Məhkəmə qərarları › İş №2(103)-2379/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2379/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2379/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.09.2018-ci il tarixdə imzalanmış və 3M-478 № ilə reyestrdə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2lə aralarında bağlanmış 15.09.2018-ci tarixli 3M-478 reyestr №-li və Cavabdeh1 ilə aralarında bağlanmış 23.11.2018-ci tarixli 3M-576 reyestr №-li kredit müqavilələrinin bağlandığı andan etibarsız hesab olunmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, onun Cavabdeh1 ilə uzun müddətli birgə iş birliyi olmuş, müxtəlif malların tədarükü və alğı-satqısı ilə əlaqədar ticarətlə məşğul olmuş, hətta birgə gəlirləri də olmuşdur. Lakin Cavabdeh2 ilə bağlı həyata keçirmək istədikləri ticarət əməliyyatı Cavabdeh1 günahı ucbatından baş tutmamışdır. Bu ticarət əməliyyatı ideyasının müəllifi özü olduğundan dəymiş ziyanın təkbaşına özü tərəfindən ödənilməsini tələb etmiş, bu zaman daha əvvəllər əldə etdikləri gəlirləri nəzərə almamış və cavabdehlərin istəklərini onun edəcəyinə əmin olmaları üçün onu uydurma kredit müqaviləsini imzalamağa məcbur etmişlər. Bu məqsədlə onu 15 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontoruna apararaq orada guya cavabdehin özü və onun yaxın adamı olan Türkiyə vətəndaşı Cavabdeh2 tərəfindən ona 362100 manat məbləğində pulu 213000 ABŞ dolları ekvivalenti ilə borc vermələri barədə müqaviləyə imza atmağa məcbur etmişlər. Həmin müqavilə 3M-478 № ilə reyestrdə qeyd edilmişdir. Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun xüsusi notariusu X3 yanında müqaviləyə imza atarkən notariusun Cavabdeh1 ilə yaxın münasibətdə olmasını müşahidə etmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qeyd edilən müqavilə üzrə hər hansı məbləğdə pul verilməmişdir. Müqavilədə göstərilən borc məbləğinin guya notariusun depozit hesabına qoyulması və rüsum çıxıldıqdan sonra guya həmin məbləğin onun tərəfindən hesabdan çıxarılması rəsmiləşdirilmişdir. Notariat kontorunda quraşdırılmış kameraların həmin tarixdə qeydə aldığı videogörüntülərə baxış keçiriləcəyi təqdirdə, onun həqiqətən də cavabdehlərdən hər hansı məbləğdə pul vəsaitini almadığı, həmçinin depozitə qoyulmuş pul məbləğini hesabdan qəbul etmədiyi aydın olacaqdır. Qeyd edilənlərə əsasən hesab edir ki, aralarında bağlanlmış 15.09.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin və 23.11.2018-ci il tarixdə imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İlkin iddia üzrə cavabdehlər - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia barədə ərizə ilə məhkəməyə müraciət edərək 249212 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili X2 dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı oglu ilə aralarında bağlanmış 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 362100 manat (213000 ABŞ dolları ekvivalenti ilə) məbləğində pul vəsaitinin İddiaçı alınaraq 181050 manat (106500 ABŞ dolları) Cavabdeh1, 181050 manat (106500 ABŞ dolları) Cavabdeh2 verilməsi, 23 noyabr 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 61560 manat 40 qəpik (36212.00 ABŞ dolları) məbləğində pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra borc verənlər tərəfindən İddiaçı müqavilə üzrə olan öhdəliyin yerinə yetirərək pulun qaytarılması tələbinə dair dəfələrlə müraciət edilməsinə baxmayaraq hazırki vaxta qədər məbləğ ödənilməmişdir. Tərəflər arasında olan borc münasibətləri mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada hər-hansı hüquq pozuntusuna yol verilmədən rəsmiləşdirilmişdir. "Borc alan"- İddiaçı hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq aldığı borc məbləğlərini tam olaraq qaytarılmalı olduğu halda, öhdəliyi ümumiyyətlə icra etməmiş və aldığı 249212.00 ABŞ dolları məbləğindən hazırki vaxtadək hər-hansı qismini qaytarmamışdır. Ona görə də ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 borc (kredit) müqavilələri üzrə "borc alan"- İddiaçı pul vəsaitlərinin geri qaytarılmasını tələb etməkdə haqlıdırlar və qarşılıqlı iddia tələbi əsaslıdır. İş üzrə tərəflər arasında borc müqaviləsinin bağlanması və öhdəlik münasibətlərinin yaranmasını təsdiq edən sübutlar (müqavilələr) təqdim olunmuşdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 2356/2020 saylı qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş və nəticə olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hər iki müqavilənin 2-ci bəndində kreditin qaytarılması tarixi kimi 15 dekabr 2018-ci il göstərilsə də, 2020-ci ilin yayına qədər cavabdehlər iddiaçıdan bu müqavilələr üzrə heç bir şey tələb etməmişlər. Uydurma, əhəmiyyətsiz əqdlər üzrə cavabdehlərin ilk tələbləri həmin müqavilələrdə göstərilən məbləğlərlə bağlı iddiaçı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 2020-ci ilin iyun ayında şikayət etmələri olmuşdur. İddiaçı elə həmin ay sözü gedən kredit müqavilələrinin uydurma, əhəmiyyətsiz əqd kimi etibarsız sayılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin bu müraciətləri iş materiallarında olan sözü gedən idarənin Cavabdeh1 Nizam oğluna ünvanlanmış 14 iyul 2020-ci il tarixli 007-31422P saylı məktubu ilə təsdiq olunur. Beləliklə, iddiaçı əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən nəinki 1 il, hətta 1 ay müddətində hazırkı iddia ilə məhkəməyə müraciət etdiyindən, qanunvericiliyin iddia müddəti ilə bağlı tələbini pozmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahatla çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən və həmin notariat işindən görünür ki, borc verənlər Cavabdeh1 ilə Cavabdeh2 362100 manat məbləğində pul vəsaitini (213000 ABŞ dolları ekvivalenti ilə) borc alan İddiaçı borc vermişdir. Borc alan krediti 15 noyabr 2018-ci il tarixinədək borc verənlərə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişdirlər. Həmin müqavilə əsasında “xxxx” ASC-də 13 saylı dövlət notariat kontorunun hesabına 15.09.2018-ci il tarixli B-347 saylı məktuba əsasən 181050 manat Cavabdeh1 tərəfindən, 181050 manat isə Cavabdeh2 tərəfindən köçürülmüşdür. İş materiallarında olan, ünvan 1 ünvanlanmış məktuba əlavə olunmuş 15.09.2018ci il tarixli B 347 №li məktubun surətindən görünür ki, ünvan 4su Kəmalə Hüseynzadə ünvan 2 ünvanda yaşayan Cavabdeh1 və türk vətəndaşı Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 362100 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün “xxxx” ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə məktub ünvanlamışdır. Həmçinin məktuba 181050 manat məbləğində pul məbləğinin Cavabdeh1 və 181050 manat məbləğində pul məbləğinin Cavabdeh2 tərəfindən, həmçinin 362,10 manat xidmət haqqının Cavabdeh1 tərəfindən Bakı şəhəri 13 saylı notariat ofisinə ödənilməsi barədə 15 sentyabr 2018-ci il tarixli qəbzlər əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 23 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən və həmin notariat işindən görünür ki, borc verən Cavabdeh1 61560 manat məbləğində (36212 ABŞ dolları ekvivalenti ilə) pul vəsaitini borc alan İddiaçı borc verir. Borc alan krediti 15 dekabr 2018-ci il tarixinədək borc verənlərə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan notariat işindən və ilkin iddia üzrə iddiaçının vəkilinə ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 4su Kəmalə Hüseynzadə ünvan 2 ünvanda yaşayan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 61560,40 manat məbləğində pul vəsaitinin müvafiq müqavilə təsdiq olunduqdan sonra notariusun məktubu əsasında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün “xxxx” ASC-nin 4 saylı şöbəsinə onun bankda olan hesabına qəbul olunması barədə 23.11.2018- ci il tarixdə B 400 nömrəli məktub ünvanlamışdır. Həmin notariat işi materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 61560,40 manat məbləğində pul məbləği və 123,20 manat xidmət haqqı Cavabdeh1 tərəfindən “xxxx” ASCdə 13 saylı dövlət notariat kontorunun hesabına 23.11.2018-ci il tarixli B-400 saylı məktuba əsasən köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericilik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsindən göründüyü kimi tərəflər arasında 15 sentyabr 2018-ci il və 23 sentyabr 2018-ci il tarixlərdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin bağlanmasından iddiaçının da tam olaraq xəbəri olmuş və bütün proseslərdə bilavasitə iştirak etmişdir. Ancaq bütün bunlara baxmayaraq, İddiaçı mübahisələndirilən müqavilədən, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərdən məlumatlı olmasına baxmayaraq keçən illər ərzində buna mane olan əsaslar olmadan həmin müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin haqlı olaraq rədd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hazırki iş üzrə olan belə müqavilələr kateqoriyasına aid olan müqavilələrin bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq 15 sentyabr 2018-ci il tarixli və 23 noyabr 2018-ci il tarixli kredit müqavilələri bağlanmışdır. Hər iki müqavilədə müəyyənləşdirilmiş müddət ərzində qarşılıqlı iddia üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləripozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməkdə və qarşılıqlı iddianı təmin etməkdə haqlı olmuş, işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)- 2356/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar