Məhkəmə qərarları › İş №2(103)-2401/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2401/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2401/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il -ci il tarixli, e-2(011)-842/2023 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş “Doğum haqqında” şəhadətnamədən görünür ki, X7 28 sentyabr 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(003)- 3596/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Xəlilova (Rəfixanova) Səadət Heybətulla qızı ilə Cavabdeh Məhəmməd oğlu arasında 25 noyabr 2017-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında 2868 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş uşaqları 28 sentyabr 2018-ci il təvəllüdlü X4 iddiaçı Xəlilova (Rəfixanova) Səadət Heybətulla qızının yanında qalması, Cavabdeh 28 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Xəlilova (Rəfixanova) Səadət Heybətulla qızına verilməsi, alimentin tutulmasının 09 oktyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

3. İddiaçı Cavabdeh iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(003)-3596/2019 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, 28 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 25 noyabr 2017-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 28 sentyabr 2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, 28 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğdə alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. 160 manat aliment uşağın tələbatını ödəməyə yetmir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(011)- 842/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(003)3596/2019 nömrəli qətnaməsi əsasında 28 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 28 sentyabr 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 44 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, iddiaçı cavabdehdən cəmi 220 manat məbləğdə alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasını sübut edə biləcək hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilərək, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamə ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, iddiaçı ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçının tələbinə formal yanaşaraq onu təmin etmişdir. Cavabdehin hazırki real maddi vəziyyətini nəzərə almamışdır. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən təyin olunmuş 160 manat aliment məbləğinin ödənilməsində cari günə qədər heç bir gecikmə və borc yaranmamışdır. Hətta o bəzən X7 üçün alimentdən əlavə xərclər də çəkmişdir. Hazırda cavabdeh müharibə veteranıdır və 26 dekabr 2020-ci il tarixdə hərbidən ehtiyata buraxılmışdır. Aylıq əmək haqqı 380 manat təşkil edir. Məhkəmə tərəfindən qət edilmiş 200 manat aliment məbləğinin ödənilməsinin cavabdeh tərəfindən mümkün olmayacaq. O, 44 günlük müharibədə iştirak etmiş, hazırda səhhəti ilə əlaqədar müalicə alır, həmçinin mülki həyata qayıtmağa çalışır. Yüksək məbləğdə aliment yükü onun üçün əlavə sıxıntıdır. Yaşayış minimumu əsas götürülürsə onda həmin məbləğ təkcə atanın üzərində qalmamalıdır, ana da övladın xərclərində iştirak etmək vəzifəsi daşıyır. Bu mənada yaşayış minimumu iki yerə bölünməli və yarısı atadan tutulmalıdır. Əgər məhkəmə hesab edirsə ki, ana uşağa baxdığı üçün maddi öhədlikdən azaddır. Onda o, uşağı məmnumiyyətlə öz himayəsinə götürməyə hazırdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu ifadə verərək, təmin olunması xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 76.2. Təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; Maddə 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ... uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı tələbinin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyinin birbaşa göstərişinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı sonradan yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişdirilə bilər. Bununla belə, ölkədə uşaqlar üçün yaşayış minimumunun artırılması, əvvəlki məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin məbləğinin 160 manat olmasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin dəyişdirilərək 200 manat məbləğdə müəyyən edilməsi ədalətli və qanuna uyğun hesab edilməlidir.

22. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

23. Belə ki, cavabdehin real maddi vəziyyətinin aşağı olması, aylıq əmək haqqının 380 manat olması, həmçinin Vətən müharibəsi iştirakçısı olmaqla səhhətinə görə müalicə alması onun valideynlik vəzifələrinin icrasından azad olmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, bu cür iddialara baxılarkən uşağın əvvəlki maddi təminatı səviyyəsinin qorunmasına diqqət göstərilməlidir.

24. Cavabdehin uşağı öz yanında saxlamaqla ona baxmağa hazır olması barədə dəlili ilə bağlı da qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə uşağın valideynlərindən hansının yanında qalmalı olması məsələsi həll edilmişdir. Bu məsələyə hazırkı mübahisə çərçivəsində yenidən qiymət verilə bilməz.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(011)- 842/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, e-2(011)- 842/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar