Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2396/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, 13 fevral 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1580 saylı bağ sahəsində tikilmiş bağ evinin dəyərindən 67.500 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 292,50 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5685/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5685/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamənin surəti məhkəmədə nümayəndəsi olan Vəkil2 göndərilsə də həmin qətnamənin alınması barədə ona məlumat verməmişdir. Məhkəmə tərəfindən qətnamənin surəti iddiaçıya göndərilməmişdir. Nümayəndəsindən bu barədə soruşduqda Bakıdan kənarda olduğunu bildirərək, qətnamənin surətini məhkəmədən alıb, apellyasiya şikayəti verə biləcəyini bildirmişdir. O, bu barədə məlumat alan kimi həmin gün, yəni xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsindən qətnamənin surətini almış və nümayəndəyə verdiyi etibarnaməni ləğv etdirmişdir. Apellyasiya şikayəti tərtib edib xx.xx.2025-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Hesab edir ki, nümayəndəsinin ona vaxtında məlumat verməməsi səbəbindən əgər apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət keçmişdirsə onun təqsiri olmadan baş vermişdir. Odur ki, həmin müddət üzürlü sayılaraq, bərpa edilməli və apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, 13 fevral 2025ci il tarixli qərardadı ilə iddiaçı X4 tərəfindən verilmiş Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadından görünür ki, cavabdehin apellyasiya şikayətinin tərtib edilərək məhkəməyə təqdim edilməsi zamanı hüquqi yardım alması və bu zaman apellyasiya şikayətinin tərtibində gecikmənin olduğunu müddətin ötürlüməsinin üzrlü halı kimi qəbul etmişdir. Cavabdeh Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, 13 fevral 2025ci il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə müddətin bərpasını təmin edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, nə iş materiallarında, nə də cavabdehin verdiyi izahatda müddətin ötürülməsinin üzrlü sayılacaq bir dənə də olsun səbəbi göstərilməmişdir. Məhkəmə formal mülahizələrlə işin cavabdeh tərəfindən süründürməçiliyinə şərait yaratmış və cavabdehin hüququndan sui-istifadəsinə göz yummuşdur. Müddətin bərpası ilə bağlı ərizəyə etirazını bildirərkən də qeyd etdiyi kimi cavabdeh apellyasiya şikayətində qeyd etdiyi hallar birinci instansiya məhkəməsində bildirdiyi halların təkrarı və qətnamənin dəyişdirilməsinə əsas olmayan hallar olmaqla yanaşı sadəcə hüququndan sui-istifadə etməklə əsassız məhkəmə süründürməsinə hesablanmışdır. Bununla yanaşı cavabdeh müddətin ötürülməsi ilə bağlı heç bir üzrlü səbəb gətirməmiş (və ya sübut təqdim etməmiş), məhkəmə şifahi sözlərə əsasən müddəti bərpa etmişdir. Belə ki, cavabdeh guya vəkillə müqavilə bağladığını və həmin vəkilin müqavilə bağladıqdan sonra rayona getdiyindən, şikayət müddətini üzrlü səbəbdən ötürülməsini əsas gətirərək müddətin bərpa edilməli olduğunu vurğulamış, qətnaməni vəkil kabinetinə yükləndiyindən prosesə nəzarətini bilavasitə həyata keçirilməsinin mümkün olmamasını bildirmişdir. Halbuki, izahatında aydın olur ki, artıq qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsindən xəbərdar olmuş, lakin qərarın qüvvəyə minmə tarixindən sonra, yəni 30 yanvar birbaşa əldə edərək, şikayət hüququndan istifadə etmişdir. Göründüyü kimi, iddiaçının prosessual hüquqlarından sui-istifadəsi faktı mövcud olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, 13 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı tərəfindən verilmiş Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair verilmiş ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarındakı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, qanunvericiliyin tələblərinə görə iddiaçı və onun nümayəndəsi və vəkilinin həmin qətnamədən şikayət vermək üçün qeyd olunan tarixdən etibarən 1 ay müddətləri olmuşdur. İddiaçı nümayəndəsi və vəkili tərəfindən aldadıldığını və etibarnaməsini ləğv etdirdikdən sonra apellyasiya şikayəti verdiyini, bu səbəbdən müddətin bərpa edilməli olduğunu bildirsə də, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixədək bunların heç biri olmamış, iddiaçı məhkəmə qətnaməsini qəbzə imza etməklə xx.xx.2025-ci il tarixdə, yəni qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən 4 gün sonra (xx.xx.2025) əldə etmiş, vəkilə verdiyi etibarnaməni də həmin tarixdən sonra ləğv etdirmiş, apellyasiya şikayəti isə yalnız xx.xx.2025-ci il tarixdə təqdim olunmuş və beləliklə, müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qətnamə iddiaçının vəkili və nümayəndəsinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildiyindən və xx.xx.2025-ci il tarixədək şikayət vermə müddəti olduğundan, o cümlədən həmin müddət ərzində vəkil həm də nümayəndə kimi hələ də səlahiyyətli olduğundan, iddiaçının qeyd etdikləri müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməli, İddiaçı tərəfindən verilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5685/2024 saylı, 13 fevral 2025ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı tərəfindən verilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5685/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-2396/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2396/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver