Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2370/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyi QSC-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)-3701/2020 nömrəli qətnaməsindən iddiaçı "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən "xxxx" İB-yə vurulmuş 4586,70 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4616,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "xxxx" İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 03.05.2018-ci il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında "xxxx" İB abonent Cavabdeh məxsus evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "xxxx" İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00060 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron markalı 1802AZ**********53 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh ayrı-ayrı vaxtlarda yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qazsayğacına müdaxilə etməklə, habelə qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "xxxx" İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi, habelə qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 27.07.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 486 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 604,80 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 144,10 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat olmaqla, cəmi 4323,70 manat məbləğində "xxxx" İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş 2020-ci il üzrə sayğac göstəricisinə əsasən 47 manat, əvvəlki illərdən isə 216 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçı "xxxx" İB-yə ödənilməli borc məbləği saldolar üzrə ümumi olaraq 4586,70 manat təşkil etməkdədir. "xxxx" İB-nın nümayəndələri tərəfindən cavabdehə 4586,70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)- 3701/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 30 may 2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 32,40 manat məbləğində dəymiş ziyanın və 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" İstehsalat Birliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan "xxxx" İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, cavabdehin mənzilində qanunsuz qoşulma vardır. Cavabdeh 2016-cı ildən etibarən bu günə kimi heş bir ödəniş həyata keçirməyib. Bu özü şübhə döğuran məqamdır. İstehlakçının altı ilə yaxın müddətdə ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaratdığına baxmayaraq, hakim bu xüsusları araşdırmamışdır. Məhkəmə yalnız cavabdehin özünü müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmiş, iddiaçının sənədlərini bilinməyən səbəbdən fakt kimi qəbul etməmişdir. Məhkəmə tərtib edilmiş aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materiallarla mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh qaz xəttinə qanunsuz qoşulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin olunmamış hissəsində mübahisələndirmişdir. Ona görə də hazırkı apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilməyən hissəsi təşkil edir. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cabadeh Cavabdeh apellyasiya şikayətinə etiraz etdi və təmin edilməməsini xahiş etdi, əlavə olaraq göstərdi ki, onun evində quraşdırılmış sayğacı ona məlum olmayan səbəblərdən 2018-ci ilin sentyabr ayında sökərək aparmışlar və bundan sonra sayğacı yalnız 2020-ci ilin mart ayının 27-də gətirib quraşdırmışlar. Sayğacın olmadığı müddətdə o, qazdan istifadə etmişdir. Sayğac quraşdırıldıqdan sonra isə o, vaxtlı vaxtında ödənişlərini etmişdir. Bu səbəbdən hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Belə ki, iş materiallarında olan 03.05.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, "xxxx" İstehsalat Birliyi ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" İstehsalat Birliyinin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdehnun evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq "xxxx" İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azəriqaz İB tərəfindən tərtib edilmiş 29/140—00417 №-li 13 iyun 2018-ci il tarixli akta əsasən müəyyən edilir ki, 11 may 2018-ci il tarixli telefonoqrama əsasən təqdim edilmiş sayğaclar (o cümlədən, hazırkı iş üzrə iddiaçının ünvanında quraşdırılmış sayğac) Dövlət yoxlamasından keçirilmiş və yararsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş **********100060 saylı abonent Cavabdeh saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, "xxxx" İstehsalat Birliyi tərəfindən cavabdehə 27.07.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 486 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 604,80 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 144,10 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat olmaqla dəymiş zərər hesablamışdır. İş materiallarına əlavə edilmiş printer vasitəsilə çap edilmiş ağ-qara fotoşəkillərdən görünür ki, fotoşəkillərin aid olduğu ünvanda sayğac sökülmüş, sayğac qutusunun içərisində iki metal boru isə rezin boru vasitəsilə bir-birinə qoşulmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. İddiaçı tərəfin cavabdehin kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat dəymiş zərərin tutulması hissəsində iddia tələbi sübuta yetirildiyindən təmin edilməli, digər aktlara əsasən dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz olaraq qaz sayğacına qanunsuz müdaxiləyə görə tələb irəli sürmüşdür. Ona görə də məhkəmə həmin hissədə iddia ərizəsini əsaslı hesab etməmişdir Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. İddiaçı "xxxx" İstehsalat Biriliyi təbii X1nın pozulması barədə aktlarda göstərilən pozuntunun həqiqətən Cavabdehnun təqsiri üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulduğunu bildirməklə, bunun sübutu olaraq müxtəlif tarixlərdə tərtib edilmiş və yuxarıda göstərilən aktları, habelə printer vasitəsilə çat edilmiş ağ-qara fotoşəkilləri təqdim etmişdir. Həmin aktlarda onların iddiaçının nümayəndəsi tərəfindən abonentin iştirakı ilə tərtib edildiyi, lakin cavabdehin həmin aktları imzalamaqdan imtina etməsi göstərilsə də, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Kollegiya hesab edir ki, məhkəməyə təqdim olunmuş aktlar onda əks olunmuş halların həqiqətən baş verib-vermədiyini tam və düzgün əks etdirmir, bu səbəbdən həmin aktlar cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma hallarının baş verməsini təsdiq edəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının təqdim etdiyi foto görüntülərdən onların aktların tərtib olunduğu tarixlərə aid olmasını, habelə həmin fotogörüntüdəki evin cavabdehə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Bu fotogörüntülərin cavabdehə məxsus ünvana aid olması ehtimal olunsa belə, kollegiya qeyd edir ki, orada əks olunmuş halın mövcudluğu cavabdehin qaz xəttinə qanunsuz qoşulmasının şəksiz sübutu kimi qəbul edilə bilməzdi. Belə ki, həmin fotogörüntüdə divarda quraşdırılmış sayğac qutusunda sayğacın yerində olmadığı, sayğaca daxil olan və sayğacdan çıxan qaz xətlərinin rezin boru vasitəsilə bir-birinə qoşulduğu əks olunmuşdur. Lakin həmin sayğacın kim tərəfindən və hansı məqsədlə sökülməsi aydın deyildir. Cavabdeh həmin sayğacın iddiaçı təşkilatın nümayəndələri tərəfindən sökülərək aparıldığını bildirir. İddiaçı Azəriqaz İB-nin nümayəndələri isə həmin sayğacın onlar tərəfindən sökülməsini inkar etməmiş, habelə sayğacın başqa şəxslər tərəfindən qanunsuz sökülməsi ilə bağlı hər hansı tədbir görməsi, hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda güman etmək olur ki, həmin sayğac iddiaçı tərəfindən sökülmüşdür. “X1”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Göründüyü kimi, qaz sayğacı yerində olmadıqda məsuliyyətin ilk növbədə qaz paylayıcısının üzərinə düşdüyü ehtimal edilməlidir. Bunun əksini sübut etmək isə abonentin deyil, qaz paylayıcısının borcudur. Həmçinin qaz sayğacı istehlakçının təqsiri olmadan hər hansı səbəblə çıxarılmışdırsa, qazın verilməsi dayandırılmamalı və verilən qaz üzrə sərfiyyat əvvəlki dövrə görə orta sərfiyyat əsasında hesablanmalıdır. Bu halda da sayğacın abonentin təqsiri üzündən zədələnməsini sübut etmək vəzifəsi qaz paylayıcısının üzərinə düşür. Hazırkı işin halları ilə abonentin sayğacın zədələnməsində, yaxud onun sökülməsində təqsirli olması halı sübuta yetirilməmişdir. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, hazırkı iş üzrə cavabdehin ünvanında qaz sayğacı çıxarıldıqdan sonra onun qaz xəttinə qoşulması ehtimal olunsa belə, bu hal qaz xəttinə qanunsuz qoşulma kimi qiymətləndirilməməli və belə vəziyyətdə «Qazdan istifadə» qaydalarının yuxarıda göstərilən tələblərinə uyğun olaraq abonentə əvvəlki dövr üzrə orta sərfiyyət əsasında hesabat aparılmalı idi. Məhkəmə kollegiyası tərəfindən cavabdehə məxsus ünvanda qazın orta sərfiyyatının məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin məhkəmə ekspertizasının 20 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, qərarda göstərilən müddət üzrə borc məbləğinin hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa, iddia ərizəsində cavabdehin sayğac göstəricisi üzrə 47 manat, əvvəlki illər üzrə isə 216 manat borcunun olduğu, lakin cavabdehin bu borcu da ödəmədiyi göstərilmişdir. Əvvəlki illər üzrə yaranmış 216 manat borcla bağlı kollegiya qeyd edir ki, iddiaçı abonentin həmin borcunun mövcud olub-olmadığını, mövcuddursa, hansı dövrlər üzrə və hansı sərfiyyat əsasında hesablandığını, bu barədə abonentə zəruri bildirişin verilib-verilmədiyini təsdiq edən sübutlar təqdim etməmişdir. Kollegiya izah edir ki, tərəflər arasında mövcud olan münasibətlər müqavilə əsasında yarandığından və bu cür münasibətlər üzrə məhkəmədə iddia qaldırmaqla bağlı mülki qanunvericilikdə müəyyən vaxt məhdudiyyətləri mövcud olduğundan (MM-nin 373 və 551ci maddələri), belə iddiaların irəli sürülməsi zamanı borc məbləğinin hansı əsasla tələb edilməsini və hansı müddəti əhatə etməsini sübut etmək iddiaçının vəzifəsidir. İddia ərizəsində tələb olunan 2020-ci il üzrə sayğac üzrə hesablanmış 47 manat borcla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «X1»nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. «Qaydalar»ın bu bəndindən belə məlum olur ki, sayğac üzrə hesablanmış sərfiyyatın məbləğin məhkəmə qaydasında tələb edilməsindən əvvəl qaz paylayıcısı həmin məbləğin ödənilməsini abonentə təklif etməlidir. İş materiallarında iddiaçı tərəfindən cavabdehə həmin məbləğin ödənilməsi ilə bağlı müraciət olunmasını təsdiq edən sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququ, cavabdehin isə təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi olsa da, apellyasiya baxışının predmeti olan hissədə cavabdehin abonenti olduğu ünvanda şəbəkəyə qanunsuz qoşulma halı təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün qətnamə çıxarmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: "xxxx" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(010)- 3701/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2370/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2370/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver