Məhkəmə qərarları › İş №2(103)-238/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-238/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-238/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh QSC “Bank Standard” KB-yə qarşı “Kredit müqaviləsinin şərtlərinin yeni şəraitə uyğunlaşdırılması və öhdəliklərin həcminin yenidən müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2018-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 04.06.2019-cu il tarixli qətnamə (İş № 2(103)-770/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19.02.2018-ci il tarixli qətnamənin qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsini, dəbbə pulunun tutulması hissəsində isə dəyişdirilməsini, tutmanın Cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 0,2019 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə yönəldilməsini, həmin əmlakların açıq hərracdan satılmasını, ipoteka predmetinin ilkin satış qiymətinin 1.850.000 manat məbləğində müəyyən edilməsini, ipoteka predmeti olan əmlaklara satıldığı halda Cavabdeh2 bir aydan gec olmayaraq fərdi yaşayış evindən çıxarılmasını, dəbbə pulunun 5.000 ABŞ dolları məbləğində müəyyən edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 13.11.2019-cu il tarixli qərar (İş № 2(102)-7026/2019) ilə kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 04.06.2019cu il tarixli qətnamənin ləğv edilməsini, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Həmin işə, qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətinə yenidən baxılan zaman (hazırki iş üzrə cavabdeh) Cavabdeh1 (hazırki iş üzrə iddiaçı) Banka qarşı irəli sürdüyü “Kredit müqaviləsinin şərtlərinin yeni şəraitə uyğunlaşdırılması və öhdəliklərin həcminin yenidən müəyyən edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 23.10.2019-cu il tarixli qətnamədən (İş № 2(006)-5403/2020) Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 14.07.2021-ci il tarixli qərardad ilə həmin işin hazırki işlə birləşdirilməsi qərara alınmışdır. Hər iki iş üzrə verilmiş apellyasiya şikayətlərinə Məhkəmə tərəfindən apellyasiya qaydasında baxılan zaman Cavabdeh1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Cavabdeh1 vəkili (nümayəndəsi) X1 tərəfindən 17.12.2021-ci il tarixdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənləri və MPM-nin 263-264, 364, 384-cü, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: İddiaçı “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2018-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilsin və iş apellyasiya baxışından çıxarılaraq, həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun verilib-verilməməsinin yoxlanması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar