Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2372/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı mülki iş üzrə (Açar sözlər: “məlumatların mərkəzi kredit reyestrindən silinməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı “məlumatların mərkəzi kredit reyestrindən silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6064/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
2. "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-yə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə borcu mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 080-K saylı kredit müqaviləsi üzrə borc məlumatlarının mərkəzi kredit reyestrindən silinməsi və həmin öhdəliyin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı kredit öhdəliyi üzrə qalan 16.846 ABŞ dolları əsas borc, 9.846 ABŞ dolları faiz borcu, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan 5.375 ABŞ dolları faiz borcu olmaqla, cəmi 32.067 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə məxsus mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı 62 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmiş, lakin prosessual müddətin ötməsi əsası ilə şikayət geri qaytarılmış, qərardaddan apellyasiya və kassasiya şikayəti verilməsinə baxmayaraq son olaraq Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)-323/2020 saylı qərarı ilə müddət bərpa edilməyərək kassasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Bank qarşısında mövcud olmuş öhdəliyə dövlətin adından çıxarılan və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən xitam verilmişdir. Lakin buna baxmayaraq bugünki gündə o, gecikməsi olan problemli kreditorlar siyahısındadır. Hazırda adının kreditor reystrində olması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyət hüququ müqəddəsdir, toxunulmazdır və qanunla qorunur. Məhkəmə qərarı ilə mövcud olmuş öhdəliklə bağlı bankın heç bir tələb etmə hüququ olmamasına baxmayaraq hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur.
5. Cavabdeh LPO Cavabdeh1 ASC iddia ərizəsinə yazılı etiraz tədim edərək qeyd etmişdir ki, iddiaçının istinad etdiyi qətnamələr üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə cavabdehin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasının mümkünsüz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia müddəti tətbiq edilərək, iddia rədd olunduqda borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, öhdəliyə xitam verilməsi əsasları Azərbaycan Respublikası MMin 527.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Həmin maddədə isə iddia müddətinin keçməsi və ya qeyd olunan əsasla iddianın rədd edilməsi öhdəliyə xitam verilməsi üçün əsas kimi müəyyən olunmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 269.1, 270.1, 294.1.1, 385.1 və 527.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, adının kredit reyestrində olması şəxsin təkcə əşya, mülkiyyət hüququnu deyil, fərdi olaraq mülki hüquq fəaliyyət qabiliyyətini məhdudlaşdırmışdır. Yəni əmlakının məhdud əşya hüququ olaraq girovda qalması bir kənara, bir fiziki şəxs olaraq o öz adından hərəkət edərək hər hansı hüquqlar əldə edə bilmirəm. Belə ki, hər hansı bank və ya kredit təşkilatı ona kredit vermir, pul götürüb hər hansı fəaliyyətlə məşğul ola bilmir. Nəticə etibarı ilə adının kredit reyestrində qalması onun əmlak hüququnu deyil, fərd olaraq şəxsə məxsus olan mülki hüquq fəaliyyət qabiliyyətini məhdudlaşdırmışdır. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarı isə məhz əşya hüquqları ilə bağlıdır ki, müddətin keçməsi əsası əşya hüquqlarının xitamına səbəb olmur. Lakin hazırkı iddia üzrə söhbət şəxsin qeyri-əmlak hüquqlarının məhdudlaşdırılmasından gedir. Cavabdehlər tərəfindən heç bir tələb etmə hüququnun olmamasına baxmayaraq hazırda adının hələ də problemli kreditorlar siyahısında olması ucbatından o, hər hansı yeni kredit götürə bilmir, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir, ona münasibətdə mülki dövriyyənin sabitliyi pozulmuş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarı və Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 2 fevral tarixli Qərarındakı hüquqi mövqeyə görə borc məlumatlarının reyestrdə qalması halı mahiyyət etibarı ilə əşya hüquqlarının, o cümlədən öhdəliyin xitamı demək deyildir və bu kredit müqaviləsi üzrə borcu tam ödəmədiyi barədə kredit reyestrində olan məlumatlar, şəxsin maliyyə xidmətlərinə çıxışını məhdudlaşdırır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarı mülki dövriyyənin sabitliyini pozan bir qərardır. Vətəndaşları məcbur edirlər ki, iddia müddəti keçsə də gedərək bankla hesablaşsınlar. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, iddia müddətinin keçməsi əsası öhdəliyin xitamına səbəb olmur. Onlar isə deyir ki, adın MKR-dən silinməsi öhdəliyin xitamına səbəb olmur, öhdəlik yenə öz yerində qalır. Öhdəliyin xitamı ilə bağlı iddiaları olmuşdur, lakin təmin olunmamışdır. Lakin hazırkı hal isə şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırır, şəxs gedib kredit götürə bilmir. Burada isə əşya hüquqlarından söhbət gedir, əşya hüquqları yerində qalır. Konstitusiya Məhkəməsinin qərarı buna heç bir izah verməmişdir, sadəcə məhkəmə onunla əsaslandırır.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 5.3-cü maddəsinə görə öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
20. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
23. 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.
26. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İş materiallarından göründüyü kimi iddiaçının istinad etdiyi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7431/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur. Mülki Məcəllənin müvafiq normalarının məzmunundan da göründüyü kimi, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır.
30. Belə ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
31. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.
32. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı).
33. Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir.
34. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2024 nömrəli, 26 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmdən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev