Məhkəmə qərarları › İş №2(103)-2381/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2381/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2381/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2381/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-65/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8400 manat məbləğində kredit vеrilib.

2. Tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EYİP nömrəli ipoteka müqaviləsinə görə cavabdeh özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzili həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı BOKT ASC Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanan 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8400 manat məbləğində kredit vеrilib. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülüb.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinin ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EYİP nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-ci il tarixində qeydə alınıb və müvafiq çıxarış verilib.İpoteka ilə yüklü edilən əmlakın likvid dəyəri “X3” MMC tərəfindən 74000 manat məbləğində müəyyən edilib.Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulub. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmayıb, kredit və ona hesablanan faizlərin ödənilməsində pozuntulara yol verilib.01 mart 2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcu yaranıb.Qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcun, 145 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus,ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinə yönəldilməsi,həmin əmlakın likvid dəyəri 74000 manat müəyyən olunmaqla hərracda satılması,mənzilin satışından əldə olunan vəsait hesabına 18310.89 manat borcun iddiaçıya ödənilməsi,ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzilin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-65/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat, dəbbə puluna görə 500 manat olmaqla, cəmi 13409.69 manat məbləğində kredit borcunun, eləcə də 145 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 76000 manat müəyyən olunmaqla hərracda satılması, mənzilin satışından əldə olunan vəsait hesabına 13409.69 manat borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzilin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.2, 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı alınmış kreditin hansı zamandan etibarən ödənilməməsini konkret olaraq göstərməmişdir. Məhkəmə də bu barədə araşdırma aparmamış və kreditin ödənilməməsinin üzrlü səbəblərdən baş veribvermədiyinə dair heç bir münasibət bildirməmişdir. Bundan başqa, iddiaçı tərəfindən ona borcun ipotekaya yönəldilməsinə dair bildiriş təqdim olunmamışdır. Bununla da “İpoteka haqqında” qanunun 32.2-ci maddəsinin tələbi yerinə yetirilməmişdir. Məhkəmə bildirişin təqdim edilməsi ilə bağlı sübutun olmadığı hala da diqqət etməmişdir. İddiaçının pretenziyaları isə ona gəlib çatmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

12. Maddə 296. Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir.

13. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

14. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

15. Maddə 319.4 Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

16. Maddə 319.6 İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Maddə 462.1 Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Maddə 464.1 Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.

26. Maddə 465.2 Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 39.4. Nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.

31. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həminevə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir

36. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki iş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8400 manat məbləğində kredit vеrilib.

44. Tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EYİP nömrəli ipoteka müqaviləsindən görünür ki,cavabdeh özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzili həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

45. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 145 manat dövlət rüsumu ödəmişdir.

46. Cavabdehə ünvanlanmış məktubların məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir.

47. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 dekabr 2019-ci il tariхli kredit müqaviləsinə görə əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat, dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcu vardır.

48. İpotekanın qeyd alınmasına dair bildirişdən görünür ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır.

49. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının nəticəsi olaraq "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilin real bazar dəyəri 82.800 manat, likvid qiyməti 76000 manat təşkil edir.

50. Birinci instansiya məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən,7769.60 manat əsas borc, 5140.09 manat faiz borcu, dövlət rüsumu 145 manat, ekspertiza xərci 350 manat hissəsində tam qəbul etdiyini, dəbbə puluna görə 500 manat ödəyə biləcəyini bildirmişdir (i.v.89).

51. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanmışdır. İddiaçı BOKT ASC müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh öhdəliklərinə tam və layiqincə əməl etməmişdir. Nəticədə sonuncunun qeyd olunan kredit müqaviləsinə görə görə 7769.60 manat əsas borc, 5140.09 manat faiz borcu üzrə, 5401.20 manat cərimə olmaqla cəmi 18310.89 manat məbləğində borcu yaranmışdır. Cavabdehdən pretenziya qaydasında borcun ödənilməsi tələb olunsa da, nəticəsi olmamışdır. Ona görə də iddiaçı ipoteka predmetlinə tutma yönələcəyi barədə cavabdehi xəbərdar etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh xx.xx.2022-ci il tarixində ərizə təqdim edərək iddianı əsas və faiz borcu hissəsində, həmçinin dövlət rüsumunun ödənilməsi və ekspertiza xərci hissəsində tam, cərimə borcu hissəsində isə qismən-500 manat məbləğində qəbul etdiyini etiraf edərək, kredit müqaviləsi üzrə yaranmış borca görə 13904,69 manat məbləği ödəməyə razı olduğunu bildirmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək əsas borc məbləğinin müəyyən edilməsində düzgün hüquqi nəticəyə gəlmişdir.

53. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin həm “kreditin hansı zamandan etibarən ödənilməməsi və bunun səbəblərinin məhkəmə tərəfindən araşdırılmaması”na dair, həm də “borcun ipotekaya yönəldilməsinə dair bildirişin ona təqdim olunmaması” na dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan “hesabdan çıxarış”dan cavabdehin sonuncu dəfə hansı tarixdə ödəniş etdiyi aydın şəkildə görünür. Bununla yanaşı, cavabdeh şəxsən özü ərizə təqdim edərək, iddianı qismən qəbul etdiyini etiraf etmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında işə mahiyəti üzrə baxıb qətnamə qəbul edir. Həmçinin, iş materillarından görünür ki, cavabdeh borcun olması və ipoteka əmlakına yönəldiləcəyi barədə bildirişi xx.xx.2021-ci il tarixdə qaiməyə (i.v.24) imza edərək qəbul etmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, cavabdehin mübahisələndirdiyi qətnamə qanuni və əsaslı olub, maddi və prosessual hüququ normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizələrdən ibarətdir və qətnamənin ləğvi üçün əsas ola bilməz.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-65/2023 saylı, 09 yanvar 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar