Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2372/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixdə 4000 manat məbləğində kredit ayrılmış və ona məxsus hesabdan məxaric edilmişdir. Həmçinin, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən ona 1064,08 manat məbləğində kredit ayrılmışdır. İddiaçı ilə Cavabdeh iş yoldaşı olmuşlar. İddiaçı qeyd olunan kreditləri Bankdan cavabdehin müraciəti əsasında götürdüyünü və həmin məbləği cavabdehə borc verdiyini iddia edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4900 manat məbləğində borcun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilkin müraciəti əsasında ondan 2000 manat borc pul almış və həmin pulu vaxtında qaytarmışdır. Güvənini qazandıqdan sonra "xxxx" ASC-dən götürdüyü 4000 manat məbləğində kredit hesabına yenidən cavabdehə 4000 manat borc vermişdir. Həmin pulu, eyni zamanda borcu verən zaman 1000 manat pul olan “Bolkart” kredit kartını da ona vemişdir. Cavabdeh sonuncu dəfə götürdüyü borcdan cəmi 100 manat qaytarmışdır. Bununla bağlı Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1925/22 saylı iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia rədd edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehə qeyd edilən məbləğdə borc verdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia rədd olunmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında olan “Whatsapp” üzərindən səs yazmaları və yazışmalar lazımi qaydada nəzərə alınmamışdır. Hətta məhkəməyə sübut kimi təqdim etdiyi cavabdeh ilə aralarında olan səs yazmaların yerləşdiyi disk məhkəmə tərəfindən itirilmişdir. Bu səbəbdən qətnamədə səs yazılarına qiymıt verilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi isə izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Bu baxımdan Məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən birinci instansiya məhkəsinin qətnaməsi ləğv edilməlidir.
17. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
20. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.
21. İddiaçı cavabdehə 5000 manat borc verdiyini, bundan cəmi 100 manat qaytarıldığını və qalıq borcun 4900 manat təşkil etdiyini bildirərək həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı cavabdehə borc məbləğini "xxxx" ASC-dən götürdüyü kredit hesabına verdiyini bildirmiş və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı həmçinin cavabdehlə apardığı danışıqlara dair “Whatsapp” üzərindən səs yazmaları və yazışmaları özündə əks etdirən diski də təqdim etmişdir. Həmin diskdə olan səs yazıları məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə dinlənildi. Bu yazılarda cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmiş və bu borcu hissə-hissə qaytaracağını bildirmişdir.
22. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və iddiaçıya hər hansı məbləğdə borcu olmadığını göstərmişdir. O, həmçinin iddiaçının təqdim etdiyi “Whatsapp” üzərindən səs yazmaları və yazışmalarının ona məxsus olmadığını bildirmişdir.
23. Apellyasiya baxışı zamanı adı çəkilən diskdə olan səs yazıları işə baxan məhkəmə tərəfindən dinlənildi və birinci instansiya məhkəməsində verilən izahatdan fərqli olaraq cavabdehin nümayəndəsi səs yazılarının cavabdehə məxsus olduğunu, lakin bu danışıqların hazırkı borca aidiyyəti olmadığını, danışıqların nə vaxt aparıldığını bilmədiyini göstərmişdir.
24. Məhkəmə kollegiyası cavabdeh tərəfin danışıqların hazırkı borca aidiyyəti olmadığına dair bu izahatını səmimi və inandığcı saymır və hesab edir ki, cavabdeh tərəfin bu məzmunda izahat verməsi məsuliyyətdən yayınmaq məqsədi daşıyır.
25. Apellyasiya baxışı zamanı şahid kimi dindirilən X2 isə ifadəsində göstərdi ki, o, tərəflərlə bir kollektivdə çalışmış və tərəflər arasında söz-söhbət və danışıqlardan cavabdehin iddiaçıya 4000 manat borcu olduğunu öyrənmişdir.
26. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən - 4000 manat borc tələbi hissəsində sübuta yetirə biılmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
30. Həmin Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
32. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul vəsaiti alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.