Məhkəmə qərarları › İş №2(103)-2407/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2407/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2407/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul və maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X7 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdeh nümayəndələri X3 və X4 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(010)-3302/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. 2.İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. 3.Avtomobil Cavabdeh istifadəsində olarkən zərər vurulduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borcun 50 faizini, yəni 3200 manatını, 4800 manat dəymiş ziyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutulub ona (fiziki şəxs İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin tarixli təhvil-təslim aktına əsasən Cavabdeh 23580 manat dəyrində “Audi Q7” markalı avtomobil əldə etmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh avtomobilin dəyərini 36 ay müddətinə hər ay 655 manat ödəniş edəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 2950 manat ödəniş etdikdən sonra, müqavilə şərtlərini kobud surətdə pozaraq bir daha ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixdə avtomobildə olan GPS qurğusunun köməyi ilə mühərrik çıxarılmış vəziyyətdə duracaqdan tapılaraq geri qaytarılmışdır. Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılsa da, o avtomobilin sənədləri və açarını verməkdən boyun qaçırmış və bu günə kimi avtomobilə dəymiş ziyanla bağlı danışıqlar üçün gəlməmişdir. Belə ki, Müqavilənin 11-ci bəndinə əsasən avtomobil geri alındıqda hər gün üçün avtomobilin ümümi dəyərinin 0.2% miqdarında amortizasiya xərci ödənilməlidir ki, bu da ümümilikdə 200 gün üçün 9400 manat təşkil edir. Həmin tarixə Cavabdeh fiziki şəxs İddiaçı müqavilənin 11-ci bəndinə əsasən 6450 manat ödənilməmiş borcu, avtomobilin yararlı vəziyyətə gətirilməsinə çəkilmiş xərc olan 4800 manat dəymiş ziyanla bağlı borcu yaranmışdır. Cavabdeh dəfələlərlə telefon vasitəsi ilə xəbərdar edilməsinə baxmayaraq, bu günə kimi borcunu ödəməkdən boyun qaçırmışdır. 6.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 oktyabr 2023-cü il tarixli, 2(010)-3302/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Leyla Talıbova) iddia qismən təmin edilərək, Cavabdeh avtomobilə dəymiş ziyana görə 4800 (dörd min səkkiz yüz) manat pul vəsaitinin və 100 (yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 7.xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. 8.xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. 9.Qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat zərər dəymişdir. 10.Ödəniş çeklərindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 650 manat, xx.xx.2022-ci il tarixdə 660 manat, xx.xx.2022-ci il tarixdə 525 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 80 manat və xx.xx.2023-ci il tarixdə 400 manat məbləğində ödəniş etmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Sonradan həmin avtomobil təmir olunmuş və təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat zərər dəymişdir. 12.Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən, satıcının alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşın pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən, avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır. 13.Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin formasına riayət olunmamış və həmin əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqd olduğundan həmin əqd üzrə cavabdehdən amortizasiya üzrə pul vəsaitinin tutulması hissəsində iddia tələbi təmin oluna bilməz. 14.İddia edilən avtomobilə vurulan maddi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə ziyanın dəyməsi nəticəsində iddiaçının maddi ziyana məruz qaldığı məhkəmədə şübhə doğurmur. Ona görə də məhkəmə həmin hissədə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. 15.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus avtomobil cavabdeh tərəfindən təhvil götürülərək sonradan avtomobilə ziyan dəydiyindən və vurulmuş zərər cavabdehin təqsiri üzündən baş verdiyindən və 4800 manat vurulmuş zərərin əvəzi Cavabdeh tutularaq İddiaçının xeyrinə ödənilməlidir. 16.Məhkəmə həmçinin qeyd etmişdir ki, 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1097, 1115, 139.2, 650, 144.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarına; Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 1.1, 1.2-ci bəndlərinə; Avropa Məhkəməsinin “Həsənov Azərbaycana qarşı” və “İsgəndərov və başqaları Azərbaycana qarşı” işləri üzrə qəbul etdiyi müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2010cu il tarixli qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 107, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, məhkəmə avtotexniki ekspertizasının rəyindən sonra yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, bu günə qədər Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfındən müstəqil olaraq mülki iş üzrə Məhkəmə-avtotexniki ekspertizasınm təyin edilməsi haqqında qərardad qəbul etməmişdir. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsasını təşkil etmiş “GOLD Avto Sevis” tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli (Qüsur Aktı və onda göstərilən nəticələri birmənalı qəbul etmək mümkün deyil. Belə olduğu təqdirdə iş üzrə məhkəmə-avtotexniki ekspertizasmm təyin edilməsi zərurəti yaranır. İddiaçı işdə maraqlı tərəf olduğu üçün şişirdilmiş rəqəmlə yazılmış “GOLD Avto Sevis” tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli Qüsur Aktını göstərilməsi ilə kifayətlənmişdir.Bu isə heç cür cavabdehin həmin mühhərikə görə iddiaçıya 4800 manat borcunun olmasının sübutu kimi qiymətləndirilə bilməz, çünki iddiaçı bu məsələdə maraqlı tərəf olduğundan bu məsələyə rəy verməkdən ötrü neytral və müstəqil mütəxəssis cəlb etməli idi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “GOLD Avto Sevis” tərəfindən verilən xx.xx.2023-cü il tarixli Qüsur Aktında göstərilmiş mühərrikin qiyməti bu günkü gün bazar qiyməti ilə düzgün gəlmir. Həmin məbləğin səbəbləri məhkəməyə təqdim edilmiş digər sənədlərdə izah edilməmişdir. Ona görə də, hesab edir, tərəflər arasmda əmələ gəlmiş mühərrikin qiyməti ilə bağlı mübahisə üzrə obyektiv, ədalətli nəticəyə gəlmək üçün, işdə iştirak edən şəxslərin, o cümlədən ekspertin iştirakı ilə yenidən dəqiq hesablamalar aparılmalıdır. Yaranmış məbləğ, mühərrikin qiyməti barədə məsələyə aydınlıq gətirilməlidir. Beləliklə görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həqiqətə uyğun olmayan qüsur aktında göstərilən rəqəm, məbləğ bu günki bazar qiyməti ilə bir-birinə uyğun gəlmir. Tərəflərin arasında yaranmış mübahisə ilə bağlı “GOLD Avto Sevis” tərəfindən təqdim edilmiş xx.xx.2023-cii il tarixli Qüsur Aktında qeyd edilən məbləğin düzgün hesablanıb hesablanmaması hallarının araşdırılması xüsusi bilik tələb edir. Hazırki iş üzrə mübahisəli avtomobil cvabadeh tərəfindən alındığı günə qədər heç bir zaman İddiaçı mülkiyyətində olmamışdır. Onunla İddiaçı arasmda olan şifahi razılaşmaya görə həmin avtomobilin alınması üçün ilkin ödəniş olaraq 12.500 manat pul avtomobilin əvvəlki mülkiyyətçisi, satan X1 ödənilməli idi, həmin 12500 manat məbləğin 10.500 (on min beş yüz) manatını İddiaçı ödədi, qalan 2.000 İ(iki min) manatı isə cavabdeh ödədi. İddiaçı cavabdehə bildirdi ki, həmin avtomobili dərhal öz mülkiyyətinə keçirəcək, sonra isə özünün hesabladığı məbləği, aylar üzrə qarafıklə ona ödəməyi barədə niysə alqı-satqı müqaviləsi yazaraq cavabdehə satacaq. X1 qalan 9500 (doqquz min beş yüz) manat pulun əvəzində cavabdehlə Bakı şəhəri 51 saylı notariat ofisində Kredit müqaviləsi rəsmiləşdirdilər. Cavabdeh bu günə qədər İddiaçı ödəniş qəbzləri və əli ilə nəğd formadakı ödənişlərə əsasən, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul ödəmişdir. 2023-cü ilin iyun ayında İddiaçı tərəflndən cavabdehə verilmiş etibarnamə əsasında idarə etdiyi sözügedən Audi Q-7 markalı avtomobildə nasazlıq əmələ gəldi. Cavabdeh avtomobili Babək prospektində yerləşən Audi Q-7 markalı avtomobillərə baxan “M” Avtoservisə apardı. Natiq adlı usta avtomobilin mühərrikini sökəndən sonra cavabdehə bildirdi ki, avtomobilin mühərrikinin sepində problem var. Bütün ehtiyyat hissələrin alınması, ustanın zəhmət haqqının ödənilməsi ilə birlikdə ümumi xərc 2000 (iki min) manat təşkil edəcək. O, Natiq ustayla razılaşdı. Avtomobil “M” servistə qaldı. Cavabdeh bu barədə dərhal İddiaçı məlumat verdi. Avtomobilin yerləşdiyi servisin də ünvanını ona bildirdi. Avtomobil ustaya təhvil verildi, müəyyən vaxtdan sonra cavabdeh avtomobilin olduğu “M” Avtoservisə gəldiyində Natiq usta ona bildirdi ki, İddiaçı nümayəndəsi Fərid adlı şəxs gəlib avtomobili aparıb. Cavabdeh tam əminliklə bildirir ki, avtomobilin mühərrikinin dəyişdirilməsinə heç bir əsas yox idi, ehtiyac da yox idi, Natiq usta ona bildirdi ki, mühərrikin sepi dəyişdirildikdən sonra avtomobil tam işlək vəziyyətdə olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı iddia ərizəsində qeyd elədiyi hallar heç də həqiqətə uyğun deyil, öz maraqlarının qoruması istiqamətində yalan məzmunda yazılmış bir iddia ərizəsidir. Hazırda 2008-ci il buraxılış ili olan, ** CA *** dövlət qeydiyyat nişanlı Audi Q-7 markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi cavabdehdədir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci, 1092-ci və 1092.1-ci maddəsini tətbiq etməli oldugu halda bunu etməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi isə qəbul etdiyi qətnamə ilə cavabdehi əsassız yerə mühərrikin bazar dəyərindən baha qiymətə yazılmasını əsas gətirərək artıq məbləğ ödəməyə vadar etmişdir. Bakı şəhəri Suraxam Rayon Məhkəməsi isə qəbul etdiyi qətnamə ilə cavabdehimüəyyən miqadarda ödəniş etdiyi daşmar əmlak ilə bağlı mülkiyyətindən məhrum etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndələri X3 və X6 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izhahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 23.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 24.Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 25.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 26.Maddə 1096.1-ci və 1096.2.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 27.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 28.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 32.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(010)-3302/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Kollegiya ilk olaraq qeyd edir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11/2022 nömrəli Daşınar Əmlakın nisyə alğı-satqı müqaviləsi bağlanmış və İddiaçı “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı mink avtomobili 36 ay müddətinə hər ay 655 manat ödəniş etmək şərti ilə 23580 manata Cavabdeh satmışdır. İddiaçı mülkiyyətində olan, buraxılış ili 2008-ci il, Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 2950 manat ödəniş etmişdir. 37.Avtomobil cavabdeh tərəfindən təmirə möhtac vəziyyətdə atılmış və iddiaçı tərəfindən avtomobil tapılaraq təmir edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından müəyyən olunur ki, 2008-ci il, “Audi Q7” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat zərər dəymişdir. 38.Hazırda dəymiş zərərin məbləğini mübahisələndirilən cavabdehin apellyasiya şikayəti üzrə dəilli ondan ibarətdir ki, qüsur aktı üzrə müəyyən edilmiş dəymiş zərərin məbləği iddiaçının mənafeyinə xidmət edir, məhkəmə tərəfindən ekspertiza təyin olunmalı idi. 39.Apelyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qüsur aktını şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, MPM-nin 76.1, 76.2-ci maddələrinə əsasən ekspert rəyi sübutun bir növüdür və MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. İş materiallarından göründüyü kimi cavabdehə məhkəmə iclaslarınan vaxtı və yeri barədə SMS bildirişlər və məhkəmə bildirişləri poçt vasitəsi ilə göndərilmiş və çatdırılmış, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuşdur. Həmçinin iş materiallarında olan arayışdan görünür ki, cavabdehin nümayndəsi X6 ilə məhkəmə iclas katibi telefon vasitəsilə əlaqə saxlayaraq xx.xx.2023-cü il tarixli, saat 11:15-ə təyin təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir. Buna baxmayaraq cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iş üzrə ekspertiza təyin edilməsi barədə birinci instansiya məhkəməsinə hər hansı vəsatət, ümumiyyətlə iddianı təkzib edən hər hansı etiraz və ya sübutunu təqdim etməmişdir. 40.Kollegiya həmçinin qeyd edir ki, hazırki mərhələdə cavabdeh tərəfin ekspertiza ilə bağlı dəlili yeni sübut əldə etməyə yönələn addım olduğu üçün, əsaslı hesab edilə bilməz. 41.Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticənin ləğvi üçün əsas təşkil etmir. 42.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu prosessual qanunvericiliyin tələblərinə uyğun həll edilmişdir. 44.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 45.Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 5000 manatadək olduğundan, MPMnin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(010)-3302/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar