Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2409/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 105000 manat məbləğində əsas borc, 47250 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 152250 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 105000 manat məbləğində borc almış və həmin borcu xx xxxxxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıradək həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, o, şifahi borc müqavilələrinə əsasən İddiaçı 2014-cü ilin may ayında 180000 manat, 2015ci ilin yanvar ayında isə 110000 manat borc almışdır. Borcların qaytarılması üçün onun mülkiyyətində olan iki mənzil satılmış, bundan başqa qalan borclarını faiz şəklində Azərə qaytarmışdır. Birinci borc müqaviləsinə görə onun Azərə 27000 manat, ikinci borc müqaviləsinə görə isə 20000 manat, cəmi 47000 manat borcu qalmışdır. İddiaçı təklifi ilə 47000 manat borcu rəsmiləşdirmək qərarına gəlmiş, bu barədə xx xxxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi imzalamışlar. Yenə Azərin təklifi ilə müqavilədə borcun məbləğini 105000 manat qeyd etmişlər. İddiaçı deməsinə görə müqavilədə borcun məbləğini ona görə 105000 manat göstərmişlər ki, Azər bu müqaviləni bir işlə əlaqədar başqa şəxslərə göstərib nə qədər alacağı olmasını onlara göstərsin. Azərə inandığına görə onunla razılaşmış, ancaq onun təklifi ilə Azər müqavilənin cavabdehdə qalan nüsxəsinə real borcun 47000 manat olması barədə qeyd yazmışdır. Həmin 47000 manat borc xx xxxxxxx 2015-ci il tarixədək onun tərəfindən İddiaçı tamamilə ödənilmiş, hal-hazırda Azərə borcu qalmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 1063/2019 saylı qətnaməsi ilə iddia müddəti keçdiyinə görə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İddiaçı iddia müddətini ötürmədiyi halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini rədd etmişdir. Belə ki, cavabdeh borcu olmasını etiraf edən mesajları iddiaçının telefonuna göndərmişdir. Həmin mesajların bir hissəsi iş materiallarına əlavə olunmuşdur. Dolayısı ilə cavabdeh iddia müddətinin kəsilməsini göstərən hərəkətlər etmişdir. Cavabdehin bu mesajları ilə birmənalı olaraq sübut edilir ki, borcun etiraf edilməsinə və icrasına möhlət verilməsinə dair iradə ifadəsi olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-8605/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)- 7343/2019 saylı qərarı ilə sonuncu qətnamə ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə öz qərarında vurğulamışdır ki, cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etiraz və mülahizəsində müqavilə bağlandıqdan sonra onun tərəfindən 47000 manat pulun tamamilə ödənildiyini göstərmiş, apelyasiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən həmin halı ümumiyyətlə araşdırmadan iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməklə iddia müddətinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Apelyasiya qaydasında işə yenidən baxılarkən məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin 47000 ABŞ dolları məbləğində borcu ayrıca borc olmaqla 105000 manat məbləğində borca aidiyyəti yoxdur. 47000 ABŞ dolları məbləğində borcun verilməsinə dair heç bir sübutu olmadığından həmin borcla bağlı iddia qaldırmamışdır. Telefonda göndərilən mesajlar isə həmin 47000 ABŞ dolları məbləğində olan borcla bağlıdır. Cavabdeh 105000 manat məbləğində borcdan ümumiyyətlə ödənişlər etməmişdir. Qeyd edilənlərə əsasən o, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Xəyal Feyzullayev apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, tərəflər arasında bundan əvvəl də borc münasibətləri olmuşdur. Cavabdeh 105000 manat məbləğində borca dair müqavilə üzrə heç bir ödəniş etməmişdir. Həmin müqavilənin hansı şəraitdə bağlanması cavabdehin iddia ərizəsinə yazılı etirazlarda ətraflı izah olunmuşdur. Cavabdeh iddiaçıya olan 47000 manat borcunu xx xxxxxxx 2015-cil tarixədək ödəyib qurtarmışdır. Cavabdehin iddiaçıya göndərdiyi mesajların xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə aidiyyəti yoxdur. Mesajların birindən də görünür ki, iddiaçı cavabdehdən borcun 4000 ABŞ dolları məbləğində hissəsini qaytarmağı xahiş edir. Qeyd olunan kredit müqaviləsi üzrə borc isə manatla ifadə olunmuşdur. İddiaçının özünün də bildirməsinə görə cavabdehlə onun arasında çoxsaylı kredit münasibətləri olmuşdur. Buna görə də iddiaçı məhkəməyə təqdim etdiyi telefon mesajlarının bu kredit müqaviləsi ilə bağlı olmasını sübuta yetirə bilməmişdir. İddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır. İddia müddətini ötürdüklərini dərk etdiklərinə görə iddiaçı tərəf poçt qəbzində iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixi saxtalaşdıraraq “19” rəqəmini “15” rəqəmi ilə əvəz etmiş, bu hal birinci instansiya məhkəməsində işə baxılarkən də sübuta yetirilmişdir. Belə ki, ən azından xx.xx.2015-ci il tarixdə ödənilmiş dövlət rüsumunun qəbzinin xx.xx.2015-ci il tarixdə məhkəməyə təqdim edilməsi qeyri-mümkündür. Buna görə də cavabdeh tərəf məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-1063/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 105000 manat məbləğində borc almış və həmin borcu xx xxxxxxx 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, kredit müqaviləsində icra müddəti müəyyənləşdirildiyinə görə iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən həmin tarixlərdən başlamışdır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2018-ci il tarixdə bitdikdən sonra iddiaçı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Kredit münasibətlərindən yaranan mübahisələrə müqavilə tələbləri üzrə iddia müddəti şamil edildiyindən hazırkı mübahisə üzrə iddia müddətinin axımı bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddiaçı tərəf iddia müddətinin axımının kəsilməsinin təsdiqi kimi cavabdehin borcu etiraf etməsini əks etdirən mesajlara istinad etsə də, apelyasiya qaydasında təkrarən işə baxılarkən verdiyi izahatında İddiaçı həmin mesajların 105000 manat məbləğində borca aidiyyətinin olmadığını, həmin mesajların 47000 ABŞ dolları məbləğində borcla bağlı olduğunu bildirmişdir. Bundan əlavə, iş materiallarında həmin mesajların xx xxxxxxx 2015ci il tarixli müqavilə ilə bağlı olmasını təsdiq edən heç bir sübut yoxdur. xx xxxxxxx 2015-ci il tarixli müqavilə bağlandıqdan sonra 47000 manat pulun qaytarılması barədə cavabdehin yazılı etirazındakı dəlillə bağlı İddiaçı izahatında göstərdi ki, cavabdehin bildirdikləri həqiqətə uyğun deyil, cavabdeh 105000 manat borcdan ona ümumiyyətlə heç bir ödəniş etməmişdir. xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin Cavabdeh qalan nüsxəsində yazılmış və imzalanmış “Mən İddiaçı hal-hazırda Qəhrəman müəllimin mənə ödədiyi 47000$” sözlərinin isə xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə aidiyyəti yoxdur. Həmin 47000 ABŞ dolları onların arasında şifahi qaydada bağlanmış başqa bir borc müqaviləsi ilə bağlıdır. Qeyd olunan xüsusatla bağlı cavabdehin nümayəndəsi XəyalFeyzullayev isə izahatında bildirdi ki, qeyd olunan 47000 ABŞ dolları xx xxxxxxx 2015-ci il tarixədək İddiaçı ödənilmişdir. Həmin dövrdə 1 ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi 1 manat 05 qəpik olduğuna görə tərəflər 47000 ABŞ dollarını təxminən 47000 manata bərabər götürmüşlər. Borcun xx xxxxxxx 2015-ci il tarixədək geri qaytarılması barədə Cavabdeh apelyasiya məhkəməsinə təqdim etdiyi xx xxxx 2019-cu il tarixli etiraz və izahatında da qeyd etmişdir. Beləliklə, apelyasiya qaydasında yenidən işə baxılarkən cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcun etiraf edilməsini göstərən hərəkətlər etməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş mesajların tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi ilə bağlı olması təsdiq olunmamış, habelə müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən həmin müqavilə üzrə hər hansı ödənişlərin edilməsi müəyyən olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsasına görə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 1063/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2409/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2409/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver