Məhkəmə qərarları › İş №2(103)-2404/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2404/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2404/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlunun və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarxili 2(009)-135/2018 nömrəli qətnaməsindən Cavabdeh2 Kərim qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1661-F-B saylı kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 6.496,79 manat cərimə borcu olmaqla, cəmi 40.427,89 manat məbləğində borcun, ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabına İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 da xx xxxxxxx 2017-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə onun arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli, 1661-F-B saylı ipoteka müqaviləsinin aldatma nəticəsində bağlandığını bildirməklə, əqdin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2018-ci il tarxili 2(009)-135/2018 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh1 “xxxxxxxxxx” ASC-nin xeyrinə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsində yerləşən 36 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilməklə, tutmanın həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxxxxxxxx” ASC-nin təmin edilmiş tələblərin ödənilməsi, “xxxxxxxxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmiş, ilkin iddia qalan hissədə, eləcə də Cavabdeh2 “xxxxxxxxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandımışdır ki, o, həyat yoldaşı ilə İddiaçı ASC arasında onun özünün razılığı və iştirakı olmadan ipoteka müqaviləsi bağlamışdır. Müqavilə bağlanarkən tərəflərə hüquq vəzifələri izah edilməmiş, aldatma yolu ilə əqd bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən - kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamənin qalan hissəsi, o cümlədən Cavabdeh1 kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcun tutulması hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh2 istər iddia tələbinin, istər apellyasiya şikayətinin, istərsə də kassasiya şikayətinin əsas dəlilləri ipoteka müqaviləsinin onun iştirakı olmadan bağlanması, müqavilənin və digər sənədlərin onun tərəfindən imzalanmaması barədə olsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər üzrə heç bir araşdırma aparmadan müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı qənaətinə gəlmişdir. Halbuki, belə vəziyyətdə işə baxan məhkəmənin vəzifəsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək üçün ilk növbədə ipoteka müqaviləsi üzrə notariat işini və notariat əməliyyatlarının qeydiyyatı jurnalını (reyestr kitabını) tələb edib nəzərdən keçirməkdən, ipoteka müqaviləsinin və digər sənədlərin Cavabdeh2 tərəfindən imzalanıb-imzalanmadığını aydınlaşdırmaqdan ibarət idi. Məhkəmə kollegiyası Cavabdeh2 iş materiallarında olan sənədlərdəki imzaları ilə ipoteka müqaviləsindəki imzası arasında kəskin fərq olduğunu nəzərə alaraq hesab edir ki, notariat işi öyrənildikdən sonra ipoteka müqaviləsindəki imzanın həqiqiliyinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu təqdirdə işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməlidir. Həmin maddənin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən ipoteka predmeti olan daşınmaz əmlakın birgə nikah dövründə əldə olunub-olunmadığı, əgər birgə nikah dövründə əldə olunmuş əmlakdırsa onun ipoteka qoyulmasına ərin razılığının alınıbalınmaması, bir sözlə daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi nəticəsində digər şəxslərin hüquqlarına dair məsələnin həll olunub-olunmadığı da aydınlaşdırılmalı və qiymət verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətə etiraz edərək bildirdi ki, Cavabdeh2 qətnamənin icrasını yubatmaq üçün şikayət verib. Çünki, iş üzrə ekspertiza təyin olunsa da imza və xətt nümunələri verməkdən imtina edir. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər səbəbni göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, xx xxxxxxxx 2012-ci il tarixdə Cavabdeh1 ilə “xxxxxxxxxx” ASC arasında 60 ay müddətinə, illik 7%-lə 115.000 manat kredit verilməsinə dair müqavilə bağlanmış və həmin kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və ilkin iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin iş üzrə olan yuxarıda qeyd olunan qərarına uyğun Cavabdeh2 Kərim qızı apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə Cavabdeh2 Kərim qızının şikayəti üzrə kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissəsində və ona münasibətdə yoxlanılmalı və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmamalıdır. İlk iddia tələbinin kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, eləcə də qarşılıqlı iddianın faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, Cavabdeh2 Kərim qızı ipoteka müqaviləsindən xəbəri olmadığını və həmin müqaviləsindəki imzanın onun olmadığını bildirsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əsasən bu məsələ ilə bağlı iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, lakin məhkəmə iclasında cavabdeh iştirak etməmişdir. Bundan sonra ekspertin vəsatətinə əsasən imza və xətt nümunələrinin alınması üçün Cavabdeh2 Kərim qızına dəfələrlə məlumat verilsə də sonuncu açıq-aşkar ekspertizaya gələrək imza və xətt nümunələri verməkdən imtina etmişdir. İkincisi, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər(MPM.mad.97.5.).Göründüyü kimi Cavabdeh2 ekspertizanının keçirilməsində iştirak etməkdən imtina etməsi və bununla da ekspertizanın keçirilməsinə mane olması, yəni ekspertizaya gələrək qəsdən imza və xətt nümunəli verməkdən imtina etməsi onun hüquqdan pis niyyətlə sui-istifadə etməsini bilavasitə təsdiq edir. Ona görə də, ekspertiza təyin edilən fakt, yəni müqavilənin məhz Cavabdeh2 Kərim qızı tərəfindən imzalanması şübhə altına alına bilməz və bu fakt təsdiq olunmuş hesab edilməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh2 Kərim qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2018-ci il tarxili 2(009)- 135/2018 nömrəli qətnaməsi Cavabdeh2 Kərim qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar