Məhkəmə qərarları › İş №2(103)-2407/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2407/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2407/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (ləğv prosesində olan) “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini qaytarmışdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qaytararkən hesab etmişdir ki, cavabdeh, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Cavabdeh1 bildirir ki, qətnamə göndərilən ünvanda yaşamır, həmin ünvanda anası, qardaşı və qardaşının arvadı yaşayır, özünün yaşayış ünvanı isə başqadır. Bundan başqa, qətnamə qəbul edildiyi və göndərildiyi ərəfələrdə oğlu, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, döyüşdə yaralanmış və o, oğluna yaxın olmaq üçün Füzuli rayonuna getmişdir. Qayıtdıqdan sonra isə qətnamə üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru onunla əlaqə saxlamış və yalnız bu zaman o, qətnamə barədə xəbər tutmuşdur. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli qətnamə Cavabdeh1 çatdırılması üçün Yasamal rayonu, M.Seyidov küçəsi, ev 15, mənzil 88 ünvanına göndərilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 həqiqətən də həmin ünvanda yaşamır. Rayon Məhkəməsinin istinad etdiyi “poçt göndərişinin ünvançıya çatdırılması barədə qəbzdə” qeyd edilir ki, Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 şəxsən deyil, başqa şəxs vasitəsilə çatdırılmıdşır. Məhkəmə bildirir ki, həmin qəbzdə qətnaməni qəbul edən şəxsin adı, soyadı, ünvana sahibinə münasibəti qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 135-ci maddəsinin mənasına görə, ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3.). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər (maddə 135.4.). Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir ( maddə 135.5.). Göründüyü kimi, Rayon Məhkəməsi poçt sənədində qətnaməni almış şəxsin imzasına əsaslanaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Lakin bu zaman sənədi imza edən şəxsin cavabdehə münasibətini, cavabdehin həqiqətən də həmin ünvanda yaşayıb yaşamamasını araşdırmamışdır. İş üzrə heç bir tərəf (hazırki halda isə Cavabdeh1) məhkəmə qətnaməsinin ona rəsmi qaydada təqdim edilməməsini sübuta yetirməyə borclu deyil, bu vəzifə qətnaməni ünvana göndərmiş məhkəmənin üzərinə düşür. Lakin işdə qətnamənin Cavabdeh1 çatdırlmasını təsdiq edən sənəd mövcud deyil. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 verilməmişdir və o, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Lakin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar