Məhkəmə qərarları › İş №2(103)-2410/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2410/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2410/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC, Cavabdeh onun xeyrinə 72,94 manat əsas, 1503,16 manat cərimə borcu, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 10,75 manat faiz məbləği olmaqla, cəmi 1586,85 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh 72,94 manat əsas, 15 manat cərimə, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 10,75 manat olmaqla, ümumilikdə 98,69 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilərək, iddianın cərimə borcu hissəsində tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnaməsində cərimə hissəsini azaldarkən Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, maddənin ikinci hissəsinin “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 15 manat müəyyən edilməsi 1503,16 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq, qətnamə ləğv, iddia isə rədd edilməlidir. İşdə olan sənədlərdən görünür ki, LPO İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2014-cü il tarixli, 191002 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 72,94 manat əsas, 1503,16 manat cərimə borcu və gecikdirilmiş günlər üçün illk 5 faizlə hesablanan 10,75 manat faiz məbləği olmaqla, cəmi 1586,85 manat borcu qalmışdır. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh bildirilmişdir ki, onunla İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixli, 191002 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən ona illik 27 % ödənilməsi şərtilə 36 ay müddətinə 676,06 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinin tələbləri Cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da banka maliyyə arayışında qeyd olunan məbləğdə borcu qalmışdır ki, bu borcun 3 gün müddətinə ödənilməsi xahiş olunur. Beləliklə, iddiaçı LPO İddiaçı ASC, Cavabdehla aralarında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlandığını və cavabdehin həmin müqavilədən irəli gələn borc öhdəliyinin olduğunu bildirərək, borcun ödənilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında öhdəliyin (o cümlədən borc pul öhdəliyinin) yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Kollegiya vurğulayır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, müqavilənin mühüm şərtləri barədə lazımi formada razılaşma olmadıqda müqavilə bağlanmamış hesab edilir. Bu hal, yoxluq səbəbilə əqdin etibarsızlığına dəlalət edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Baxılan işdə iddiaçı, cavabdehlə aralarında xx.xx.2014-cü il tarixli, 191002 saylı kredit müqaviləsinin bağlandığına istinad edir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Normanın məzmunundan göründüyü kimi, kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş məbləğdə, müddətdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Başqa sözlə, bu hallar kredit müqaviləsinin mühüm şərtlərini təşkil edir. Tərəflər arasında kredit münasibətlərinin mövcud olması üçün əvvəlcə onların etibarlı əqd - kredit müqaviləsi bağlamaları müəyyən edilməlidir. Buna baxmayaraq, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2020-ci il tarixli maliyyə arayışında və xx.xx.2020-ci il tarixli məktubunda istinad etdiyi xx.xx.2014-cü il tarixli, 191002 saylı kredit müqaviləsini məhkəməyə təqdim etməmişdir. Dolayısı ilə, iddiaçı belə bir müqavilənin bağlandığını və mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, Kollegiya bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmamış sayılır. Başqa sözlə, iddiaçı belə bir əqdin bağlanıldığını məktub, arayış və hesabdan çıxarışla sübut etməyə çalışsa da, mühüm şərtləri özündə əks etdirən kredit müqaviləsi olmadığı üçün iddia olunan razılaşma yoxluq səbəbilə əhəmiyyətsizlik halıdır. Əhəmiyyətsiz (o cümlədən yoxluq vəziyyətində olan) əqdlərin etibarsız sayılması üçün bir qayda olaraq məhkəməyə müraciət etməyə gərək yoxdur. Onlar məhkəmədə iddia qaldırılmadan, hansısa bir formada mübahisələndirilmədən özü-özlüyündə etibarsızdır. Ona görə də, əhəmiyyətsiz əqdlərlə bağlı iddialar bir qayda olaraq hansısa halın təsbiti və ya nəticələrinin tətbiqinə yönəlmiş tələblərdir. Belə tələbə baxılarkən əqdin əhəmiyyətsizliyi (yoxluğu) aşkar edildikdə hakim bu halı xidməti vəzifəsinə görə tələbdən asılı olmayaraq nəzərə almalıdır. Mülki Məcəllənin 337.1-ci, 337.3-cü və 337.4-cü maddələrinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmamış sayıldığı üçün hər hansı müqavilə münasibəti mövcud olmamışdır. Birinci instaniya məhkəməsi isə, mövcud olmayan müqavilə üzrə öhdəlik müəyyən edərək, cavabdehdən iddiaçının xeyrinə pul tutmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini pozmuş və gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu baxımdan, Kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd olunmalıdır Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsininə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4981/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “72,94 manat əsas, 1503,16 manat cərimə borcu, xx.xx.2020-ci il tarixə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 10,75 manat faiz məbləği olmaqla, cəmi 1586,85 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” barədə iddia tələbi təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar