Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2386/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi),Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 205, 19 saylı mənzil İddiaçı, həmin binanın 22 saylı mənzili isə hal-hazırda Cavabdeh1 qızının mülkiyyətindədir. 22 saylı mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh2 olmuş, o həmin mənzili xx.xx.2023-cü ildə Cavabdeh1 satmışdır. İddiaçı qonşu mənzildən onun mənzilinə su axıdıldığını iddia edərək ona dəymiş zərəri tələb edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə su axıtması nəticəsində həmin mənzilə dəymiş zərərin əvəzi kimi 4 868,20 manat pul vəsaitinin cavabdeh X2 alınaraq ona ödənilməsi, mənzilindən su axmasının qarşısının alınması məqsədi ilə həmin mənzilin su borularının təmir edilməsi öhdəliyinin digər Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə mənzilinin üst mərtəbəsində yaşayan Cavabdeh2 məxsus 22 nömrəli mənzildən mülkiyyətində olan 19 nömrəli mənzilə su axıdılıb. Su axıdılması nəticəsində mənzilinin bütün otaqlarının tavanı zədələnmiş, divarlarına ciddi ziyan dəymiş, bu barədə akt tərtib edilmişdir. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən “dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyinə əsasən üst mərtəbədən axan su nəticəsində mənzilinə dəymiş ziyanın məbləği 12 sentyabr 2023-cü il tarixi üçün 4868,20 manat təşkil edir. Hadisə baş verən zaman mənzil tam mülkiyyət hüquqları ilə mülkiyyətçi Cavabdeh2 məxsus olmuşdur. Bu tarixdən sonra mənzil yeni alıcı Cavabdeh1 mülkiyyətinə verilmiş, hal-hazırda da onun mülkiyyətindədir. Mənzilinə maddi olaraq zərər Cavabdeh2 tərəfindən vurulmuşdur, bu səbəbdən də vurulmuş zərər Cavabdeh2 tələb edilməlidir. Ancaq bununla yanaşı hal-hazırda mənzilin mülkiyyətçisi Cavabdeh1dur və həmin mənzildən yaşadığı mənzilə suyun təkrarən axıdılması təhlükəsi aradan qaldırılmayıb, yəni suyun axmasına səbəb olmuş nasaz su boruları təmir edilməyib. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 məxsus mənzildən yaşadığı mənzilə su axmasının qarşısını almaq üçün həmin mənzildə olan nasaz su borularının təmir edilməsi Cavabdeh1 üzərinə öhdəlik kimi qoyulmalıdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli (hakim A.Paşayeva, iş № 2(008)-867/2024) qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyanın əvəzi olaraq 3662 manat məbləğində pul vəsaiti və 53,40 manat dövlət rüsumunun əvəzi, cəmi 3715,40 manat məbləğində pulun Cavabdeh2 alınaraq, iddiaçıya ödənilməsi, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi 205 nömrəli 5 mərtəbəli binanın 19 nömrəli mənzilindən su axmasının qarşısının alınması məqsədi ilə həmin mənzilin su borularının təmir edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, keçirilmiş ekspertiza xərcinin 75,22 manat pulun Cavabdeh2, 24,78 manat isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki,iddiaçının cavabdeh tərəfindən su sızması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən maddi ziyanın məbləği 4868,20 manat qeyd olunsa da, təqdim edilmiş ekspert rəyinə uyğun olaraq 3662 manat müəyyən edilməsi ağlabatan hesab edilərək, həmin məbləğ Cavabdeh2 tutulmalıdır. Ekspert rəyi ilə 22 nömrəli mənzilindən su axması faktı təsdiq olunduğundan, bunun səbəbi su-kanalizasiya xətlərində yaranmış nasazlıq olması ehtimalı mövcud olduğundan, hal-hazırda da həmin mənzil Cavabdeh1 məxsus olduğundan məhkəmə hesab etmişdir ki, iddiaçının bu tələbi də əsaslıdır və təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097cimaddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisəni etiraf etsə də əvvəlcədən evi təmir etmək istədiyini bildirsə də şişirdilmiş, qarşı tərəfə sərf edən qiymətlərlə qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etirazdaxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
12. Digər Cavabdeh1 İsgəndə oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın həmin cavabdehə qarşı təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Hazırkı iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən mənzilinə su axıdılmasına istinad edərək ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.
20. Cavabdeh2 isə iddiaçıya maddi ziyanın dəydiyini etiraf edir, lakin ekspert rəyinə əsasən müəyyən edilmiş məbləğlə razı olmadığını bildirir.
21. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 19 nömrəli mənzilinə həmin mənzil ilə eyni proyeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 22 nömrəli mənzildən su axıdılığı və nəticədə 19 nömrəli mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuş, 22 nömrəli mənzil təmirli olduğundan, su kanalizasiya xətlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, 19 nömrəli mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamış, Bakı şəhəri Yasamal rayonu Əsəd küçəsində yerləşən 205 nömrəli evin 19 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3662 manat məbləğində müəyyən olunmuşdur.
22. Həmçinin, həmin qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri cəmi 3662 manat müəyyən edilməklə divarda, tavanda aparılmalı olan təmir işlərinin, eyni zamanda təmir materiallarının hər birinin dəyəri ayrı-ayrılıqda hesablanaraq rəyə əlavə edilmiş smetada qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənzilinə dəymiş ziyanı ekspert rəyi ilə müəyyən edilmiş məbləğ həcmində müəyyən etmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir.
24. İşdən görünür ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən iddianı qismən – iddiaçının mənzilinə suyun axıdılması hissəsində etiraf etmiş, yalnız maddi ziyanın həcmini mübahisələndirmişdir. Bundan əlavə ekspert rəyi ilə cavabdehin mənzilindən iddiaçıya məxsus mənzilə su sızması nəticəsində sonuncuya ziyan dəydiyi faktı müəyyən olunmuşdur.
25. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
27. İşə birinci instansiya məhkəməsindəbaxılarkən iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığı təsdiq olunmuşdur.
28. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilə su sızmasının texniki səbəbi, suyun axıdılma halları nəticəsində zərər dəymişdirsə, dəymiş zərərin həcmi, dəymiş zərərin bərpa olunması üçün tələb olunan pulun məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1785 saylı ekspert rəyinə əsasən 19 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3662 manat məbləğində müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası məhz bunu nəzərə alaraq apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmasını məqsədəuyğun saymadı.
30. Apellyasiya baxışı zamanı tərəflərə iş üzrə barışıq əldə olunması barədə təklif edilsə də nəticəsi olmadı.
31. Qeyd edilənlərə əsasən Kollegiya iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.
32. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
33. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.