Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-24/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlundan və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-57/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/E saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/E saylı kredit müqaviləsi üzrə Cavabdeh 43.250 manat əsas, 11.243 manat faiz və 1.000 manat cərimə olmaqla, cəmi 55.493 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5133 vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Əmircan qəsəbəsi, T.Bayram küçəsində yerləşən 37.9 kv.m tikintialtı sahədən ibarət 49 D nömrəli qeyri-yaşayış binasına yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi və əmlakın ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edərək, İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/E saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/E saylı kredit müqaviləsi üzrə Cavabdeh 43.250 manat əsas, 18.992 manat faiz və 1.000 manat cərimə olmaqla, cəmi 63.243 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın İddiaçı ASC ilə cavabeh Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/EG saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh adma daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5133 vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Əmircan qəsəbəsi, T.Bayram küçəsində yerləşən 37.9 kv.m tikintialtı sahədən ibarət 49 D nömrəli qeyri-yaşayış binasına yönəldilməsi və əmlakın ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 24% olmaqla 45.000 manat məbləğində kredit verilmişdir. Həmin Kredit Müqaviləsinin təminatı olaraq 11 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən 37.9 kv.m tikintialtı sahədən ibarət 49D nömrəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh nəzərdə tutulmuş müddətdə və qaydada əsas kredit məbləğini və ona hesablanmış faizləri Banka ödəməli idi. Lakin o, müqavilə üzrə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və bununla da Kredit müqaviləsinin şərtlərini pozmuşdur. Cavabdeh dəfələrlə şifahi və yazılı qaydada öhdəliklərin icrasının təmin edilməsi üçün xəbərdar edilsə də, o, kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 43.250 manat məbləğində əsas borc, 18.107,97 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 61.487,97 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh tutulmalı olan cəmi 61.487,97 manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsində yerləşən 49D nömrəli qeyri-yaşayış binasına yönəldilməsi və həmin qeyri-yaşayış binasının açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasına tutmanın yönəldilərək satıldıqdan sonra ən geci bir ay ərzində həmin qeyri-yaşayış binasının boşaldılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla bağlanmış kredit müqaviləsinə əsasən o, 45000 manat məbləğində kredit götürmüş və ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Əmircan qəsəbəsi, T.Bayram küçəsində yerləşən 37.9 kv.m. tikintialtı sahədən ibarət 49 D nömrəli qeyri-yaşayış binasını bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin əslində isə həmin pulu şəxsən o deyil, başqa bir şəxs götürmüş, sadəcə onun əmlakı həmin zaman orada ipoteka ilə yüklü edilmişdir. O, öz əmlakını ipoteka ilə yüklü edən zaman buna könüllü razılıq versə də, Bankın daha təcrübəli biri olmasına inanıb, kredit götürən şəxsin həmin pulu qaytaracağına əmin olduqlarına görə həmin krediti verdiklərini düşünmüşdür. Onun mənzili bazar qiyməti Bankın qiymətləndirdiyi 44000 manatdan daha da artıq olmasına baxmayaraq bank onun mənzilini 45000 manat dəyərləndirərək əmlakın ipoteka ilə yüklü edilməsinə nail olmuş, bu səbəbdən də iddiaçı kreditin ödənilməsində artıq maraqlı olmamışdır. Yəni, banka kreditin ödənilməsi həmin kreditin ödənilməməsindən daha da sərfəli olmuşdur. Belə ki, kredit məbləği ödənilməyəndə Bank onu məhkəməyə verərək qeyri-yaşayış sahəsi açıq hərracda satılmasına nail olacaq və hərracda da, mənzilin dəyərinin 30 % aşağı düşməsinə şərait yaradaraq mənzili dəyər-dəyməzinə alacaqdır. Göründüyü kimi, 90000 manat dəyərində olan mənzili Bank 45.000 manata dəyərləndirərək, həmin məbləğin də 30% çıxmaq şərti ilə, demək olar ki, 30000 manata, yarı qiymətinə alaraq artıq Bank buradan 30000 manat qazanacaqdır. Məhz Bank bunu əvvəlcədən planlaşdırmaqla onun naşılığından istifadə etmiş, borc məbləğini bir-iki ay gecikdirən kimi, heç müqavilə müddətinin bitməməsinə baxmayaraq kredit məbləğinin ipoteka predmetinə yönəldilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə onun iddianı qəbul etmədiyi halda ona dəbbə pulu da hesablamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması təyin edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdu ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4338/2019 saylı 29 may 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat Cavabdeh hüquq varisi müəyyən edilənədək dayandırılmış, keçən müddət ərzində mərhumun oğlu X1 xx.xx.2019cu il tarixli ərizəsi əsasında vərəsəlik işinin açıldığı, lakin miras əmlakın üzərində həbs olduğuna görə həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Sonradan məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli qərardadla mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən artıq vaxt keçdiyini və iddiaçının tələbinin gözlənilən əmlak hüququnun reallaşmasına (bu hüququn maddiləşməsinə) yönəldiyini, eyni zamanda mülki prosessual qanunvericiliyin müvafiq normalarının hüquq varisliyinə yol verdiyini nəzərə alaraq hazırki işdə sıradan çıxmış cavabdeh Oktay Kərimovun onun hüquq varisi- oğlu X2 ilə əvəz olunması, bununla bağlı mülki işin icraatın təzələnməsini qərara almışdır. Məhkəmə kollegiyasının digər- xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki işdə ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin ekspertiza təyin etməməsi, hazırda ipoteka predmetinin satış qiymətinin apelyant tərəfindən mübahisələndirildiyi, həmin ipoteka predmetinin qiymətinin ipoteka müqaviləsində qiymətləndirilsə də, həmin qiymətin Bankın öz rəyi əsasında müəyyənləşdirildiyi, ilk dəfə ipoteka qiyməti apellyasiya baxışında mövcud bazar qiyməti ilə qiymətləndirilsə də, bu qiymətləndirmənin 2019-cu ildə aparıldığı və həmin dövrdən iki il müddət keçdiyi, həmçinin məhkəmə təcrübəsinin oxşar işlər üzrə daşınmaz əmlakın likvid dəyərinin müəyyən edilməsi istiqamətində dəyişdiyi nəzərə alınaraq ipoteka predmetinin hazırki dövrə mövcud bazar qiymətinin və likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən müvafiq ekspert rəyi daxil olduğu üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə proseslərində iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə proseslərində verdiyi izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin “dəbbə pulunun” cavabdehdən tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddianın təmin olunmadığı hissədə iddiaçı mübahisələndirməmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 27 noyabr 2017-ci il tarixli maliyyə arayışına əsasən borcalan Cavabdeh 11 dekabr 2015-ci il tarixli Müqavilə üzrə 27 noyabr 2017-ci il tarixinə borcverən İddiaçı ASCyə 43.250 manat məbləğində əsas borc, 18.992 manat məbləğində faiz borcu və 1.000 manat məbləğində cərimə borcu vardır. 11 dekabr 2015-ci il tarixli 432/EG saylı İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC və ipoteka qoyan və bordan Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsində yerləşən 0,0182 ha torpaq sahəsində yerləşən 49 D nömrəli, 34.2 kv.m ümumi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka qoyan Cavabdeh tərəfindən ipoteka saxlayan İddiaçı ASC qarşısında yüklü edilmişdir. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Tofiq Bayram küçəsində yerləşən 49 D nömrəli qeyri-yaşayış binası mülkiyyət hüququ İddiaçı-ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu 15 dekabr 2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 55 nömrəli reyestr kitabının 5133 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka predmeti olan həmin qeyri-yaşayış binasına dair İddiaçı ASC-nin tutmanın yönəldilməsi haqqında bildirişi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Dövlət Büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 17 iyul 2018-ci il tarixli 2656 saylı ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2015-ci il tarixli 432/E saylı Kredit müqaviləsi üzrə 27 noyabr 2017-ci il tarixədək İddiaçı ASC-yə 43274.34 manat əsas borc və 18107.97 manat faiz borcunun olması müəyyən edilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə ödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin tələb etdiyi borc məbləği cavabdeh tərəfindən ödənilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 448.1, 462.1, 465.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 39.1, 41.2, 59.3-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbini ipoteka predmetinə tutma yönəldilməsi hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə borclunun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas və faiz borcu cavabdeh Oktay Kərimovdan iddiaçının xeyrinə tutma ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməli, qeyri-yaşayış binası açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllə həmçinin müəyyən edir ki, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (maddə 269.5). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (maddə 295). Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. (296.1) Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər (maddə 297). Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. (maddə 317). Belə ki, tərəflər arasında mübahisənin yarandığı dövrdə qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə müvafiq olaraq əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin mövcud olubolmadığını araşdırmamış və qətnamədə ipoteka predmetinin satış qiymətini tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, həmin müqavilənin 2.3-cü bəndi ilə ipoteka predmetinin dəyəri 100000 manat göstərilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qanunun birbaşa göstərişinə baxmayaraq qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanuna əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Apellyasiya baxışı zamanı ipoteka predmetinin mövcud bazar qiyməti "xxxx" MMCnin verdiyi G-04/19-128 saylı xx.xx.2019-cu il tarixli rəyə 24 aprel 2019-cu il tarixinə 51000 manat, faktiki vəziyyətə isə 270000 manat məbləğində qiymətləndirilsə də, həmin vaxtdan 3 il müddətin keçməsini, həmçinin məhkəmə təcrübəsinin oxşar işlər üzrə daşınmaz əmlakın likvid dəyərinin müəyyən edilməsi istiqamətində dəyişdiyi nəzərə alaraq Kollegiya ipoteka predmetinin hazırki dövrə mövcud bazar qiymətinin və likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. "xxxx" MMC-nin verdiyi G-02/22-040 saylı xx.xx.2022-ci il tarixli rəyə əsasən ipoteka predmetinin 21 fevral 2022-ci il tarixə sənəd üzrə bazar qiyməti 20000 manat, sənəd üzrə likvid dəyəri 18000 manat, faktiki vəziyyətinə görə bazar qiyməti 118000 manat və faktiki vəziyyətinə görə likvid dəyəri 112000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, sözügedən daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş G-04/19-128 saylı xx.xx.2019-cu il tarixli rəy ilə xx.xx.2022-ci il tarixdə verilmiş rəy arasında kəskin ziddiyyət mövcud olduğun Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 24/2022 saylı 09 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, bundan sonra "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 32-496/22 saylı xx.xx.2022-ci il tarixli rəyə əsasən ipoteka predmetinin 19 iyul 2022-ci il tarixinə olan bazar dəyəri 118000 manat, likvid dəyəri 110000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC tərəfindən verilmiş ƏEM/İ 32-496/22 saylı xx.xx.2022-ci il tarixli rəyi əsaslandırılmış, mötəbər və real hesab edərək belə qənaətə gəlir ki, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri ilə 110000 manat müəyyən edilməlidir. Bundan başqa Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən tələb olunan 1000 manat cərimə borcunu azaldaraq 100 manat məbləğində müəyyən etmişdir. Bu barədə apelyantın apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası formal xarakter daşıdğı üçün əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər MPM-nin 385.2-ci maddəsinin tələbinə görə qətnamənin ləğvi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissələrdə- “borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 110000 manat müəyyən edilməli, qətnamə “1000 manat cərimənin tutulması” hissəsində isə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilməli, hazırki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1300 manat (400+400+500=1300 manat) pul Cavabdeh prosessual hüquq varisi – oğlu Zahid Kərimovdan tutularaq müvafiq qaydada "xxxx" MMC-nin və "xxxx" MMC-nin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-57/2018 saylı 17 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə- “borcun ipoteka predmetinə yönəldilməsi” hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 110000 manat müəyyən edilsin. Qətnamə “1000 manat cərimənin tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilsin. Hazırki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 1300 manat (400+400+500=1300 manat) pul Cavabdeh prosessual hüquq varisi – oğlu Zahid Kərimova aid edilsin. Cavabdeh prosessual hüquq varisi – oğlu Zahid Kərimovdan aparılmış ekspertiza tədqiqatlarına görə 800 manat pul tutularaq "xxxx" MMC-nin və 500 manat pul tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu apelyanta (hüquq varisinə) aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2(103)-24/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-24/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver