği, ümumilikdə isə 16.392,16 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ödənilməsi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-yə ləğvedici təyin edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 26/16 nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 18% dərəcəsi ilə 10.000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Kredit müqaviləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən borc alan Cavabdeh kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh xx xxxx 2016-ci il tarixli 26/16 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməmiş 10.000 manat əsas borcu, 1.323,78 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 3.579,69 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 1.486,69 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 16.392,16 manat məbləğində borcu vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 12.912,47 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 24 manatının ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onun götürdüyü kredit problemli kredit kimi qeydə alınmasına baxmayaraq, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar ona müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, bankla cavabdeh arasında kredit müqaviləsi bağlanarkən eyni zamanda girov müqaviləsi bağlanmış və cavabdeh tərəfindən 300 000 manat banka əmanət qoyulmuşdur. Bank tələbini həmin həmin pula yönəldə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh tərəfindən banka qoyulmuş əmanət sığortalanmadığından tutmanın yönəltmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas vermir; çünkü o, şikayətində qətnamənin bütünlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız iddia tələbinin qismən təmin olunmuş hissəsində mübahisələndirdiyi aydın olur. Xüsusən nəzərə alınmalıdır ki, iddiaçı tərəf qətnamə mübahisələndirməmişdir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə əlavədən görünür ki, bank Cavabdeh illik 18% faiz hesablanmaqla 12 ay müddətinə mənzilin təmiri məqsədi ilə 10.000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.8-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 10.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, Məmmədova Nəzakət Görüş qızı və Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinin surətindən görünür ki, girovsaxlayan ilə borcalan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsinə əsasən ayrılan 10.000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu Müqavilə ilə müəyyən edilmiş Məmmədova Nəzakət Görüş qızına məxsus İddiaçı ASC-də **********0000000USD saylı depozit hesabda olan əmanətdən bir qismini yəni, 20.000 USD vəsaitin girov qoyulması barədə razılığa gəlmişlər. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlnun banka 10.000 manat əsas borcu, 1.323,78 manat faiz borcu, 3.579,69 manat cərimə, 1.488,69 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 16.392,16 manat borcu vardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək ondan 10 000 manat məbləğində əsas və 1323,78 manat faiz borcunu tutmaqda haqlı olmuşdur. Belə ki, tərəflər verilmiş kreditə görə faizlərin ödənilməli olduğunu müqavilədə nəzərdə tutmuşlar və iddiaçının tələb etdiyi borc məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya qətnamənin cavabdehdən cərimə borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaldaraq 100 manat müəyyən etməkdə haqlı olmuşdur. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Apellyasiya şikayətində qeyd olunan tutmanın girov qoyulmuş əmlaka yönəldilməli olması dəlilə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək girov saxlayanın vəzifəsi deyil, hüququdur. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinin 4.1.3-cü maddəsində də göstərilmişdir ki, borcalan özünə məxsus kredit müqaviləsinə əsasən öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək üçün tədbirlər görmək girovsaxlayanın hüququdur. Belə olan halda, məhkəmə öhdəliyin icrasını təmin etmək üçün tutmanın girova yönəldilməsini iddiaçının üzərinə vəzifə kimi qoya bilməz. Apellyatorun “borcun Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun ödənilməsinin təmin edilməli olması” dəlilinə isə kollegiya münasibət bildirməyi zəruri hesab etmir; çünkü onun kredit borcunun Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü müəyyən olunmamışdır. Bununla belə kollegiya, qətnamənin mübahisələndirilən digər hissəsini, yəni apellyatordan “gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1488,69 manat faiz məbləğinin tutulması” hissəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun xx xxxxxx 2014cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Mülki Məcəllənin 44.1.-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Müəyyən olunur ki, məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanılmışdır. Mübahisəli kredit müqaviləsinin müddəti isə xx.xx.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğv prosesində olmaqla mülki hüquq qabliyyətli hüquqi şəxs kimi çıxış etmir. İddiaçı hazırki tələbində xx.xx.2020-ci il tarixədək hesabladığı 1488,69 manat məbləğində faiz borcunun tutulmasını tələb edir ki, həmin dövr iddiaçının aktiv bank fəaliyyəti dövrünə aid edilmir. İddiaçı xx.xx.2016-cı il tarixdən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola bilməzdi, dolayısı ilə iddiaçı kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləğinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləğinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar