Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2374/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə ("xxxx" MTK və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi və vəkili X9 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ("xxxx" MTK və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-253/2023 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd “Çoxmənzilli qeyri-yaşayış sahəsinin satışı haqqında” müqaviləyə əsasən iddiaçı kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasının 2K mərtəbəsində yerləşən 260 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 153.400 manata və 3K mərtəbəsində yerləşən 105 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 61.950 manata almışdır. "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli (icarə müqaviləsinin 2-ci bəndi) müqaviləyə əsasən X8 həmin kooperativdən 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi əldə etmişdir. Aralarında bağlanmış xx.xx.2020-ci il tarix icarə müqaviləsinə əsasən X8 qeyd edilən müqaviləyə əsasən ona məxsus olan 635,29 kv.m. ölçüdə sahəni hər ay 3.000 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2030-cu il tarixədək cavabdehə icarəyə vermişdir. X8 xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlayaraq, icarəyə götürülən sahə ilə yanaşı 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin də zəbt edilərək, istifadə edildiyini və bugünədək hər hansı ödənişin edilmədiyini bildirmiş və həmin əmlakdan itifadəyə görə də ödənişin aparılmasını tələb etmiş, habelə 2022-ci ilin 01 iyul tarixindən icarə haqqı məbləğinin 3.000 manatdan 10.000 manata dəyişdirilməsi barədə məlumat vermiş və irəli sürülmüş şərtlərin qəbul edilmədiyi təqdirdə müqaviləyə xitam veriləcəyini cavabdehin nəzərinə çatdırmışdır. Cavabdehin ona ünvanlanmış cavab məktubunda qeyri-yaşayış sahəsinin əsas hissəsi olan 635,29 kv.m. sahə üçün ona hər ay 3.000 manat əlavə istifadə olunan 364,71 kv.m. sahə üçün də 3.000 manat, ümumilikdə kassadan 6.000 manat məbləğində pul vəsaitinin ödənildiyi bildirilmiş və icarə müqaviləsi bağlanan xx.xx.2020-ci il tarixdən ümumi olaraq ona 72.000 manat məbləğində pul vəsaitinin ödənildiyi nəzərinə çatdırılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş qiymətləndirmə hesabatına əsasən həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m aylıq icarə haqqının dəyəri qiymətləmdirmə tarixinə 8 manat müəyyən edilmişdir. “Yeni Dövr” Qiymətləndirmə Xidmətinin hesabatında isə belə bir sahənin 1kv.m.-nin icarə haqqının 5-6 manat təşkil etdiyi göstərilmişdir. "xxxx" MMC-nin arayışında isə 1 kv.m belə sahə üçün icarə haqqının 15-16 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4498 nömrəli ekspert rəyinə əsasən X5 məxsus olan 635,29 kv.m. qeyri-yaşayış sahəsinin yerləşməsinə dair ayrıc aktı və ya plan sxem iş materiallarında olmadığından və eləcə də, təqdim edilmədiyindən, həmin N.İsmayılovaya məxsus olan sahənin binanın faktiki olaraq hansı hissəsində yerləşməsini və sərhədlərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. İddiaçı ilə "Zirvə MV” MTK arasında bağlanmış müqaviləyə əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu, ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1K, 2K və 3K mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin razılaşdırılmış sxemlərə əsasən ayrı-ayrı mərtəbələrdə yerləşən sahələr olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC üzərinə zəbt edilmiş 105 kv.m və 260 kv.m sahələrin boşaldılaraq ona təhvil verilməsi, zəbt edilmiş sahənin xx.xx.2020-ci il tarixindən faktiki boşaldılıb təhvil verildiyi günə qədər 365 kv.m sahənin hər kv.m görə 16 manat məbləğində aylıq kirayə haqqının, 100 manat dövlət rüsumunun, mütəxəssis rəyi üçün ödənilmiş 100 manat məbləğin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilələrə əsasən ünvan 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı sahələri 105 və 260 kv.m olan qeyri-yaşayış sahələrini əldə etmişdir. O, həmin sahələrdə hər hansı fəaliyyət göstərmirdi. Bir müddət öncə ona bəlli oldu ki, həmin sahələr özbaşına olaraq cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh həmin sahələrdə alqı-satqı fəaliyyəti ilə məşğuldur. Ona məxsus sahələrlə qonşu olan digər fiziki şəxs özünə məxsus 635.29 kv.m sahəni xx.xx.2020-ci tarixində cavabdehə icrarəyə vermiş, lakin həmin şirkət əlavə olaraq ona məxsus sahələri də zəbt edərək, biznes fəaliyyəti ilə məşğul olmuşdur. O, bununla bağlı qonşu olan şəxsə müraciət edərək, qonşudan cavabdehin dərhal ona məxsus səhələrin boşaldılmasını təmin etməsini bildirmiş, lakin cavabdeh buna məhəl qoymadan zəbt etməni davam etdirir, özünü haqlı hesab edərək həmin sahələri boşaltmır və qanunsuz olaraq ona məxsus sahənin fəaliyyətindən fayda aldə edir. Onun tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və zəbt olunmuş sahələrin orta aylıq kirayə haqqına dair müvafiq arayış alınmışdır. Həmin arayışa əsasən qeyd edilən sahələrin aylıq kirayə haqqı 15-16 manat təşkil edir
4. Bundan sonra "xxxx" MTK və X8 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 253/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin Cavabdeh MMC tərəfindən boşaldaraq İddiaçı təhvil verilməsi, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin faktiki boşaldıb təhvil verdiyi günə qədər 365 kv.m sahənin hər kvadrat metrinə görə 8 manat məbləğində aylıq icarə haqqının Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumuna görə 100 manat, iddiaçının təşəbbüsü ilə aparılmış qiymətləndirməyə görə 100 manat pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə ekspertizanın dəyəri olan 100 manatın Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim X10).
6. Məhkəmə tərəfindən toplanmış sübutlara hüquqi qiymət verilərək, qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin İddiaçı tam payda xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mübahisə edilən məsələ bu sahələrin Cavabdeh MMC tərəfindən qanunsuz zəbt edilməsidir. Tərəflərin izahatlarından və iş materiallarından aydın olmuşdur ki, Cavabdeh MMC eyni ünvanda X3 mülkiyyətində olan 635,29 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. İddiaçı cavabdehin bu sahədən kənara çıxaraq ona məxsus qeyri-yaşayış sahələrindən də istifadə etdiyini iddia edir. Bu halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyindən iddiaçıya məxsus olan ünvan 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasındakı 105 kv.m və 260 kv.m qeyri-yaşayış sahələrinin bütövlükdə “Promart" MMC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Yəni iddia tələbinin əsaslandırılması məhkəmə tərəfindən araşdırma aparılan zaman öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etiraz edərək, X8 ilə bağladıqları icarə müqaviləsində nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə etdiklərini bildirsələr də, qeyd edilən ekspert rəyi bunun əksini sübuta yetirmişdir. Cavabdeh iddiaya etirazını hər hansı əsaslı dəlillərlə, sübutlarla əsaslandıra bilməmişdir. Halbuki iddianın əsassız olduğunu bildirən cavabdeh bunu sübuta yetirməlidir.
7. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyət hüququnu pozan təqsirli hərəkətlər edilmişdir. Belə ki, cavabdeh iddiaçının əmlakınız qanunsuz zəbt edərək, həmin əmlakdan fayda götürmüşdür. İddiaçı cavabdeh tərəfindən əldə edilmiş faydanı deyil, əmlakından istifadə etməməsi nəticəsində əldən çıxmış faydanı tələb edir. İş materiallarında iddiaçı tərəfindən verilmiş hesabatdan həmin ünvanda qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 16 manat olduğu qeyd olunsa da, məhkəmə bu hesabatda olan məbləğin şişirdilmiş məbləğ olduğu qənaətinə gəlmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatında qeyd edilən ünvanda qeyriyaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 5-6 manat olduğu qeyd edilmişdir. Məhkəmə öz təşəbbüsü ilə qiymətləndirmə ekspertizası təyin etmiş və əldə edilmiş rəydən qeyri-yaşayış sahələrinin hər kv.m sahəsinin icarə haqqının 8 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş hesabatda qeyd edilən məbləğin ağlabatan olmayan dərəcədə yüksək olduğunu, cavabdeh tərəfindən təqdim edilən hesabatda əskini tapan məbləğin isə qiyməti müəyyən edən təkzibedilməz sübut kimi qəbul edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq öz təşəbbüsü ilə təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş qiymətləndirmə rəyində müəyyən edilmiş məbləğin əsas götürülməsi qənaətinə gəlmişdir.
8. Məhkəmə mütəxəssis rəyi üçün ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı əsaslı hesab etmiş və bu məbləğlərin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 21-ci, 152-ci, 157.8-ci, 158.1.2-ci, 1096-cı, 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin iddiannın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli məsələdə cəmiyyətin istifadə hüququ icarə müqaviləsinin bağlandığı andan qüvvədədir. İddiaçıya hər hansı zərər dəyməmişdir. İddiaçı iddianın əsaslılığı barədə sübut təqdim etməşdir. Ekspert qarşısında qoyulmuş suallardan biri X1 ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahənin 635,29 kv.m olması nəzərə alınmaqla həmin sahədən (sərhəddən) kənara çıxmalar mövcuddurmu? Kənaraçıxma (birindən digərinə və ya digər qonşu sahələrə müdaxilənin) olduğu halda, kənaraçıxmanın (müdaxilənin) nədən ibarət olduğu, hissəsi və ölçüləri müəyyən ediməsi ilə bağldır. Ancaq ekspert həmin sual üzrə tədqiqat aparmamışdır və ekspert bu məsələyə heç bir münasibət bildirməmişdir. Əlavə ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verilsə də, məhkəmə həmin vəsatəti əsassız rədd etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş, "xxxx" MTK isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə üçüncü şəxslərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər;
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırda apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə də rədd olunması xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd “Çoxmənzilli qeyri-yaşayış sahəsinin satışı haqqında” müqaviləyə əsasən iddiaçı kooperativ tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə 2 ünvanında inşa edilən 2 girişli çoxmərtəbəli yaşayış binasının 2K mərtəbəsində yerləşən 260 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 153.400 manata və 3K mərtəbəsində yerləşən 105 kv.m ölçüdə qeyri-yaşayış sahəsini 61.950 manata almışdır. Həmin müqavilələrin, o cümlədən onların predmeti olan qeyri-yaşayış sahələrinin hər hansı şəxs tərəfindən mübahisələndirildiyi müəyyən edilmir. Qeyd edilən müqavilələr hazırda da qüvvədədir və müqavilələrin predmetini təşkil edən həmin qeyri-yaşayış sahələri iddiaçıya məxsusdur. "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli (icarə müqaviləsinin 2-ci bəndi) müqaviləyə əsasən X8 həmin kooperativdən 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi əldə etmiş və cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarix icarə müqaviləsinə əsasən həmin 635,29 kv.m. ölçüdə sahəni hər ay 3.000 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2030-cu il tarixədək cavabdehə icarəyə vermişdir. Ona məxsus bu sahə hazırda da icarə əsasları ilə cavabdehin istifadə və sahibliyindədir.
23. Hazırda iddiaçı ona məxsus olan 2 ədəd (260 kv.m və 105 kv.m) qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən zəbt edildiyini, cavabdehin həmin sahələrdən kommersiya fəaliyyəti göstərmək üçün istifadə edərək fayda götürdüyünü iddia edir və həmin sahələrin boşaldılaraq cavabdeh tərəfindən ona təhvil verilməsini, habelə həmin sahələrdən istifadəyə görə aylıq kirayə haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun və mütəxəssis rəyinin əldə olunması üçün ödənilmiş pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh zəbt etmə halına yol vermədiyini bildirir və iddianı qəbul etmir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehlə X8 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin predmeti məhz 635,29 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi olmuşdur. İcarə müqaviləsində bu sahə göstərilmiş, hətta X8 tərəfindən bu sahənin əldə edilməsinə əsas olmuş xx.xx.2012-ci il tarixli müqaviləyə və müqaviləyə uyğun olaraq bu sahənin dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışına istinad olunmuşdur. Başqa sözlə, cavabdeh icarə müqaviləsi bağlamamışdan əvvəl həmin sahənin X5 məxsus olmasını müəyyən etmişdir.
25. Lakin icarə müqaviləsi bağlandığı tarixdən cavabdeh icarə əsasları ilə bu sahə ilə yanaşı əlavə olaraq, 364,71 (365) kv.m. sahədən də istifadə etməyə başlamış və bugünədək də istifadə edir. Bu hal ilk növbədə cavabdehin X5 ünvaladığı xx.xx.2022-ci il tarixli məktubun məzmunu ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh həmin məktubda 364,71 kv.m. sahədən istifadə etdiyini və bunun müqabilində X5 xx.xx.2020-ci il tarixdən hər ay 3.000 manat məbləğində icarə haqqı ödədiyini bildirir. Halbuki, həmin sahə ilə bağlı onların arasında hər hansı icarə müqaviləsi bağlanmamış, bu sahənin məhz X5 məxsus olmasını təsdiq edən hər hansı sübut cavabdehə təqdim edilməmiş, reallıqda mövcud da deyil. Buna baxmayaraq, cavabdeh bu sahə ilə bağlı da 24-cü bənddə göstərilən davranışı nümayiş etdirməmiş və hər hansı rəsmiləşdirmə tələb etmədən, o cümlədən sahənin qeyd edilən şəxsə məxsusluğunu müəyyən etmədən həmin sahədən də istifadə etməyə başlamışdır.
26. Hazırda cavabdehin istifadəsində olan həmin 364,71 (365) kv.m. sahənin reallıqda 105 kv.m və 260 kv.m sahədən ibarət iki ayrı qeyri-yaşayış sahəsi olduğu (bunu cavabdeh də təsdiq edir) və məhz iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2 ədəd müqavilədə göstərilən sahələr olduğu müəyyən edilir. Bu hal xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapır. Həmin sahənin hər hansı başqa şəxsə məxsus olması mövqeyindən ümumiyyətlə hər hansı şəxs çıxış etmir.
27. Bununla belə, məhkəmə kollegiyası ekspert rəyini də mötəbər sübut kimi qəbul edib, cavabdeh tərəfin həmin sahəni zəbt etməməsi barədə (cavabdehin mövqeyi ümumiyyətlə sözdən ibarətdir və hər hansı sübuta söykəmir) dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddiaçıya məxsus olan 105 kv.m və 260 kv.m., ümumi sahəsi 365 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi naturada mövcuddur və hazırda məhz cavabdehin qanunsuz istifadə və sahibliyində olması səbəbindən iddiaçı bu əmlak üzərində faktiki sahiblikdən məhrum olmuşdur. Cavabdehin hər hansı hüquqi əsas, o cümlədən qanuni sahib (mülkiyyətçi) olan iddiaçının razılığı olmadan mübahisəli qeyri-yaşayış sahəsindən istifadə və sahiblik etməsi sonuncunun öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdeh həmin əmlakdan qanunsuz istifadəsinə və sahibliyinə son qoyulmalı, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilməlidir.
28. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyinin mötəbərliyini şübhə altına alan dəlillərinə münasibətdə qeyd edir ki, ekspert rəyində cavablandırılmayan sual birbaşa cavabdehin mənafeyinə xidmət etdiyindən cavabdeh icarəyə götürdüyü sahənin sxemlərinin təqdim edilməsində təşəbbüs göstərməli idi. Belə ki, iş materiallarında olan ekspert vəsatətlərindən görünür ki, ekspert həmin sahənin sxem-layihələrinin təqdim edilməsi üçün müraciət etmiş, lakin həmin sxemlər ekspert tədqiqatının aparılması üçün təqdim edilməmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunduğundan həmin ekspert rəyi mötəbər sübut mahiyyəti daşıyır. Həmçinin, həmin rəylə iddiaçıya məxsus olan sahənin məhz cavabdeh tərəfindən zəbt edildiyi dəqiq müəyyən edilmişdir.
29. Qanunsuz sahiblik müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqi nəticə etibarı ilə icarə müqaviləsi bağlandığı xx.xx.2020-ci il tarixdən cavabdeh həmin sahənin X5 məxsus olmadığından xəbərdar idi (artıq qeyd edildiyi kimi, əks halda, bu sahə ilə bağlı da icarə müqaviləsi bağlamış olardı, 24-25-ci bəndlər) və bugünədək ondan kommersiya məqsədləri üçün istifadə etməklə, gəlir əldə edir və bunun müqabilində hər ay 3.000 manat məbləğində pul ödəyir.
30. Müddət etibarı ilə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı xx.xx.2020-ci il tarixdən ona məxsus olan həmin əmlakdan sərbəst istifadə etmək və ona sahib olmaqla gəlir əldə etmək hüquqlarını həyata keçirə bilməmiş, bu əmlakın icarəyə verilməsindən real olaraq hər ay əldə edə biləcək ən azı 3.000 manat məbləğində gəlirdən məhrum olmuşdur və həmin məhrumiyyət hələ də aradan qalxmamışdır. Qeyd edilənlər öz növbəsində iddiaçı tərəfindən qanusuz sahibliyin həyata keçirildiyi bütün müddət üçün, yəni əmlakın ona təhvil verilənədək, bu əmlakdan götürməli olan gəlirlərin məhz cavabdehdən tələb edilməsi üçün əsas yaradır.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməkdə və xx.xx.2020-ci il tarixdən başlayaraq əmlakın boşaldılaraq, iddiaçıya təhvil verilən günədək, cavabdehdən iddiaçının xeyrinə hər kv.m üçün 8 manat icarə haqqının tutulmasını qət etməkdə haqlı olmuşdur. Belə ki, bu halda hər ay ödənilməli olan ümumi icarə haqqı məbləği (365 x 8 = 2.920) 2.920 manat təşkil etmiş olur ki, bu məbləğ də cavabdehin hər ay ödədiyi məbləğə (3.000) yaxındır, hətta ödədiyi məbləğlə müqayisədə cavabdehin maddi maraqlarına daha uyğun məbləğdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-c i, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 253/2023 saylı qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.