Məhkəmə qərarları › İş №2(103)-2378/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2378/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2378/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması və xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi manat) pul və uşağın xəstəliyi ilə bağlı 300 (üç yüz) manat məbləğində əlavə xərc olmaqla ümumilikdə 520 (beş yüz iyirmi) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş 100 manat məbləğində aliment artırılsın və hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xəstəliyi ilə bağlı hər ay 100 (yüz) manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı ilə birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq müalicəyə ehtiyac var. Lakin hazırda ikinci nikahdan iki azyaşlı uşağı var və özü kirayədə yaşamaqla taksi fəaliyyəti ilə məşğuldur. Maddi imkanı olduqca aşağıdır. İddiaçı isə 270 manat ünvanlı sosial yardım alır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda, iddiaçının iddia tələbindən “xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə” hissədə imtina edilməsinə dair ərizəsinin qəbul edilərək, həmin hissədə qətnamənin ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətlə razılaşmayaraq uşaqlara təkbaşına baxdığını, indiki dövrdə xərclərin kifayət qədər artdığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Eyni zamanda, iddia tələbindən “xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə” hissədə imtina edilməsinə dair ərizə təqdim edərək, həmin hissədə qətnamənin ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiadan imtinaya dair ərizəni mülki iş materilları ilə birlikdə müzakirə edərək hesab edir ki, iddiaçının iddia tələbinin - xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə hissəsində iddiasından imtinası qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Çünki bu imtina qanuna zidd olmadığından, eləcə də hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina məhkəmə tərəfindən qəbul edilməli, qətnamə xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməsi qanuna uyğundur. Məhkəmə kollegiyası həm də onu nəzərə alır ki, əlavə xərclərə cəlb etmə ilə bağlı tələb davam edən münasibətlərə aid olduğundan, hazırkı xitam qərarı eyni tələbin gələcəkdə təkrar irəli sürülməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq sürətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin hazırkı davam edən münasibətlərə şamil olunmamasını xüsusilə diqqətə çatdırır. Nəticə: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbinin “xəstəliklə bağlı əlavə xərclərə cəlb etməyə dair” hissəsindən imtinası məhkəmə tərəfindən qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunmalı və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402.2.4-cü maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin öz qulluq mövqeyinə əsasən gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə, yəni icraatı başlamış tərəflərin vəsatətinin (xahişinin) təmin olunmasının rəsmiləşdirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, vəsatəti (xahişi) təmin olunan tərəfin, xahişinin təmininə dair məhkəmə aktını (qərardadını) mübahisələndirməsi öz-özlüyündə məntiqsiz və anlaşılmaz olardı. Bu baxımdan da, müəyyən olunur ki, iddiaçının iddiasından imtina etməsi əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı iddiasının “xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə” dair hissəsindən imtinası qəbul edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-565/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsi “xəstəliklə bağlı əlavə xərclərə cəlb etmə” tələbinə dair hissədə ləğv edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar