Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2390/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5600 manat və 2400 manat pul vəsaitlərinin və üzərinə hesablanmış 130 manat faiz olmaqla, cəmi 8130 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-2668/20) iddia qismən təmin edilərək Cavabdeh 2400 manat məbləğində pulun İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə uzun müddət birgə sahibkarlıq fəlaiyyəti ilə məşğul olmuşdur. Belə ki, cavabdeh tapşırıq müqavilələri üzrə nümayəndə kimi məhkəmələrdə iştirak edərək vətəndaşlara hüquqi xidmət göstərməklə məşğul olmuş və o, cavabdehin köməkçisi işləmişdir. 2017-ci ilin aprel ayında cavabdeh fəaliyyətini genişləndirmək istədiyini və bunun üçün pul lazım olduğunu bildirərək ondan borca pul istəmişdir. İddiaçı ona borca 5600 (beş min altı yüz) manat pul vermişdir. Cavabdeh həmin pulları öz məqsədləri üçün istifadə etmiş, lakin borcu bu günə kimi qaytarmamışdır. 2019-cu ildə cavabdeh bildirmişdir ki, nümayənədlik institutu ləğv edilir, məhkəmə işlərinə çıxa bilməyəcəkdir, işlərini dayandırmaq təhlükəsi ilə üzləşib, fəaliyyətini davam etdirmək üçün Vəkillər Kollegiyasına üzv keçməlidir, lakin bunun üçün 10.000 manat pul tələb olunur. Cavabdeh xahiş etmişdir ki, aralarında olan isti dostluq münasibətləri naminə ona dəstək olsun, kömək göstərsin, yenidən borca pul versin, bütün borclarını bir ay müddətində birdəfəlik qaytaracaqdır. İddiaçı cavabdehə inanaraq ürək yumşaqlığı nümayiş etdirərək ona 2400 (iki min dörd yüz) manat borca pul vermiş, lakin bu dəfə cavabdehdən şəxsi dəst-xətti ilə yazılmış, xidməti vəsiqəsi əlavə edilmş qəbz (iltizam) almışdır. Həmin qəbz 21 oktybar 2019-cu il tarixdə tərtib edilmiş və onun icra müddəti bir ay olmaqla 21 noyabr 2019-cu il tarixdə tamamlanmışdır. Lakin, cavabdeh verdiyi vədlərə əməl etməmiş, iddiaçının borclarını qaytarmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz təqdim edərək iddiaçıya borcu olmadığını, qəbz vermədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 21 oktyabr 2019-cu il tarixli qəbzdə heç də 2400 manat pulun iş üzrə İddiaçı alınması göstərilməmişdir. Eyni zamanda İddiaçı əsl iddiaçı olmadığına görə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində (5600 manat) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamə yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində (2400 manat) mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya şikayəti üzrə mübahisələndirilən həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin edilən hissəsində) ləğv olunmalı və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya qaydasında mübahisələndirilən hissədə iddiaçının tələbi cavabdehdən 2400 manat pulun tutulması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən verilmiş qəbzə, hüquqi əsası kimi isə Mülki Məcəllənin 448, 739.1, 740-cı və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehdən 2400 manat pulun tutulması hissəsində təmin edərkən mötəbər sübut kimi iş materiallarında olan 21.10.2019-cu il tarixli qəbzə istinad etmiş və Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 752.1, 769-cu maddələrini rəhbər tutaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətləri olmasını təsdiq edən mötəbər sübut kimi iş materiallarında olan 21.10.2019-cu il tarixli qəbzə istinad etməkdə haqlı olmamışdır. Belə ki, qəbzin məzmunundan da göründüyü kimi Cavabdeh bu qəbzi iddiaçıya deyil, X2 adlı şəxsə vermiş və 2400 manat borcu da X1 aldığını bildirmişdir. Qəbzi İddiaçı şahid kimi imzalamışdır. Belə olan halda, həmin qəbz cavabdehin iddiaçıdan 2400 manat borc almasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən, məhkəmə iş materiallarına əlavə edilmiş ərizəyə istinad etmişdir. Həmin ərizə Cavabdeh adından məkhəməyə ünvanlanmış və göstərilmişdir ki, 2400 manat borcu olduğuna Cavabdeh qaytaracağına söz vermiş, lakin hazırda maddi imkanı yoxdur. Birinci instansiya məhkəməsi bu ərizənin məzmununa diqqət yetirmədən onu etiraf kimi qəbul etməklə səhvə yol vermişdir. Əvvəla, həmin ərizənin məzmunu aydın deyildir. Belə ki, ərizə Cavabdeh adından yazılsa da, ərizənin mətnində borcun cavabdehə deyil, elə özünə qaytarılacağına söz verildiyi göstərilmişdir. Göründüyü kimi, ərizənin məzmunu aydın olmadığından ərizəçinin niyyəti qeyri-müəyyən qalmışdır. Digər tərəfdən, həmin ərizənin təqdim edildiyi məhkəmə iclasının protokolunda Cavabdeh izahatında 2400 manat məbləğində borcu qəbul etməməsi, həmin məbləği başqa şəxsdən aldığı göstərilmişdir. Protokolun 2-ci səhifəsinin 1-ci abzasında isə ərizənin cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən təqdim edildiyi göstərilmişdir ki, bu da tamamilə qəbuledilməzdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh 2400 manat məbləğində borc verməsinə dair mötəbər sübut təqdim edilmədiyindən həmin hissədə iddia əsaslı hesab edilə bilməz və təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin halları düzgün müəyyən olunmadığından maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, məhkəmənin istinad etdiyi bəzi normaların (Mülki Məcəllənin 752.1, 769-cu maddələri) hazırkı iş üzrə mübahisəyə ümumiyyətlə aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə qismən (iddianın təmin edilən hissəsində) ləğv olunmalı və iddia tələbi həmin hissədə təmin edilməməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh 2400 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2390/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2390/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver