Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2405/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, zamin) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3301/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında 03 noyabr 2021-ci il tarixli BAKU1- 47102-20093 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 3101 manat manat məbləğində kredit verilmişdir.
2. "xxxx" MMC ilə Cavabdeh2 arasında Cavabdeh1 öhdəliyinin təminatı olaraq BAKU1-47102-20093+BAKU1-47106 saylı 03 noyabr 2011-ci il tarixli Zaminlik müqaviləsi imzalanmışdır.
3. "xxxx" MMC ilə Cavabdeh1 arasında imzalanmış 04 noyabr 2021-ci il tarixli BAKU1- 47102-20093 saylı Razılaşmaya əsasən 03 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi üzrə illik faiz dərəcəsi artırılaraq 28,67% olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə bağlanmış 03 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Razılaşmanın ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 1524.24 manat əsas borc, 135.98 manat cari faiz borcu və 68.00 manat cari dəbbə borcu olmaqla, cəmi 1728.22 manat kredit borcunun və 38.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Razılaşmaya əsasən ikinciyə illik 27% dərəcəsi ilə 24 ay müddətinə 3100 (üç min bir yüz) manat kredit verilmiş və kreditin aylıq 169.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 arasında 03 noyabr 2021-ci il tarixli BAKU1- 47102-20093+BAKU1-47106 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün “TBC Kredit" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 17 oktyabr 2023-cü il tarixinədək verilmiş kredit üzrə 1524.24 manat əsas borc, 135.98 manat cari faiz borcu və 68.00 manat cari dəbbə borcu olmaqla, cəmi 1728.22 manat məbləğində borcu yaranmış və ödənilməmişdir.
6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3301/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ödənilməmiş əsas borca görə 1524.24 manat, faiz borcuna görə 102.83 manat, cərimə qismində 5 manat olmaqla, cəmi 1632.07 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat və 0.4 qəpik bank xidmət haqqı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddiaçı "xxxx" MMC-nin tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını, Cavabdeh1 tərəfindən iddia tələbinin qəbul edilməsini nəzərə alaraq yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, xx.xx.2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli Razılaşma üzrə əsas borc 1524.24 manat, faiz borcu isə 102.83 manat təşkil edir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin iddia tələbinin xx.xx.2021-ci il tarixli BAKU1-47102- 20093 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli Baku1- 47102-20093 saylı Razılaşmanın ləğv edilməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BAKU1-47102-20093+BAKU1-47106 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öhdəliyinin yaranma əsası qismində borclu Cavabdeh1 illik 27% dərəcəsi ilə 24 ay müddətinə 3101 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi çıxış etmişdir. Göründüyü kimi qeyd edilən zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin konkret məbləği, həddi, müddəti, faiz dərəcəsi göstərilmişdir. Lakin iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2021-ci il tarixli, Baku1-47102-20093 saylı Razılaşma ilə isə xx.xx.2021-ci il tarixli, Baku1-47102-20093 saylı kredit müqaviləsi ilə müəyyən edilmiş faiz dərəcəsi zaminin razılığı olmadan artırılmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 420.2, 447.1, 470.1, 477.0.1, 560.2-ci maddələri, “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə” 15 sentyabr 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3301/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsnin dəyişdirilməsi və Cavabdeh2 aid hissədə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, maliyyə ilinin 360 gün olmasını nəzərə alsaq, (360 gün * 0,075% = 27%) kreditin illik 27% dərəcəsi ilə verildiyinə şahid olmaq olar. 04 noyabr 2021-ci il tarixli BAKU 1-47102-20093 saylı Razılaşmada göstərilən X6 Dərəcəsinin 28,67 % olması banklar və ya bank olmayan kredit təşkilatlarında kredit sifarişinə baxılması və rəsmiləşdirilməsi üçün müəyyən komissiya haqqlarının olması, əlavə olaraq vəsaitin nağdlaşdınlması zamanı da bəzən əlavə komissiyanın tutulması ilə bağlıdır. Yekun nəticədə göründüyü kimi, Cavabdeh1 verilmiş kredit illik faiz dərəcəsi 27% olmaqla verilmiş və sonradan faiz dərəcəsində heç bir dəyişiklik edilməmişdir. Buna görə də zamin Cavabdeh2 aid hissədə iddianın təmiri edilməməsi əsassızdır. Bu səbəblərə görə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3301/2023 saylı iş üzrə 21 dekabr 2023-ci il tarixli qətnaməsi cavabde pbsgərov Həbib Fikrət oğluna aid hissədə dəyişdirilməlidir. Cavabdeh1 verilmiş kredit illik faiz dərəcəsi 27% olmaqla verilmiş və qeyd olunan 28.67% X6 dərəcəsidir. BOKT-lar haqqında qanunun tələbinə əsasən müqavilədə göstərilməlidir. X6 dərəcəsinin tərkibinə illik faiz dərəcəsi, kreditin alınması və rəsmiləşdirilməsi ilə bütün xərclər (kredit rüsumları, komissiya haqqı, sığorta haqqı və s.) daxildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafi edərək, izahatında bildirir ki, məhkəmə qətnaməsində əsassız olaraq illik faiz dərəcəsinin 28.67% olduğunu qeyd etmişdir. Cavabdehə illik 27% dərəcəsi olan kredit verilib və 28.67% X6 dərəcəsidir. İllik faiz dərəcəsində heç bir dəyişiklik olmayıb. Hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və şikayətin təmin edilməsini xahiş edir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
15. Məcəllənin 471-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
16. Məcəllənin 472.1-ci maddəsində qeyd edilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (Maddə 472.2)
17. Məcəllənin 477-ci maddəsində qeyd edilir ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək Cavabdeh2 aid hissədə təmin edilməsini xahiş edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarından göründüyü kimi iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1524.24 manat əsas borc, 135.98 manat cari faiz borcu və 68.00 manat cari dəbbə borcu olmaqla, cəmi 1728.22 manat kredit borcunun məbləğində bоrcun tutulmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, Cavabdeh2 qarşı iddia tələbini təmin etməyərək ona istinad etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli BAKU1-47102-20093 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 04 noyabr 2021- ci il tarixli BAKU1-47102-20093 saylı Razılaşma bağlanmış və bununla xx.xx.2021-ci il tarixli, Baku1-47102-20093 saylı kredit müqaviləsi ilə müəyyən edilmiş faiz dərəcəsi zaminin razılığı olmadan artırılmışdır.
24. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında qeyd edilir ki, “Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.”
26. Göründüyü kimi, hazırkı halda 04 noyabr 2021-ci il tarixli BAKU1-47102-20093 saylı Razılaşmaya əsasən "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli BAKU1- 47102-20093 saylı Kredit müqaviləsi ilə müəyyən edilmiş faiz dərəcəsi artırılaraq 28,67 edilmiş, bununla bağlı zamin Cavabdeh2 razılığı alınmamış, onun hüquqları pozulmuşdur. Bu isə qanunvericiliyin tələbinə əsasən onunla bağlanmış BAKU1-47102-20093+BAKU1- 47106 saylı, 03 noyabr 2011-ci il tarixli zaminlik müqaviləsinin xitamına səbəb olur.
27. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" MMC apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3301/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev