Məhkəmə qərarları › İş №2(103)-2369/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2369/2024

17.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2369/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə istifadə hüqunun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət tərkibdə, Rafanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi X3, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(001)-482/2024 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.14 oktyabr 1989-cu il tarixdə Nərimanov rayon X12 İcraiyyə Komitəsi tərəfindən verilmiş 028728 nömrəli orderinin surətinə əsasən X13 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmişdir. 2.Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 25 oktyabr 1999-cu il tarixli sərəncamın surətinə əsasən, Binəqədi Rayon Məhkəməsi özünün 19 iyul 1999-cu il tarixli, 2- 513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzilini bölərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otağı uşaqları Növzər, Zəhra, Əbubəkrlə birlikdə iddiaçı X5, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otağı isə uşağı Umleyla ilə birlikdə cavabdeh X6 istifadəsinə verilmişdir. Binəqədi Rayon Məhkəməsi hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Binəqədi rayon MKTB-yə tapşırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 7-ci mikrorayon, 2 “b” saylı evin yaşayış sahəsi 75,61 kv.m olan 5 otaqlı 82 saylı mənzili bölünərək yaşayış sahəsi 42,61 kv.m (13,4; 12,71; 16,5) olan 3 otağın kirayəçisi X5 ailə tərkibi 4 nəfərlə (özü, uşaqları Növzər, Zəhra, Əbubəkr) və yaşayış sahəsi 33,0 kv.m (16,5; 16,5) olan digər iki otağın kirayəçisi isə X6 ailə tərkibi 2 nəfərlə (özü və uşağı Umleyla) hesab edilməsi barədə sərəncam verilmişdir. 3.AZ-İ 090682 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə İddiaçı arasında nikah 02 mart 2004-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. 4.AZ-İ seriyalı 946815 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2018-ci il tarixdə ürəkdayanmasından qəflətən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1000 nömrə ilə qeyd edilmişdir. 5.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-2702/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsindən Cavabdeh2 istifadə etməsinə qarşı yönələn maneələr aradan qaldırılması və iddiaçı Cavabdeh2 uşaqları - 28 fevral 2006-cı il təvəllüdlü X23 və 29 iyun 2011-ci il təvəllüdlü X14 ilə birlikdə həmin yaşayış sahəsinə köçürülmələri qət edilmişdir. 6.Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki “Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək iddiaya etirazda qeyd etdiyi məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, o, iddiaçının mərhum atasına məxsus evə köçürülməsinə hər hansı etirazı yoxdur. O, iddiaçının atasına məxsus evdə deyil, iddiaçının anasına məxsus evdə yaşayır. Həmin evə də o, mərhum həyat yoldaşı Novzərin və digər ailə üzvlərin razılığı ilə köçürülmüşdür. Hazırda iddiaçının anası da ona qarşı iddia qaldıraraq onun uşaqları ilə birlikdə müvafiq kompensasiya verilməklə yaşadıqları evdən çıxarılmalarını tələb edir. Yaşayış sahələrinin qapısı bir olduğundan, iddiaçının gəlib söz-söhbət yaratması onlar arasında dəfələrlə münaqişələrin yaranmasına səbəb olmuşdur. Ona görə də mənzilin kilidini dəyişdirmişdir ki, iddiaçı hər dəfə gəlib münaqişə yarada bilməsin. Mərhum qaynatasına məxsus yaşayış sahəsi 33 kv.m olmaqla, iç-içə iki otaqdan ibarətdir”. 7.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 1396/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 26 dekabr 2001-ci il tarixdə verilmiş ÖM seriyalı, 096109 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8907/2022 saylı qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1396/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8907/2022 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X7 və 06 avqust 2010-cu il təvəllüdlü X17 ilə birlikdə iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı, 82 saylı mənzildən çıxarılması və iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızının mülkiyyətində olan həmin mənzilə köçürülməsi, iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində hər ay 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 6680/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. a)Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon X26 İcraiyyə Komitəsinin 25 nömrəli 06 oktyabr 1989-cu il tarixli qərarına əsasən X13 (X18,Cavabdeh2, X21 və X22 5 nəfər ailə tərkibi olmaqla) Bakı şəhəri, Kirov(indiki Binəqədi) rayonu, küçə 1260, ev 25, blok 4,5-ci mərtəbədə yerləşən 5 otaqlı, ümumi sahəsi 75.61 kv.m-dən ibarət yaşayış sahəsi verilmişdir. Yuxarıda qeyd olunan qərara uyğun olaraq, X13 (ailə tərkibi X18, Cavabdeh2, X21, X8 adları qeyd olunmaqla) Bakı Şəhəri Nərimanov Rayon X12 İcraiyyə Komitəsinin 028728 nömrəli 14 oktyabr 1989-cu il tarixli orderinə əsasən Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayonu, küçə 1260, ev 25, blok 4,5-ci mərtəbədə yerləşən 5 otaqlı, ümumi sahəsi 75.61 kv.m-dən ibarət yaşayış sahəsinə köçmək hüququ verilmişdir. Bundan sonra X20 ilə X18 arasında bağlanmış rəsmi nikah pozulmuş, bunun nəticəsi olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-513 nömrəli, 19 iyul 1999-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, 7-ci mikrorayon, ev 2 “b”, mənzil 82-də yerləşən 5 otaqlı mənzil bölünməklə, sahələri 13,4, 12,71 və 16,5 kv.m-dən ibarət olan üç otağı uşaqları Novzər, Zəhra, Abubəkirlə birlikdə X5, sahələri 16,5 və 16,5 kv.m-dən ibarət olan 2 otağı uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin, yaşayış sahəsi 75,61 kv.m-dən ibarət olan 5 otaqlı 82 saylı mənzili bölünərək yaşayış sahəsi 42,61 kv.metr (13,4, 12,71 və 16,5) olan. 3 otağın əsas kirayəçisi X18 (ailə tərkibi 4 nəfərlə-özü, uşaqları Novzər, Zəhra, Abubəkir) və yaşayış sahəsi 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan digər 2 otağın əsas kirayəçisi isə X20 (ailə tərkibi 2 nəfər-özü, qızı Umleyla) hesab edilmişdir. 26 dekabr 2001-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilini 3 otağı X5 adına özəlləşdirməklə qeydiyyat vəsiqəsi verilsə də, digər 2 otaq özəlləşdirilməmiş qalmışdır. Bundan sonra X20 onunla 02 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə köçmüşdür. O, rəsmi nikaha daxil olduqdan sonra mübahisəli mənzildə əri Yusifin və onun oğlu Novzərin yaşadığını görmüşdür. X1 onun bacısı qızı olan Cavabdeh1 ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və X18 həmin mənzil üzrə çıxarışla Gülnaz Abiyevaya məxsus olan 3 otağından ibarət hissəsinə gəlin gəlmişdir. Digər 2 otağın istifadəçisi isə X20 ilə o olmuşdur. Mübahisə edilən mənzildə Umleyla, Zəhra, Abubəkir və Gülnaz yaşamamışdır. 03 may 2018-ci il tarixdə X6, 2020-ci ildə isə X9 vəfatından sonra iddiaçı Cavabdeh2 və üçüncü şəxs X18 onu və üçüncü şəxs Cavabdeh1 mübahisəli mənzildən çıxarmağa cəhd göstərməyə başlamışlar. Onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə münasibətdə istifadə hüquqları əmələ gəlmişdir. O, 2004-cü il tarixdə mübahisəli mənzilə köçdüyü üçün onun yaşayış sahəsinə istifadə hüquqları 01 oktyabr 2009-cu il tarixdədək qüvvədə olan Azərbaycan SSR Məcəlləsinin müddəalarına uyğun həll olunmalıdır. Göründüyü kimi, onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b”nömrəli evin 82 saylı mənzilinin 2 otağının əsas kirayəçisi olan X6 hissəsinə köçüb yaşamaqla, yaşayış sahəsinə istifadə hüququ yaranmışdır. Eyni zamanda onu da qeyd edir ki, mübahisəli mənzilin ünvanı bəzi sənədlərdə ünvan 3ikrorayon, 2B saylı evin 82 saylı mənzili, digər sənədlərdə isə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2B saylı evin 82 saylı mənzili kimi qeyd olunmuşdur. Bundan başqa o, mübahisəli mənzil üzrə yaşayış sahəsinə istifadə hüququnun olmasına baxmayaraq, mənzil üzrə qeydiyyata alınmamışdır. 12.01 oktyabr 2023-cü il tarixdə cavabdeh Abiyeva X4 Tahirə Rza qızına və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət hissəsinə isitfadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14 oktyabr 1989-cu il tarixli 028728 saylı Bakı Şəhəri Nərimanov Rayon X12 İcraiyyə Komitəsi tərəfindən verilmiş orderinə əsasən mərhum qaynatası X13 beş nəfər ailə tərkibi olaraq Kirov(Binəqədi rayonu), küçə 1260-cı kvartal(hazırda 7ci mkr, F. Məlikov küçəsi adlanan) 2 “b”, blok 4 mənzil 82 ünvanda yerləşən 5 otaqdan ibarət ümumi sahəsi 75,61 kv.m olan mənzil verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 saylı sərəncamına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli qətnaməsi ilə 7-ci mkr, 2 “b” saylı evin 5 otaqlı, yaşayış sahəsi 75,61 kv.m olan 82 saylı mənzilini bölərək, sahəsi 13.4, 12.71 və 16.5 kv.m-dən ibarət olan 3 otağı uşaqları Novzər, Zəhra və Əbubəkrlə birlikdə qaynanası X5, digər sahələri 16.5 və 16.5 kv.m dən ibarət olan 2 otağı isə uşağı Umleylayla birlikdə qaynatası X6 istifadəsinə vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə hər kəsin ailəsi üçün ayrıca şəxsi hesab vərəqəsinin açılmasını Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr küçəsi, 2 “b” saylı evin, 42.61 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 82 saylı mənzili X5 adına sıxlaşdırılmış payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1192 saylı reyestr kitabında 179093 səhifədə, 30/179093 nömrə ilə 26 dekabr 2001-ci il tarixində qeydiyyat aparılmışdır. Bundan sonra qaynatası X20 xalası İddiaçı ilə 02 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bundan sonra xalası İddiaçı qaynatası X6 ailə üzvü kimi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinə köçmüşdür. Sonradan o, X21 ilə 08 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra ilkin olaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin çıxarışla X10 məxsus olan və əri X9 istifadəsində olan (həmin hissənin özəlləşdirilməsi zamanı əri yetkinlik yaşına çatmayan şəxs olduğundan onun əvəzinə valideyni razılıq verdiyi üçün dolayı mülkiyyətçi olmuşdur.) 13.4, 12.71 və 16.5 kv.m-dən ibarət olan 3 otağına (hissəsinə) gəlin köçmüş, övladları doğulduqdan sonra qaynatası X6 və xalası İddiaçı istifadəsində olan Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin 16.5 və 16.5 kv.m-dən ibarət 2 otağın biri onların razılığı ilə onun və əri X9 istifadəsinə verilmişdir. O, gəlin kimi mübahisəli mənzilə köçdüyü zaman əri X21 ilə birlikdə ilkin olaraq çıxarışla X10 məxsus 3 otağın və sonradan X6 və xalası İddiaçı razılığı ilə istifadəsində olan 2 otaqdan birinin istifadəçisi olmuşdur. Bundan başqa, o, gəlin köçdüyü zaman mübahisəli mənzildə xalası Tahirə, əri Novzər və qaynatası Yusif ilə birlikdə yaşamışlar. Həmin mənzildə 2008ci il tarixdən Zəhra, Əbubəkr və Umleylanın yaşadıqlarını görməmiş, çünki onlar başqa yerlərdə yaşamışlar. Belə olanda Umleylanın mübahisəli mənzilin atası X13 aid hissədə olan istifadə hüququnuitirmişdir. Mübahisəli mənzilin 2 otağına münasibətdə istifadə hüququ olan qaynatası X20 03 may 2018-ci il tarixdə, mübahisəli mənzilin anasına aid 3 və atasına aid 2 otağına münasibətdə istifadə hüququ olan əri X21 07 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Bununla bağlı bildirmək istəyir ki, onun uşaqları ilə birlikdə mübahisəli Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin qaynatasına X13 aid hissəsinə dair istifadə hüquqları yaranmışdır. 14.İlk iddia üzrə iddiaçı tərəfin vəsatəti əsasında 18 dekabr 2023-cü il tarixdə Cavabdeh2 ilk iddia üzrə cavabdeh qismində cəlb edilmişdir. 15.İlk və qarşılıqlı iddia üzrə Cavabdeh2 məhkəməyə iddiaya yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, hər iki iddianın əsassız olması qənaətindədir. Belə ki, 14 oktyabr 1989-cu il tarixdə Bakı şəhəri, Nərimanov Rayon X12 İcraiyyə Komitəsi tərəfindən mərhum atası X13 verilmiş 028728 nömrəli orderə müvafiq olaraq X20 1930-cu il təvəllüdlü, qardaşı X21-1984-cü il təvəllüdlü, bacısı X22 1987-ci il təvəllüdlü, beş nəfər ailə tərkibi olaraq Kirov (Binəqədi) rayonu, küçə 1260-cı kvartal (hazırda 7-ci mkr, F.Məlikov küçəsi adlanan) 2 “b”, blok 4, mənzil 82 ünvanda yerləşən beş otaqdan ibarət, ümumi sahəsi 75,61 kv.m olan mənzil almışlar. Sonradan 08 yanvar 1990-cı il tarixdə daha bir qardaşı X19 dünyaya gəlmişdir. 1999-cu ildə atası X20 ilə anası Abiyeva (Gülhəsənova) Gülnaz Qulam qızı arasında olan nikah ləğv olunduqdan sonra beş otaqlı mənzilin anası və atası arasında bölünməsinə dair Binəqədi Rayon Məhkəməsində xx.xx.1999-cu il tarixli 2- 513 saylı müvafiq qətnamə çıxarılmışdır. Həmin qətnamə ilə yaşadıqları 75.61 kv.m olan mənzil bölünərək, sahəsi 13.40, 12.71 və 16.5 kv.m olan 3 otaq anasına, bacısı Zəhraya, qardaşları Novzər və Abubəkirə verilmişdir. Daha sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 25 oktyabr 1999-cu il tarixli 748 nömrəli Sərəncamı ilə həmin mənzilə şəxsi hesab vərəqəsi açılmışdır. Anası ümumi sahəsi 42.61 kv.m olan üç otağı özəlləşdirərək, xx.xx.2001-ci il tarixli, 096109 nömrəli qeydiyyat vəsiqəsinə müvafiq həmin otaqların mülkiyyətçisi olmuşdur. Atası ilə o isə onlara məxsus iç-içə iki otağı özəlləşdirməyərək icarə müqaviləsi əsasında həmin otaqlarda yaşamağa başladılar. 2004-cü ildə İddiaçı adlı qadın atası ilə gələrək özünü atasının “arvadı” olduğunu elan edərək, onun razılığı (yazılı və şifahi) olmadan iç-içə olan otaqların içəri otağında məskunlaşmışdır. Yetkin (21 yaş) bir qız olaraq bu cür davranışa qarşı etiraz etməsi səbəbindən əşyaları və yataq dəsti İddiaçı tərəfindən yaşadığı iç-içə otaqlardan atılaraq oradan qovulmuş və o, anası və bacı-qardaşları yaşayan mənzilin anasına məxsus üç otağına sığınmağa məcbur olmuşdur. Anası İ-ci qrup əlil olmaqla, o və qardaşı Abubəkir İİİ qrup əlildirlər. 2008-ci ildə İddiaçı öz bacısı qızı Elnarəni qardaşı Novzərə ərə vermişdir. Bundan sonra İddiaçı və Cavabdeh1 davamlı münaqişələri, təhqirləri, fiziki təzyiqlərinə dözməyərək onlar həmin mənzili məcburiyyət qarşısında tərk edərək, uzun illərdir ki, kənar şəxslərin evlərində kirayələrdə qalırlar. Atası və qardaşı Novzər müvafiq olaraq 2018 və 2020-ci illərdə dünyalarını dəyişmişlər. Bundan sonra Cavabdeh1 anasına mülkiyyət hüququ üzrə məxsus üç otağa, İddiaçı isə iç-içə olan iki otağa iddialı olaraq onları mənzillərinə buraxmamaqda davam etmişlər. 22 avqust 2023-cü ildə anası Cavabdeh1 qarşı cavabdehi mülkiyyətində (3 otaqda) olan yaşayış sahəsindən çıxarılması və anasının həmin yaşayış sahəsinə köçürülməsinə dair iddiasi təmin edilərək, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi ilə Cavabdeh1 yetkinlik yaşına çatmayan 26 mart 2009-cu il təvəllüdlü və 06 avqust 2010-cu il təvəllüdlü uşaqları ilə anası Gülhəsənova(Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 4 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildən çıxarılması, iddiaçı Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24(iyirmi dörd) ay müddətində, hər ay 300(üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-66802023 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində (o cümlədən Binəqədi Rayon Məhkəməsinin qətnaməsində) apellyasiya instansiya məhkəməsinin mövqeyi hissəsində (31-ci bənd) Cavabdeh1 iddiaçı Gülhəsənova Gülnazın mənzilə köçürülməsi hissəsində iddianı qəbul etdiyini, digər hissədə isə iddianı qəbul etməyərək, 2007-ci ildən daimi, etibarsız olaraq anasına məxsus üç otaqda yaşadığını, həmin 3 otağa istifadə hüququnun olduğunu və onun istifadə hüququna yalnız kompensasiya vermək yolu ilə xitam verilməsinin tələbi öz əksini tapmışdır. Göründüyü kimi Cavabdeh1 mənzilinin anasına məxsus 3(üç) otaqlı hissəsində yaşaması öz izahatları ilə müəyyən olunur. Belə olduğu halda onun mənzilinin iç-içə olan iki otaqlı hissəsinə iddiası absurddur. Eyni ilə bundan əlavə iç-içə olan, hazırda iddia sürdüyü iki otaqlı yaşayış sahəsinin kirayəçisinin ailə üzvü olmadığı halda belə bir iddiada olmaqda səbəb Cavabdeh1 mənzilin üç otaqlı hissəsindən çıxarılması qət edildikdən sonra bu dəfə Cavabdeh1 iç-içə iki otaqlı yaşayış sahəsində özünə sığınacaq tapmaqdadır. Göründüyü kimi xala-bala, Elnarə Tahirə cütlüyü çox bəsid ssenari üzrə şou yaratmaq niyyətindədirlər. Ümumiyyətlə Cavabdeh1 iç-içə iki otaqlı yaşayış sahəsinə hər hansı bir hüququ yarana bilərmi? Əvvəla yuxarıda qeyd etdiyi kimi o mərhum atası X6 ailə üzvü olmayıb. Cavabdeh1 “zəbt” etdiyi hissə mənzilin üç otaqlı hissəsi olub. İç-içə iki otaqlı yaşayış sahəsinə hər hansı bir hüququ olmaması səbəbindən həmin iş üzrə o cavab verməli şəxs də ola bilməz. Bu səbəbdən də İddiaçı iddiasının Cavabdeh1 yönəldilməsi doğru deyildir. Cavabdeh1 hazırki iş üzrə cavab verməli olmayan şəxs olmaqla yanaşı, həmçinin onun tələb hüququ da mövcud deyildir. Cavabdeh1 qarşılıqlı iddiasına görə iki uşağı olandan sonra qaynatası X6 razılığı ilə üç otaq dörd ailə üzvü ilə ona bəs eləməyib iç-içə olan otaqların birinə qaynatası Yusif Abiyevin “icazəsi” ilə onun istifadəsinə verilmişdir. İddiaçı iddiasına gəlincə hesab edir ki, həmin iddia da əsassızıdır. Belə ki, İddiaçı həmin iç-içə olan yaşayış sahəsinə həmin dövrdə qüvvədə olan Azərbaycan SSRİ Mənzil Məcəlləsinin müddəalarına zidd olmuşdur. Həmin qanunvericiliyin tələbinə görə İddiaçı həmin yaşayış sahəsinə köçməsi üçün onun razılığı tələb olunmalı idi. Amma o, belə bir razılıq verməmişdir. Razılığının olmamasının təsdiqi onun həmin yaşayış sahəsindən qovulmağı olub. Göründüyü kimi İddiaçı həmin yaşayış sahəsində yaşamaqla mənzil sahəsi normalarını pozmuşdur. Belə ki, bir-birindən təcrid olunmayan, ümumi qapısı olan iç-içə otaqların giriş otağı öz məzmunu baxımından dəhliz və ya keçid rolunu oynayır. Yuxarıda şərh olunan halları məhkəmənin diqqətinə çatdırmaqla, İddiaçı iddiasının və Cavabdeh1 qarşılıqlı iddiasının əsassız olması qənaətilə hər iki iddianın (qarşılıqlı iddianın) təmin edilməməsini xahiş edir. 16.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 yanvar 2024-cü il tarixli, 2(001)-482/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Fərid Hətəmzadə) ilk iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququnun tanınması, ilk iddianın qalan hissədə (Cavabdeh1 yönələn hissədə) təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçının özünə aid edilməsi, Cavabdeh1 Cavabdeh2 və İddiaçı qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. 17.Məhkəmə iş materiallarına əsasən müəyyən etmişdir ki, X13 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmiş və Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzil bölünərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otaq uşaqları Novzər, Zəhra, Əbubəkrlə birlikdə X5, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otaq isə uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Hazırki mübahisə Umleyla ilə birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsi ilə bağlıdır. 18.Məhkəmə ilkin iddia ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, ilk iddia üzrə İddiaçı mərhum X6 arvadı olmuşdur. İddiaçı X20 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olaraq hazırda mübahisəsi gedən yaşayış sahəsinə köçmüşdür. 19.Məhkəmə, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, və 54-cü maddələrinə istinad edərək ilk iddia üzrə İddiaçı mərhum X20 ilə 02 mart 2004-cü il tarixdə nikaha daxil olduğunu və həmin vaxtdan hal-hazıradək fasiləsiz olaraq həmin yaşayış sahəsində yaşadığını nəzərə alaraq hesab etmişdir ki, onun mübahisəsi gedən yaşayış sahəsindən istifadə etmək hüququ vardır. 20.Cavabdeh1 qarşılıqlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 X21 ilə ailə qurduqdan sonra ailəsi ilə birlikdə Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı 82 saylı mənzildə yaşamış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X7 və 06 avqust 2010-cu il təvəllüdlü X17 ilə birlikdə həmin mənzildən çıxarılması və Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24 (iyirmi dörd) ay müddətində hər ay 300 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Eyni zamanda tərəflər arasında olan mübahisəli mənzillə bağlı mülki işlərə baxılan zaman da Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsində yaşamadığını bildirmişdir. Bütün bu göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 hər hansı bir hüququ olmadığından onun uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət hissəsinə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. 21.Qeyd edilənlərə əsasən məhkəmə əlavə etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, ilk iddia tələbinin Cavabdeh1 qarşı yönəlməsi də əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, həmin mənzildən istifadə hüququ Cavabdeh2 və İddiaçı aiddir. Belə olan halda ilk iddia üzrə iddia tələbinə cavab verməli olan şəxs də Cavabdeh2dır. 22.Yekun olaraq məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia qismən, yəni Cavabdeh2 münasibətə təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət (16,5 və 16,5) olan 2 otağına istifadə hüququ tanınmalı, Cavabdeh1 yönələn hissədə isə təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. 23.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51, 53, və 54-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.4 və 216-220--ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 24.Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci insansiya məhkəməsi maddi hüquq normasını səhv təsfir etməklə maddi hüquq normalarını pozmuşdur. Məhkəmənin yalnız onun əvvəllər verdiyi və qətnamədə natamam yazılmış izahtını əsas götürməklə onun həmin mənzilə istifadə hüququnun olmadığı qənaətinə gəlməsi doğru deyil. Həmçinin ilk iddia üzrə iddiaçı da məhkəmə iclasında açıq aydın etiraf etmişdir ki, o qarşılıqlı iddia ərizəsini qəbul edir və hazırda onunla birlikdə həmin otaqlarıda ümumi təsərrüfat aparır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfdən yazılı etiraz daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 27.Məhkəmə kollegiyasının cavabdeh ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi X15 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 28.İş üzrə ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, Cavabdeh1 xəstəliyi ilə əlaqədar işin baxılmasının təxirə salınmasını xahiş etsə də, hansı xəstəliyinin olması, xəstəliyi ilə bağlı sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş (hazırda orderi təqdim olunmamışdır) İddiaçı nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia üzrə iddiaçı Elnarə Abdiyevanın apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiklərini və iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

29. 43-cü maddəsinin 1-ci hissəsi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

30. Maddə 51 birinci hissəsi:Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 31.Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 32.Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddia üzrə iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, digər tərəflərlər qətnamədən apellyasiya şikayəti verəməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38.Məhkəmə kollegiyası ilkin və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(001)-482/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 39.Belə ki, işin araşdırılmış halları ilə məlum olmuşdur ki, X13 (ailə tərkibi G.Q.Abiyeva, Y.Abiyeva, N.Y.Abiyev, Z.Y.Abiyeva göstərilməklə) Kirov rayonu, küçə 1260, ev 25, blok 4, 5-ci mərtəbədə yerləşən 5 otaqlı ümumi sahəsi 75.61 kv.m olan yaşayış sahəsi verilmiş və Binəqədi Rayon Məhkəməsinin 19 iyul 1999-cu il tarixli, 2-513 saylı qətnaməsi ilə 7-ci mikrorayon, 2 “b” saylı evin 5 otaqlı yaşayış sahəsi 75.61 kv.m olan 82 saylı mənzil bölünərək, sahəsi 13,4; 12,71; 16,5 kv.m olan 3 otaq uşaqları Novzər, Zəhra, Əbubəkrlə birlikdə X5, digər sahələri 16,5; 16,5 kv.m olan 2 otaq isə uşağı Umleyla ilə birlikdə X6 istifadəsinə verilmişdir. Hazırki mübahisə Umleyla ilə birlikdə X6 istifadəsinə verilmiş 33,0 kv.m yaşayış sahəsi ilə bağlıdır. 40.Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Yusif qızı 08 aprel 2008-ci ildə X21 ilə ailə qurub, mübahisəli mənzilə gəlin gəldiyindən, hazırki mübahisəyə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələri birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq tətbiq edilmişdir. 41.İş materiallarında görünür ki, Cavabdeh1 X21 ilə ailə qurduqdan sonra ailəsi ilə birlikdə Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızına məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 42.61 kv.m olan 3 otaqlı, 82 saylı mənzildə yaşamış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-130/2023 saylı qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları 26 mart 2009-cu il təvəllüdlü X7 və 06 avqust 2010-cu il təvəllüdlü X17 ilə birlikdə həmin mənzildən çıxarılması və Gülhəsənova (Abiyeva) Gülnaz Qulam qızından 24 (iyirmi dörd) ay müddətində hər ay 300 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Eyni zamanda tərəflər arasında olan mübahisəli mənzillə bağlı mülki işlərə baxılan zaman da Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33,0 kv.m olan iç-içə iki otaqlı yaşayış sahəsində yaşamadığını bildirmişdir. 42.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 hər hansı bir hüququ olmadığından onun uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin (Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 2 “b” nömrəli evin 82 saylı mənzilinin) 33,0 kv.m-dən ibarət hissəsinə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. 43.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət vermişdir. 44.Kollegiya apellyatorun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən iddianın etiraf olunması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyator mübahisəli mənzilin sahəsi 33,0 kv.m hissəsində yaşamadığından, onun həmin sahəyə istifadə hüququ yaranmadığından, İddiaçı qanuna zidd etirafı (MPM-nin 52.5 maddəsi) qəbul oluna bilməz. 45.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(001)-482/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar