Məhkəmə qərarları › İş №2(103)-2386/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2386/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2386/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh2 nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(004)-5705/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit sazişinə (eyni zamanda zaminlik müqaviləsi) əsasən, bank borcalan Cavabdeh2 36 ay müddətinə, illik 19,5% olmaqla 20500 manat məbləğində kredit vermiş, Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icrası üçün borcalan ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. 2.Cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etmədiyindən İddiaçı ASC hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 19623,89 manat məbləğində əsas borcun, 2391,75 manat məbləğində faiz borcunun, 759,49 manat məbləğində cərimə borcunun, cəmi 22775,13 manat borcun və 159 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19,5% olmaqla 20500 manat məbləğində kredit vermişdir. Hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 5.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 25 dekabr 2023-cü il tarixli, 2(004)-5705/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Təhminə Xəlilova) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 19623,89 (on doqquz min altı yüz iyirmi üç manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 2157,89 (iki min yüz əlli yeddi manat səksən doqquz qəpik) manat, cərimə borcu üzrə 759,49 (yeddi yüz əlli doqquz manat qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 22541,27 (iyirmi iki min beş yüz qırx bir manat iyirmi yeddi qəpik) manat məbləğində borc və 157,37 (yüz əlli yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. 6.İş materiallarında olan cavabdehlər Cavabdeh2, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit sazişinə (eyni zamanda zaminlik müqaviləsi) əsasən, bank borcalan Cavabdeh2 36 ay müddətinə, illik 19,5% olmaqla 20500 manat məbləğində kredit vermiş, Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərin icrası üçün borcalan ilə birgə məsuliyyəti üzərinə götürmüşdür. 7.İş materiallarında olan Kredit müqaviləsinə 1 nömrəli əlavə olan “Ödəniş cədvəli”-nə əsasən, borcalan Cavabdeh2 hər ay 756,64 manat olmaqla, faiz borcu ilə birlikdə ümumilikdə 27246,49 manat ödəməyi öz öhdəsinə götürmüşdür. 8.Kredit sazişinin digər şərtlər adlanan 4-cü bəndinin kredit şərtləri adlanan hissəsinə əsasən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunan İddiaçı ASC-nin 23 avqust 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”-nin xüsusi hissəsinin “Nağd pul krediti” bölməsinin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə gecikdirilmiş kreditə görə, müştəri, hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında/lakin 0,51 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə kredit üzrə gecikdirmə yaranan tarixdən 90 gun müddətində tətbiq edilir. 9.İş materiallarında olan xx.xx.2023-cü il tarixli, cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsinin ləğv olunduğu bildirilmiş, kredit müqaviləsi üzrə yaranmış borcun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 10.Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən, Cavabdeh1 isə ona zamin durduğundan iddiaçı haqlı olaraq cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia kredit müqaviləsi üzrə əsas və cərimə borcunun ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. 11.Məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh2 tərəfindən müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan ona xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə tərəflər arasında kredit müqaviləsi həmin tarixdən məhkəmədən kənar ləğv edilmişdir. 12.Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi 2157,89 manat təşkil etmişdir. 13.Odur ki, məhkəmə hesab etmişdir ki, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilərək cavabdehlərdən 2157,89 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. 14.Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 157,37 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 445.7, 472.1, 472.2, 462.1, 445.7; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 107-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə yüni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən kredit borcu və faizlər düzgün hesablanmamışdır. Cavabdehin kredit borcu üzrə ödədiyi məbləğlər nəzərə alınmamışdır. Cavabdehlərin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən məhkəməyə ödəmələr haqqında sənədləri təqdim edə bilməmişlər. Məhkəmə kredit borcunu, ona hesablanmış faizləri və dəbbə pulunu cəriməni düzgün hesablamaq üçün mütləq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Lakin, məhkəmə iddiaçının hesablamalırını əsas kimi qəbul etmiş və qətnamə qəbul etmişdir. Məhkəmə kredit borcuna faizlərin 445.7-ci maddəyə uyğun olaraq hesablanması üçün də məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. İddiaçının hesablamasını əsaslı və mötəbər hesab etmir, çünki o, işin bu cür nəticəsində maraqlıdır. Kredit borcu üzrə dəbbə pulu da düzgün hesablanmamışdır. Dəbbə pulunun düzgün, dəqiq hesablanması da məhkəmə-mühasibatlıq ekspertizasından keçir. İddiaçı tərəfindən gecikdirilmiş kredit borcu, ona hesablanmış faizlər və cərimələr düzgün hesablanmamışdır. Məhkəmə iddiaçının hesablamalırını əsas kimi qəbul etdiyindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası düzgün nəticəyə nail olmaq üçün mütləq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir. Bu barədə ona hər hansı bir formada məlumat verilməmişdir. Məhkəmə yuxarıda göstərilən prosessual normalara uyğun olaraq məhkəmə iclasını təxirə salmalı idi. Lakin, məhkəmə bunu etməmiş və prosessual hüquq pozuntusuna yol vermişdir. Bu səbəbdən qəbul edilmiş qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Qətnaməni qəbul edərkən məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübutları tam araşdırmadığından və tam yoxlamadığından (məhkəmə-mühasibatlıq ekspertizası keçirmədiyindən) öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun sübutlarla əsaslandırmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında iddiaçı Cavabdeh2 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, onlar 4000 manata yaxın pul ödəsələrdə, bununla bağlı sübut təqdim edə bilmirlər. Hesab edir ki, borc düzgün hesablanmayıb, buna görə də, ekspertiza təyin edilməlidir. 20.Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, digər nümayəndənin izahatına uyğun məzmunda izahat verdi. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və digər Cavabdeh1 məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyni bildirmiş, cavabdeh isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 26.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 28.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 29.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 30.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 31.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın Cavabdeh2 aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı və digər cavabdeh isə apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası cavabdehin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 38.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylıkredit müqaviləsi üzrə əsas borca görə 19623,89 manat, faiz borcuna görə 2391,75 manat, cərimə borcu üzrə 759,49 manat olmaqla, cəmi 22775,13 manat borcu yaranmışdır. 39.Göründüyü kimi, Cavabdeh2 tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 40.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 41.Kollegiya cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmaması və borc məbləğinin düzgün hesablanmaması və borcun hesablanması üçün ekspertiza təyin edilməməsi ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, kredit mübaviləsi üzrə yaranmış borc məbləği işdə olan maliyyə sənədləri və hesabdan çıxarış məlumatları ilə öz təsdiqini tapmaqla cavabdeh tərəfindən həmin sənədləri şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, MPM-nin 76.1, 76.2-ci maddələrinə əsasən ekspert rəyi sübutun bir növüdür və MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. İş materiallarından göründüyü kimi cavabdehə məhkəmə iclaslarınan vaxtı və yeri barədə SMS bildirişlər göndərilmiş və çatdırılmış, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində ödənişləri ilə bağlı sübutlar təqdim edəcəyini qeyt etsə də, hazırki məhkəmə iclasında ödənişlərlə bağlı təqdim olunası sübutunun olmadığını qeyd etmişdir. 42.Digər tərəfdən işdə olan (i/v 36) xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit müqaviləsi üzrə əsas borca görə 19623,89 manat, faiz borcuna görə 2391,75 manat, cərimə borcu üzrə 759,49 manat olmaqla, cəmi 22775,13 manat borcu yaranmışdır. 43.İş materiallarında olan xx.xx.2023-cü il tarixli “kredit müqaviləsinin ləğvi və borcun ödənilməsinə dair” Bildirişdən (i/v 37) görünür ki, xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit müqaviləsi üzrə əsas borca görə 19623,89 manat, faiz borcuna görə 2157,89 manat, cərimə borcu üzrə 759,49 manat təşkil edir. 44.İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit müqaviləsi üzrə çıxarışdan görünür ki, xx.xx.2023-cü ildə 150 manat ödəniş olmuş, həmin ödənişin 73,71 manatı faizin ödənilməsinə, 76,29 manatı cərimənin ödənilməsinə hesablanmışdır. xx.xx.2023-cü ildə 200 manat ödəniş olmuş, ödənişin 25,43 manatı cərimə borcuna, 174,57 manatı faiz borcuna hesablanmışdır. xx.xx.2023-cü ildə 500 manat ödəniş olmuş, ödənişin 148,51 manatı cərimə borcuna, 351,49 manatı faiz borcuna hesablanmışdır. xx.xx.2023-cü ildə 1160,0 manat ödəniş olmuş, ödənişin 17,08 manatı cərimə borcuna, 423,51 manatı əsas borca, 266,81 manatı faiz borcuna hesablanmışdır. 45.Beləliklə xx.xx.2022-ci il tarixli, MK/31776/89/35 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 2010 manat ödəniş olduğu müəyyən olunur. 46.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv olunduğundan iddiaçı həmin tarixədək mövcud olmuş faiz borcunu tələb edə bilər, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin ləğvi tarixinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsi ilə hesablanmış faizin məbləği isə xx.xx.2023-cü il tarixli bildirişdən göründüyü kimi 2157,89 manat təşkil etmişdir. Odur ki, iddia faiz borcu tələbi hissəsində qismən təmin edilərək cavabdehlərdən 2157,89 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya 19623,89 manat əsas borc və faiz borcunun 2157,89 manat tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. 47.Həmçinin əsas borcun 19623,89 manat olması halında kollegiya məhkəmə tərəfindən tənasübsüzlük müəyyən olunmadığına görə 759,49 manat cərimə borcunun tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. 48.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(004)-5705/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar