Məhkəmə qərarları › İş №2(103)-2370/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2370/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2370/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkib, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 Cavabdeh qarşı “kredit borcunun, faizinin və cərimənin tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)-113/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1982928.31 manat əsas borcun, 190030.6 manat faiz borcunun, 97742.01 manat cərimə borcu olmaqla, ümumilikdə 2270700.92 manat borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 0165/15 saylı xx.xx.2015-ci il tarixli «Kredit müqaviləsi»nə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 10 % dərəcəsi olmaqla 1982928,31 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə, 1982928,31 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, o, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq, ödənişlərini vaxtlı-vaxtında etməmişdir. Bunun nəticəsində cavabdehin banka 1982928,31 manat məbləğində əsas borcu, 190030,6 manat məbləğində faiz borcu, 97742,01 manat cərimə borcu, ümumilikdə 2270700,92 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-113/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 1701060.81 manat əsas borc, 71822.57 manat faiz borcu, 20.000 manat cərimə borcu olmaqla, ümumilikdə 1792883.38 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilmiş hissəsi ilə bağlı əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 0165/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 10% hesablanmaqla 12 ay müddətinə 1982928.31 manat məbləğində kredit verilmişdir. Bu hallar məhkəmədə tam sübuta yetirilsə də, iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən cavabdehin banka 1701060.81 manat əsas və 822.57 manat məbləğində faiz borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyi banka təqdim edilməmiş, ekspert tərəfindən tədqiqatın hansı metodla aparılması, ekspertizanın düzgün olub-olmaması müəyyən edilməmişdir. Bu məqsədlə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Tərəflər arasında bağlanan müqaviləyə əsasən Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 20% cərimə faizi ödəyir. Kredit müqavləsinin bu bəndini ekspert nəzərə almayaraq yalnış rəy vermişdir. Ekspert müddət bitəndən sonra hesablamada yuxarıda qeyd olunan kredit müqaviləsinin bəndini nəzərə almamışdır və bu səbəbdən yalnış rəy vermişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iştirakını təmin edə bilməmişdir. İşdə iştirak edən iddiaçının nümayəndəsi hazırki işə cavabdehin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 146 və 376.2-ci maddələrinin tələbinə görə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, ekspert rəyinə etiraz etməyərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apelyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, əslində apelyant qətnaməni iddianın əsas, faiz borcunun və cərimənin təmin edilmədiyi hissəsində mübahisələndirir. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnamənin qanuniliyi və əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlayır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin olunduğu hissədə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdu ki, 0165/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 10%, vaxtı keçmiş kredit faizi illik 20%, cərimə faizi 1% olmaqla 1982928.31 manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə banka 1982928.31 manat əsas borc, 190030.6 manat faiz borcu, 97742.01 manat cərimə borcu olmaqla, ümumilikdə 2270700.92 manat borcu yaranmışdır. xx.xx.2017-ci il tarixli pretenziya məktubundan məlum olur ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini icra etməmiş və iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının tələb etdiyi kredit borcunun ödənilməsi təmin edilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 13360 saylı xx.xx.2019-cu il tarixli və 22280 saylı xx.xx.2019-cu il tarixli ekspert rəylərinə əsasən cavabdehin xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixə) banka əsas borc üzrə 1701060.81 manat, faiz borzu üzrə 71822.57 manat, eyni zamanda xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla cavabdehin xx.xx.2018-ci il tarixə əsas borc üzrə 1701060.81 manat, faiz borzu üzrə 170814.86 manat müəyyən edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi iddianın ekspert rəyinə uyğun olaraq qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə məhkəmə qətnaməsi iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissələrdə mübahisələndirilərkən əsas və faiz borcunun ekspert tərəfindən düzgün hesablanmadığına, cərimənin düzgün müəyyən edilmədiyinə istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindəki mövqeyinə uyğun olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və onun tərkib hissəsi olan 1 saylı ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş şərtləri nəzərə alınmaqla müqavilə müddətinin sonuna, yəni xx.xx.2016-cı il tarixə cavabdehin Banka məhz hansı məbləğdə borcunun yarandığını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini qərara almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 09/2832 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi əsasında müəyyən edilmişdi ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materillarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə kimi Cavabdeh Banka olan əsas borcu 1701060.81 manat, faiz borcu 71822.57 manat təşkil edir. Kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki işdə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş əsas və faiz məbləğlərinin miqdarı ilə razı olmasa da, həmin əsas və faiz borcunun fərqli olması, yəni cavabdehdən tutulmalı olan əsas və faiz borcunun daha çox olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qətnamədə əsas və faiz borcunun tutulması ilə bağlı gəldiyi nəticəni düzgün hesab edir və onunla razılaşır. Qətnamə ilə tutulmuş 20000 manat məbləğində cərimənin miqdarı ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən göründüyü kimi, iddiaçı iddia ilə məhkəməyə müraciət edərkən cavabdehdən 97742,01 manat cərimənin tutulmasını tələb etmiş, lakin birinci instansiya məhkəməsi həmin məbləği azaldaraq 20000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası 97742,01 manat cərimənin azaldılaraq 20000 manat müəyyən edilməsini həm Mülki Məcəllənin 467ci maddəsinə əsasən, həm də işin halları, o cümlədən 71822,57 manat faiz məbləğinə nisbətdə ədalətli və məqsədəuyğun hesab edir. Qeyd olunmalıdır ki, cərimə məbləğinin tutulması zamanı kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin cərimə məbləğinin iddia tələbində olduğu kimi təmin edilməsi ilə bağlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlili məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, həmin dəlil məhkəmə qətnaməsinin həmin tələblə bağlı hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas yaratmır. Beləliklə, hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə qətnaməsi ilə iddianın təmin olunmadığı hissələrdə əsaslı olduğunu təsdiq edə biləcək müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə iddianın qismən təmin edilməsi, başqa sözlə apelyant tərəfindən mübahisələndirilən -iddia tələblərinin təmin olunmadığı hissələrlə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-113/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 200 manat məbləğində pul ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Şeyda Məhərəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar