Məhkəmə qərarları › İş №2(103)-2377/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2377/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2377/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı işi üzrə Açar sözlər:(“icarə haqqı borcunun ödənilməsi") hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-220/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 1292 manat məbləğində vəsaitin tutularaq, Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 134.6 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 629.48 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli 3-21-3/2-3872/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2016-cı il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadədir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1212 №-li 10 yanvar 2022-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.6 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsinin illik icarə haqqı 1590.0 manat; aylıq icarə haqqı 132.5 manatdır. Bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinini ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir; - Cavabdeh 1212 nömrəli müqavilə üzrə şəxsi hesab vərəqəsi ilə müəyyən olunur ki, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Yekun ödənilmiş məbləğ 3174 manatdır; xx.xx.2024-cü il tarixli icarə haqqı borcunun ödənilməsi barədə məktubdan görünür ki, dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun 7 iş günü ərzində ödənilməsi, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir; - Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh aralarında bağlanmış 1212 nömrəli müqavilənin 4.1, 4.2-ci bəndlərini rəhbər tutaraq müqavilənin uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq, 1212 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir; - Bakı şəhəri Keşlə bələdiyyəsi tərəfindən verilmiş 05 №-li 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Keşlə qəsəbəsi, D.Aslan küçəsi 6 ünvanında ona məxsus qeyri-yaşayış sahəsinə görə torpaq və əmlak vergisindən borcu yoxdur.

3. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-220/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1, 399.3, 421.2, 423.1, 424.3, 700.1, 719.1; Torpaq Məcəllənin 51, 73, 75; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 218.3; “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Plenumun Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Həmin əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Tərəflər arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.6 kv.m torpaq sahəsi Cavabdeh illik icarə haqqı 1590.0 manat olmaqla icarəyə verilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixə qeyd olunan torpaq sahəsinə görə ödənilməmiş 1292 manat icarə haqqının tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Cavabdeh tərəfindən müqavilə müddəti ərzində xx.xx.2022-ci il tarixdə 226,53 manat; xx.xx.2022-ci il tarixdə 299,55 manat; xx.xx.2022ci il tarixdə 499,25 manat; xx.xx.2022-ci il tarixdə 560,16 manat; xx.xx.2023cü il tarixdə 530 manat; xx.xx.2023-cü il tarixdə 98,54 manat; xx.xx.2023-cü il tarixdə 450,32 manat; xx.xx.2023-cü il tarixdə 246,60 manat; sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 263,60 manat olmaqla aylıq ödənişlər yerinə yetirilmiş, icarə haqqı kimi icarəyəverənə iki il müddət ərzində ümumilikdə 3174,55 manat vəsait ödənilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin bitməsinə 1 ay müddət qalmış xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə yazılı formada ərizə ilə müraciət edərək, ona məxsus qeyri-yaşayış binasının 5 ilə yaxındır fəaliyyət göstərmədiyini bildirmiş, müqavilənin müddətinin uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq 1212 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən təhvil alınmışdır. Göründüyü kimi, cavabdeh - icarəçi müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl icarəyəverənə yazılı formada müraciət edərək, iradə ifadəsi ilə müqavilə müddətinin uzadılmasından imtina etdiyini bildirmiş, aralarında bağlanmış müqaviləyə müddəti bitdikdə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan aydan sonra icarəçi müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və onun uzadılmaması barədə müraciət etdiyindən müqavilə üzrə ödəniş etməyi dayandırmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən (4.1), müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, tərəflərdən birinin icarəçi Cavabdeh müqavilə müddətinin uzadılmaması barədə yazılı ərizəsi olduğundan (4.2) 1212 saylı torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddətin qurtardığı xx.xx.2024-cü il tarixdən xitam verilmiş, tərəflərin bir-birinə qarşı öhdəliyi qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müddəti bitmiş 1212 №-li 10 yanvar 2022-ci il tarixli müqavilə üzrə müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üzrə xx.xx.2024-cü il tarixə olan icarə haqqı borcunun ödənilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır və bu səbəbdən onun iddiası məhkəmə tərəfindən əsaslı hesab edilərək təmin edilə bilməz. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini,iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 140; “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 2, 13; Torpaq Məcəlləsinin 73,75; Mülki Prosessual Məcəllənin 217, 385.1-ci maddələrinə istinad etməklə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, icarə müqaviləsinin müddəti bitib və cavabdehlə Xidmət tərəfindən yeni müqavilə bağlanmadığından və tərəflər arasında 10 yanvar 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi 10 yanvar 2024-cü il tarixdən qüvvədə olmadığından, müqavilənin müddəti başa çatdıqdan sonrakı dövr üçün icarə haqqının cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qərar qəbul edərkən tərəflər arasında mövcud olan icarə münasibətlərinin xarakterini və ona uyğun tətbiq edilməli olan mülki və torpaq qanunvericiliyinin tələblərini nəzərə almamış, hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. İddianın predmeti olan ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 134.6 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olduğundan, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və tərəflər arasında icarə müqaviləsi bağlanmış və cavabdehin qeyd edilən torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmışdır. Bundan əlavə, hazırda icarə müqaviləsinin predmeti olan torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi üzərində cavabdehin hüquqlarına xitam verilməmiş və torpaq sahəsi cavabdehin istifadəsində qalmaqda davam edir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mövcud olan icarə münasibətlərinin mövcud xarakteri düzgün araşdırılmamış, nəticədə yaranmış mübahisəyə münasibətdə tətbiq edilməli olan qanunvericilik normaları düzgün seçilməmişdir. Belə ki, müqavilənin 4.2-ci bəndindən görünür ki, tərəflər arasında olan müqavilənin razılaşdırılmış şərtinə əsasən tərəflər müqavilənin müddətinin bitməsindən sonra icarə müqaviləsinə xitam verilməsini icarəçinin müqavilənin müddətinin uzadılması barədə ərizəsindən deyil, icarəyə verənin qərarından asılı etmişdirlər. Göründüyü kimi, mövcud vəziyyətdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi yox, hüququdur. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun on üçüncü maddəsinin beşinci hissəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.1-ci bəndindən görünür ki, bu müqavilədə nəzərdə tutulmamış hallarda tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin ikinci hissəsinə əsasən icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Torpaq Məcəlləsinin 75-ci maddəsinin birinci hissəsinə əsasən bu məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müqavilənin 4.2-ci bəndinə əsaslanaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı qərar qəbul edilməmişdir, eyni zamanda qeyd olunan icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı məhkəmə qərarı mövcud deyil. Hazırda icarə müqaviləsinin predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektinə dair cavabdehin adına qeydə alınmış hüquqlar qüvvədədir və cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsindən imtina olunması barədə Xidmətə hər hansı müraciət olunmamış və cavabdehin istifadəsində qalmaqda davam edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehin dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə hüquqlarının icarə müqaviləsi əsasında həyata keçirildiyini və torpaq sahəsinin cavabdehin istifadəsində qalmaqla tərəflər arasında mövcud olan icarə münasibətlərinin davam etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı qərar mövcud olmadığı halda, formal olaraq icarə müqaviləsinin müddətinin bitməsinə əsaslanmaqla icarə obyektinə münasibətdə tərəflər arasında mövcud olan icarə münasibətlərinin xarakterinə uyğun gəlməyən yanlış mülahizə əsasında gəldiyi nəticə əsassız sayılmalıdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə yuxarıda şərh edilən maddi hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələblərini pozaraq maddi və prosessual hüquq normalarına uyğun olmayan qətnamə qəbul etmişdir. İddianın predmeti olan ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olan 134.6 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası cavabdehin mülkiyyətində olduğundan, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsinin icarəyə verilməsi barədə ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və tərəflər arasında icarə müqaviləsi bağlanmış və cavabdehin qeyd edilən torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmışdır. Bundan əlavə hazırda icarə müqaviləsinin predmeti olan torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi üzərində cavabdehin hüquqlarına xitam verilməmiş və torpaq sahəsi cavabdehin istifadəsində qalmaqda davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müqavilənin 4.2-ci bəndinə əsaslanaraq tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1212 nömrəli icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı qərar qəbul edilməmişdir, eyni zamanda qeyd olunan icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı məhkəmə qərarı mövcud deyil. Hazırda icarə müqaviləsinin predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış obyektinə dair cavabdehin adına qeydə alınmış hüquqlar qüvvədədir və cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsindən imtina olunması barədə Xidmətə hər hansı müraciət olunmamış və cavabdehin istifadəsində qalmaqda davam edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdehin dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə hüquqlarının icarə müqaviləsi əsasında həyata keçirildiyini və torpaq sahəsinin cavabdehin istifadəsində qalmaqla tərəflər arasında mövcud olan icarə münasibətlərinin davam etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı qərar mövcud olmadığı halda, formal olaraq icarə müqaviləsinin müddətinin bitməsinə əsaslanmaqla icarə obyektinə münasibətdə tərəflər arasında mövcud olan icarə münasibətlərinin xarakterinə uyğun gəlməyən yanlış mülahizə əsasında gəldiyi nəticə əsassız sayılmalıdır.

5. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır, həmin şikayət təmin edilməməlidir. Belə ki, iş məleriallarından görünür ki, iddiaçı, aralarında bağlanmış xx.xx.2022-ci tarixli, 1212 saylı icarə müqaviləsi üzrə ondan öz xeyrinə 1252 manat məbləğində çarə haqqının tutulmasını məhkəmədən xahiş etmişdir, iş materiallarından habelə görünür ki, həmin müqavilədə müqavilənin müddəti 2 il, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş, göstərilən dövr uçun müəyyən edilmiş icarə haqqı tərəfindən ödənilmiş və muqavilənin müddətinin bitməsinə 1 (bir) ay qalmış, yəni xx.xx.2023-cü il tarixdə müqavilə tərəfinə (yəni ıcarəyəverənə) ərizə verərək müqavilənin müddətinin uzadılmasından imtina etmişdir. Tərəflər arasındakı münasibətlər üzrə bu halları nəzərə alan birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 399.3, 421.2, 423.1, 424.3, 700.1, 719.1-ci maddələrini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51, 73, 75-ci maddələrini, "Torpaq İcarəsi haqqında" Qanunun 15-ci maddəsini tətbiq etməklə, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mulki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ct maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qararındakı hüquqi mövqeyə əsaslanmaqla hesab etmişdir ki, icarəçi Cavabdeh müqavilə müddətinin uzadılmaması barədə yanlı ərizəsi olduğundan və 10 yanvar 2022-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti bitdiyindən tərəflər arasında torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilmiş, tərəflərin bir-birinə qarşı öhdəliyi qalmamış, bu səbəbdən də iddiaçı tərəfindən 10 yanvar 2024-cü il tarixdən sonrakı dövr üçün icarə haqqı hesablanmaqla məhkəməyə müraciət edilməsi əsassız olmuşdur. Bir sözlə, iddia tələbi üzrə mübahisə həli edilərkən birinci instansiya məhkəməsi iş üzrə sübutları tam, obyektiv və hərtərəfli araşdırmış, onları düzgün qiymətləndirmiş, öz qətnaməsini maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.Ona görə də hesab edir ki, iş üzrə obyektiv, yəni qanuni və əsaslı olan məhkəmə qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti formal olmaqla bərabər mübahisəni uzatmaq məqsədi ilə verilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən iş üzrə iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdeh tərəfindən icra müqaviləsinin ləğv edilməsinə dair ərizə təqdim edilsə də, həmin icarə müqavilənin iddiaçı tərəfindən eyni müddətə uzadıldığını bildirmiş, həmin müqaviləyə əsasən ödənilməmiş icarə haqqını tələb etdiklərini bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz ərizəsinin izahatı kimi qəbul edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Mülki Məcəllənin tələblərinə əsasən: 6.1.2. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.245. torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3. müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

11. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-ci maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, şikayətin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası belə qəanətə gəlir ki, iddia tələbi əsassızdir .

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh arasında bağlanmış özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 1212 №-li 10 yanvar 2022-ci il tarixli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, İcarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 134.6 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 4.1-ci bəndinə isə müəyyən edilmişdir ki, bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki,müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinini ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir.

15. Müqavilənin məzmunundan görünür ki, müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinini ərizəsi olmadıqda o, müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə ilə onunla bağlanmış 1212 nömrəli müqavilənin 4.1, 4.2-ci bəndlərini rəhbər tutaraq müqavilənin uzadılmasının mümkünsüzlüyünü nəzərə alaraq, 1212 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir.

16. İş materiallarında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində sözügedən müqavilənin qüvvədə olması barədə məktub olsa da, həmin sənəd imzalanmamışdır, bundan əlavə həmin məktubun cavabdeh şəxsə çatıb-çatmamasına dair hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir.

17. Eyni zamanda Bakı şəhəri Keşlə bələdiyyəsi tərəfindən verilmiş 05 №-li 03 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Keşlə qəsəbəsi, D.Aslan küçəsi 6 ünvanında ona məxsus qeyri-yaşayış sahəsinə görə torpaq və əmlak vergisindən borcu yoxdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddəti ərizində cavabdeh tərəfindən icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra edildiyindən və müqavilənin müddəti bitməmişdən əvvəl cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində müqavilənin uzadılmaması ilə bağlı ərizə təqdim etdiyindən iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iddia tələbinin özünün mahiyyəti müqavilədən irəli gələn öhdəliklə əsaslandırılmış, zərər, əsassız varlanma və yaxud digər əsaslar iddia tələbində qeyd edilməmişdir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-220/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar