Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2389/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat və 30 manat dövlət rüsumu, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri 9 saylı Notariat ofisində, 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən, cavabdehə 20000 manat məbləğində borc pul verilmişdir. Həmin kredit müqaviləsinə əsasən, borclu Cavabdeh iddiaçıdan borc olaraq aldığı 20000 manat pulu hər ay 1700 manat, lakin axırıncı ay yəni 2020-ci ilin sentyabr ayında 1300 manat ödəmək şərti ilə 1 il ərzində, yəni 23 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən 23 sentyabr 2020-ci il tarixədək ödəməli olduğu borc olaraq aldığı 20000 manat pul vəsaitə dair bir ay belə olsa ödəniş etməmiş, dəfələrlə borcunu tələb etməsinə baxmayaraq hər dəfə cavabdeh borcu ödəyə bilmədiyi üçün möhlət istəmişdir. İddiaçı cavabdehə möhlət verməyə razı olaraq 20000 borc pulun qaytarılması müddətini müqavilədə dəyişiklik edərək azaltmağa razılaşmışdır. Belə ki, onunla cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə 01 iyul 2021ci il tarixində əlavə edilmişdir. Həmin əlavəyə əsasən, cavabdehin ondan borc olaraq aldığı 20000 manat pul vəsaitini 1 il ərzində, yəni 01 iyul 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onunla cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-ci il tarixli M-1186 reyestr nömrəli kredit müqaviləsinin bağlanmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaq cavabdeh tərəfindən 20000 manat pul qaytarılmamışdır. Halhazırda cavabdeh borc olaraq aldığı 20000 manat pul vəsaitini tələb etsə də, cavabdeh pulu ödəməkdən qəsdən yayınır və borcu qaytarmaqdan imtina edir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Hazırkı işə apellyasiya qaydasında baxılarkən X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri.
6. Cavabdeh apelyasiya şikayəti verərək, göstərmişdir ki, məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil, hesab edir ki, qətnamə qəbul olunan zaman işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, keçirilən məhkəmə iclaslarında cavabdeh kimi onun iştirakı təmin edilməmiş, yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq olunmuş, birinci instansiya məhkəməsində aparılan mülki icraat zamanı keçirilən məhkəmə iclaslarından xəbəri olmaması səbəbindən o, özünü müdafiə etmək üçün məhkəməyə sübut təqdim etmək, iddia ərizəsinə etiraz etmək, qarşılıqlı iddia vermək imkanından məhrum olmuşdur. Bu əsaslada aparılmış mülki icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.
7. Belə ki, o, vizajistdir, “İnstagram” sosial şəbəkəsində məhşur “mua_narmin” (make upartist) adlı səhifəsi var və 91000 izləyicisi var, öz sənəti sahəsində ölkə ərazisində kifayət qədər tanınır, 2019-cu ilin sentyabr ayında “EDELSS.BAKU” gözəllik salonu ilə işləməyi üçün həmin salonun sahibi kimi özünü təqdim etmiş X2 onunla əlaqə saxlamış və salona dəvət etmiş, transfer ödənişi kimi ilkin olaraq 20000 (iyirmi min) manat təklif etmişdir. Daha sonra iş şəraitinin təmin olunması üçün ayrıca otaq və make up üçün bütün zəruri şəraitlə təmin edəcəyini, həmçinin, müştərilərdən əldə olunan gəlirin 40%-60% nisbətində işləyəcəyini vəd etmiş, o isə bunun qarşılığı kimi “EDELSS.BAKU” gözəllik salonunun “make up” ustası kimi salona müştərilərini cəlb etməli, sosial şəbəkədə öz səhifəsində salonu mütəmadi reklam etməli və sonuncu müştəriyə qədər xidmət göstərməli idi. Daha sonra isə Rübabə xanım onun orada rəsmi qaydada işləməyi və ilkin 20000 manat ödənişi almağı üçün müqavilə rəsmiləşdirilməli olduğunu bildirmiş və onun işçisi olan İddiaçı ilə notariusa getməyini bildirmiş, xx.xx.2019-cu ildə onlar 9 saylı notariusa gedərək müqavilə bağlamış, ondan əvvəl isə “İnstagram” sosial şəbəkəsində o, öz səhifəsində onun “EDELSS.BAKU” gözəllik salonunda işləyəcəyi barədə xəbər paylaşmışdır (sübutlar şikayətə əlavə edilmişdir), davamlı olaraq isə xx.xx.2019-cu il tarixdən, yəni, ilkin ödənişi almağı üçün müqavilə bağlandığı andan həmin salonda işləməyə başlamış, iki il ərzində işlədiyi müddət ərzində salona orta aylıq 3000-4000 manat məbləğində gəlir qazandırmış, mütəmadi olaraq sosial şəbəkədə salonu reklam etmiş, öz müştərilərini də salona cəlb etmişdir.
8. Sonradan o, başqa işçilərlə əmək müqaviləsi bağlanmış olsa da, onun əmək müqaviləsi bağlanmaması barədə narazılığını bildirəndə Rübabə xanım onunla kobud rəftar etməyə başlamış və davamlı olaraq onu hədələyərək işləməyə məcbur edirdi, 2021ci ilin iyul ayında bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdən sonra salonun sahibi Rübabə xanım tərəfindən ona əlavə vədlər verildi, əmək müqaviləsi bağlanacağı bildirildi, həmçinin, əlavə otaq veriləcəyini bildirdi və müqavilənin müddətinin bir il artırılmasını təkid etdi. Əks təqdirdə onu məhkəmə ilə hədələyərək ona ilkin ödəniş kimi verdiyi 20000 manatı tam alacağını bildirirərək onu qorxutmuşdu. Halbuki, o salona onun ən azı beş qatı dəyərində gəlir qazandırmışdı.Əgər müqavilələrə diqqət yetirilsə görünür ki, 1-ci müqavilənin müddəti xx.xx.2020-ci il tarixində bitir, 2-ci müqaviləyə əlavə barəsində Saziş isə xx.xx.2021-ci ildə bağlanmışdır. Belə sual yaranır ki, Fəridə Xanım haradan tanıyır ki, ona 20000 manat borca pul verir? Əgər o, real olaraq hər hansısa borcu qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdüsə və onların təklif etdiyi qrafik üzrə ödəniş etməliydi etməmişəmsə, bəs niyə Fəridə xanım həmin müddət ərzində pulu tələb etmək üçün məhkəməyə müraciət etməmişdir? Bunun əksinə, müqavilənin müddəti bitdikdən sonra 1 il sonra onunla müqavilənin müddətini uzatmışdır? Həmçinin, Fəridə xanımın nə marağı olmuşdur ki, heç bir əlaqəsi olmayan bir insanla faizsiz borc müqaviləsi bağlamış və borcun ödənilməsini o qədər müddət ərzində tələb etməmişdir? Bunun yalnız bir cavabı var. Çünki bağlanılan müqavilə yalan müqavilə idi. Əsl sövdələşmə onunla Fəridə xanımın arasında deyil, Əsgərova Rübabə arasında bağlanmışdır. Fəridə xanımla bağlanılan müqavilə isə həmin müqaviləni pərdələmək məqsədi daşımışdır.
9. Həmçinin əhatəsi geniş olduğundan Rübabə xanım öz statusundan geniş istifadə edirdi, heç bir sənəddə rəsmi adının qeyd olunmasını istəmirdi. Bütün bunlardan qorxaraq o, məcburiyyət qarşısında qaldı, onun dedikləri ilə razılaşdı və Fəridə xanımla eyni notariat ofisinə gedərək, eyni notariusun yanında məcburən əlavə müqavilə imzaladı, lakin sonra yenidən onunla kölə kimi rəftar olunmağa başlanıldı, dəfələrlə heç bir əsas olmadan Rübabə xanım digər əməkdaşların yanında onu alçaldırdı və ona hədə-qorxu gəlinirdi ki, əgər işdən ayrılarsa, onu məhkəməyə verəcək. Əlavə Razılaşma bağladıqdan bir neçə gün sonra Fəridə xanım salonda ona bildirmişdi ki, o, “EDELSS.BAKU” gözəllik salonundan birgün ayrılmaq qərarına gələrsə əgər, onlar onu məhkəməyə verib pulu ondan tam şəkildə alacaqlar, pulu məhkəmə qərarı ilə verməsə, ona cinayət işi qaldırıb həbs etdirəcəklər. Artıq bu səfər bütün bunları, qorxduğu üçün o, anasına danışmış, anası ona orada işləməyə icazə verməmiş və o, 2021-ci ilin avqust ayında salondan işdən çıxmışdır. Həmin vaxtdan bu günə qədər onu bu müqavilə ilə bağlı Rübabə xanım narahat etməmiş, işdən çıxandan sonra ilk günlərdə bir neçə dəfə Fəridə xanım mənimlə əlaqə saxlamış, işə qayıtmağını, əks təqdirdə yaxşı olmayacağı ilə hədələmiş, lakin o, onlara kifayət qədər qazanc vermiş və müştəri cəlb etmiş, yenidən ora gedib orada qorxu altında işləyə bilməzdi deyə imtina etmişdir.Məhkəmə qətnaməsi olmasından isə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün Asan xidmətə müraciət edən zaman təsadüfən bilmişdi.
10. Onunla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavəyə dair bağlanmış əqdlər yalan əqddir və orada yazılan öhdəliklər real öhdəliklər deyil. Həmin müqavilə əslində X2 ilə onun arasında olan onun “EDELSS.BAKU” gözəllik salonunda işləməyini tənzimləyən müqaviləni pərdələmək məqsədi daşıyırdı, bununla da həmin müqavilə əhəmiyyətsiz əqddir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o, məşhur vizajistdir, 2019-cu ilin sentyabrında “EDELSS.BAKU” gözəllik salonunda işləməsi üçün özünü həmin salonun sahibi kimi tanıtmış X2 onunla əlaqə saxlayaraq onun salonunda işləməyi təklif etmiş, əvəzində transfer ödənişi kimi 20000 manat eyni zamanda müştərilərdən əldə olunan gəlirin 40-60 % nisbətində bölünməsini təklif edib, o da razılaşıb. Onun öhdəliyi isə müştərilərə xidmət və ən əsası yeni yaranmış bu salonu “İnstaqram” sosial şəbəkəsində olan səhifəsində reklam etmək olub. R.Əsgərova onu aldadaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini əvəzində işçi kimi münasibətləri rəsmiləşdirmək üçün 20000 manatı almasının rəsmiləşdirilməli olduğunu deyib, sonra isə onun işçisi İddiaçı ilə notariusa gedərək borc müqaviləsi imzalayıblar. Bundan sonrakı fəaliyyətində salona aylıq 3-4 min manat qazandırıb, salonun müştəriləri artıb, həmçinin öz müştərilərini salonun digər xidmətlərinə də cəlb edib. Sonradan digər işçilərin əmək müqaviləsi olduğundan xəbəri olub, o da müqavilə tələb edəndə isə R.Əsgərova onu hədələməyə başlayıb, polisə müraciət etmək istəyəndə isə ona yeni vədlər verilib, həmçinin əvvəl aldığı 20 000 manatın məhkəmə qaydasında alınacağı ilə hədələnib. Cavabdehin İddiaçı ilə arasındakı müqavilə pərdələnmiş əqddir, reallığı əks etdirmir. Belə ki, R.Əsgərovanın bu tip müqavilələr bağladığı digər ustalar da var, həmin müqavilələrin surətlərini Kollegiyaya təqdim edərək qeyd etdi ki, onlara da transfer məbləği kimi verilmiş müxtəlif məbləğlər borc müqaviləsi adı altında pərdələnib.
12. Cavabdeh eyni zamanda bildirdi ki, X2 nüfuzlu bir məmurun arvadıdır, əhatəsi kifayət qədər genişdir, bu səbəbdən digər bu cür müqavilə bağlamış ustaları da hədələyib ki, onun əleyhinə ifadə versələr, onlardan da həmin pul məbləğlərini istəyəcək, həmin işçilər də qorxusundan məhkəməyə gəlməkdən imtina edirlər. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmasını xahiş etdi, eyni zamanda bildirdi ki, iddiaçı tərəfindən Cavabdeh 20.000 manat məbləğində borc pul verilib, müqavilə notariat qaydasında təsdiqlənib, sonradan iddiaçı humanistlik edərək müqavilənin müddətini uzadıb və bu, qətiyyən pərdələnmiş əqd deyil, cavabdeh bu yollarla sadəcə qərarın icrasından yayınmağa çalışır, cavabdeh tərəfindən təqdim edilən digər çoxsaylı borc müqavilələri barədə isə məlumatı yoxdur, hər bir halda qanunvericilik bir neçə adama notarial qaydada borc verilməsini qadağan etmir. Eyni zamanda da göstərdi ki, Rübabə xanımın bu məsələyə aidiyyatı yoxdur, ola bilsin ki, o, hərdən bir həmin salona gəlib getmiş olsun, lakin bunun bu mübahisə ilə əlaqəsi ola bilməz. Bununla belə, cavabdehin nümayəndəsi iddiaçının cavabdehi haradan tanıması, əvvəllər tanımadığı şəxsə nəyə görə, həm də faizsiz olaraq borc verməsi, birinci müqavilə üzrə pulun hissələrlə hər ay qaytarılması nəzərdə tutulduğu və bu şərtə əməl edilmədiyi, yəni müqavilə müddəti ərzində hər hansı məbləğdə vəsaitin qaytarılmadığı halda, iddiaçının pulunu tələb etməməsi, eləcə də iddiaçının eyni dövrə təsadüf edən və həmin salonda işləyən digər şəxslərə də böyük məbləğlərdə borc verməsinin səbəbləri barədə hər hansı ağılabatan izah verə bilmədi. Nümayəndə eyni zaman, məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında şəxsən iştirakının zəruriliyinə dair qərar verilməsinə baxmayaraq, onun şəxsən məhkəmə iclaslarına gəlməməsi- yayınmasını, eləcə də üçüncü şəxsin də məhkəmə iclasına gəlməməsinin səbəblərini inandırıcı və ağlabatan izahını verə bilməmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia verilməmişdən qabaq müqavilə öhdəliyinin icrası barədə cavabdehə xatırlama edilib-edilməməsi, eləcə də iddiaçının istinad etdiyi borc müqaviləsinin icra müddəti çatmadığı (müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir) halda məhkəməyə müraciət edilməsinin səbəblərini də hər hansı şəkildə izah edə bilmədi.
15. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə, onun iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X2 məhkəmə iclasına gəlməmiş, yayınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
16. Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulu Cavabdeh borc vermiş, borclu Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat pulu hər ay 1700 bir min yeddi yüz) manat, lakin axırıncı ay yəni 2020-ci ilin sentyabr ayında 1300 (bir min üç yüz) manat ödəmək şərti ilə 1 (bir) il ərzində, yəni 23 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
17. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 3M1186 reyestr nömrəli kredit müqaviləsinin qaytarılmasının müddəti uzadılmış, Cavabdeh xx.xx.2022-ci il tarixədək 20.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür;
18. xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir.
19. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 15.000 (on beş min) manat məbləğində pulu X5 borc vermiş, borclu borc olaraq aldığı 15.000 (on beş min) manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
20. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 12.000 (on iki min) manat məbləğində pulu Atmaca Bilgenə borc vermiş, borclu borc olaraq aldığı 12.000 (on iki min) manat pulu xx.xx.2024-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
21. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 16.000 (on altı min) manat məbləğində pulu Atmaca Bilgenə borc vermiş, borc alan borc olaraq aldığı pulu xx.xx.2021-ci il tarixədək hər ay 667.00 manat, lakin axırıncı ay, yəni 2021-ci ilin iyul ayında 659.00 manat ödəmək şərti ilə qaytarmağı öhdəsinə götürmüşdür;
22. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində pulu X6 borc vermiş, borclu borc olaraq aldığı 2500 (iki min beş yüz) manat pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
23. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 10.000 (on min) manat məbləğində pulu X3 borc vermiş, borclu borc olaraq aldığı 10.000 (on min) manat pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür;
24. Cavabdehin təqdim etdiyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 30.000 (otuz min) manat məbləğində pulu X1 borc vermiş, borc alan krediti xx.xx.2021-ci il tarixədək hər ay 1250 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür;
25. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında keçən telefon danışığın səs yazısından məlum olur ki, iddiaçı hazırkı mübahisənin ona aidiyyətinin olmadığını, həmin pul münasibətlərinin Rübabə ilə cavabdeh arasında olduğunu təsdiq edir və cavabdehə bütün bu məsələlərini Rübabə ilə həll etməsini tövsiyyə edir.
26. Məhkəmə Kollegiyasının iclasında şahid qismində dinlənilmiş X4 qeyd etdi ki, Nərmin xanımı yaxşı tanıyır, əvvəlki salondan bir çıxıblar, danışıqlar onun yanında Rübabə xanımla olub, pul transfer haqqı kimi verilib, oradakı işçilərin çoxu ilə belə razılaşmalar olub, onlar 40-60-yə işləyirdilər, müştəridən gələn pulun yarısını administrator Yeganə xanıma verirdilər, Nərmin xanım bir il səkkiz ay orada işləyib, Fəridə xanımı onlara mühasib kimi tanıtmışlar.
27. Məhkəmə Kollegiyasının iclasında şahid qismində dinlənilmiş X7 qeyd etdi ki, pulu kimin verdiyini bilmir, lakin Nərmin xanımın ora transfer olduğunu, əvvəldən buna görə pul aldığını bilir, özü əvvəllər də Nərmin xanımın xidmətindən istifadə etmişdir, Nərmin xanım həmin salona gələndən sonra o, dəfələrlə onun yanında olmuş, Nəmin xanım həmin salonda bir ildən artıq işləmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
29. Maddə 16.1.fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
34. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
35. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
37. Maddə 740. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
40. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edilməlidir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
54. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
55. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
56. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
57. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
58. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
59. 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apellyasiya Məhkəməsinin baxışının hədləri:
60. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
62. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, cavabdehin rayon məhkəməsində işə baxılmasında iştirakı təmin edilmədiyindən, bununla da onun prosessual hüquqları pozulduğundan, MPM-in 372.2-ci maddəsinin tələblərinə əsasən onun tərəfindən təqdim olunmuş sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbulu mümkün hesab edilmişdir.
63. Məlum məsələdir ki, istənilən mülki mübahisənin düzgün həlli iddia tələbinin qanuni əsasının tapılmasından keçir.
64. Hazırkı halda iddiaçı cavabdehdən 20.000 manat pulun qaytarılmasını tələb edir və bu zaman tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edir.
65. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in 739.1-ci maddəsi təşkil edir. Həmin normada təsbit olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
66. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı madəsində qeyd olunmuşdur.
67. İddiaçının sübutları: İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi yalnız notarial qaydada bağlanmış borc müqavilələrini təqdim etmişdir.
68. İddiaçı məhkəməyə bundan başqa hər hansı sübut təqdim etməmişdir.
69. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı rayon məhkəməsində şəxsən iştirak etməmiş, apellyasiya icraatı zamanı isə zəruri olduğundan şəxsən izahat vermək üçün məhkəməyə çağrılmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş-yayınmışdır.
70. Cavabdeh iddiaya qarşı etiraz edərək onun rədd olunmasını istəyir. Cavabdehin sübutları:
71. -cavabdeh məhkəməyə etirazında istinad etdiyi hallara dair öz ətraflı izahatını; - İddiaçı ilə həmin salonda işləyən ayrı-ayrı şəxslər arasında bağlanmış 5 (beş) oxşar borc müqaviləsini; - iki şahid ifadəsini təqdim etmişdir.
72. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
73. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında da qeyd olunmuşdur.
74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
75. Həmin qərarda göstərilmişdir ki, Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
76. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
77. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
78. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
79. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
80. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
81. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarının nəticə hissəsində də təsdiq etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
82. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarıda qeyd edilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
83. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
84. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.
85. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
86. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
87. Beləliklə də Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalarla təsdiq olunan hazırkı mülki işin faktiki hallarını yuxarıda istinad olunan maddi hüquq normaları, Konstitusiya Məhkəməsinin, eləcə də Ali Məhkəmənin istinad olunan qərarlarındakı hüquqi mövqeləri əsas götürülərək, -cavabdehin iddiaya etirazındakı müfəssəl izahatı, -onun təqdim etdiyi şahid ifadələri, -eləcə də iddiaçı ilə həmin salonda işləmiş beş ayrı-ayrı şəxslə bağlanmış borc müqavilələri,-habelə iddiaçının məhkəmə iclasından yayınması,onun nümayəndəsi və vəkilinin isə cavabdehin etirazındakı dəlilləri ilə bağlı təqdim etdiyi sübutlara münasibətdə hər hansı ağlabatan və məntiqli izah verə bilməməsi, MPM-in 88-ci maddəsinin tələbləri baxımından ümumilikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin etirazı inandırıcı olmaqla əsaslıdır. Belə ki, müəyyən olunur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqavilələri iddiaçı ilə deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi R.Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərini pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqddir. Demək ki, tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqavilələri Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.
88. Cavabdehin apellyasiya şikayətinin digər, yəni birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilinə əsasən kollegiya qeyd edir ki, mülki işin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişləri zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır (iş/v. 18, 35. 45.). Lakin rayon məhkəməsi cavabdehin iştirakının təmin olunması üçün zəruri tədbirləri görməmiş, onun məhkəmədə dinlənilməsini təmin etməmiş, nəticədə də rayon məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan, o dinlənilmədən işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir.
89. “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).
90. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).
91. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Nəticə:
92. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakı və dinlənilməsi təmin olunmamış, işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, tərəflər arasındakı həqiqi münasibət araşdırılmamış, nəticədə də cavabdehin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də cavabdehin apellyasiya şikayəti təmin edilməli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
93. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
94. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2919/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov