Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-239/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1548/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 51800 ABŞ dolları ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1548/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, iddiaçı ilə aralarında olan müqaviləyə əsasən, o borcunu aylıq 200 ABŞ dolları olmaqla qaytarmalıdır. O, borcunu vaxtlı-vaxtında hər ay 200 ABŞ dolları olmaqla qaytarırdı, lakin 2020-ci ilin mart ayında axırıncı ödənişi etmiş, sonra pandemiya səbəbindən ödəniş edə bilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin 2020-ci ilin mart ayından qətnamə çıxarılan vaxta qədər olan hissədə təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4917/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməmişdir.
6. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-3930/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1830/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat dayandırılmışdır. Tərəflərin izahatı:
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
11. Mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsinə əsasən Cavabdeh İddiaçı 2010-cu ilin sentyabr ayında 65600 ABŞ dolları məbləğində pul borc aldığını və həmin borca 6100 ABŞ dolları məbləğində ödəniş etdiyini etiraf etmişdir. Cavabdeh öhdəsinə götürmüşdür ki, ümumi borc məbləğinin ödənilməmiş hissəsini – 59500 ABŞ dollarını müqavilə imzalanan tarixdən sonrakı təqvim ayının eyni günündə olmaqla hər ay 200 ABŞ dolları məbləğində İddiaçı təqdim edəcəyi bank hesabına köçürəcək. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
18. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
19. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
20. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.
21. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
22. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
27. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
36. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
39. Mülki iş materiallarında olan tərəflər arasında notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən cavabdeh iddaçıdan 2010-cu ilin sentyabr ayında 65600 ABŞ dolları məbləğində pul borc aldığını və həmin borca 6100 ABŞ dolları məbləğində ödəniş etdiyini etiraf etmişdir. Cavabdeh öhdəsinə götürmüşdür ki, ümumi borc məbləğinin ödənilməmiş hissəsini – 59500 ABŞ dollarını müqavilə imzalanan tarixdən sonrakı təqvim ayının eyni günündə olmaqla hər ay 200 ABŞ dolları məbləğində İddiaçı təqdim edəcəyi bank hesabına köçürəcək.
40. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (daha sonra MM) birlikdə götürülmüş 739.1 və 743-cü maddələri təşkil edir.
41. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. MM-in 743-cü maddəsinin tələbinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
43. Müqavilədən də göründüyü kimi tərəflər borcun müqavilə imzalanan tarixdən sonrakı təqvim ayının eyni günündə olmaqla hər ay 200 ABŞ dolları məbləğində qaytarılması barədə razılaşmışlar, iddiaçı isə hazırda icra müddəti çatmamış öhdəliyin icra olunması tələbi ilə məhkəməyə müraciət etmişdir.
44. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin normanın tələbindən də görünür ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, qanunda xüsusi göstəriş olmadıqca, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz.
45. Həmin haldan istisna isə Məcəllənin 743-cü maddəsində nəzərdə tutulmuşdur ki, həmin normaya əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
46. İddiaçı isə məhkəməyə təqdim etdiyi ərizəsində Məcəllənin 743-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gələn hər hansı hala istinad etməmiş və həmin halla bağlı, yəni borc alanın əmlak vəziyyətinin pisləşməsi və bunun da nəticəsində borcun qaytarılması üçün təhlükə yaranması ilə bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı əsaslı şübhədənkənar sübut təqdim edə bilməmişdir.
47. Cavabdeh isə öz apellyasiya şikayətində qeyd etmişdir ki, o, borc müqaviləsi üzrə axırıncı ödənişi 2020-ci ilin mart ayında etmişdir, sonradan pandemiya ilə bağlı yaranan iqtisadi çətinliyə görə ödənişləri edə bilməmiş, dayandırmışdır, hazırda 2020-ci ilin mart ayından başlayaraq rayon məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə qədərki aylıq ödənişlərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
48. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili, yəni pandemiya ilə bağlı iqtisadi çətinliklərin mövcudluğu hamıya məlum olan hal olduğundan, MPM-in 82.1-ci maddəsinin tələbləri baxımından onun sübut olunması tələb olunmur.
49. İddia ərizəsindən də görünür ki, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənişləri mütəmadi olaraq ödəmiş, sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə edilmişdir (i/v 1). 2020-ci ilin mart ayından isə ölkə ərazisində “COVİD-19” pandemiyası səbəbindən sərt karantin rejimi tətbiq olunmuş, həmin müddət ərzində müqavilə şərtlərinə müvafiq aylıq ödənişlər edilməmişdir.
50. Mübahisəyə baxmış rayon məhkəməsi işin qeyd olunan hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, nəticədə də düzgün olmayan qətnamə qəbul etmişdir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
52. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
53. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara və faktiki hallara düzgün hüquqi qiymət verməyərək nəticədə iş üzrə düzgün olmayan qənaətə gəldiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2020-ci ilin aprel ayından qətnamənin qəbul edildiyi xx.xx.2021-ci il tarixə qədər olan müddət üçün müqavilə şərtlərinə əsasən hər aylıq 200 ABŞ dolları (2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart ayları üçün) olmaqla, cəmi 12 ay üçün ödənilməyən məbləğ (12x200=2400 ABŞ dolları) 2400 ABŞ dolları tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməldir. Nəticə:
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2020-ci ilin aprel ayından qətnamənin qəbul edildiyi xx.xx.2021-ci il tarixə qədər olan hər aylıq 200 ABŞ dolları (2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart ayları üçün) olmaqla, cəmi 12 aylıq məbləğ (12x200=2400 ABŞ dolları) 2400 ABŞ dolları tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-1548/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev