Məhkəmə qərarları › İş №2(103)-2377/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2377/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2377/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Nəsimi rayon XDS İK-nin (hazırkı Nəsimi Rayon İcra Hakimiyyətinin) xx.xx.1990-cı il tarixli, 170/1 saylı qərarı əsasında birgə nikahları dövründə 013877 nömrəli, xx.xx.1990-cı il tarixli orderlə onlara verilmiş ünvan 1, mənzil 20 ünvanına paylı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçılar, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya vurğulayır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, ...inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. İş materiallarından görünür ki, İddiaçı1 və Cavabdeh xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx.xx.1991-ci ildə İddiaçı2, xx.xx.1993-cü ildə İddiaçı3 və xx.xx.1994-cü il tarixdə Allahverdi Mustafazadə adlı uşaqları doğulmuşdur. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Nəsimi rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 170/1 saylı qərarı əsasında 013877 nömrəli, xx.xx.1990cı il tarixli orderlə cavabdeh Sadıx Mustafazadənin sahiblik və istifadəsinə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. 116 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 48 nömrəli arayışa əsasən, sözügedən mənzilin sahibi Cavabdeh olmaqla mənzildə Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, Allahverdi Mustafayev və Fateh Zamanov qeydiyyatdadırlar. Göründüyü kimi, mübahisə predmeti olan mənzil hazırda dövlət mülkiyyətində olmaqla, xx.xx.1990-cı il tarixli orderlə cavabdeh Sadıx Mustafazadənin sahiblik və istifadəsinə verilmiş və S.Mustafazadənin ailə üzvləri olan iddiaçılar həmin vaxtdan etibarən orada yaşayırlar. İddiaçılar sözügedən məznilin özəlləşdirilməsi ilə bağlı DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və İdarə tərəfindən xx.xx.2020-ci il tarixli, **********5 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən mənzilə dair orderin əsli və ya arxiv arayışı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Hazırkı işdə iddiaçılar, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin özəlləşdirilməsinə cavabdeh tərəfindən əsassız olaraq razılıq ərizəsinin verilmədiyini bildirərək, həmin mənzilə paylı mülkiyyət hüquqlarının tanınmasını tələb edirlər. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, bu iddia mülki mühakimə icraatı qaydasında baxılmalı olan tələb deyil. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4-cü maddəsinə görə, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabr ayının 1-dək) dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, dövlət mülkiyyətində olub, vətəndaşların sahiblik və istifadəsinə verilmiş mənzillərin özəlləşdirilməsi qanunvericiliklə müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid edilmişdir. Ona görə də, iddiaçılar əvvəlcə bu barədə ərizə ilə inzibati orqana, imtina aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidirlər. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sadıx qızının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2507/2020 saylı iş üzrə xx xxxxxxx 2020-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, həmin tələblə aidiyyəti inzibati orqana müraciət edə, bundan imtina edildikdə isə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar