Məhkəmə qərarları › İş №2(103)-2400/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2400/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2400/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı “abonentlərin qaz xəttindən çıxarılması və vurulmuş zərərə görə 5000 manat ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1041/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1041/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh İB-yə qarşı “abonentlərin qaz xəttindən çıxarılması və vurulmuş zərərə görə 5000 manat ödənilməsi tələbinə dair” iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(011)-1041/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada (elektron kabinet vasitəsilə) məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və işin materiallarına istinad etməklə qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilmədiyindən geri qaytarılmışdır. Daha sonra iddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmiş, məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin 13 iyul 2023cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5289/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3961/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(011)-1041/2022 nömrəli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmış, qərardadda iddiaçıya prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı məhkəmənin 19 iyun 2023-cü il tarixli qərardadından şikayət, eyni zamanda şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən ötürmüşdür. Belə ki, həmin qərardadın elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, onun tərəfindən elektron kabinet xx.xx.2023-cü il tarixdə oxunmuşdur. Məhz bu səbəbdən həmin qərardaddan şikayəti elə həmin tarixdə elektron kabinet vasitəsilə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1041/2022 nömrəli qərardadı ilə məhkəmənin 19 iyun 2023-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Hazırda iddiaçı həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (maddə 268.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixində yerləşdirilmiş, qərardaddan şikayət isə xx.xx.2023-cü il tarixində məhkəməyə təqdim edilmişdir. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının qərardadı (bildirişləri) öz iradəsi ilə müddət keçdikdən sonra oxuması üzürlü hal hesab edilə bilməz. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2(011)-1041/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar