Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-241/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1 MTK-nın nümayəndəsi X4 iştirakıları ilə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-963/2022 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 MTK-ya qarşı mülkiyyətdə olan yaşayış sahəsinə vurulan zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı onun hazırda yaşadığı və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli mənzilinə vurduğu zərər, tikinti başlananadək mənzilin mövcud olan bazar dəyəri məbləğində, 800.000 manat pul Cavabdeh1 MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 2018-ci ilin may ayından, ailəsi ilə yaşadığı binanın 5 metr aralığında Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli bina inşa edilir. Qazıntı işləri başlanan gündən onun mülkiyyətində olan mənzildə yaşamaq mümkün deyil. Tikintinin nəticəsində mənzilin və blokun divarlarında əmələ gələn əsaslı çatlar və zədələr mənzili qəzalı vəziyyətə salmış, onun və ailənin həyatına təhlükə yaratmışdır. Hətta tikinti başlanandan bir neçə dəfə sürüşmə baş vermişdir. İnşa olunan 18 mərtəbəli bina şəhərsalma və tikinti qaydalarına zidd yaşadığı binaya çox yaxın, demək olar ki, bitişik tikilir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69,5.1ci bəndinə əsasən digər tikililərlə binanın ara məsafə tikilən binanın divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Bu barədə qonşularla birgə dəfələrlə əlaqədar qurumlara) AR Fövqəladə Hallar Nazirliyinə, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və s.) müraciət etmişdir. Lakin heç bir təşkilat haqlı tələblərinə ağlabatan cavab verməyib. Ancaq qarşılarında ucaldan binanın “Pilot proekt” olduğunu iddia ediblər. Yəni “Pilot proekt” Azərbaycan Respublikasının qanunlarına əsasən inşa edilməli deyil, “Pilot proekt” insanların təhlükəsizliyinə, canına, malına qəsd edə bilər? 2018-ci ilin yayına qədər o, Bakı şəhərinin elit evlərindən biri sayılan gözəl binada yaşayırdı. Dənizə mənzərəsi, təmiz havası, geniş mənzili var idi. Mənzilinin 700- 800.000 manat qiymətləndirilmişdir. Cavabdeh1 MTK-nın apardığı tikinti nəticəsində isə bina, o cümlədən mənzilinin yararsız və qəzalı hala salınıb, evinin çatlarla örtülüb və hər gün çatların artmasının şahidi olur. Onu və ailəsini belə təhlükəli şəraitdə yaşamağa məcbur edən, bahalı mənzilini dəyərsizləşdirən, bu müddət ərzində sağlamlığına, psixoloji durumuna vurulan zərərə kim məsuliyyət daşıyacaq. Nə cavabdeh, nə də 3-cü şəxslərin heç biri evinin qəzalı vəziyyətə düşməsinin qarşısını almaq üçün heç bir tədbir görməmişlər. Bundan başqa, tikintinin qanuni əsasını təsdiq edən sənədlərin mövcudluğu (tikintiyə icazə və s.) müvafiq dövlət orqanlar tərəfindən qanuni uyğun verilibverilməməsi məsələsi də sual altındadır. Səbail Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, həmçinin İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə 2(103)-472/2020 saylı, 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 2(102)- 1720/21 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsivəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Əlavə olaraq göstərmişlər ki, binalarının xarici divarlarının önündəki ara məsafəsi gözlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki,hazırki iş üzrə verilmiş ekspert rəylərini şübhə altına alan heç bir səbəb yoxdur. İddiaçının yaşadığı bina 100 ildən artıqdır ki, inşa olunub. İddiaçının mənzilində çatlar suvaq üstü yaranan çatlardır. Yəni nə binanın, nə mənzilin qəzalı vəziyyətdə olması təsdiq olunmur və müəyyən olunmur. Ona görə də qaldırılan iddianın heç bir hüquqi əsası yoxdur. Nümayəndəsi olduğu MTK tərəfindən tikilən bina tikinti norma və qaydalara uyğun inşa edilmişdir, hər hansı mülkiyyətçinin və sakinin hüquqlarını pozmur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...məhkəmə araşdırması həyata keçirilərkən təyin edilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert qarşısında cavabdeh tərəfindən iddiaçının mənzilinə ziyanın vurulub-vurulmadığı ilə əlaqədar sual qoyulsa da, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə bu suala AR FHN Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra zərərin cavabdeh tərəfindən vurulub-vurulmadığının müəyyən oluna biləcəyi göstərilməklə cavab verilməmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə isə AR FHN Tikintidə X3 Agentliyinin mütəxəssislərinin cəlb edilməklə həyata keçiriləcək ekspertiza tədqiqatının nəticəsi üzrə bu sualın cavabı tələb olunsa da, AR FHN Tikintidə X3 Agentliyinin mütəxəssis rəyində bu suala cavab verilmədiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin 12.06.2020-ci il tarixli rəyində AR FHN Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə əsasən tədqiq olunan mənzildə yaranmış çatların Cavabdeh1 MTK tərəfindən çoxmərtəbəli binanın inşa edilməsi ilə əlaqədar olmadığından qərardadın bu barədə sualı üzrə tədqiqat aparılmadığı göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnamədə həm birinci instansiya məhkəməsinin, həm də apelyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəyləri ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli mənzilinə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmadığının müəyyən olunduğuna istinad edərək, iddia tələbini əsaslı hesab etməmişdir. Halbuki, göründüyü kimi, birinci instansiya məhkəməsində baxış zamanı təyin edilmiş ekspertiza üzrə bu barədə suala cavab verilməkdən mütəxəssis rəyi və smeta olmaması ilə əlaqədar imtina edilmiş, apelyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə ekspert tərəfindən isə mütəxəsis rəyində göstərilən sualla bağlı cavab verilmədiyi halda, cavab verilmiş kimi qəbul edilərək, bu barədə tədqiqat aparılmamışdır. Apelyasiya kollegiyası isə ekspert rəyləri ilə iddiaçının mənzilinə ziyanın cavabdeh tərəfindən vurulmadığının müəyyən olunduğuna istinad edərək qətnaməsini əsaslandırmışdır. Apelyasiya baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası iddiaçının mənzilinə dəymiş ziyanın cavabdeh tərəfindən vurulub-vurulmadığı barədə məhkəmənin ekspert qarşısında qoyulmuş suala cavab verməyərək, ümumiyyətlə bu barədə tədqiqat aparmayaraq natamam rəy verməklə ekspertiza tədqiqatını başa çatdırmışdır. Apelyasiya kollegiyası isə qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək, Azərbaycan Respublikası MPM-nin 63.2-ci maddəsinin tələblərini nəzərə almayaraq, əlavə ekspertiza təyin etmək imkanında olduğu halda, natamam rəyi mötəbər sübut kimi qəbul etmişdir...” Nəzərə alınmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin göstərişləri və hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı şikayətində qətnamənin tamamilə mübahisələndirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən İddiaçı ünvanlanmış 30.05.2018-ci il tarixli, 26/1139 saylı məktubun kserosurətindən görünür ki, araşdırma zamanı ərazidə 1 ədəd ağacın zədələnməsi müəyyən edilmiş, cavabdeh şəxs barədə protokol tərtib olunmuşdur. Özül işlər aparılan zaman 5-6 kv.m. ərazidə torpaq uçqunu baş verməsi müəyyən olunmuş və bununla bağlı İddiaçı narahatlığını nəzərə alaraq müvafiq tədbir görülməsi məqsədi ilə aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyətinə telefonoqramma verilmişdir. Cavabdeh2 Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 29.06.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Bakı şəhərinin rayonlarında, o cumlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarı əsasında, Bakı şəhərində, o cümlədən Bayıl yaşayış massivində istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan tikililərin sökülərək yerində yenilərinin tikintisi layihələndirilir. “Pilot layihə” çərçivəsində nəzərdə tutulan işlər Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Arxitektura Komitəsinin və qanunvericilikdə nəzərdə tutulmuş digər dövlət qurumları mütəxəssislərinin rəyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən İddiaçı və digər sakinlərinə ünvanlanmış 06.07.2018-ci il tarixli 37/A-01591 saylı məktubun kserosurətindən görünür ki, Cavabdeh2 Başçısının 25.08.2018-ci il tarixli 116 nömrəli sərəncamı ilə Cavabdeh1 MTK-ya Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 32,34,36 ünvanlarda yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Binanın layihəsi Cavabdeh2 12.01.2018-ci il tarixli, 3/10-12 saylı məktubu ilə razılaşdırılmışdır. Binanın tikinti layihəsinə X1 Ekspertiza Baş İdarəsi tərəfindən 25339 nömrəli, 11.05.2018-ci il tarixli rəy verilmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya tikinti işlərinin başlanması üçün 21.05.2018-ci il tarixli 08 nömrəli “Xüsusi nişan” verilmişdir. Tikinti-quraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə mütəxəssislər tərəfindən nəzarət edilir. Nəzərinə çatdırırlar ki, hər hansı tikinti üçün torpaq sahəsinin icarəyə və yaxud istifadəyə verilməsi, şəhərsalma sənədlərinin tələblərinə uyğun obyektin yerləşdirilməsi, planlaşdırılması, ayrıc aktının tərtib və təsdiq edilməsi, memarlıq həlli, tikintiyə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə Cavabdeh2nə müraciət edilməsi məqsədəuyğundur. Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.07.2018-ci il tarixli məktubun kserosurətindən görünür ki, həmin ərazidə “Pilot layihə” əsasında tikinti işləri aparılır. Tikinti şirkətinin hərəkətlərindən narazı qaldığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamenti tərəfindən İddiaçı ünvanlanmış 10.08.2018-ci il tarixli, 17/2126-01 saylı məktubun kserosurətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt” xidmətinə “bina tikintisi nəticəsində torpaq uçqununun baş verməsi və ərazidəki ağacların olması” ilə bağlı daxil olmuş 01.08.2018-ci il tarixli məlumatlarında göstərilənlər əməkdaşları tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı Cavabdeh2 Başçısının 25.08.2016-cı il tarixli 116 nömrəli Sərəncamı ilə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən uzunmüddətli istimar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov 32, 34, 36 küçələrinin əhatə etdiyi ərazidə yerləşən 1-2 mərtəbəli yaşayış evlərinin söküntüsünün Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməsinə, həmin cəmiyyətə bu ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə verildiyi, Dövlət Ekspertiza İdarəsinin 11.06.2018-ci il tarixli, 15/1542 nömrəli ekspertiza rəyinin olduğu müəyyən olunmuşdur. Sözügedən ünvanına keçirilən baxış zamanı həmin ərazidə torpaq uçqunu hadisəsinin baş vermədiyi, ağacların məhv olunması faktlarının olmadığı müəyyən edilmiş və ərazi əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 25.05.2019-cu il tarixli 8345 №-li rəyinə əsasən: 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın 4 saylı binaya münasibətdə Dövlət baş ekspertiza tərəfindən razılaşdırılmış eskiz layihəsində göstərilmiş ara məsafəsinə uyğun yerləşdiyi olduğunu və AZDTN 2.6-1 “Dövlət şəhərsalma Norma və Qaydaları”nın Yanğın əleyhinə tələblərin 2-ci bəndinə əsasən binaların giriş olmayan fasadları boyunca yanğınsöndürən maşınların keçməsi üçün ara məsafəsinin inşaat norma və qaydalarına uyğun olduğu müəyyən edilir. 2-ci və 3-cü suallar üzrə: Cavabdeh1 MTK tərəfindən inşa olunmuş çox mərtəbəli binanın İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilin pəncərələrindən 21,2 m. kənarda yerləşdiyini və binalar arasındakı məsafənin razılaşdırılmış layihəyə uyğun olduğunu nəzərə aldıqda, çoxmərtəbəli binanın 4 saylı evin 21 saylı mənzilinə düşən təbii işığın və hava axımının qarşısını alınmadığı müəyyən olunur. Çoxmərtəbəli yaşayış binasının inşaat norma və qaydalarına uyğun inşa edildiyi, 21 saylı mənzilin texniki pasportunda göstərilən 8 və 10 saylı tikililərinə düşən təbii işığın və hava axımının qarşısı alınmadığı nəzərə alaraq, qərardadın 3-cü sualı üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin 21 saylı mənzilinin divarları və tavanı üzərində müxtəlif şaquli və üfuqi nazik suvaq üstü çatların yaranma səbəbi (Cavabdeh1 MTK tərəfindən binanın inşası ilə əlaqədar olubolmaması) və dəymiş ziyanın dəyəri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyi və smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər. Birinci apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 12.06.2020-ci il tarixli 26486 №-li rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə NəzarətDövlət Aqentliyinin mütəxəssis rəyinə əsasən, binada sakinlər tərəfindən sonradanartırmalar və eyvanların, böyük ölçülü şüşəbəndlərin inşa olunması, göstərilən əlavətikililər inşaatnorma və qaydaları gözlənilmədən yerinə yetirilmiş və həmçinin bu artırmalarbinanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binada yuxarıda göstərilən səbəblərdən vəuzun illər istismar nəticəsində bəzi yerlərdə kiçik ölçülü çatlar və suvaq çatları müşahidəolunur. Binada hər hansi bir ciddi deformasiya və zədələr müşahidə olunmamışdır.Göstərilən kiçik ölçülü çat və suvaq çatları binanın normal istismarına və insanların həyatvə sağlamlığına təhlükə törətmir. Apelyasiya şikayətinə münasibərdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin verdiyi 07.09.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı binada tədqiqat hissəsində qeyd olunan əlavə yaşayış sahələrinin inşası, əsas yükdaşıyan divarların sökülməsi və genişləndirilməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini zəiflətmişdir. Binada və mənzildə yaranmış kiçik ölçülü suvaq və bir tərəfli çatlar binanın uzun müddət istismarı və yuxarıda qeyd olunan qüsurların təsirindən yaranmışdır. Hazırki apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 05.11.2021-ci il tarixli 10/5614 №-li rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 saylı evin İddiaçı məxsus 21 saylı mənzilinə Cavabdeh1 MTK tərəfindən binanın inşası nəticəsində zərər vurulmamışdır. Hazırki apellyasiya baxışı zamanı təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının 01.04.2022-ci il tarixli 10/240 №-li rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yərləşən 4 saylı evin 21 saylı mənzilinin tavanında və divarlarında müxtəlif hissələrdə birtərəfli, suvaq çatlarının olduğu müəyyən edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 16 sentyabr 2021-ci il tarixli 37/34-06642 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yərləşən 4 saylı binanın sağ yan və arxa fasad hissələrində sakinlər tərəfindən (21 saylı mənzildə daxil olmaqla) metal borular üzərində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələrinin inşa olunması, əsas yükdaşıyan divarların sökülməsi və genişləndirilməsi binanın əlavə yüklənməsinə səbəb olmuş, həmin binanın tikinti və fəza sərtliyini zəiflətmişdir. Azərbaycan Rəspublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 30.04.2020-ci il tarixli 37/34-02764 saylı və 07 sentyabr 2021-ci il tarixli 37/34-06642 saylı mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq, sözügədən binada və mənzildə yaranmış kiçik ölçülü suvaq və bir tərəfli çatların binanın uzun müddət istismarı və yuxarıda qeyd olunan əlavə yüklənmələrin təsirindən yarandığı müəyyən edilir. Baxış zamanı mənzildə qeyd ədilən qüsurların xarakteri (birtərəfli, suvaq çatları) onların istismar prosesində yarana bilməsini ələcə də ekspertizaya məhkəmə tərəfindən cəlb edilmiş Azərbaycan Rəspublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 30.04.2020ci il tarixli 37/34-02764 saylı və 07 sentyabr 2021-ci il tarixli 37/34-06642 saylı mütəxəssis rəylərində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yərləşən 4 saylı evin 21 saylı mənzilindəki suvaqaltı çatların baş vərməsinin "xxxx" MTK tərəfindən çoxmətrəbəli binanın inşa edilməsi ilə əlaqəli olmadığı müəyyən edilir. Göründüyü kimi həm birinci instansiya məhkəməsinin, həm birinci apellyasiya baxışı zamanı, həm də hazırki apellyasiya baxışı zamanı iş üzrə verilmiş ekspert rəylərindən müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Qəzənfər Əlizadə küçəsində yerləşən 4 nömrəli evin 21 nömrəli məznilinə zərərin dəyməsinə Cavabdeh1 MTK tərəfindən hündürmərtəbəli binanın inşa edilməsi səbəb olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmçinin kollegiya apellyasiya şikayətinin cavabdeh tərəfindən inşa edilən binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 69.5.1-ci maddəsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə dəlilinə dair qeyd edir ki, göstərilən səbəblə iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək də subyektiv hüququ yoxdur. Belə ki, binanın “Şəhərsalma və Tikinti” Məcəlləsinin tələblərinə zidd olaraq inşa edilməsi barədə iddia tələbi ilə müvafiq icra hakimiyyəti oraqanı məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, “Şəhərsalma və Tikinti” Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1- ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-963/2022 saylı, 23 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş eskpertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-241/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-241/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver