Məhkəmə qərarları › İş №2(103)-2401/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2401/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2401/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Mais Əliyevin, cavabdeh-iddiaçı Cavabdeh MMC-nın nümayəndəsi (direktoru) Fuad Seyfullayevin, vəkili və nümayəndəsi Elxan Quliyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-48/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə ünvan 1 ünvanında yerləşən 390 kv.m qeyri-yaşayış sahəsi ilə bağlıdır (bundan sonra – qeyri-yaşayış sahəsi). 2.İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə, icarəyə verən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə aylıq 4.050 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə görə, müqavilə 1 il müddətinə bağlanıb. Müqavilənin 10.1-ci bəndinə görə, müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə 1 il müddətinə uzadılmış hesab olunur. 3.Müqaviləyə xx.xx.2022-ci il tarixdə icarəyə verən tərəfindən birtərəfli qaydada xitam verilib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsi xx.xx.2022-ci ildə verilib. 5.İcarəyə verənin ilk iddia ərizəsində tələb olunub: birinci, icarə müqaviləsinə vaxtından əvvəl xitam verilsin; ikinci, 10 ay müddətində ödənilməyən 48.600 manat icarə haqqı icarəçidən tutulsun; üçüncü, qeyri-yaşayış sahəsi boşaldılsın, icarəçi qeyri-yaşayış sahəsindən çıxarılaraq qeyri-yaşayış sahəsi icarəyə verənə təhvil verilsin. 6.İcarəçinin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, 360.517 manat icarəyə verəndən icarəçinin xeyrinə tutulsun. 7.Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, ilk iddia təmin edilməsin, qarşılıqlı iddia qismən təmin olunsun, 133.250,44 manat və 19.747 manat icarəyə verəndən icarəçinin xeyrinə tutulsun. Apellyasiya instansiyası məhkəməsində icraat 8.İcarəyə verənin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən icarəyə verənin vəkili və nümayəndəsi Mais Əliyev apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 10.Məhkəmə iclasında iştirak edən icarəçinin nümayəndəsi (direktoru) Fuad Seyfullayev, vəkili və nümayəndəsi Elxan Quliyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya qaydasında yoxlanılan hissə 11.Hazırda qətnamənin bir hissəsi - 133.250,44 manat pulun icarəyə verəndən icarəçinin xeyrinə tutulmasına aid hissəsi apellyasiya qaydasında yoxlanılır. 12.Belə ki, işə bundan əvvəl bir dəfə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət olunub ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın rədd olunması, qarşılıqlı iddianın qismən təmin olunması hissəsində ləğv olunsun, ilk iddia qismən təmin olunsun, icarə müqaviləsi xx.xx.2022-ci ildə vaxtından əvvəl ləğv edilmiş (xitam verilmiş) hesab olunsun, icarəçidən icarəyə verənin xeyrinə 20.753 manat pul tutulsun. İlk iddia qalan hissədə və qarşılıqlı iddia apellyasiya baxışının predmeti olan hissədə, yəni icarəyə verəndən icarəçinin xeyrinə 133.250,44 manat və 19.747 manat tutulması hissəsində təmin edilməsin. 13.Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə qərara alınıb ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icarəçinin 133.250,44 manat tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılsın, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 14.Qətnamə yoxlanılan hissədə, yəni 133.250,44 manat pulun icarəyə verəndən icarəçinin xeyrinə tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 15.Belə ki, qeyri-yaşayış sahəsinin icarədə olduğu müddətdə icarəçi tərəfindən orada təmir-tikinti işləri aparılıb, yəni daşınmaz əmlak yaxşılaşdırılıb. İcarə münasibəti vaxtından əvvəl pozulduqdan sonra həmin işlərin nəticəsi icarəyə verənə qalıb. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2026-9/2215 nömrəli ekspert rəyinə görə, qeyri-yaşayış sahəsinin icarəçinin faktiki sahibliyində və istifadəsində olduğu müddətdə çəkilmiş təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 133.250,44 manat məbləğində müəyyən olunur. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, əlavə və ya təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. 16.İcarəyə verən yaxşılaşdırmanın əvəzini ödəməkdən imtina edərkən icarə müqaviləsinin 1.5-ci bəndinə istinad edir. Həmin bənddə qeyd olunub ki, icarəçinin apardığı təmir və yenidənqurma işlərinin nəticəsində yaranmış və ayrılması sahə zədələnmədən mümkün olmayan dəyişikliklər və quraşdırılmış avadanlıqlar sahənin ayrılmaz hissəsi hesab olunur və bu halda müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra icarəçi həmin dəyişiklikləri aradan qaldırmağa, icarəyə verən isə onların dəyərini icarəçiyə ödəməyə borclu deyildir. Göründüyü kimi, bu şərt o halda tətbiq olunur ki, müqavilənin qüvvədə olma müddəti bitsin. Lakin icarə müqaviləsinə onun qüvvədə olma müddəti bitmədən, yəni vaxtından əvvəl birtərəfli qaydada icarəyə verən tərəfindən xitam verilib. Eyni zamanda nəzərə alınmalıdır ki, müqavilənin 3.1.6-cı bəndinə görə, icarəyə verən 10 il ərzində icarəçini obyektdən çıxarmaq hüququna malik deyil, əks halda icarəyə verən icarə haqqının 50 mislini ödəməlidir. Həmin şərtin mənası ondan ibarətdir ki, icarəçi həyata keçirdiyi yaxşılaşdırma işlərinin nəticəsindən 10 il ərzində istifadə edəcək və bu müddət bitəndək həmin yaxşılaşdırma aşanmaya məruz qalaraq köhnələcək. Lakin müqaviləyə vaxından əvvəl – müqavilə bağlandıqdan 2 il 11 ay sonra xitam verildiyinə görə, yaxşılaşdırma işlərinin nəticəsi yeni vəziyyətə icarəyə verənə qalıb. 17.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 157.7, 680.2 və 1090.1-ci maddələrinin, habelə “İcarə haqqında” AR Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 133.250,44 manat pulun icarəyə verəndən icarəçinin xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 18.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti baxılan hissədə rədd olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-48/2024 nömrəli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə, yəni İddiaçı Cavabdeh MMC-nin xeyrinə 133.250,44 manat tutulmasına aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Hər bir tərəfin iş üzrə çəkdiyi məhkəmə xərci onun özünə aid edilsin. Ekspertiza xərci olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar