Məhkəmə qərarları › İş №2(103)-2394/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2394/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2394/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 bankdan illik 32%-lə 24 ay müddətinə 5350 ABŞ dolları məbləğində kredit götürdüyünü, kredit müqaviləsinin müddətinin 29.06.2017-ci il tarixdə bitdiyini, borcun təminatı olaraq Cavabdeh2 ilə 03.09.2014-cu il tarixli zaminlik müqaviləsi bağlandığını, 03 iyun 2019-cu il tarixinədək Cavabdeh1 banka 1369,20 ABŞ dolları əsas, 1477,32 ABŞ dolları faiz, 4399,8 ABŞ dolları cərimə borcunun, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 312,3 ABŞ Dolları borcun, ümumilikdə isə 7558,62 ABŞ dolları məbləğində borcunun yarandığını, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlərin borcu ödəməkdən boyun qaçırdıqlarını bildirmiş, buna görə də cavabdehlərdən cəmi 7558,62 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1369,20 ABŞ dolları əsas, 1477,32 ABŞ dolları faiz, müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 31,3 ABŞ dolları məbləğində faiz, 130 ABŞ dolları cərimə, 3007,82 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini borcunu ödəməkdən imtina etmədiyi, lakin kredit borcunun düzgün hesablanmadığı, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyü halda, Fərmanın ona şamil edilmədiyi, işə iştirakı olmadan baxıldığı, sübutlara düzgün qiymət verilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətini müdafiə edərək ədalətli qətnamə çıxarılmasını və borcunun məbləğinin azaldılmasını xahiş etmiş, digər cavabdeh də eyni mövqedən çıxış etdiyini bildirmiş, iddiaçı bankın nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, iddiaçı bank isə qətnamədən şikayət verməmişdir; bu isə o deməkdir ki, qətnamə iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 31,3 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh1 tutulması” hissəsində ləğv olunmalı, əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, hazırkı apellyasiya baxışının predmeti olan qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 32% ödəmək şərtilə 5350 ABŞ dolları kredit verilmiş, 03 iyun 2019-cu il tarixinə onun kredit müqaviləsi üzrə 1369,20 ABŞ dolları əsas, 1477,32 ABŞ dolları faiz, 4399,8 ABŞ dolları cərimə borcunun, müqavilənin bitdiyi tarixdən 03.06.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 312,3 ABŞ dolları borcunun, ümumilikdə isə 7558,62 ABŞ dolları məbləğində borcunun yarandığı hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiya borcun düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlillərini qismən əsaslı hesab edir – belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi 03.09.2016-cı il tarixinə cavabdehə hesablanmalı olan əsas borcun 3128,18 ABŞ dolları, faiz borcunun 206,41 ABŞ dolları təşkil etdiyi, müqavilə müddətinin başa çatmasından sonra onun 352,43 ABŞ dolları ödəniş həyata keçirdiyi, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının tələblərinə uyğun olaraq borcunun 1854,64 ABŞ dolları hissəsinin kompensasiya edildiyi (silindiyi), beləliklə də müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz hesablanmaqla 1165,75 ABŞ dolları əsas, 906,96 ABŞ dolları borcunun qaldığı apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehdən, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz də nəzərə alınmaqla 1165,75 ABŞ dolları əsas, 906,96 ABŞ dolları borc tutula bilər; cərimə borcunun məbləği isə mütənasib həddədək azaldılmışdır. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır; apellyasiya baxışı zamanı yaranmış xərclər isətərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2461/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi “müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 31,3 ABŞ dolları məbləğində faiz borcunun Cavabdeh1 tutulması” hissəsində ləğv olunsun. Qətnamə “Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1369,20 ABŞ dolları əsas, 1477,32 ABŞ dolları faiz, ümumilkdə isə 3007,82 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan əsas borc 1165,75 ABŞ dolları, faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün illik 5 faiz də nəzərə alınmaqla) 906,96 ABŞ dolları, cəmi borc məbləği isə 2202,71 (iki min iki yüz iki dollar 71 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilsin. Qətnamə hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 100 (yüz) manatın 50 (əlli) manatı ləğv prosesində olan İddiaçı ASC-dən, 50 (əlli) manatı isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar