Məhkəmə qərarları › İş №2(103)-241/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-241/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-241/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 lazımı keyfiyyətli olmayan dəmir qapılar verməklə ondan aldığı 3000 manat pul məbləğinin, 2000 manat mənəvi ziyanın və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-291/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı X4 apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibrətdir ki, 2015-ci ilin iyun ayında Novxanı yolunun kənarında dəmirçi qapı sexində usta kimi xidmət göstərən Cavabdeh ona Sabunçu rayonu X7 3k saylı bağ sahəsində yaşadığı fərdi evin həyət və qarajı üçün sifariş etdiyi 3,5x3 metr və 3x3 metr ölçüdə olan dəmir qapıların çəkisi, keyfiyyəti və qiyməti ilə bağlı standartlara uyğun gəlməyən çəkidə pis keyfiyyətli darvazaları qiymətini artırılmış məbləğdə hesablayıb 3000 manat pula sataraq ziyan vurmuşdur. Dəmir qapıların qüsurları aradan qaldırıla bilməyən qüsurlar olduğu üçün cavabdehdən hazırladığı qapıları götürüb aparmasını və ondan aldığı 3000 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh sifarişləri olduğunu və həmin sifarişlərdən əldə edəcəyi pul əvəzində ona 3000 manatı qaytaracağını söz versə də, müxtəlif bəhanələr gətirməklə vaxt uzatmış və nəticədə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdehin hərəkətlərinə görə mənəvi sarsıntı və iztirab keçirir. Cavabdeh məhkəmədə iştirak etməmişdir. Bununla yanaşı iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərardan müəyyən olunur ki, X2 ərizəsi əsasında toplanmış HK1/828 nömrəli materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2015-ci ilin iyul ayında İddiaçı onun yanına gələrək iki ədəd dəmir qapı sifariş vermiş, o razılaşdırılmış müddətdə qapıları hazırlayaraq ünvana çatdırmış və bunun müqabilində 3000 manat pul almışdır. Bir neçə gün sonra Abbas onu həmin ünvana dəvət edərək qapılarda nasazlıq olduğunu demiş, o həmin yerə gəldikdə qapıların başqa bir usta tərəfindən quraşdırıldığı üçün qapının dioqanalının pozulduğu üçün çətin bağlandığı məlum olmuşdur. O, Abbasa ustaların düzgün işləmədiyini izah edərək, öz ustasının qapını düzəldəcəyini və ona zəhmət haqqı verəcəyini dedikdə Abbas onunla kobud rəftar etdiyi üçün aralarında sözlə mübahisə olmuş, bundan sonra oradan çıxıb getmişdir. Göründüyü kimi tərəflər arasında şifahi podrat müqaviləsinin bağlanması və müqaviləyə əsasən sifarişçi X1 əsasında podratçı Cavabdeh tərəfindən 2 ədəd dəmir darvaza və qapı hazırlanması, sifarişçi tərəfindən də həmin qapı və darvazaların ümumi dəyəri olan 3000 manat məbləğində pul vəsaitinin podratçıya ödənilməsi mübahisəsizdir. İddiaçı həmin qapı və darvazaların keyfiyyətsiz hazırlandığını bildirərək, müqavilədən imtina edir və ödədiyi pulun geri qaytarılması tələblərini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, podratın qüsurları ilə bağlı məsələlər Mülki Məcəllənin 762-765-ci maddələrində göstərilmişdir. Həmin maddələrin tələblərinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər (763.1). Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər (764.1). Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (765). Lakin hazırki işdə qeyd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Çünki iddiaçı podratın (dəmir qapı və darvazanın) qüsurlu olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda apellyasiya baxışında təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi iddiaçının hərəkətlərinə görə mümkün olmamışdır. Belə ki, 2 dəfə tədqiqat obyektlərinə baxış keçirilməsi təyin olunmuş və bu barədə iddiaçıya məlumat verilmiş, lakin o, təyin olunan vaxtda məhkəməyə gəlməmiş və nəticədə ekspert tərəfindən tədqiqat obyektlərinə baxış keçirilməsi və ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının podratın qüsurları ilə bağlı istinad etdiyi hallar rədd edilmiş hesab edilməlidir. Mənəvi zərərlə bağlı qeyd olunur ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Lakin hazırki işdə iddiaçının istehlakçı hüquqlarının pozulması və buna görə cavabdehin günahkar olmasını təsdiq edən sübutlar mövcud deyil. Ona görə həmin iddia tələbləri də rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-291/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar