Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-237/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması tələbi barədə” ilk iddiasına, Cavabdeh1 İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh2, hər iki cavabdehlərin vəkili (nümayəndəsi) Vəkil2 və İddiaçı vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun tərəfindən icarəyə götürülmüş və ünvan 1 ünvanda yerləşən, Cavabdeh1 məxsus ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 446,6 kv.m hissəsinə dair onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” qüvvədə olduğu müddətdə iddiaçının fəaliyyət göstərməsinə Cavabdeh1 və sonuncunun atası – Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və gələcəkdə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinə” əsasən, Cavabdeh1 məxsus qeyri yaşayış-sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Qeyri-yaşayış sahəsi əslində Cavabdeh2 məxsus olsa da, sonuncunun övladı Cavabdeh1 adına rəsmiləşdirlmişdir. Buna görə də, iddiaçı müqaviləni Cavabdeh1 ilə bağlamışdır. İddiaçı, qeyri-yaşayış sahəsini istifadəsinə qəbul etdikdən sonra oranı təmir etdirmiş və işlətməyə başlamışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, icarə haqqını ödəməsinə, icarə haqqı ilə bağlı borcunun olmamasına baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirmir, iddiaçının icarə obyektindən istifadə etməsinə maneələr yaradırlar. Cavabdeh1 kommunal xidmətlər göstərən müəssisələrə müraciət edərək icarə obyektinə qazın verilməsini dayandırmışdır. İddiaçı maneələrin aradan qaldırılması üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh1 öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, iddiaçının əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri yaşayış binasından çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qətnamə icra olunan günə kimi hər ay icarə haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 100 manat məbləğində pulun iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “İcarə müqaviləsi” iddiaçı ilə bağlansa da, müqavilənin şərtləri ilə bağlı bütün müzakirələr iddiaçının oğlu Elnar Əliyev ilə aparılmışdır və obyekt hazırda da onun tərəfindən istifadə olunur. İddiaçı tərəfindən hər hansı məbləğdə icarə haqqı ödənişi edilməmişdir. Elnar daha sonra “İcarə müqaviləsinin” Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan X1 ilə bağlanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 24 saylı Notariat Ofisində, ümumi sahəsi 623,2 kv.metr olan qeyri-yaşayış sahəsinin 212 kv.metr hissəsinə dair onunla “İcarə müqaviləsi” bağlanmışdır. Aylıq icarə haqqının müqavilədə 900 manat olaraq göstərilməsini Elnar istəmişdir. Əslində isə şifahi razılaşmaya görə aylıq icarə haqqı göstəriləndən xeyli miqdarda çoxdur. Elnar icarə götürülən sahənin ölçüsünün və icarə haqqının məbləğin az göstərilməsini ödəyəcəyi vergi məbləğinin az olması ilə əlaqələndirmişdir. Sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə 1 ay ərzində icarə obyektinin boşaldılaraq təhvil verilməsi xahiş olunmuşdur. Lakin icarə obyekti boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə sahədən çıxarılması və qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar olan iddiaçı tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqavilənin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələr aradan qaldırılmalı və gələcəkdə yaradılacaq maneələr cavabdehlərə qadağan edilməlidir. Bu baxımdan ilk iddia əsaslı, qarşılıqlı iddia isə əsassız hesab olunmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsindən istifadəyə görə sonuncu icarədar İlkin Nuriyev tərəfindən icarə haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq edilmiş və icarə haqqı ödənilməklə sahənin 1 ay müddətinə boşaldaraq təhvil verilməsi xahiş olunmuşdur. İcarə sahəsi İlkin Nuriyev tərəfindən boşaldılmadığı üçün Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Lakin işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan həmin iş baxılmamış saxlanılmışdır. Ona görə də Cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi, İlkin Nuriyevin ona məxsus əşyaları ilə birlikdə qeyri-yaşayış sahəsindən çıxarılması, İlkin Nuriyevdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı məbləğinin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Lakin Rayon Məhkəməsi sübutları tam və hərtərəfli araşdırmadan, iş üçün əhəmiyyətli digər halları müəyyən etmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. Apellyasiya baxışında iştirak etmiş Cavabdeh2, onun və digər Cavabdeh1 birgə vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
10. Onlar əlavə olaraq bildirdilər ki, mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən və 1 mərtəbədən ibarətdir. Qeyri-yaşayış sahəsinə dair müqavilə iddiaçı ilə bağlansa da, əslində oranı iddiaçının oğlu Elnar Əliyev işlədirdi, amma “İcarə müqaviləsi” xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Bu, Elnarın istəyi ilə olmuşdur ki, vergi ödənişləri az olsun. Razılığa görə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, Elnar 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır. Sonra isə icarə haqqı ödənilməmişdir.
11. İddiaçının əvvəlki vəkili (nümayəndəsi) Vəkil1 və sonrakı vəkili Vəkil3 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
12. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək bildirmişdir ki, İlkin Nuriyev ilə bağlanmış “İcarə müqavilələri” formal olmuşdur, çünki iddiaçıya lazım idi ki, müqavilə VÖEN-i olan şəxslə bağlansın. İddiaçının özünün və oğlu Elnarın VÖEN-i olmamış, lakin onların işçisi olan İlkin Nuriyevin VÖEN-i var idi. Cavabdeh tərəf icarə haqqının ödənilmədiyi bildirsə də, özləri etiraf edirlər ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə “İcarə müqaviləsi” bağlanılan zaman iddiaçının oğlu Elnar 24 ayın, yəni xx.xx.2021-ci il tarixədək icarə haqqını ödəmişdir. İddiaçı tərəfindən cavabdehlərə 900 manat rəsmi, qalan məbləğ isə qeyri-rəsmi olaraq ödənilirdi. Bunu “Azərpoçtun” məktubu və “Ödəniş qəbzləri” də təsdiq edir. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri 37 saylı Notariat Ofisində bağlanmış “İcarə müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 446,6 kv.m-ni (223,3 kv.m anbar, 223,3 kv.m ticarət sahəsi) iddiaçıya icarəyə vermişdir. Müqavilənin şərtlərinə görə, icarə müddəti xx.xx.2049-cu il tarixədək müəyyən edilmiş və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin 1 il müddətinə uzadılmış hesab olunması razılaşdırılmışdır (bənd 3.). İcarəyə götürən iddiaçı icarəyə verən Cavabdeh1 aylıq 900 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür (bənd 3.). Cavabdeh1 icarə müqaviləsi tərəfindən pozularsa qiymətləndirmə aktında göstərilən xərclərlə birlikdə bütün maddi və dəymiş ziyanı (vergi və kommunal xərcləri daxil olmaqla) tam olaraq iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür (bənd 8.).
15. Cavabdeh1 ilə İlkin Nuriyev arasında 37 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsindən” isə görünür ki, Cavabdeh1 mülkiyyətində olan və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 300 kv.m hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, İlkin Nuriyev isə ona aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
16. Bakı Şəhəri 24 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinə” əsasən, Cavabdeh1 mülkiyyətində olan və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini İlkin Nuriyevə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, İlkin Nuriyev isə ona aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.
17. Cavabdeh1 İlkin Nuriyevə ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, aralarında bağlanan xx.xx.2020-ci il tarixli İcarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi, icarəyə verilmiş sahədən xeyli artıq sahənin də qanunsuz olaraq istifadə edildiyi bildirilmiş və icarə haqqının ödənilməklə, sahənin 1 ay müddətinə boşaldılaraq ona təhvil verilməsinin təmin edilməsi xahiş edilmiş, əks təqdirdə ərizə ilə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmə məcburiyyətində qalınacağı barədə xəbərdarlıq edilmişdir.
18. İş materiallarında olan poçt qəbzlərindən görünür ki, İlkin Nuriyev tərəfindən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul ödənilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İlkin Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24.300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən görünür ki, qeyd edilən iş üzrə Cavabdeh1 ilə İlkin Nuriyev arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə istinad edilmişdir.
20. Həmin qətnamədən cavabdeh İlkin Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2-2(103)-575/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın 9.900 manat icarə haqqı borcunun cavabdeh İlkin Nuriyevdən iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində rədd edilməsini, qətnamənin 14.400 manat icarə haqqı borcunun tutulması və cavabdeh İlkin Nuriyevin icarəyə verilmiş ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsinin 212 kv.m hissəsindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, həmin iş üzrə iddiaçı olan Cavabdeh1 həmin iş üzrə cavabdeh İlkin Nuriyeva qarşı irəli sürdüyü iddianın “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi üzrə iş üzrə icraata xitam verilməsini qərara almışdır.
22. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun atasıdır və mübahisəli sahəni cavabdehdən icarəyə götürərək istifadə edirlər. Cavabdeh1 atası Cavabdeh2 icarə obyektini faktiki sahiblik edən şəxsə 2 ilin pulunu, yəni, 60.000 manatı o vermiş, mart ayına kimi bütün ödənişləri etmişlər. İcarəyə götürəndə icarəçi 3 ay möhlət də verdi təmir üçün, lakin təmir 1 il çəkdi. Faktiki icra haqqı atası ilə bağlanan müqavilədə qeyd edilməyib. Sonradan iki dəfə atasının işçisi olan Nuriyev İlkin ilə formal olaraq iki müqavilə də bağlanmışdır. Bunda məqsəd atasının yaşlı olması və sənədləşmə dalınca çox gedib-gələ bilməməsi olmuşdur. Cavabdehlə aralarında narazılıq icarə haqqının 3.500 manata qaldırması ilə bağlı olmuşdur.
23. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 və iddiaçının oğlu Elnar Əliyevi tanıyır. İcarə obyektini icarəyə verilməsi üçün tərəfləri o tanış edib. Müqavilə bağlanan gün Cavabdeh2 60.000 manat verilmiş, aylığı isə 2.500 manata razılaşdırıldı. O İlkin Nuriyevi tanımır və ikinci müqavilədən xəbəri yoxdur.
24. İddiaçı tərəfin təqdim etdiyi və Rayon Məhkəməsi tərəfindən tədqiq edilmiş səs yazısından müəyyən edilir ki, həmin danışıq iddiaçının oğlu Elnar Əliyev ilə cavabdeh Seyyub Əmirovun arasında gedir və sonuncu onlara icarə pullarının əlbəəl olaraq 60.000 manat məbləğində verilməsini etiraf edir.
25. İşə apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsindən (bax: hazırkı qətnamənin 18-ci bəndinə) İlkin Nuriyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla (iş 2-2(102)-622/2023) kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni, icarəyə verilmiş mübahisəli qeyri-yaşayış sahəsindən cavabdeh İlkin Nuriyevin çıxarılması hissəsinin ləğv edilməsini və həmin hissədə işin yani apellyasiya baxışına göndərilməsini qərara almışdır.
26. Həmin hissədə işə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2-2(103)-276/2024) ilə İlkin Nuriyevin apellyasiya şikayətinin qismən təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1123/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirlməsini, həmin tələbin qismən təmin edilməsini, İlkin Nuriyevin əşyaları ilə birlikdə mübahisəli 623,2 kv.metr ölçülü qeyriyaşayış sahəsinin 212 kv. metr hissəsində çıxarılmasını qət etmişdir.
27. Qüvvəyə minmiş və yuxarıda qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İlkin Nuriyev, onunla Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsinin” şərtlərini pozmuş. icarə haqını tam deyil, qismən ödəmişdir.
28. Göstərilənlərə və iş üzrə tərəflərin Məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 məxsusdur. O, özünə məxsus sözügedən qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermiş və bununla bağlı onların arasında xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində 30 il müddətinə “İcarə müqaviləsi” bağlamışdır. İcarəyə verilən qeyri-yaşayış sahəsinin ölçüsü 623,2 kv.metr olsa da, müqavilədə sahənin ölçüsü 446,6 kv. metr göstərilmişdir. Aylıq icarə haqqının məbləği 3.500 manat olmuş, amma müqavilədə aylıq icarə haqqının məbləği 900 manat göstərilmişdir. Tərlərin bildirdiklərinə görə bu kimi addım vergi ödənişlərin az ödənilməsi üçün edilmişdir. Müqavilə bağlanan ərəfədə 2 il üçün ödənilməli olan 84.000 manat məbləğində icarə haqqına görə, iddiaçının övladı Elnar Əliyev 60.000 manat ödəmiş, qalan 24.000 manat isə təmirə xərcləmişdir. Bundan 1 il sonra isə Elnar və iddiaçı bildirdilər ki, onlara lazımdır ki, “İcarə müqaviləsi” VÖEN-i olan şəxslə bağlansın və bu səbəbdən sonrakı müqavilələr iddiaçının işçisi olan İlkin Nuriyev ilə bağlanmışdır.
29. Tərəflər arasında mübahisə doğuran hal sonrakı, yəni 2021-ci ilin dekabr atından sonrakı icarə haqqılarının ödənilib-ödənilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı icarə haqqının cavabdehə ödənildiyini bildirsə də, cavabdeh tərəf bunu inkar edir.
30. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 3 saylı Poçt Filialının xx.xx.2023cü il tarixli, 3 PF-1-77 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 1.800 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, xx.xx.2023-cü il tarixdə 900 manat, iddiaçının işçisi olan İlkin Nuriyev tərəfindən xx.xx.2022-ci il tarixdə 1.800 manat, xx.xx.2022-ci il tarixdə 2.700 manat, xx.xx.2022-ci il tarixdə 1.800 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.
31. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, Məhkəməyə təqdim etdiyi “Ödəniş qəbzlərindən” görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 900 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 1.800 manat, xx.xx.2023-cü il tarixdə ********* saylı qəbzlə 2.700 manat məbləğində pul Cavabdeh1 ödənilmişdir.
32. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin yanvar ayında qarılıqlı iddia verənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, onunla icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını icarəyə verənə ödəmişdir.
33. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə icarəyə verən Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə “İcarə müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 ilə iddiaçının işçisi İlkin Nuriyev arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “İcarə müqavilələri” bağlanmış olsa da, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi və ya dəyişdirilməsi, habelə iddiaçının həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək icarə haqqını ödəməməsi iş materialları ilə təsdiq olunmur.
32. Belə ki, işin faktiki və araşdırılmış halları ilə mübahisəsiz qaydada təsdiq edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında icarə münasibətləri xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” əsasında yaranmış və sonradan müqavilələrin İlkin Nuriyev ilə bağlanmasına baxmayaraq iddiaçı ilə davam etmişdir. 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 icarə haqqının iddiaçı tərəfindən ödənilmədiyini bildirərək, iddiaçıya qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbi barədə” qarşılıqlı iddia irəli sürənədək və sonrakı müddətdə ilk iddia üzrə iddiaçı, xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını ödəmişdir.
33. Məhkəmə bildirir ki, icarəyə verən olan Cavabdeh1 özünə məxsus mübahisəli qeyri-yaşayış sahəsinə dair İlkin Nuriyev ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə “İcarə müqavilələri” bağlayarkən onunla iddiaçı arasında 1 il əvvəl notarial qaydada bağlanmış “İcarə müqaviləsinin” mövcud olmasını bilirdi və yeni müqavilələri bağlanması zamanı əvvəlki müqavilənin ləğv edilməsini arzulamırdı. Həmin müqavilə Cavabdeh1 ilə iddiaçı arasında nə şifahi, nə də ki yazılı qaydada ləğv edilməmişdir. İlkin Nuriyev ilə müqavilələr bağlanan zaman iddiaçı ilə bağlanmış müqavilənin ləğv edilməsinə dair, həmin müqavilənin şərtinə görə, 1 ay qabaqcadan ləğv edilməsi ilə bağlı müqavilə tərəflərinin bir-birinə yazılı müraciəti olmamışdır.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
35. Məhkəmə qeyd edir ki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” vaxtından əvvəl ləğv edilməsi iddiasını irəli sürərkən onun mübahisəli və ümumi sahəsi 623,2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb etmiş və bu halda onlar arasında həmin sahənin 300 kv.m hissəsi ilə bağlı bağlanmış icarə müqavilənin qanuniliyini də mübahisələndirməmişdir. Halbuki, İlkin Cavabdeh1 Nuriyevə qarşı xx.xx.2020-ci il tarixli “İcarə müqaviləsinin” predmeti də 623,2 kv.m olan qeyriyaşayış sahəsi də tam deyil, onun 212 kv.m hissəsi olmuşdur.
36. Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir.
37. Göründüyü kimi, əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyri-mümkündür.
38. Beləliklə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsi” qanunvericiliyin tələblərinə uyğun bağlanmış və qüvvədədir.
39. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.
40. Mülki Məcəllənin 422.2-ci maddəsinə görə, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: (422.2.1.) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; (422.2.2.) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; (422.2.3.) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; (422.2.4.) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
41. Mülki Məcəllənin tələblərinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat orqanında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). İcarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirlmiş icarə haqqa ödəməyə borcludur (maddə 700.1.).
42. İş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə 37 saylı Notariat Ofisində iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış “İcarə müqaviləsi” üzrə iddiaçının fəaliyyət göstərməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış və iddiaçı, hazırda həmin sahədən öz mülahizəsinə uyğun istifadə edə bilmir. Bu hal həm də cavabdehlərin hazırki iş üzrə qarşılıqlı iddia verməsi ilə təsdiqini tapır.
43. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar olan iddiaçı tərəfindən pozulması hallarına yol verilməsi müəyyən olunmadığından ona müqaviləsinin qüvvədə olduğu müddətdə icarəyə götürdüyü sahədə fəaliyyət göstərməyinə yaranmış maneələrin aradan qaldırılması və gələcəkdə yaradılacaq maneələrin cavabdehlərə qadağan edilməsi barədə ilk iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə dair dəlilləri əsassızdır.
44. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
45. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 25657/94 saylı qərarı, § 282).
47. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” tələblərinin icarədar tərəfindən pozulması hallarına yol verilməsi müəyyən edilmədiyindən müqavilənin Mülki Məcəllənin 421, 422-ci maddələrinin tələbləri baxımından ləğvi üçün hüquqi əsas yaranmamışdır.
48. Mülki Məcəllənin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətin irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və bu müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.).
49. Belə olan halda, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsinin” ləğv edilməsi barədə qarşılıqlı iddiada ifadə edilmiş tələb əsassız olması barədə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır.
50. Məhkəmə həmçinin bildirir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “İcarə müqaviləsinin” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe baxımdan da ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, müqavilənin bağlanmasından sonra şəraitin əhəmiyyətli dərəcədə pozulması mövcud deyil, Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə dair sonradan İlkin Nuriyev ilə 2 müqavilə bağlasa da, onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” üzrə münasibətlər davam etmişdir.
51. Odur ki, bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə müqaviləsinin ləğv edilməsi barədə” hissəsi əsassızdır.
52. Qarşılıqlı iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi də əsassızdır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” bağlandıqdan sonra icarəyə götürən iddiaçı tərəfindən icarəyə verən Cavabdeh1 2 il üçün, yəni xx.xx.2021-ci il tarixədək və sonrakı müddətdə, yəni 2023-cü ilin yanvar ayında qarşılıqlı iddia verilənə qədər və qarşılıqlı iddia verildikdən sonra da iddiaçı tərəfindən Cavabdeh1 ödənişlər olmuşdur.
53. Bu baxımdan da qəbul edilməlidir ki, qarşılıqlının iddianın “icarə haqqının ödənilməsi barədə” hissəsi əsassızdır və Rayon Məhkəməsi həmin tələbi də təmin etməməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsinə dair dəlilləri əsassızdır. f) apellyasiya baxışının nəticəsi
54. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-nin 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.
56. Məhkəmə həmçinin bildirir ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, ilk iddia üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
57. Cavabdehlərin apellyasiya şikayəti təmin edilmədiyindən isə onlar, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
58. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorların ödədiyi dövlət rüsumu onların özünə aid edilsin. İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh2 hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.