Məhkəmə qərarları › İş №2(103)-2378/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2378/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2378/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehlərə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.001,07 manat, əsas kredit borcun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 236,1 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 166,34 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onunla Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bankdan 5.000 manat məbləğində pulu, illik 25 faiz dərəcəsi ilə kreditə götürmüşdür. Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 18 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir. İş üzrə digər Cavabdeh2 isə borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edil məsinə zamin durmuşdur. Bununla bağlı olaraq Bank ilə cavabdehlər arasında xx.xx.2020-ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar. Nəticədə onların Banka 2.001,07 manat məbləğində əsas kredit borcu və 236,1 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri pozduqlarına görə, Bank, qeyd edilən müqavilələrin şərtlərini əsas götürərək cavabdehlərə 166,34 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır. Bank, borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 45 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə sadələşdirilmiş icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 2.001,07 manat, əsas kredit borcun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 236,1 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılmasını və azaldılmış məbləğdə cərimənin ödənilməsi məqsədi ilə 16 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,70 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. c) apellyasiya şikayəti barədə məlumat

4. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddia əsassızdır çünki Cavabdeh1 Banka olan borcunu tam həcmdə ödəmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi məhkəmə prosesində onun iştirakını təmin etmədiyindən o, borcun ödənilməsi barədə “ödəniş qəbzini” Rayon Məhkəməsinə təqdim edə bilməmişdir. d) apellyasiya icraatında barədə məlumat

6. Məhkəmə, apellyasiya şikayətinin dəlilinin, yəni Banka olan borcun olubolmamasını yoxlamaq üçün iş üzrə məhkəmə ekspertizasının təyin edilməsini zəruri hesab etdiyindən yazılı icraatdan şifahi icraata keçmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

7. İddiaçının nümayəndəsi və cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat

8. Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı Bank iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

9. Cavabdeh (zamin) Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verməmişdir.

10. Qətnamədən apellyasiya şikayəti yalnız cavabdeh (borcalan) Cavabdeh1 apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etmişdir.

11. Məhkəmə bildirir ki, Cavabdeh1 qətnamənin tam, o cümlədən Cavabdeh2 aid hissəsini mübahisələndirsə də, Məhkəmə hesab edir ki, o, Cavabdeh2 adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh1 digər Cavabdeh2 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.

12. Odur ki, Məhkəmə, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin cavabdeh (zamin) Cavabdeh2 aid hissəsinin, yəni zaminin məsuliyyətinin yaranması əsaslarının əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi, apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni Bankın xeyrinə tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

14. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh1 həmin müqaviləyə əsasən Bankdan 5.000 manat məbləğində pulu, illik 25 faiz dərəcəsi ilə kreditə götürmüşdür.

15. Müqavilənin şərtlərindən görünür ki, Cavabdeh1 həmin müqavilə ilə üzərinə öhdəlik götürmüşdür ki, əsas kredit borcunu və kredit məbləğinə hesablanacaq faizləri müqavilə şərtlərinə uyğun olaraq 18 ay müddətində, hissə-hissə və aybaay Banka ödəyəcəkdir.

16. Bank ilə cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Zaminli müqaviləsindən” görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürdüyü öhdəliyin vaxtına və tam həcmdə icra edil məsinə zamin durmuşdur.

17. Bank bildirir ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan kredit borcunun bir qismini qaytarmış, qalan borcu qaytarmamışlar.

18. Bank tərəfindən təqdim edilmiş hesablamadan görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu 2.001,07 manat, əsas kredit borcuna hesablanmış faiz borcu isə 236,1 manat məbləğindədir. Bank tərəfindən cavabdehlərə “Kredit müqaviləsinin” şərtlərinə əsasən təbir edilmiş cərimə 166,34 manat məbləğindədir.

19. İşdə olan sənədlərdən görünür ki, Bank, cavabdehlərə yazılı xəbərdarlıq göndərək borcun ödənilməsini tələb etmişdir.

20. “Ödəniş qəbzindən” görünür ki, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 45 manat məbləğində dövlət rüsumu ödəmişdir.

21. Göstərilənlərə əsasən işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir.

22. Borcalan Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, o, Banka olan borcunu tam həcmdə ödəmişdir, “Kredit müqaviləsi” üzrə Banka borcu yoxdur.

23. Məhkəmə apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasını araşdırmaq üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 9/3980 №-li rəyindən görünür ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə Banka ödənilməli olan əsas kredit borcu 1.978,98 manat, faiz borcu isə 215,76 manat təşkil edir.

25. Məhkəmə hesab edir ki, iş üzrə verilmiş ekspert rəyinin əsaslılığına hər hansı bir şübhə olmadığından bu rəy mötəbər sübut kimi qəbul edilməlidir.

26. Belə olan halda işin halı kimi müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə borc mövcuddur. Cavabdeh1 iddiaçı Banka borcun olmamasını bildirsə də, bu hal öz təsdiqini tapmır. Lakin borc, Bankın iddia ərizəsində və Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən məbləğdə deyil.

27. İşin müəyyən edilmiş halını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

28. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və Məhkəmə Ekspertizası Mərkəzinin hazırki iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 9/3980 №-li rəyində göstərilənlərdən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu və faiz borcu ekspertiza rəyində göstərilən məbləğdə Banka ödənilməlidir.

29. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili qismən əsaslıdır.

30. Yuxarıda artıq qeyd edildiyi kimi, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş Bank onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 166,34 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

31. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə bu tələbin qismən təmin edilməsini, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılmasını və azaldılmış məbləğdə cərimənin ödənilməsi məqsədi ilə 16 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq Banka ödənilməsini qət etmişdir. Rayon Məhkəməsi bu nəticəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri iş materialları ilə təsdiq edilir. Belə olan halda hesab edilməlidir ki, Bank, “Kredit müqaviləsinin şərtlərindən çıxış edərək cavabdehlərdən onun xeyrinə cərimə (dəbbə) borcunun tutulmasını tələb etməkdə haqlıdır. Lakin Bank tutulmasını tələb etdiyi 166,34 manat məbləğində cərimə borcu kreditor olan Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yüksəkdir. Buna görə də cərimə borcu azaldılmalı və Bankın xeyrinə 16 manat məbləğində cərimə borcu tutulmalıdır.

32. Rayon Məhkəməsinin qeyd edilən bu nəticəsi də apellyasiya baxışının predmetini təşkil etdiyindən Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

33. Qeyd maddi hüquq normalarının tələblərini, iddiaçı Bank onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kredit müqaviləsində” müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinə görə cərimənin (dəbbənin) tətbiq edilməsi nəzərdə tutulmasını, cavabdehlərin iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsinin işin halları ilə müəyyən edilməsini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin bu nəticəyə dair dəlili isə əsassızdır.

34. Cavabdeh1 digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə prosesində onun iştirakını təmin etməmişdir.

35. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərə qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir və Rayon Məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan baxmışdır. Bu qayda MPM-in “Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” adlı 23- 1-ci Fəsilində nəzərdə tutulmuşdur.

36. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi, MPM-in həmin Fəsilinin tələblərinə uyğun olaraq Cavabdeh1 iddia ərizəsinin surətini məhkəmə bildirişi ilə göndərək iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan baxılacağı barədə məlumat vermiş və iddia tələbinə qarşı etirazın məhkəməyə təqdim edilməsini təklif etmişdir.

37. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi

38. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iddiaçı Bankın xeyrinə tutulmalı olan əsas kredit borcunun və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində səhvdir. Apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə isə əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.

39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli qətnamə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas kredit borcunun və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1.978 (min doqquz yüz yetmiş səkkiz manat) 98 (doxsan səkkiz) qəpik, əsas kredit borcun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 215 (iki yüz on beş) manat 76 (yetmiş altı) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 03 noyabr 2022-ci il tarixli qətnamənin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun və əsas kredit borcun hesablanmış faiz borcunun, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) məbləğinin azaldılmasını və azaldılmış məbləğdə cərimənin ödənilməsi məqsədi ilə 16 (on altı) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat 70 (yetmiş) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 03 noyabr 2022-ci il tarixli qətnamənin Cavabdeh2 zamin olaraq mülki məsuliyyətinin yaranması hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. İş üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar