Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2385/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2(001)-4702/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Tərəflər arasında bağlanmış 11100***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müddətinə, yəni xx.xx.2031-ci il tarixədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixdə cavabdehə 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 11000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə 6573,88 manat əsas, 130,35 manat faiz borcu, 12,96 manat cərimə borcu olmaqla, cəmi 6717,19 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdən-pretenziyadan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 3 iş günü müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. Hazırda iddiaçı borc məbləğini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6573,88 manat əsas, 130,35 manat faiz borcu, 12,96 manat cərimə borcu olmaqla, cəmi 6717,19 manat borcun və 87,18 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11100***-*******02L saylı, xx.xx.2021-ci il tarixli əsas kredit razılaşmasına əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2032-ci il tarixinədək 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh həmin əsas kredit limiti razılaşmasına əsasən cavabdehə 36 ay müddətinə, illik 19% ödəmək şərtilə aldığı 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e- 2(001)- 4702/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 6573,88 manat əsas, 130,35 manat faiz borcu, 12,96 manat cərimə borcu olmaqla, cəmi 6717,19 manat (altı min yeddi yüz on yeddi manat on doqquz qəpik) məbləğində borc və 87,18 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddianın faiz borcunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsaslıdır. İstinad edilən qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsaslıdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən ödənilmiş qəbzlərə nəzər yetirildikdə borcun şişirdilmiş olması və göstərilən məbləğdən daha az olması müəyyən edilir. Belə ki, ödəniş qrafikini pozduqda ödədiyi vəsaitlərin hamısı cərimə borclarına hesablanmışdır. Əsas məbləğlərdən isə az miqdarda çıxılmışdır. Belə olan halda birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və oblektiv araşdırılması üçün əsas, faiz və cərimə borclarının hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2385/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3011/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - əsas və faiz borcu hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının Cavabdeh 11000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdehin isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürməklə tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Lakin Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etmiş, həmin hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırda isə cavabdeh tərəf apellyasiya şikayətində borcun məbləğini mübahisələndirməklə, hesablanmış borcun reallığı əks etdirmədiyini bildirmişdir. Belə olan halda borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/3011 nömrəli, 10 iyun 2024-cü il tarixli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 10 avqust 2021-ci il tarixli, 11100***-*******02L saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh qeyd edilen tarixlərə banka olan borcu-xx.xx.2023-cü il tarixə (bildiriş xəbərdarlıq göndərilən tarixə) əsas borc üzrə 5.363,15 manat, faiz borcu üzrə 36,80 manat. xx.xx.2023-cü il tarixə (qətnamə çıxarılan günədək) əsas borc üzrə 5.033,08 manat, faiz borcu üzrə 366.58 manat olması müəyyən olunmuşdur. Son ödəniş 200 manat 25 iyun 2023-cü il tarixdə edilmişdir. Qeyd olunan rəydə həmçinin göstərilmişdir ki, bank tərəfindən 10 avqust 2021ci il tarixli, 11100***-*******02L saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamışdır. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni əsas və faiz borcunun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan borcun məbləğinin müəyyən edilməsi zamanı məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 9/3011 nömrəli, 10 iyun 2024-cü il tarixli rəyinə istinad edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, ekspert rəyi ilə əsas borc (qətnamə qəbul edilən tarixədək) 5.033,08 manat manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən əsas kredit borcunun məbləği ilə müəyyən edilmiş məbləğ arasında fərq olmuşdur. Məhkəmə kollegiyası həmin fərqə münasibətdə hesab edir ki, iddia ərizəsi üzrə əsas borc tələb və təmin edilən məbləğə uyğun olmadığından cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc 5.033,08 manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri - əsas kredit borcunun məbləği hissəsində apellyasiya şikayəti qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin nəticəsi ekspert rəyinə uyğun dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış – faiz borcunun məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən məbləğə uyğun olmamışdır. Belə ki, istinad edilən ekspert rəyinə əsasən faiz borcu (bildiriş göndərilən tarixədək, maliyyə arayışı da həmin tarixdə verilmişdir) 36.80 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği (bildiriş göndərilən tarixədək, maliyyə arayışı da həmin tarixdə verilmişdir (Konstitusiya Məhkəməsinə qərarına əsasən) ) ekspert rəyi ilə müəyyən edilmiş 36.80 manat hesablanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etmədən) iddia tələbini əsas və faiz borcuna münasibətdə tam təmin etdiyindən məhkəmə kollegiyası cavabdehin borc məbləğlərinin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini - əsas və faiz borcu hissəsində qismən əsaslı hesab edir. Cavabdeh tərəf apellyasiya şikayətində həmçinin cərimə borcunun da düzgün hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müzakirə edilən dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3 və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə Kollegiyası bank tərəfindən 10 avqust 2021-ci il tarixli, 11100***- *******02L saylı kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcu hesablanmamasını da nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 12,96 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi əsas və faiz borcu hissəsində dəyişdirilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11100***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi üzrə əsas borc 5.033,08 manat, faiz borcu 36.80 manat müəyyən edilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e- 2(001)-4702/2023 nömrəli qətnaməsi - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11100***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi üzrə əsas və faiz borcu məbləği hissəsində dəyişdirilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11100***-*******02L saylı, xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 5.033,08 manat (beş min otuz üç manat, səkkiz qəpik) manat faiz borcunun məbləği isə 36.80 (otuz altı manat səksən qəpik) müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul İddiaçı ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən cavabdeh qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov