Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-240/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı İbrahim oğlunun Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üstündə yaşayan Cavabdeh üzərinə maneələrin – su sızıntısının aradan qaldırılması öhdəliyinin qoyulması və uzun müddət suyun axıdılması nəticəsində ona dəymiş 8000 manat məbləğində maddi ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qeyriyaşayış sahəsinin yerləşdiyi ünvandakı 111 saylı mənzildən su sızması halı mövcud olmamışdır. Qeyri-yaşayış sahəsində yaranmış qüsurlar atmosfer çöküntülərinin (yağış sularının) yığılması nəticəsində əmələ gələ bilər. Çünki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qüsurlar olan hissəsinin üstündə həmin binanın 111 saylı məzilinin layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşir və eləcə də, lociyanın daxilindən hər hansı su boruları keçmir. Göründüyü kimi iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 71,2 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir; - Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin aidiyyatı Ərazi İdarəsinin verdiyi 27 yanvar 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 10 saylı evin 111 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir; - xx.xx.2022-ci il tarixdə 33 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, sahə nəzarətçisi R.Hümbətov tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, adıçəkilən şəxslər 3-cü mkr., Cavadxan küçəsi 10 saylı evin 1-ci mərtəbəsində yerləşən (108 saylı mənzil) qeyri-yaşayış sahəsinin sahibi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həmin ünvanda olmuşlar. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ünvanın 2-ci mərtəbəsinin (111 saylı mənzilin) eyvanından 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinə daima su axıdılır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2022-ci il tarixli 10/4745 saylı ekspert rəyindən məlum olur ki, ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin tavanında və divarlarında qüsurlar olduğunu və həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, həmin qeyri-yaşayış sahəsinin bir hissəsinə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilir. Lakin ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qüsurlar olan hissəsinin üstündə həmin binanın 111 saylı mənzilinin layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşdiyini və eləcə də lociyanın daxilindən hərhansı su borular keçmədiyini nəzərə alaraq, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tavanında olan qüsurların üzərinə layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, lociya yerləşdiyini nəzərə alaraq, qeyri-yaşayış sahəsində yaranmış qüsurlar atmosfer çöküntülərinin (yağış sularının) yığılması nəticəsində əmələ gələ bilər. ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə baxış zamanı su axdığı müəyyən olunmadı (iş səh. 42, 53, 55, 78). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-114/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1; Mülki Prosessual Məcəlləsinin 97, 102, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəməyə iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən öz eyvanından su axıdılmasını sübut edən disk və 33 saylı Mənzil İstismar Sahəsinin aktı təqdim edilmiş və iddiaçının daşınmaz əmlakına zərər vurulduğu bir daha sübut olunmuşdur. Lakin məhkəmə diskə məhkəmə baxışında baxsa da, hava şəraitinin günəşli olduğunu, iddiaçının qeyri-yaşayış sahəsinə suyun axmasını müşahidə etsə də, bununla bağlı qətnamədə heç bir fikir bildirməmişdir. Məhkəməyə təqdim edilmiş diskdə cavabdehin iddiaçının daşınmaz əmlakına zərər vurduğu açıq-aydın görünür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnaməsində yalnız keçirilmiş və qəbul edilmiş ekspert rəyinə istinad etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi “təkrar ekspertizanın keçirilməsi barədə” vəsatətlə müraciət etmiş, lakin məhkəmənin qərardadı ilə vəsatət rədd edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, vəsatət kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə mövcud sənədlər (sübutlar) əsasında dedikdə hansı sübutları nəzərdə tutuduğunu bildirməmişdir. Çünki, iş materiallarında olan sübutlar iddiaçı tərəfindən təqdim edilmiş və onlar ekspertiza zamanı ekspertə təqdim edilməmişdir. Həmçinin, təyin edilmiş ekpertiza ilin soyuq fəslində yəni payız fəslinin sonlarında (yağışlı havalarda) keçirilmişdir ki, bu da ekspertin - “qeyri-yaşayış sahəsində qüsurların atmosfer çöküntülərinin yığılması nəticəsində əmələ gələ bilməsi” qənaətinə gəlməsi üçün şərait yaratmışdır. Ekspert qəbul etdiyi rəydə məhkəmə tərəfindən qoyulan suallara tam cavab verməmiş, hər bir suala - “ola bilər” qəti olmayan cavabı vermişdir. Halbuki, ekspert qoyulan suallara tam cavab verməli, həmçinin iş materiallarında olan sübutlar nəzərə almalı idi. Bu səbəbdən təkrar ekspertiza təyin edilməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2694 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə ilkin baxış zamanı müəyyən olunmuş su sızmanın texniki səbəbini müəyyən etmək üçün eksperiment keçirilərək İddiaçı dam örtüyünə müəyyən miqdarda su tökülmüş, lakin hər-hansı bir su sızma əlamətləri müəyyən olunmadı. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qüsurlar olan hissəsinin üstündə həmin binanın 111 saylı məzilinin layihə üzrə açıq sahə kimi nəzərdə tutulan, İociya yerləşdiyini və eləcə də lociyanın daxilindən hər-hansı su borular keçmədiyini nəzərə alaraq, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Qeyri-yaşayış sahəsinin tavanında olan qüsurların üzərinə layihə üzrə açıq sahə kimi nəzərdə tutulan lociya yerləşdiyini nəzərə alaraq qeyri-yaşayış sahəsində yaranmış qüsurlar atmosfer çöküntülərinin ( yağış suları) yığılması nəticəsində əmələ gələ bilər.
6. İddiaçının nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək onun və təmsil etdiyi şəxsin iştirakı olmadan məhkəmə iclasına baxılmasını və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88-ci maddələrinin tələblərinə əsasən: bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Azərbaycan Respublikası Konstitusiyası : 24. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. 80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
12. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokolu: 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 106.2, 217.4, 385-390-cı maddələrinə, və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə ekspertizası təyin edilmiş və ekspert rəyi ilə də iddiaçının mənzilinə su sızmasının səbəbinin cavabdehin mənzilindən olmasının müəyyən edilmədiyi öz təsdiqini tapmışdır.
15. Məhkəmə xərclərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları üzrə məhkəmə xərcləri müvafiq olaraq onu ödəyən şəxslərə, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza xərci isə iddiaçıya aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş 30 may 2024-cü il tarixli, 3-16-16/2-10/2694 N –li ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.