Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2382/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3389/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22 avqust 2014 il tarixli kredit müqaviləsi üzrə banka 6348.11 ABŞ dolları əsas borc, 5360.58 ABŞ dolları faiz borcu, 3232.77 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27 iyul 2017-ci il tarixdən, 17 iyun 2020-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1221.6 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 16163.06 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 6348.11 (altı min üç yüz qırx səkkiz dollar on bir sent) ABŞ dolları əsas borc, 5360.58 (beş min üç yüz altmış ABŞ dolları, əlli səkkiz sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, 11758,69 (on bir min yeddi yüz əlli səkkiz Abş dolları, altmış doqquz sent) ABŞ dolları ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti şikayət verərək, qətnamənin qismən yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsini düzgün tövsif etməyərək, qətnamədə səhv nəticəyə gəlmişdir. Müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin 22 avqust 2014-cü il tarixli “Bank hesab, kredit və zaminlik” müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əksinə birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəchlə iddianı zaminlərə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyəti olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bundan başqa, dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehin faiz borcunun məbləğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin 50 ABŞ dolları cərimə borcunun ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, faiz borcunun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 22.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları kredit götürmüşdu. Heç vaxt öhdəliklərini icra etməkdən boyun qaçırmamışdır. Sonradan “Nikoyl" İKB ASC-nin adı dəyişdiyindən aylıq ödənişlərini, borcunu haraya və necə ödəyəcəyini bilməmişdir. Ona görə də ödənişlər etməyi imkan xaricində olmuşdur. Eyni zamanda o, başqa bir şəxsin kredit müqaviləsi üzrə borc götürməsinə zamin durmuşdu. Bu səbəbdən həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan kredit müqaviləsi üzrə borclar da ondan tutulduğuna görə, hazırda "xxxx" İKB ASC-dən götürdüyü kreditlər üzrə borclarını tam şəkildə ödəməyə gücü çatmır. Hazırda əsas borc və aylıq müəyyən edilmiş faiz borclarının ödənilməsinə etiraz etmir. Yalnız geckdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu və cərimə borcu ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən ona o halda gecikdirilməyə görə illik 5% borcu və cərimə borcu hesablana bilərdi ki, o, həqiqətən öhdəliklərini icra etməkdən boyun qaçırsın. Lakin iddiaçı əsassız olaraq ondan gecikdirilməyə görə faiz borcu və cərimə borcunun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi də iddiaçının iddia tələbini təmin etmişdir. Halbuki müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Lakin birinci instansiya məhkəməsi kredit borclarının ödənilməsinin gecikdirilməsini onun hərəkət və yaxud hərəkətsizliyi nəticəsində edilməsini, gecikdirilməyə görə iddiaçıya vurulmuş zərərlə hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Hazırda qeyd edilən müddəaların heç birinə aydınlıq gətirilməmişdir. Digər tərəfdən məhkəmə tərəflərin vəziyyətini də nəzərə almamışdır. Bir daha qeyd edir ki, o, əsas borc və faiz borclarını ödəməkdən boyun qaçırmır. Faiz borcu həddindən artıq çox olduğu üçün borcunu tam şəkildə ödəmək iqtidarında deyil. Odur ki, faiz borcunun azaldılması zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini, özünün verdiyi apellyasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməmədir. Belə ki, təqdim edilmiş sübutlardan görünürdü ki, 22.08.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 illik 26 faizlə 24 ay müddətinə 12750 ABŞ dolları kredit verilmiş, 27.04.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 27.07.2017- ci ilədək uzadılmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçı banka 6348.11 ABŞ dolları əsas, 5360.58 ABŞ dolları faiz, 3232.77 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 27 iyul 2017 il tarixdən 17 iyun 2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1221.6 ABŞ dolları borcu vardır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli 9/1515 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli, 19-M-5-0- 1353-14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. 27.07.2017-ci il tarixə əsas borc 9 928,65 ABŞ dolları, faiz borcu 5 854,59 ABŞ dolları, 17.06.2020-ci il tarixə 9 928,65 ABŞ dolları əsas borc, 3 826,12 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 25 may 2021-ci il tarixli, 9/1515 nömrəli rəyi əsas borca aid hissədə zidiyyətli olmuş, həmçinin cərimə və əsas borca hesablanmış illik 5 % məbləğ barədə suallara isə ümumiyyətlə cavab verilməmişdir. Belə ki, ekspertizanın təyin edilməsi haqqında qərardadda 4 sual, yəni əsas, faiz borcun, cərimə və əsas borca hesablanmış illik 5 % məbləğin konkret dövrləri göstərməklə nə qədər olmasına dair ekspert rəyi verilməsi istənilmiş və ekspertin diqqətinə çatdırılmışdır ki, qarşısında qoyulmuş hər bir sual ayrıca cavablandırsın. Ancaq ekspert iddiaçı 6348.11 ABŞ dolları əsas borc tələb etdiyi halda 9928,65 ABŞ dolları əsas borcun olduğunu müəyyən etmiş, cərimə və əsas borca hesablanmış illik 5 % məbləğ barədə suallara isə ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi, ekspertin iş üzrə bu cür rəy verməsi anlaşılan olmamışdır. Çünki, bu cür rəylə ekspert özünün prosessual statusunu şübhə altına almaqla yanaşı, xüsusi bilik tələb edən sualları izah etmək iqtidarında olmadığını yaxud ümumiyyətlə qərardadı oxumadığını büruzə vermiş olurdu. Əks halda ən azından qərardadda göstərilən bütün suallara münasibət bildirməli idi. Bununla əlaqədar, ekspert Əli Abdullayevin dinlənilməsi üçün məhkəmə iclasına dəvət edilsə də Məhkəmə Ekspertiza Mərkəzinin rəhbərliyi onun iştirakını təmin etməmişdir. Bunula əlaqədar, apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 9/1515 saylı, 25 may 2021-ci il tarixli rəyinin əsas borca aid hissədə ziddiyyətli olduğu, həmçinin cərimə və əsas borca hesablanmış illik 5 % məbləğ barədə suallara isə ümumiyyətlə cavab verilmədiyi qənaətinə gələrək mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının 9/5623 saylı, 09 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli kredit müqaviləsi və 27.04.2015-ci il tarixli əlavə sazişə əsasən:17.06.2020-ci il tarixə əsas borcu (ödənilmiş məbləğlər nəzərə alınmaqla) 6283,96 ABŞ dolları;27.07.2017-ci il tarixə (müqavilə müddətinə) 5854,59 ABŞ dolları və 17.06.2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) faiz borcu 7087,71 ABŞ dolları (ödənilmiş məbləğlər nəzərə alınmaqla);əsas borca hesablanmış illik 5 % məbləğ (ödənilmiş məbləğlər nəzərə alınmaqla) 1233,12 ABŞ dolları təşkil edir. Eyni zamanda, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 22.08.2014-cü il tarixli, 19-M-5-0-1353-14 saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığı üçün hazırki təqdiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilməyən hissədə qismən ləğv edilməsi və iddianın həmin hissələrdə qismən təmin edilməsi üçün əsasdır, lakin Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi təmin edilən hissədə ləğv edilməsi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyənzaminə münasibətdə və illik 5 faizlə tələb edilən məbləğin rədd edilməsi və cərimənin azaldılması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdeh1 şikayətində qətnamənin qismən ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın qismən təmin edilən cərimə və faiz borcunun çox olması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, mübahisələndirilməyən hissələrə isə toxunulmamalıdır. Əvvəla, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyindədə kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamadığı üçün hazırki təqdiqatla Cavabdeh1 cərimə hesablanmadığı göstərilmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onların həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu, müqavilə müddətibitdikdən sonra illik 5 faizlə tələb edəilən məbləğlə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Ancaq tələb edilən 3232.77 ABŞ dolları cərimənin 50 ABŞ dollarınadək azaldılması da iddiaçının mənafeyinə uyğun olmamışdır. Ona görə də cərimə hissəsini hər iki tərəf mübahisələndirsə də, bu hissədə iddiaçının şikayəti qismən təmin edilməli və cərimənin məbləği artırılaraq 350 ABŞ dolları müəyyən edilməlidir. İkincisi, iddiaçı cavabdehlərdən 6348.11 ABŞ dolları əsas, 5360.58 ABŞ dolları faiz borcu, eləcə də 27.07.2017-ci ildən 17.06.2020-ci ilədək illik 5 faizlə 1221,6 ABŞ dolları tələb etmiş, təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas borc 6283,96 ABŞ dolları, faiz borcu 5854,59 ABŞ dolları, 5 % məbləğin isə 1233,12 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Demək, ekspertiza rəyi ilə faiz borcun və 5 % məbləğin miqdarı tələb ediləndən artıq müəyyən edilsə də, əsas borcun məbləği tələb ediləndən az, yəni 6283,96 ABŞ dolları müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin 5 % məbləği hissəsini ümumiyyətlə rədd etmişdir. Bu hallar da da iddiaçının şikayətinin dəlillərinin bu hissədə, cavabdehin şikayətinin isə əsas borcun məbləği hissəsində əsaslı olduğuna dəlalət edir. Ona görə də qətnamə əsas borcun məbləği və 5 faizlə tələb edilən məbləğin rədd edilməsi hissəsində də ləğv edilməli, əsas borcun məbləği ekspert rəyində göstərilən 6283,96 ABŞ dolları, 5 faizlə tələb edilən məbləğ isə iddia tələbində göstərilən, yəni 1221,6 ABŞ dolları həcmində təmin edilməlidir. Düzdür, sual oluna bilər ki, cavabdeh ancaq faiz borcunun məbləğini mübahisələndirir, mübahisələndirilmədiyi halda əsas borcun azaldılması nə dərəcədə qanunidir. Cavabdeh şikayətində faiz borcunun məbləğinin çox olduğunu mübahisələndirsə də, əksinə ekspert rəyində faiz borcunun məbləğinin bir qədər də çox olduğu müəyyən edilmişdir. Demək, ödənilən məbləğin bank tərəfindən faiz və əsas borca silinməsi qaydasında uyğunsuzluq olmuş, nəticə etibarı ilə iddiaçı əsas borcun məbləğini bir qədər yüksək göstərmişdir. Ona görə də cavabdehin nəticə etibarı ilə ümumilikdə borcun məbləğini mübahisələndirməsi əsas borcun məbləğinin şikayət əsasında azaldılmasını istisna etmir. Üçüncüsü, iddiaçı zamin Cavabdeh2 münasibətdə iddianın rədd edilməsini də mübahisələndirir. İşin mübahisəsiz halıdır ki, kredit müqaviləsinin və əlavə sazişin müddəti 27 iyul 2017-ci ildə bitmişdir. Demək, bank zaminə qarşı Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbinə əsasən ən geci 27 iyul 2018-ci ilədək iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. İddia ərizəsi isə məhkəməyə 06 avqust 2020-ci ildə, yəni müddətin keçməsindən 2 il, 10 gün sonra daxil olmuşdur. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndinə, yəni zaminliyə xitam verilməsi hallarına istinad edərək qeyd edir ki, həmin bənddə razılaşdırılmış hallar mövcud deyildir. Ancaq Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara(imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 11.3-cü bəndində göstərilən şərtlər Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan imperativ şərtlərə uyğun olmamışdır. Əks halda mülki hüquq münasibətlərinin istənilən iştirakçısı qanunda nəzərdə tutulan imperativ normalara zidd olan şərtləri müqavilədə göstərməklə qarşı tərəf üçün müqavilədən irəli gələn qanunsuz öhdəlik yarada bilər ki, bu da yolverilməzdir. Ona görə həmin maddənin tələblərinə uyğun olaraq zaminə münasibətdə iddianı rədd etməklə məhkəmənin qənaəti düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3389/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni əsas borcun məbləği, cərimənin azaldılması və illik 5 % məbləğin təmin edilmədiyi hissələrində ləğv edilməli, həmin hissələrdə iddia qismən təmin edilməli, əsas borcun məbləği 6283,96 ABŞ dolları, cərimənin məbləği 350 ABŞ dolları, illik 5 % məbləği 1221,60 ABŞ dolları olmaqla, əsas və faiz borcun(5360,58), cərimənin və illik 5 % məbləğin cəmi isə 13216,14 (on üç min iki yüz on altı ABŞ dolları, on dörd sent) ABŞ dolları müəyyən edilməli və Cavabdeh1 (icra olunduğu vaxt manatın məzənnəsi ilə) alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3389/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi qismən, yəni əsas borcun məbləği, cərimənin azaldılması və illik 5 % məbləğin təmin edilmədiyi hissələrində ləğv edilsin, həmin hissələrdə iddia qismən təmin edilsin. Əsas borcun məbləği 6283,96 ABŞ dolları, cərimənin məbləği 350 ABŞ dolları, illik 5 % məbləği 1221,60 ABŞ dolları olmaqla, əsas və faiz borcun(5360,58), cərimənin və illik 5 % məbləğin cəmi isə 13216,14 (on üç min iki yüz on altı ABŞ dolları, on dörd sent) ABŞ dolları müəyyən edilsin və Cavabdeh1 (icra olunduğu vaxt manatın məzənnəsi ilə) alınaraq İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci – 150 (yüz əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2382/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2382/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver