Məhkəmə qərarları › İş №2(103)-2383/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2383/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2383/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2(004)-4660/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11006 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 57.6 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. Lakin, cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinə əməl edilməmiş və obyektdən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilsə də, müsbət nəticə əldə edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2(004)- 4660/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 2 ünvanında yerləşən 57.6 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 11006 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, Cavabdeh icarə haqqı borcu üzrə 1070 (min yetmiş) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müqavilənin bütün şərtlərinə əməl etmiş və zəruri olan icarə haqqını vaxtında ödəmişdir. Bu günə kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən heç bir yazılı və ya şifahi xəbərdarlıq olunmamışdır. Ərizəyə əlavə olunmuş qəbzlərdən onun icarə haqqını mütəmadi olaraq ödədiyi görünür. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda onun icarə haqqı üzrə hal-hazırda heç bir borcun olmadığı göstərilmişdir. Məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş və işin hallarını tam araşdırmamışdır. İddia ərizəsi ilə müraciət olunana kimi onun icarə haqqı üzrə heç bir borcu olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Yasamal Rayon Məhkəməsi Əmlak Məsələləri Dövlət Xidmətinin tərəflər arasında bağlanmış ünvan 3 ünvanında yerləşən 57,6 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 11006 №-li icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinə məhkəmədə baxmaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının tələbini pozmuşdur. Qeydiyyata olduğu ünvan 4 ünvanında yaşamadığından göstərilən qətnaməni əvvəllər almamışdır. Qətnamə barəsində ilk dəfə məlumatı ona xx.xx.2024-cü il tarixdə Hacıqabul Rayon İcra və Probasiya Şöbəsi tərəfindən telefon vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində də göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə ki, iddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11006 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 57.6 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh icarəyə verilmişdir. Lakin, cavabdeh tərəfindən icarə müqaviləsinin şərtlərinə əməl edilməmiş və obyektdən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Göründüyü kimi iddianın predmetini sahibkarlıq fəaliyyəti ilə əlaqəli tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Bununla yanaşı iş materiallarından görünür ki, cavabdeh (VÖEN **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ilə hüquqi şəxslə arasında yaranmaqla, iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2(004)-4660/2023 nömrəli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, e-2(004)- 4660/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ödənilməmiş icarə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar