Məhkəmə qərarları › İş №2(103)-2373/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2373/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2373/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-286/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə Quliyev Heydər Qəzənfər oğlu xx.xx.1978-ci il tarixdə nikaha daxil olmuşlar.

2. İddiaçı “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2013-cü il tarıxli kredit müqaviləsi üzrə Quliyev Heydər Qəzənfər oğluna 60 ay müddətinə 10.000 manat məbləğində kredit limiti (kredit xətti) açılmışdır.

3. Quliyev Heydər Qəzənfər oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmiş, ölümündən sonra ünvan 2 daxil olmuş müraciət əsasında 106/2014 nömrəli vərəsəlik iş açılmış və vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

4. 09.04.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş Quliyev Heydər Qəzənfər oğlunun sağ qalmış arvadı - Cavabdeh miras əmlak ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisədən ½ hissədə irs almalıdır.

5. 13.04.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş Quliyev Heydər Qəzənfər oğlunun sağ qalmış arvadı - Cavabdeh miras əmlak “Kamaz 6520 yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ½ hissədə irs almalıdır.

6. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş Quliyev Heydər Qəzənfər oğlunun sağ qalmış arvadı - Cavabdeh “X6” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə olan xx.xx.2013-cü il tarixli daxili lizing müqaviləsinə və "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 35372 nömrəli məktubuna əsasən avtomobildəki hüquqdan ½ hissədə irs almalıdır.

7. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)- 4008/2015 nömrəli məhkəmə əmri ilə “X7 Azərbaycan” QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə X1 9.775,75 manat əsas borc, 874,99 manat faiz borcu, 2.018,85 manat cərimə borcu, 236,56 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 2,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 12.908,65 manat borcun, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20,40 manat dövlət rüsumunun tutularaq "X7 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir.

8. Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi Cavabdeh xx.xx.2015-cü il tarixli etiraz ərizəsi ilə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini və mülki işin iddia icraatı qaydasında onun iştirakı ilə davam etdirilməsini xahiş etmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-4008/2015 nömrəli qərardadı ilə ərizə təmin edilərək, sözügedən məhkəmə əmri ləğv edilmiş və mülk iş üzrə hazırlıq iclası təyin edilmişdir.

9. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)- 4008/2015 nömrəli qərardadı ilə “X7 Azərbaycan” QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.

10. Daha sonra “X7 Azərbaycan” QSC xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək 2(002)-4008/2015 nömrəli mülki iş üzrə icraatın təzələnməsini xahiş etmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-4008/2015 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş və iddiaçıya izah edilmişdir ki, o, mülki işin materiallarındakı sənədləri geri götürərək yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

11. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Quliyev Heydər Qəzənfər oğlunun xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 9.775,75 manat, hesablanmış və ödənilməmiş faiz borcu 874,99 manat, cərimə borcu 2.018,85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 236,56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2,50 manat, cəmi borcu isə 12.908,65 manat təşkil etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə Cavabdeh əsas məbləğ üzrə borc-9.775,75 manat, hesablanmış və ödənilməmiş faiz borcu 874,99 manat, cərimə borcu 2.018,85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 236,56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2,50 manat, cəmi 12.908,65 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 128,72 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" QSC və Quliyev Heydər Qəzənfər oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Quliyev Heydər Qəzənfər oğluna istehlak yönümlü 10.000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”-a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. AR DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından məlum olmuşdur ki, Quliyev Heydər Qəzənfər oğlu vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 2 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1321 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – arvadı Cavabdehdır. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Quliyev Heydər Qəzənfər oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi(ləri) Cavabdeh tərəfindən Bank ilə Quliyev Heydər Qəzənfər oğlu arasında imzalanmış qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımıca icra edilməmişdir. “X7 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir.

14. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi bildirmişdir ki, vərəsəlikdən məlumatları olmamışdır. Kreditoru məlumatlandırmalıdırlar. Vərəsəliyi 2022-ci il tarixdə sorğu edilərək öyrənmişdirlər.

15. Cavabdeh məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək iddianın rədd olunmasını xahiş etmişdir.

16. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 286/2025 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsə Cavabdeh tərəfindən mərhum Quliyev Heydər Qəzənfər oğlundan qalmış miras qəbul edilməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır.

18. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar ərizəsinə münasibətdə qeyd etmişdir ki, 2015-ci il üzrə yuxarıda qeyd edilən məhkəmə prosesləri keçirilmiş və iddia baxılmamış saxlanılmışdır. Tərəflər də həmin qərardaddan məlumatlı olmuşlar. Həmin qərardaddan iddiaçı şikayət verməmişdir. İddiaçı həmçinin həmin qərardadın alınma tarixindən xx.xx.2015-ci il tarixdən 10 il keçməsinə baxmayaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. Kredit müqaviləsi üzrə son ödəniş tarixindən xx.xx.2014-cü il tarixdən ərizə məhkəməyə daxil olduğu xx.xx.2015-ci il tarixədək 1 il 2 ay keçmiş, iddianın baxılmamış saxlanılmasının təzələnilməməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadından (1 il 9 ayadək) 2017-ci ilin sentyabr ayınadək iddia müddətinin axımı davam etmişdir. Lakin bu müddət ərzində iddiaçı tərəfindən müvafiq iddia ilə bağlı tədbirlər görülməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, ola bilər ki, iddiaçının vərəsəlik şəhadətnamələrindən xəbəri olmamışdır. Bununla belə, iddiaçı mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu isə ona dəlalət edir ki, həmin kredit müqaviləsinə münasibətdə iddiaçı bank laqeyd yanaşmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1, 372.1, 373.2, 375.2, 376, 381.1, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 1309-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Cavabdeh mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə Quliyev Heydər Qəzənfər oğlunun ölümündən 3 il 1 ay 8 gün sonra verilmişdir ki, burdada müddətin axımı dayanmışdır. Bundan sonra Bank tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verildiyi müəyyən edildikdən sonra sorğu göndərilmiş lakin sorğuya cavab verilməmişdir. Daha sonra vəkil sorğusu ünvan 2 göndərilmiş və Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən sorğuya cavab xx.xx.2022-ci il tarixində banka daxil olmuşdur. Beləliklə, Banka xx.xx.2022-ci il tarixdə məlum olmuşdur ki, Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi - Cavabdehdır. Bundan sonra Bank tərəfindən prossesual qaydalara riayət olunmaqla tərəflərə pretenziya məktubu göndərilmiş və daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, cavabdeh miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Vərəsəlik işi xx.xx.2017-ci il tarixdə açılsa da, vərəsə mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etmədiyindən Bankın borcalanın vəfat etməsi və onun vərəsə(lər)inin olması ilə bağlı məlumatının olması mümkünsüz idi. Qeyd olunanlardan göründüyü kimi Bank hərəkətsiz qalmamış, vərəsə(lər)in müəyyən edilməsi üçün lazimi tədbirlər görmüş, lakin vərəsələr barədə məlumatı xx.xx.2022-ci il tarixdə əldə etmişdir. Vərəsələr müəyyən olunmadan Bank tərəfindən iddia ərizəsinin verilməsi qeyri-mümkün olduğundan, iddia müddətinin ötürülmədiyini hesab edirlər. Əgər məhkəmə iddia müddətinin tətbiqini həyata keçirərsə, vərəsələr barədə məlumat əldə edilən tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ümumi iddia müddəti olan 10 illik müddətlə hesablanmalıdır. Belə olduğu halda isə nəticə etibarilə Bankın iddia müddətinin ötmədiyi öz təsdiqini tapır. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş Quliyev Heydər Qəzənfər oğlunun sağ qalmış arvadı - Cavabdeh qanunvericiliyin tələbi pozularaq məhz 3 il 1 ay 8 gün sonra miras əmlakını qəbul etmişdir. Həmin keçən müddət ərzində də iddia müddətinin axımı dayanmalı və yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra nəzərə alınmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, vərəsəliklə bağlı məlumat 2022-ci ildə daxil olmuşdur. Vəkil sorğuları verilmiş, onlardan bəziləri cavablandırılmış, bəziləri isə cavablandırılmamışdır. Vərəsəliyin 2017-ci ildə açılması barədə 2022-ci ildə məlumatları olduqdan sonra iddia ilə məhkəməyə müraciət etmişlər. Hesab edir ki, iddia müddəti ötürülməmişdir. Vərəsəlik açıldığı an iddia müddətinin axımı dayanmalı idi. Kredit kartı 5 illik müddətə verilmişdi. Götürülmüş pulun qaytarılmadığı müddətdə hər gün üçün üzərinə faiz gəlir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı üç illik iddia müddətini ötürmüşdür. Mərhum 2014-cü ildə dünyasını dəyişib. Digər bir bankda da borcu var idi. Həmin borc üzrə zamin olduğu üçün vərəsə olaraq borcu ödədi. Lakin hazırki iddianı qəbul etmir. Zamin, girov yoxdur, habelə 11 il müddət keçmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı”nda ifadə edilmiş hüquqi mövqeyə görə, “...kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır”.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Quliyev Heydər Qəzənfər oğluna 60 ay müddətinə 10.000 manat məbləğində kredit xətti açmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Quliyev Heydər Qəzənfər oğlu kredit xəttindən istifadə etmiş, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak cavabdeh tərəfindən qəbul edilmiş, lakin sözügedən müqavilə üzrə borcalanın öhdəlikləri cavabdeh tərəfindən icra edilməmişdir.

33. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən iddia mülki qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti ötürülməklə verildiyindən təmin edilə bilməz.

34. Belə ki, “X7 Azərbaycan” QSC-nin Quliyev Heydər Qəzənfər oğluna qarşı hazırki iş üzrə tələb olunan məbləğdə borcun tutulması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli nömrəli məhkəmə əmri Quliyev Heydər Qəzənfər oğlunun vərəsəsi – hazırki iş üzrə cavabdehin etirazı əsasında həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadı ilə ləğv edilmişdir.

35. X3 Qəzənfər oğlunun hüquqi varisi – hazırki iş üzrə cavabdehin etirazla məhkəməyə müraciət etdiyi göstərilmiş, iddiaçı “X7 Azərbaycan” QSC bu qərardaddan məlumatlı olmuş, daha sonra iddianın baxılmamış saxlanılması haqqında məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək işə mahiyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir.

36. Yuxarıda istinad olunan mülki qanunvericiliyin normalarına əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

37. Göründüyü kimi, iddiaçı artıq həmin vaxt iddiaçının vərəsəsi olduğundan məlumatlı olmuş, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildikdən sonra məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

38. İddiaçının bu illər ərzində vəfat etmiş borclunun vərəsələri və miras əmlak barədə aidiyyəti qurumlardan rəsmi məlumat əldə etmək imkanı da olmuş, bunu yalnız 2022-ci ildə etmişdir.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin başlanma anı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 60 ay müddət bitdikdən sonra, yəni xx.xx.2018-ci il tarixdən sonra nəzərə alındığı təqdirdə də, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.

40. Mülki qanunvericiliyin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)- 286/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar