Məhkəmə qərarları › İş №2(103)-2397/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2397/2022

18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2397/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2021 saylı işi üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək 33100 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: ölüm haqqında şəhadətnaməyə əsasən, X3 06 yanvar 2014-cü il tarixdə ölmüşdür; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(007)-557/2015 nömrəli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 saylı evə köçürülməsi, İddiaçı ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2015-ci il tarixli, 2(103)-4798/2015 nömrəli qətnaməsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli, 2(007)- 557/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 fevral 2016-cı il tarixli, 2(102)-757/16 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2015-ci il tarixli, 2(103)-4798/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 10/159 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 nömrəli evdə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri, təqribən 2004 manat məbləğində müəyyən olunmuş, lakin mənzildə aparılmış tikinti-təmir işlərinin hansı illərdə başlanması və hansı illərdə bitməsi və tikinti-təmir işlərinin aşınma faizinin tədqiq edilməsi mümkün olmamış, ekspertiza xərci 100 manat müəyyən edilmişdir. (iş.səh.4,5, 10, 18, 152 ) . Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2021 saylı işi üzrə 03.09.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilkin olaraq iddia ərizəsində mərhum ev sahibinə qulluq etdiyini, sağlamlığının qeydinə qaldığını və bunun müqabilində mərhumun yaşadığı evi ona verəcəyini vəd etdiyini bildirmiş, mərhum ilə iddiaçı arasında bir növ patronaj münasibətləri olmuş, lakin bu münasibət rəsmiləşdirilməmişdir. İddiaçının qeyd etdiyinə görə mərhumun sağlamlıq imkanları məhdud olmuş və o, mərhumun bütün xərclərini çəkmişdir. Məhkəmə, iddiaçının bu hərəkətləri etməsini mümkün hesab etsə də, iddiaçı qeyd olunan halları təsdiq edəcək tibbi sənəd, ödəniş çeki, pul köçürmə qəbzi, kassa mədaxil orderi və s. bu kimi pul ödənişlərinin edilməsini təsdiq edən hər hansı sənəd və ya sənədləri iddia ərizəsinə əlavə etməmiş, habelə məhkəmə iclaslarında təqdim etməmişdir. Halbuki MPM-nin 77-ci maddəsini tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İddiaçının mərhumun sağlamlığının qeydinə qalmasını inandırıcı qəbul edir. Bununla yanaşı qeyd edilməlidir ki, həm iddiaçının, həm də şahidin ifadəsindən məlum olur ki, iddiaçı həmin evdə kirayə yaşasa da, heç bir kirayə haqqı ödəməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının mərhumun sağlamlığının qeydinə qalması və xərc çəkməsi sırf vicdani münasibətlərin göstəricisi kimi qəbul edilməlidir. İddiaçının mərhum üçün xərclər çəkməsi qəbulediləndir, lakin yuxarıda sadalanan hallara görə həmin xərcin məbləği müəyyən deyil. Eyni zamanda hazırkı mərhələdə həmin xərcin məbləğinin müəyyən edilməsi məhkəmə üçün heç bir əhəmiyyət kəsb etmir, çünki iddiaçının tələbi əsassız varlanmadır və onun iddiası da bu hissə ilə bağlı göstərdikləri cavabdehin varlanması ilə əlaqəli deyil. İddiaçının qulluq etdiyi şəxs cavabdeh deyil, eyni zamada iddiaçı ilə cavabdeh arasında mərhumun saxlanılması ilə bağlı hər hansı müqavilə, sözləşmə də olmamışdır. İşdən aydın olur ki, iddiaçı həmin hərəkətləri məcburi deyil, könüllü etmişdir. Yəni, iddiaçının çəkdiyi həmin xərclərin qarşılığında cavabdeh heç bir maddi, mənəvi üstünlük əldə etməmiş, hər hansı mənfəət güdməmiş, heç bir imtiyaz qazanmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, mərhuma çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi əsassız və qanunsuzdur. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsində yerləşən 21 nömrəli evdə aparılmış təmir işlərinin dəyərinin cavabdehdən tutulması hissəsini də əsassız hesab edir. Belə ki, iş materiallarında aydın olur ki, iddiaçı həmin evdə 2008-ci ildən 2016-cı ilədək yaşamışdır. Eyni zamanda o da müəyyən olunur ki, bu müddət ərzində şəxs həmin evdə yaşamağına görə heç bir haqq (kirayə haqqı, renta və s) ödəməmişdir. İddiaçı ilə mərhum arasında olan münasibətlərin mahiyyətindən aydın olur ki, şəxs kirayə haqqı ödəmədiyi üçün mərhumun sağlamlığının qorunmasına tədbirlər görülməsi üçün maddi vəsait sərf etmişdir. Belə olan halda şəxsin 8 ildən çox müddətdə yaşadığı evdə təmir işləri aparması, həmin mənzilin istismarının davamlılığını artırmağa, yəni yaşamaq üçün müəyyən səviyyədə saxlamağa yönəlmişdir. Yuxarıda şərh olunan məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, evdə aparılmış işlər sırf mənzilin yaşamağa yararlı vəziyyətdə saxlanılmasını təmin etmək üçün edilmişdir (məsələn divarların, tavanın, döşəmənin boyanması, elektrik xəttinin çəkilməsi). İddiaçının mənzlinin təmirinə xərclədiyi pul mənzilin daha yaxşı vəziyyətə gətirilməsindən daha çox özünün və ailə üzvlərinin həmin mənzildə yaşamasını təmin etmək olmuşdur. Ekspert rəyi ilə həmin təmirin nə vaxt edildiyi isə məlum deyil. İddiaçının hərəkətləri nəticəsində cavabdeh heç bir gəlir və ya mənfəət əldə etməmişdir. Cavabdeh yalnız qanunun tələbləri baxımından ona mənsub olan evdən iddiaçının çıxarılmasını tələb etmişdir ki, onun da tələbi qanunauyğun formada təmin edilmişdir. Cavabdehin qanunun yol verdiyi həddlərdə özünə çatmalı olan əmlaka, yəni indiki halda mənzilə sahib olması onun əsassız varlanması deyil. İddiaçı cavabdehin varlanması ilə əlaqədar heç bir hərəkət etməmişdir, əksinə özünün də bildirdiyi kimi, cavabdehi 2015-ci ildən, yəni mərhumun ölümündən sonra tanımışdır. Buna görə də, məhkəmə hesab edir ki, mənzilin təmirinə edilmiş xərclərin cavabdehdən tələb edilməsi də əsassız və qanunsuzdur. Hazırkı işdən isə görünür ki, cavabdeh varlanan şəxs kimi qiymətləndirilə bilməz, yuxarıda göstərildiyi kimi, mərhumun sağlamlığına xərclənmiş vəsait, mənzilin təmir olunması cavadehin əsassız varlanması deyil. Buna görə hazırkı işə əsassız varlanmanı müəyyən edən normaların tətbiqi mümkünsüzdür. İddaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 2(007)-21/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 357, 363.1.5, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmənin göstərdikləri ilə gəldiyi nəticə bir-birnə tamamilə ziddir. Cavabdeh heç nədən, sadəcə mənzilə qeydiyyatı olması ilə özünə aid olmayan, cavabdehin xərc qoyduğu mənzili əldə etmişdir. Cavabdehin özünün iddiaçının iddia ərizəsinə verdiyi etirazında bildirir ki, mərhum X3 onun atasının arvadı olmuşdur. Onun ölümündən sonra vərəsəlik açılmamış və ondan heç bir əmlak ona keçməmişdir, ümumiyyətlə o, X2 vərəsəsi deyildir. Belə olan halda onun mərhumun başqasına vəd edilmiş mənzilini ələ keçirməsini necə adlandırmaq olar. Axı həmin mənzilə və mərhumun sağlamlığına xərc çəkməyi iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və şahid ifadələri ilə sübut olunur. Çəkdiyi xərclərin qarşılığında cavabdeh onu mərhum tərəfindən vəd edilmiş mənzildən çıxarmaqla həm maddi, həm mənəvi üstünlük əldə etmiş, burada o, həm mənfəət güdmüş və həmdə imtiyaz qazanmışdır (mənzil əldə etmişdir). Bu səbəbdən də mərhuma çəkdiyi xərcləri cavabdehdən tələb etməyi əsaslı və qanunidir. Görəsən məhkəmə haradan müəyyən etmişdir ki, o, mənzilə görə kirayə haqqı ödəməmiş və bunun əvəzində mərhumun sağlamlığının qorunması üçün vəsait xərcləmişdir. Kirayə haqqı ödəməməyi haqda iş materiallarında heç bir fakt yoxdur. Şəxs nə vaxtsa kirayədə yaşadığı evdən çıxacağını bilə-bilə hansı səbəbdən onu təmir etməlidir. O, həmin evdə yaşayanda tək olmuş, ailəsi olmayıb və mənzilin də hər hansı bir səbəb olmadan təmir etməyi özü ağlasığmaz görünür. Bildirdiyi kimi mənzili ona görə təmir etmiş və mərhumun sağlamlığına xərc çəkmişdir ki, mərhum həmin mənzili ona verəcəyini vəd edib. Ekspertiza qarşısında isə mənzilin təmirinin nə vaxt edilməsi barədə sual qoyulmayıb ki, məhkəmə bu hala da istinad edir. 2016-cı ilə kimi həmin mənzildə yaşamayan, atasının evləndiyi adama məxsus olan mənzilə sadəcə bir pasport qeydiyyatı ilə sahib olan, ev sahibinin dəfnində iştirak etməyən, onun il mərasimi təşkil etməyən bir şəxs həmin mənzili əldə edəndə əlbəttə ki, qazanıb da, gəlir də, mənfəət də əldə edib. Belə çıxır ki, həmin mənzilin heç bir dəyəri və qiyməti olmayıb. Heç nədən mənzil əldə edilməsi əsassız varlanma deyil bəs nədir? Bunu necə adlandırmaq olar? Belə çıxır ki, hərəkəti nəticəsində cavabdeh varlanmışdır. Bəli, o, cavabdehi 2015-ci ildən sonra tanımış, bu isə o deməkdir ki, 2008-ci ildən yaşadığı və xərc qoyduğu mənzilə hüququ cavabdehin hüququndan çoxdur. Lakin, məhkəmə adi pasport qeydiyyatı ilə onun mənzilə hüququnu tanıyıb. Lakin, bu o demək deyil ki, cavabdeh mənzilin təmirinə çəkdiyi xərci ödəməməlidir. Mənzilin təmirinə etdiyi xərcləri cavabdehdən tələb etməyi əsaslı və qanunidir. Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə istinad etməsi özü əsassızdır. Belə ki, cavabdehin əsassız varlanması iş materialları ilə sübut olunur. Bundan əlavə, məhkəmə iddia ərizəsinin 2017-ci ildə icraata qəbul edilməsini əsas götürərək işin tam araşdırılmasına imkan verməmiş, məhkəmə prosesinin bu qədər uzanmasının səbəblərini araşdırmamış, cavabdehin məhkəmə iclaslarına gəlməməsini nəzərə almamış, əlavə eksperiza keçirilməsi barədə vəsatətini təmin etməmiş, əlavə sübutların təqdim edilməsi üçün şərait yaratmamışdır. Bir iclas ərzində etdiyi qərəzli hərəkətlərə görə Hakimə etiraz hansı səbəbdənsə təmin edilməmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixl 2(007)-21/2021 saylı qətnaməsi qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Belə ki, Məhkəmənin qətnaməsini əsaslandırmaq üçün yeganə olaraq istinad etdiyi Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1091-ci maddəsi iddiaçının iddia tələbinə münasibətdə düzgün tətbiq edilməmişdir. Maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və pozulduğundan tətbiq edilən prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, mülki qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. O, öz tələblərinin və etirazlarımın əsası kimi istinad etdiyim halları sübut etmişəm. Məhkəmə sübutlara obyektivqərəzsiz, hərtərəfli və tam baxmalı olduğu halda, məhkəmə tərəfindən sübutlara qeyriobyektiv, qərəzli baxılmış, həmin sübutlara tətbiq edilməli hüquq normalarının tələbləri pozulmuşdur.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, mübahisəli mənzildə 2002-ci ildə kirayə yaşadığını, sonradan qardaşı əsgərlikdən gəldiyindən həmin evdən çıxaraq başqa bir evdə kirayə yaşadıqlarını, 2008-ci ildə mərhum X2 onunla əlaqə saxlayaraq, yoldaşının vəfat etdiyini, ona qulluq edəcəyi halda mənzili ona verəciyini bildirdiyini, mərhumun onu qeydiyyata salmaq niyyətində olduğunu, mənzilin başqa bir sahibinin olması və ya qeydiyyatda digər bir şəxsin olması ilə maraqlanmadığını, məqsədinin mərhuma baxmaq və evə sahib olmaq olduğunu, mərhumun qeyd edilən ümumi həyətdə olan evin başqa təcrid olan evlə dəyişdirmək istəyinin olmasının ölümü nəticəsində mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, mənzilin özbaşına tikili olduğunu, bir torpaq sahəsində bir neçə mənzilin olduğunu və mənzillərin hamısının 21 saylı olaraq qeyd edildiyini, digər məhkəmə çəkişməsi zamanı cavabdehin hansı mənzilə dair tələb irəli sürməsinin tam müəyyən edilmədiyini, iddiaçının mərhuma baxması və iddiaçı tərəfindən mənzilin təmir edilməsinin şahid ifadələri ilə təsdiq edildiyini, ən azından ekspert rəyi ilə təsdiq edilən məbləğin tutulmalı olduğunu, cavabdehin və onun bacısının həmin evə gedib-gəlməsinin şahidlər tərəfindən təsdiq edilmədiyini, cavabdehin həmin mənzilə heç bir hüququnun olmadığını bildimişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllnin 21.1, 39, 139-158, 1091 -1098, 1133,1134,1151, 1153, 1159, 1251, 1306; Mülki Prosessual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə əsasən, Mülki Məcəllənin 1091-ci maddəsinin iddiaçının iddia tələbinə münasibətdə düzgün tətbiq edilməməsi, çəkdiyi xərclərin qarşılığında cavabdehin onu mərhum X3 tərəfindən vəd edilmiş mənzildən çıxarmaqla həm maddi, həm mənəvi üstünlük əldə edərək mənfəət və imtiyaz qazanmış olması (mənzil əldə etməsi) ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddia edilən münasibətləri, habelə ekspert rəyi ilə müəyyən məbləğ üzrə çəkilən xərclərin də məhz iddiaçı tərəfindən həyata çəkilməsi və digər çəkilən xərclərlə bağlı sübutlar (müqavilə, qəbz və s.) təqdim edilməmiş, ən əsası isə cavabdehin mülki məsuliyyətini müəyyən edən faktiki və hüquqi əsaslar müəyyən edilməmişdir. Ümumiyyətlə iddiaçı əsassız varlanma obyektinin hüquqi statusunu, onun qaytarmaq hüquq və vəzifələrini, məhrum olanın hansı hüququnun olmasına, habelə cavab verməli olan şəxsin hüquq və vəzifələrinə dair sübutedici dəlillər müzakirəyə təqdim etməmişdir. Ekspertiza rəyinin mötəbərliyini şübhə altına alan, habelə əlavə ekspertizanın təyin edilməsinə əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2021 saylı işi üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar