Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2379/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(005)-2787/2024 saylı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli qərardaddan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin və mənəvi zərərin əvəzinin tutulması tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini qət edilmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə apellyasiya şikayətinin geri qaytarılmasını qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdeh ASC-nin elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Cavabdeh ASC tərəfindən isə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 1 aylıq müddət ötürülməklə verilmişdir. Buna görə də apellyasiya şikayəti qaytarılmalıdır. Cavabdeh ASC həmin qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilərək aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə (qeyri-iş günü) “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə tərəflərə göndərilsə də, 2025-ci ilin yanvar ayının ilk iş günü 6-sı olmuşdur. ASC-nin müvafiq əməkdaşları da yalnız xx.xx.2025-ci il tarixdə (ilk iş günü) həmin qətnamədən məlumatlı olmuş və ASC 1 ay müddətində, yəni xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli və Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Qətnamədən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, 2025-ci ilin yanvar ayının 4 və 5-ci günləri qeyri-iş günləri olmuşdur. Belə ki, “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli, 499 nömrəli qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerlərinin dəyişdirilməsi qərara alınmışdır. Bununla da 30 dekabr 2024-cü il tarixdən 05 yanvar 2025-ci il tarixədək ardıcıl 7 gün qeyri-iş günü olmuş, 2025-ci ilin ilk iş günü isə 2025-ci ilin yanvar ayının 6-na təsadüf etmişdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin xx.xx.2025-ci il tarixdə, qeyri-iş günündə elektron kabinetə yerləşdirilməsinə baxmayaraq, həmin qətnamədən yalnız xx.xx.2025-ci il tarixdə məlumatlı olması barədə cavabdeh ASC-nin şikayətinin dəlilləri ağlabatan hesab edilir. Çünki digər işçilər kimi cavabdeh ASCnin də işçilərinin istirahət hüququndan istifadə etməsi anlaşılandır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş xx.xx.2024-cü il tarixli qətnamə həmin gün istirahət günü hesab edildiyindən iş günü sayılan xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş sayılır. Belə olan halda apellyasiya şikayətinin həmin gündən etibarən 1 ay ərzində, yəni xx.xx.2025-ci il tarixdə verildiyi nəzərə alınaraq müəyyən edilir ki, cavabdeh ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət ötürülməmişdir. Prosessual müddət ötürülmədiyindən apellyasiya şikayətinin prosessual müddətin buraxılmasına görə qaytarılması üçün də əsas yaranmamışdır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət əsaslı hesab edilməli, Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və xx.xx.2024-cü il tarixli qətnamədən cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Odur ki, göstərilənlərə və MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli qərardad ləğv edilsin və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2379/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2379/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver